• çərşənbə, 17 Aprel, 00:20
  • Baku Bakı 14°C

Buster doza COVID-19 əleyhinə olan anticisimlərin orqanizmdə daha uzun müddət qalmasını təmin edir

15.10.21 09:30 357
Buster doza COVID-19 əleyhinə olan anticisimlərin orqanizmdə daha uzun müddət qalmasını təmin edir
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndləmə prosesinin aparılması vacib profilaktik prosesdir. Orqanizmdə koronavirusa qarşı immunitet əsasən vaksinasiya sayəsində yaranır. Peyvənd nəticəsində orqanizmdə formalaşmış immunitet infeksiyaya yoluxma ehtimalını azaldır və ya xəstələndikdə infeksiyanın yüngül keçməsini təmin edir. Kütləvi vaksinasiya pandemiyanın aradan qalxması üçün yeganə çıxış yoludur. Buster doza ilə peyvəndləmə isə immuniteti daha da gücləndirir. Çünki vaksinasiyanın iki mərhələsində iştirak edən vətəndaşın bir müddət sonra COVID-19 əleyhinə immuniteti zəifləyə bilər. Belə olan halda, həmin şəxsin üçüncü dəfə qüvvətləndirici doza alması məsləhətdir.
Kaspi.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-mütəxəssisi Rəna Həmzəyeva deyib.
Həkim-mütəxəssis bildirib ki, koronavirusa qarşı orqanizmdə yaranan anticisimlərin azalması digər xəstəliklərlə müqayisədə daha sürətli baş verir: "Bu, üçüncü doza vaksinasiyanın vacibliyini şərtləndirir. Buster doza orqanizmdə olan anticisimlərin daha uzun müddət qalmasını təmin edir. Qüvvətləndirici doza daha çox risk qrupuna daxil olan vətəndaşlara tövsiyə edilir. Yaşı 50-dən çox olanlar, yanaşı xəstəliklərdən əziyyət çəkənlər və gün ərzində kütlə içində müxtəlif qruplardan olan vətəndaşlarla daha çox ünsiyyətdə olanlar risk qrupuna aiddirlər. Misal üçün, tibb və nəqliyyat işçiləri gün ərzində fərqli kateqoriyalardan olan vətəndaşlarla həmsöhbət olurlar. Bu insanların koronavirusa yoluxma ehtimalı daha yüksək olduğuna görə onlar buster doza ilə mütləq peyvəndlənməlidirlər. Lakin bir sıra iş yerlərində işçilər hər gün eyni insanlarla ünsiyyətdə olurlar. Belə vətəndaşlar üçün bir o qədər təhlükə yoxdur, yəni, iki doza peyvənd də kifayətdir. İstənilən halda, vaksinasiyadan keçənlər də qızıl qaydalara əməl edərək, sosial məsafəni saxlamalı və tibbi maskadan istifadə etməlidirlər".
R.Həmzəyevanın dediyinə görə, yanaşı xəstəliyi olan yeniyetmələr də buster doza ilə peyvəndlənə bilərlər: "Koronavirusun "delta" ştamı ilə yoluxma zamanı uşaqlar və yeniyetmələr arasında da ağırlaşma halları müşahidə edilir. Həm də ötən dövrlə müqayisədə belə yeniyetmələrin sayı daha çoxdur. Ona görə də, yanaşı xəstəliyi olan yeniyetmələr də hər iki valideynin razılığı ilə buster doza ala bilərlər". (Azərtac)
banner

Oxşar Xəbərlər