• cümə, 19 Aprel, 08:00
  • Baku Bakı 13°C

Buğdanın qiymətinin dünya bazarlarında qalxması təbii olaraq, bütün ölkələrə təsir edir

18.08.22 17:30 651
Buğdanın qiymətinin dünya bazarlarında qalxması təbii olaraq, bütün ölkələrə təsir edir

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.

Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər işğal altında qalan torpaqların azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verib.

Lakin dünyada baş verən son proseslər dünya iqtisadiyyatına inteqrasiya olunan Azərbaycandan da yan keçmir. Burada, xüsusilə ərzaq mallarının qiymətinin qalxmasını qeyd etmək lazımdır. Düzdür, ölkəmizdə əsas ərzaq məhsulları ilə təminata xüsusi önəm verilir, son illərdə qeyd olunan istiqamətdə ardıcıl, səmərəli işlər görülür və bu, gələcək adına ümidvericidir. Lakin hələlik Azərbaycan özünü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edə bilmir. Məsələn, ölkəmizdə ət məhsulları ilə özünütəminat 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsindədir. Növbəti 3-5 il ərzində bu rəqəmlərin 100 faizə çıxması gözlənilir. Bununla yanaşı, əhalimizin sayı və ona paralel olaraq tələbat da artır.

Azərbaycanda ərzaqlıq buğdanın istehsalının kəskin artması üçün illər lazım olacaq

Taxıl istehsalında isə rəqəmlər bir qədər fərqlidir. Bu sahədə özünü tam təmin etmək üçün hələ görüləsi çox iş var. Prezident İlham Əliyev də bu barədə danışarkən deyib: “Əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”.

Artıq azad edilmiş torpaqlarımızda da əkin-biçin aparılır. Həmin torpaqlarda kənd təsərrüfatı - həm maldarlıq, həm də bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Yaxın gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində mühüm rol oynayacaq. Artıq bu il həmin torpaqlarda 50 min hektar sahədə taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq aşağıdır, amma bu, təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdı, suvarma da yoxdur. Ancaq ekspertlər bildirirlər ki, görüləcək işlər nəticəsində növbəti illərdə həm məhsuldarlıq, həm də əkiləcək sahələr artacaq. Azad edilmiş torpaqlarda taxılçılıq üçün azı 100 min hektar sahənin dövriyyəyə buraxılması planlaşdırılır. Lakin qabaqcadan müasir aqrotexniki tədbirlər görülməli, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməlidir.

Eyyub Kərimli: Ölkəyə buğda və unun ixracatı baha başa gəlir

Taxılın, xüsusən də buğdanın qiymətinin dünya bazarlarında qalxması təbii olaraq, bütün ölkələrə təsir edir. Qiymətlərin qalxmasına səbəb kimi, COVID-19 pandemiyasının, Rusiya-Ukrayna müharibəsinin yaratdığı çətinliklər, ümumiyyətlə dünyada taxıla artan tələbat göstərilir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkə əhalisini taxılla, buğda ilə təmin edə bilmir. Çünki həmin ölkələr taxılı Rusiya və Ukraynadan alırlar. Ona görə də hər iki ölkə arasında gedən müharibə taxıl ixracında problemlər yaradıb. Ancaq Azərbaycanda taxıl ixracında problem yoxdur. Çünki Azərbaycan taxıl və gübrəni əsasən Rusiyadan ixrac edir. Dövlətimizin başçısının dediyi kimi, rusiyalı tərəfdaşlarla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq indeksi keçmiş dövrlərin bütün rekordlarını üstələyib. BMT-nin nəzarəti ilə Türkiyə, Rusiya və Ukrayna razılaşması buğdanın qiymətinin aşağı enməsinə ümidlər verirdi. Belə ki, buğdanın qiyməti 11,5 faiz aşağı endi. Lakin buna baxmayaraq, buğdanın qiyməti yenə də 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz yüksəkdir. Cari ilin iyul ayından başlayaraq kənd təsərrüfatında həyəcanlı siqnallar müşahidə olunmağa başladı. Rusiya ümumi buğda ixracatını 4,6 milyon ton, ötən illə müqayisədə isə 13 faiz azaltdı. Həmçinin bu məsələdə Rusiya tərəfindən ixrac rüsumlarının tətbiqi də öz mənfi rolunu oynamaqda davam edir. Belə ki, əgər aprel ayında hər ton üçün 100 dollar tələb olunurdusa, artıq bu məbləğ 146 dollara qədər artırılıb. Bu səbəbdəndir ki, yeni rüsumların tətbiq edilməsi və artırılması gözlənilir. Qiymətlərə təsir edən digər məsələ isə buğda ixracatçısı olan digər ölkələrdən də 0,3-0,9 faiz artırılma barədə məlumatların daxil olmasıdır. Bu gün dünya iqtisadiyyatında buğda qiymətlərinə "dəllallıq" təsirləri açıq-aşkar hiss olunur. Bazarlarda fəaliyyətlər aparılaraq böyük ticarətçi şirkətlərin inhisarçı mövqeləri ilə qiymətlər formalaşır. Belə ki, bazarlarda Rusiya buğdasının ənənəvi alıcılarından başqa yeniləri də peyda olub. Bunlar Əlcəzair, Sudan, İordaniya və Pakistandır.

