"Burdan baxanda, Azərbaycan teatrı görünmür"
Moskvada təhsil alan aktyor, rejissor Vüsal
Mehrəliyev: Savadsızlar nə qədər çox olsa, bəziləri üçün bir o qədər yaxşıdır
Teatr sahəsi üzrə gənc istedadların dəstəklənməsi,
kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, bu sahədə xarici
ölkələrlə müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı
2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, Mədəniyyət Nazirliyi ilə
Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına
Teatr İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdı.Həmin sənədə əsasən, 2016-cı ildə B.Şukin adına
Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu
yaradılmışdı. Bu kursun tələbələrindən olan və hazırda Moskvada təhsilini davam
etdirən istedadlı aktyor, rejissor Vüsal Mehrəliyevlə söhbət etdik. Onun
vasitəsi ilə Moskvanın teatr mühiti ilə tanış olmağa çalışdıq. Əvvəlcə
həmyerlimizdən Moskvada
koronavirusla mübarizə, vətəndaşların qaydalara nə dərəcədə əməl etməsi barədə
soruşduq.
- Bütün dünyada olduğu kimi,
Moskvada da dövlət ölümcül bir pandemiya ilə qarşı-qarşıyadır və bunun üçün önləyici
tədbirlər görməyə çalışır. Hazırda burada insanlar işlərinə gedib-gəlir, gündəlik
məişət qayğıları ilə məşğuldurlar. İzolyasiya qaydalarına riayət edir, qapalı məkanlarda
sosial məsafəni saxlamağa xüsusi diqqət yetirir və maskadan istifadə edirlər.
Artıq burada alış-veriş mərkəzləri, iaşə obyektləri fəaliyyətə başlayıb. Hələ
ki sərt karantin rejimi burada hökm sürmür. İnsanlar tam olaraq evə qapanmayıb,
gündəlik işləri ilə məşğul olur və qaydalara əməl edirlər. Dövlət isə müəyyən
vasitələrlə vətəndaşları məlumatlandırır, virusdan qorunmağın sadə üsullarını
insanların çox olduğu nəqliyyat vasitələrində, alış-veriş mərkəzlərində
plakatlarla təqdim edir. Bundan başqa, ictimai nəqliyyatda, dayanacaqlarda
xüsusi avtomatik spreylər quraşdırılıb. Belə ki, əlləri aparata toxundurmadan
dezinfeksiya etmək mümkün olur. İnsanların çox toplaşdığı mərkəzlərdə maskalar,
əlcəklər qoyulub ki, bu da virusdan qorunma üçün əsas şərtlərdən hesab edilir.
- Vüsal bəy, təhsil almağa
getməmişdən öncə Moskvanın teatr mühiti ilə nə qədər tanış idiniz və bu
tanışlıq sizə nə qazandırdı?
- Azərbaycanda çalışarkən, təbii ki, dünya
teatrlarından, eyni zamanda Moskvanın məşhur teatrlarından xəbərdar idim.
Bundan başqa, ölkəmizdəki teatr mühiti və rus psixologiyası bizə bu barədə müəyyən
təsəvvür yaratmağa imkan verirdi. Misal üçün, Moskvada çalışan teatr xadimlərinin
adlarını bilir, onların gördükləri işlərdən məlumatlı idik. Konstantin
Stanislavski, Bertolt Brext, Vaxtanqov, Meyerxoldun teatr prinsiplərindən xəbərdar
idim. Ancaq təhsil aldığım institutda öyrəndim ki, əslində yüksək sənət nədir,
hansı işlə məşğul olmaq lazımdır və işin doğrusu necədir. Belə qənaətə gəldim
ki, aktyora mütləq şəkildə düzgün təlim və təhsil verilməlidir. Prosesi təcrübələri
ilə özü öyrənən aktyor teatrda bərkə-boşa düşür. Öyrənməyə çox zamanı getsə də,
əslində hər şeyi öyrənə bilmir. İntuitiv istedadına, daxili energetikasına, emosiyalarına arxayın olub obraz canlandırır
və bu zaman beyin işini dayandırır.Moskva mühiti ilə tanış olmaq mənim zövqümü,
dünyagörüşümü dəyişdi. Beynimin çox hissəsi işlədi, çox şeylərdən xəbərdar
oldum və saysız elmi əsərlər oxudum. Əslində bizi elmi əsərləri oxumağa məcbur
etdilər. Burada əgər oxumursansa, səni universitetə yaxın buraxmırlar və təhsildən
təcrid olunursan. Bunu da deyim ki, bizim kursda təhsil alan 2 nəfər oxumadığı
və laqeyd yanaşdığı üçün universitetdən qovuldu. Onlara universitetin diplomu
verilmədi, bildirildi ki, siz bu peşə üçün yaramırsınız. Bir düşünək görək,
sonuncu dəfə nə vaxt Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində
tələbələr oxumadığı üçün təhsil ocağından qovulub? Burda tələbəyə bildirilir ki, sizinlə 3 il
çalışdıq və aydın oldu ki, sizdən aktyor olmayacaq.
