AZE | RUS | ENG |

Bukinistlər niyə azalıb?

Bukinistlər niyə azalıb?
Bukinist fransız (bouquiniste) sözü olub, köhnə, ikinci əl, bəzən də nadir kitablar satan adama deyilir. Bəzi naşirlər isə bu sözün ingilis (book-kitab) mənşəli olduğunu iddia edirlər. Belə ki, bukinistlər qiymətli və nadir əlyazmalar, kitab mübadiləsi edən könüllü biblioqraf, bibliomanlardır. 

Azərbaycanda bukinist fəaliyyətinin yaranması təqribən iyirminci əsrin əvvəllərinə təsadüf edir. Sovet dövründə onların fəaliyyəti daha geniş olub. Son dövrlər isə müxtəlif səbəblərdən şəhərin küçələrində bukinistlər azalıb. Məsələn, əvvəllər metronun Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin yaxınlığında, Sabir bağının ətrafında, Nizami kinoteatrının arxasında, İçərişəhər metrosunun yaxınlığında bukinistlər fəaliyyət göstərib. Bu gün isə bukinist mağazalarının və küçə satışlarının fəaliyyətinə az rast gəlinir. Səbəb nədir? "Bukinistlər niyə azalıb?”- deyə "Müzakirə”mizdə aydınlaşdırmağa çalışdıq.
 
Şəxsi kitabxanların itib-batmaması üçün

«Altun» kitab evinin direktoru Rafiq İsmayılov bildirir ki, bukinist mağazaları və ya küçədə kitab satışı bütün dünyada mövcuddur: "Kitab mağazalarında bukinist şöbələri olur. Ora ya alıcılar evlərindəki köhnə, nadir kitabları gətirir və ya kitab mağazasının sahibi kitabı gətirib ucuz qiymətə satışa qoyur. Vaxtilə çıxmış kitabları bəzən kitabxanalarda da tapmaq olmur. Müasir kitablar onları əvəz eləmir”. R.İsmayılov özü də bukinistlərə dəfələrlə müraciət etdiyini deyir: "Nizami” kinoteatrının arxasında bukinist mağazası vardı. Biz istədiyimiz kitabları tapmaq üçün orada saatlarla vaxt keçirirdik. Tapılmayan kitabları bəzən bukinistlərdən tapmaq olur. Ancaq ayrılıqda bukinist mağazasının özünü nə qədər doğruldacağını deyə bilmərəm. Çünki orada qiymətlər adətən aşağı olur. Yalnız elə ola bilər ki, çox ucuz qiymətə və ya kimsə xaricə köçüb gedərkən ev kitabxanasını havayı olaraq bukinist mağazasına versin. Şəxsi kitabxanların da itib batmaması üçün bukunistlərin fəaliyyət göstərməsi pis olmazdı”. 
 
Onları bir küçəyə yığmaq...
 
"Bukinistlərin azalmasının çox səbəbləri var”-deyən yazıçı Mirmehti Ağaoğlu hesab edir ki, əsas səbəblərdən biri bukinistlərin əvvəl yerləşdiyi məkanların təmir edilməsi, təmirdən sonra o binaların başqa məqsədlərlə istifadə edilməsi, köhnə təyinatının unudulması olub: "Məsələn, qabaqlar Nizami Kinoteatrının binasında bukinist mağazası yerləşirdi. Mənim bildiyimə görə ora hələ sovet dövründən fəaliyyət göstərirmiş. Əlisa Nicat mənə ordan dəfələrlə kitab aldığını danışıb. Sahibi də yəhudi imiş. Nizami Kino Mərkəzi təmir olunandan sonra isə o bukinist yerinə qayıtmadı. Onlarla bu cür halın adını çəkmək olar. Bununla da oxucularla bukinistlər arasında əlaqə qırıldı. Təzədən onların ünvanını tapmaq, onlarla ünsiyyətə girmək çətinləşdi. Bukinistlər də Bakının küçələrinə dağıldılar. Halbuki bukinistlərin adi kitabxanalardan fərqi ondadır ki, onlarda tapılmayan kitablar, əvvəlki illərdə nəşr olunmuş nadir əsərlər, əlyazmalar olur. Ona görə bukinistlərin yaşaması vacibdir. Biz Sovet dövründə nəşr olunmuş kitabları adi kitabxanalardan tapa bilmərik, hardan taparıq? Ancaq bukinistlərdən. Bukinistlər də dağılırsa, onda bu kitab rabitəsinin dağılmasına gətirib çıxarar”. Yazıçının sözlərinə görə, İstanbulda bukinistlərin xüsusi məhəlləsi var: "Özü də bizdəki bukinistlərdən fərqli olaraq orda bukinistlər əntiq əşyalar da satırlar. Bizim əntiq əşya satanlarımız isə təəssüf ki, nadir hallarda kitab da satırlar. Bildiyim qədər hətta Türkiyədə onların hər il festivalları da keçirilir. Bukinsitlərin olması kobud şəkildə götürsək, həm də təkrar istehsal deməkdir: əhalinin az gəlirli hissəsi, məsələn, tələbələr mağazada baha qiymətə olan kitabı gedib bukinistdən ikinci əl qiymətinə, daha ucuz ala bilirlər. Və ya evində artıq kitabları olan bir adam onları zibilliyə atmaq yerinə aparıb bukinistə təqdim edir, beləliklə kitab itmir, məhv olmur, uzun illər yaşayır. Buna görə düşünürəm ki, bukinistlərin yaşaması ilə bağlı nəsə bir iş görmək, onları bir küçəyə, bir məhəlləyə yığmaq yaxşı olardı”.
 