- Sizi təhsil almağa göndərdikdə,
ümumi fikir və qayə nə idi?
- Təhsil almağa göndərilən 13 nəfərdən ibarət Azərbaycan
studiyasının yaradılması planlaşdırılırdı. Bizim haqqımızda dövlət proqramının
olduğu bildirildi. Öncədən belə nəzərdə
tutulmuşdu ki, biz vətənə döndükdən sonra da studiya kimi fəaliyyət göstərəcəyik.
Bu studiyanın öz repertuarı olacaq və biz öz tamaşalarımızı hazırlayacağıq. Mən
də o planın bir parçası idim. Planlaşdırırdıq ki, iyul ayında bizim qastrol səfərlərimiz
olacaq. Bu qastrol səfərlərində Azərbaycan tamaşaçısı bizim studiya ilə tanış
olmalı idi. Sonra bu studiya öz tərkibində fəaliyyətini genişləndirməyi nəzərdə
tutulmuşdu. Ancaq pandemiya hər şeyi dayandırdı.
- Bu təhsil ocağında əldə
etdiyiniz bilgilərin praktiki sənətə tətbiqi barədə nə düşünürsünüz?
- Əldə etdiyim bilgiləri tətbiq etmək üçün mənim də öz
planlarım var. Düşünürəm ki, Azərbaycanda yaxşı aktyorlar çoxdur, onların bir
qismi ilə həmrəyəm. Geri döndükdən sonra onlarla birlikdə tamaşalar
hazırlayacam. Kiçik də olsa, istedadlı insanlardan ibarət öz truppamı
yaradacam. Öyrəndiklərimi hazırlayacağım tamaşalarda həmin insanlara ötürməyi
düşünürəm. 20 ildir tanıdığım aktyorlar var ki, onlar artıq mənim nəzərimdədir.
Onlarla onlayn şəkildə danışırıq. Təkcə
burdakı teatr sistemini deyil, eyni zamanda təhsil aldığım müddətdə öyrəndiklərimi onlarla bölüşürəm.
- Gələndən
sonra Azərbaycanda hər hansı dövlət teatrında çalışmağı hədəfləyirsiniz,
yoxsa öz teatrınızı yaratmağı
düşünürsünüz?
- Hazırda Gənc Tamaşaçılar Teatrının aktyoruyam.
Bilirsiniz ki, biz burada dövlətimizin hesabına təhsil alırıq. Təhsilimizi başa
vurduqdan sonra dövlət bizi hara göndərsə, orda da məmnuniyyətlə 5 il müddətində
çalışacam. Orda bütün öyrəndiklərimi tətbiq etməyə səy göstərəcəm. Bir müddətdən
sonra öz aktyorlarımı yetişdirib, teatrımı yaradacam. Amma əvvəlcə özümə
aktyorlar yetişdirməliyəm, özüm kimi düşünən, həmfikir olduğum həmkarlarımı ətrafıma
cəm edib, mənə keçilən təlimi mən də onlara keçəcəm.
- Azərbaycan teatrında nəyi
dəyişmək istəyirsiniz?
- Azərbaycan teatrında çox şeyi dəyişmək lazımdır.
Teatrımızın yenidən formalaşdırılmağa
ehtiyacı var. Teatrın qarşıya qoyduğu məqsədlər yüksək amallar uğrunda
mübarizə olmalıdır. Peşəkar mütəxəssislərin sayını çoxaltmaq, işi bilənə həvalə
etməkdə hər zaman fayda var. Bizdə isə teatrlarda əksəriyyət peşəkar deyil, həvəskarlardır.
Peşəkarlar abrına qısılıb bir kənara çəkilib, həvəskarlar da deyir ki,
"belə gəlib, belə də gedirsə, nəyimə lazımdır?" Çünki bu düşüncə o həvəskarlara
sərf edir. Savadsızlar nə qədər çox olsa, bəziləri üçün bir o qədər yaxşıdır.
Geriyə baxanda görürsən ki, 20 il işləmisən, amma bilmirsən, nə iş görmüsən.