Gələcəyin dahilərinin xətrinə...
 
Gənc şair Aqşin Yenisey bukinistlərin fəaliyyəti ilə bağlı Ankara nümunəsini önə çəkir: "Ankarada bir küçə var; başdan-başa kitab piştaxtaları düzülüb, xeyli alıcı kütləsi də var. Ancaq buradakı kitabların hamısı pirat yolla çap olunan kitablardır. Orijinalını 40-50 lirəyə (17-18 manat) ala biləcəyin kitabın pirat nəşrini burada 10 lirəyə almaq mümkündür. Açıq bazardır, hamı bu küçənin piratların məskəni olduğunu bilsə də, heç kim dəyib dolaşmır bu bazara. Yəqin ona görə ki, hər kəs cəmiyyətin, xüsusilə maddi sıxıntı içində yaşayan aşağı təbəqənin, tələbələrin oxumasını istəyir. Bundan başqa siz Ankaranın hər yerində heç bir vergi ödəmədən ikinci əl kitabları səkiyə, yerə düzüb satan səyyar kitab satıcıları ilə qarşılaşa bilərsiniz. Bizim buradakı evin həndəvərində üç belə satıcı ilə şəxsən tanışam. Ankarada kitab qədər azad olan ikinci bir nəsnə yoxdur deyə bilərəm”. A.Yenisey bizdə də artıq kitab oxuyanların sayının artmağa başladığını deyir: "Bunu sosial şəbəkələrdə yazılan statuslardan görmək olur. Bizim bəzi özünü düşünənlər bəzən sıravi oxucuların kitablardan sitatlar gətirməsini özlərinin intellektual imicinə təhlükə kimi görür və sitatbazlığı aşağılamağa, özlərinin ucaldıqları zirvənin yolunu azdırmağa çalışırlar. Bu çox eqosit düşüncədir və cəmiyyət həyatı üçün ziyanlıdır. İnsanlar kitablardan əldə etdikləri fikirləri nə qədər çox paylaşsalar cəmiyyət bir o qədər sürətlə aydınlanacaq. Bukinistlərə, pirat kitablara gəlincə, onlara toxunmaq olmaz, çünki Azərbaycanda ağıllı adamlar həmişə kasıb olurlar. Ən azı, tələbələrin, həmişə maddi sıxıntı içində yaşayan adamların, istedadı olsa da, heç vaxt universitet oxuya bilməyəcəyi ümidsizliyi ilə özünü müstəqil şəkildə yetişdirmək istəyən gələcəyin dahilərinin xətrinə”.
 
Kitablar nə qədər çox yayılarsa...
 