Sualınızın cavabına gəldikdə isə, deyə bilərəm ki, teatrımızın parlaq dövrü
sovet dövrünə təsadüf edib. O dövrdəki atmosferi qoruyub saxlayaraq, keçid
dövründə itirdiyimiz həmin dəyərləri geri qaytarmaq istəyərdim. Mən sovetpərəst
insan deyiləm. Ancaq təcrübə göstərir ki, o sistem daha çox işə yarayır. Bundan
başqa, teatrlarımızda peşəkarların sayının artırılması üçün səy göstərərdim. Yəqin
ki, repertuar siyasətinin müstəqil təyin olunmasına tərəfdarı olardım. Azərbaycan
teatrı üçün repertuar siyasəti çox önəmli və vacibdir. Buna çox böyük diqqət
ayırmağın labüd olduğunu düşünürəm. Hətta deyərdim ki, repertuar siyasəti dövlətin
siyasətinə, milli ideologiyaya da uyğun olmalıdır. Hər bir teatrın öz repertuar
siyasəti olmalıdır və bu repertuar görünməli, perspektivi olmalıdır.
- Dünya teatrının bir mərkəzindən
Azərbaycan teatrı necə görünür?
- Doğrudan da Moskva dünya teatr mərkəzlərindən
biridir və mən deyərdim ki, birincilərindəndir. Burdan baxanda Azərbaycan
teatrı görünmür. Burada son 30 ildəki Azərbaycan teatrı haqqında heç bir məlumat
yoxdur. 2 il bundan öncə müəllimlərimiz Bakıya konfransa gəlmişdilər və
teatrlarımızın şəraiti onları təəccüblənmişdi. Belə ki, onlar teatrlarımızın
binasına, yaradılan şəraitə heyran qalmışdılar. Bu heyranlıq teatrlarımızın
repertuarı ilə tanış olana qədər davam eləmişdi. Repertuarlarımıza baxıb
bildirmişdilər ki, Azərbaycan teatrı XX əsrin əvvəllərində qalıb.
- Azərbaycan teatrının
inkişafı üçün hardan və necə başlamalıyıq?
- Teatrımızda hökm sürən problemləri aradan qaldırmaq
üçün mənim öz konsepsiyam var. Belə ki, məktəblərdə sıfırdan təlim keçib,
istedadlı, savadlı aktyorlar yetişdirmək lazımdır. Teatrımızın inkişafı üçün bu
təməldən sonra Teatr İnstitutuna ehtiyac duyulur. O təhsil ocağı yalnız kino
aktyoru və kino rejissoru yetişdirməlidir, həmçinin teatrlar üçün.
- Moskva teatr mühiti ilə
yaxından tanış olan biri kimi, oradakı teatrların repertuar siyasətini necə xarakterizə
edərdiniz? Orda da teatrların repertuarını klassik əsərlər bəzəyir?
- Moskvada teatrlar çoxdur. Hər teatrın öz repertuar
siyasəti var. Təbii ki, teatrlar klassik əsərlərə üstünlük verirlər. Klassik əsərə
yeni baxışla yanaşı, müasir dramaturqlar, yeni pyeslər də kifayət qədər nümayiş
etdirilir. Bəzən tanımadığımız gənc dramaturqların pyesləri teatrlara yol
tapır. Bu əsərlərdə rejissor tapıntılarına da rast gəlirik. Repertuar siyasəti
teatrın öz siyasətinə uyğun yeridilir.
- Sizcə, Moskva niyə dünya
teatrının mərkəzlərindən biri hesab olunur?
- Söhbət Moskvanın özündən gedirsə, XX əsrin əvvəllərində
rejissor teatrının yaranmasının banilərindən Konstantin
SergeyeviçStanislavski,
VladimrNemeroviç-Dançenko Moskvada fəaliyyət göstəriblər.
Onların tələbələri bu gün müasir teatr məktəblərinin baniləridir. O məktəblər bu
gün teatr kimi fəaliyyət göstərir. Danılmaz faktdır ki, dünyanın teatr elmi mərkəzlərindən
biri Moskvadır. Bütün dünyada baş verən teatr prosesləri Moskvada diqqətlə izlənilir.
Demək olar ki, 30-dan çox teatrla məşğul olan tədris ocağı var. Moskvada teatrın
elmi ilə məşğul olurlar. Burda teatr həyatı hər zaman qaynayır. Moskvada Teatr
Xadimlər İttifaqının dünya miqyasında geniş fəaliyyəti var. Həm sosial, həm də
elmi araşdırma baxımından teatrlara böyük yatırımlar edilir. Teatr Xadimlər
İttifaqı teatr cameəsinə sosial yardımlar edir, teatrların dünya turlarına
çıxmasına dəstək olur. Bu da dünyanın teatr marağının Moskvada birləşməsinə səbəb
olur.
Xəyalə Rəis