Yazar Ülviyyə Heydərova hesab edir ki, bizdə nəinki bukinistlərin, elə kitab dükanlarının da sayı azdır. Ona görə də kitablar baha qiymətədir: "Kitabı sevən, təbii ki, bukinistlərə biganə qala bilmir. Elə mən də şəhərin mərkəzi küçələrində gəzəndə gözüm həmişə bukinistləri axtarır. Bilmirəm, nədəndi? Yəqin köhnə kitabları vərəqləməyi sevirəm, ona görədi. Bəzən həmin kitab səhifələrində maraqlı qeydlər olur. Ona görə də bukinistlər heç özləri də bilmədən yazıçıya ideya verir. Amma bizdə vəziyyət necədi? Təəssüf ki, bukinistlər kitab bazarında azlığa çevrilir. İndi daha çox sosial media üzərindən ikinci əl kitabları satılır. Köhnə kitablar elə bil küçələrdən virtual aləmə köçüblər. Özümüz də bilirik ki, virtual elə virtual olaraq qalır. Bu baxımdan şəhərin bukinist mədəniyyətinin xatirələrə köçməsinə təəssüflənirəm. Bu günlərdə İçərişəhərdə, Qız qalasının yanında məşhur Elman dayının kitab dükanının yanından ötürdüm. Baxdım ki, təmir olunur. Ümid edirəm həmin kitab dükanı hər hansı bir iaşə obyekti olmayacaq, orada satılan kitablar yeni piştaxtalara qayıdacaq. Məndən olsa, həmin mağazaya elə «Elman dayının kitabları» adını qoyardım. Bu həm Elman dayının xatirəsini yaşadardı, həm də İçərişəhərə gələn turistlər üçün də maraqlı olardı. Təsəvvür edin, İçərişəhərdə turistləri gəzdirən bələdçi Elman dayının kitab sevgisindən danışır. Görün, necə maraqlı mənzərə olar?” Yazarı hesab edir ki, ümumiyətlə, şəhərimizdə bukinist mədəniyyətini yaşatmalıyıq. Lap dərinə getsək, kitab sevgisini yaymalıyıq. "Bunun üçün kampaniyalar təşkil olunmalıdır. Aksiyalar keçirilməlidir. Bu baxımdan bukinistlər kitabın ən böyük təbliğatçıları sayılırlar. Təkrar səslənsə də deyim ki, kitablar nə qədər çox yayılarsa, insanlar da bir o qədər işıqlığa çıxar. Axı insan işıqlıqda hər şeyi görür”.
 
Köhnə kitabların satışı normal olsa...
 
Yazar  Cavid Zeynallı bukinistlərə hər zaman ehtiyac olduğunu deyir: "Bu, bir mədəniyyətdir. İnanmiram ki, bukinistlər nə vaxtsa ümumiyyətlə sıradan çıxsın. Köhnə kitab satanların sayı əvvəllər daha çox idi. İndi təəssüf ki, satışın aşağı olması səbəbindən onların sayı azalıb. Kitab mağazası saxlamaq, özü də şəhərin mərkəzində saxlamaq çox çətindir. Bir neçə il əvvəl 28 may metrosunun həndəvərində iki bukinist var idi. İndi onlar dönüb masajxana olublar. Bu yaxınlarda mənə elmi işimlə əlaqədar 10-12 köhnə kitab lazım idi. Bakıdakı bukinistlərin sayının daha da azaldığının fərqinə onda vardım. Barmaqla sayıla biləcək məkanlar qalıb. Bunun səbəbi əlbəttə, iqtisadi məsələdir. Başqa problem görmürəm. Əgər köhnə kitabların satışı normal olsa, bu işin peşəkarları yaxşı pul qazana bilsələr, deməli, yeni bukinistlər açılacaq”.
 
Media internet resusrlarına ehtiyac
 
Yazar Emin Pirinin fikrincə, bukinistlərin istər kitab təbliğində, istərsə də daha sərfəli formada kitab əldə etməkdə olan rolunu qeyd etməmək haqsızlıq olar: "Azalmaları üzücü olsa da müasir dövrdə qorxulu nöqtə də demək olmaz. Dünyada "second hand” (ikinci əl) geyim maşın bazarları mövcud olduğu kimi bu kimi kitab mağazalarının artması bu məsələni sığortalaya bilər. Eyni zamanda, bukinist rolunu internet dünyası da görə bilir. Hər kəsin hansısa kitabı axtarması əvəzinə bir nüsxənin mövcudluğu internetlə bukinistin vaxtilə əvəzolunmaz işini görə bilər. Təbliği barədə söylədiyimiz kimi rolu danılmaz olsa da belə məsələdə hər hansı dövlət layihəsi və s. gözləmək də absurddur. Əvəzində dediyim kimi kitab mağazalarının və bukinist işini görə bilən media internet resusrlarına ehtiyac var. Xüsusi həvəskarı olan, kolleksioner və s. şəxslər üçünsə "second hand” formasında genişlənmiş kitab mağazalarının yaranmasını arzulardım.
 
Təranə Məhərrəmova


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982