Eyyub Kərimli qeyd edib ki, Azərbaycan buğda idxalından əhəmiyyətli dərəcədə asılıdır. İdxal əsasən Rusiya və Qazaxıstandan həyata keçirilir. Rusiyanın ardınca, Qazaxıstan da buğda ixracına kvotalar tətbiq etməyə başladı. İlk kvotalar cari il aprelin 15-dən iyunun 15-nə qədər tətbiq edildi. Burada ixrac 1 milyon ton buğda və 300 min ton unun məhdudlaşdırılması ilə nəzərdə tutulub. Yeni kvotalar isə iyulun 8-dən sentyabrın 30-dək nəzərdə tutulub. Belə ki, burada da buğda ixracatı 550 min ton, un ixracatı isə 370 min ton nəzərdə tutulub.

“Beləliklə, ölkəyə buğda və unun ixracatı baha başa gəlir. Bu defisiti isə yalnız bu məhsulları başqa ölkələrdən baha qiymətə idxal etməklə ortadan qaldırmaq olar. Bu da sözsüz ki, həmin məhsulların bahalaşması ilə nəticələnəcək. Ölkənin bu vəziyyətdən çıxış yolu təcili olaraq daxili istehsalı artırmaq və ərzaqlıq buğdanın əkin sahələrini genişləndirməkdir. Bu sahəyə dövlətin və özəl sektorun böyük investisiya yatırması artıq həyati vacib strateji məsələdir. Yaxın perspektivdə isə un və çörəyin bahalaşmasının digər sahələrə təsirlərinin minimuma endirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Əsas diqqət ilk olaraq kiçik və orta biznesin dəstəklənməsi, bazarda rəqabətliliyin artırılması, inhisarçılıq meyillərinə ciddi nəzarət və liberal bazar münasibətlərinin dəstəklənməsinə yönəlməlidir”, - deyə E.Kərimli bildirib.

Zaur İbrahimli: Son bir ildə dünyada buğdanın 1 tonunun qiymətinin 30 faiz bahalaşması ölkə bazarında unun qiymətinin qalxmasını şərtləndirəcək əsas amildir

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli mövzu ilə bağlı fikrini bildirərkən qeyd edib ki, proqnozlaşdırıldığı kimi, Rusiya-Ukrayna müharibəsi, iqlim dəyişikliklərinin təsirinin artması dünyada ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olub. Rusiya-Ukrayna müharibəsi beynəlxalq daşımalar sahəsində çox ciddi problemlər yaradıb, eyni zamanda, bir çox ölkələr ərzaq məhsullarının idxalını məhdudlaşdırıblar. Bunlar, həmçinin quraqlıq və əkin sahələrinin azalmasını, ərzaq məhsullarının qiymətlərinin artmasını şərtləndirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (UNFAO) artıq bir neçə dəfə bununla bağlı ciddi xəbərdarlıq edib. Bu ilin fevralında FAO-nun ərzaq qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 3,9 faiz artaraq orta hesabla 140,7 bəndə çatıb. Ötən ilin fevral ayı ilə müqayisədə artım tempi 24,1 faiz təşkil edib. FAO-nun iyul üçün açıqladığı taxıl qiymətləri indeksi iyulda orta hesabla 147,3 bənd təşkil edib ki, bu da ötən ilin iyul ayı ilə müqayisədə 24,8 faiz bahalaşma deməkdir. Ukrayna buğdasının idxalı ilə bağlı razılaşma və Şimal yarımkürəsində məhsul yığımının başa çatması isə buğdanın qiymətinin fevrala nisbətən cəmi 14,5 faiz ucuzlaşmasına səbəb olub. Bütün bu amillərin Azərbaycana təsiri qaçılmazdır və ölkə bazarı qiymət dəyişikliklərinə həssasdır.

Ölkəmizdə taxıl istehsalı ilə bağlı statistikaya nəzər yetirən Zaur İbrahimli deyib: “Azərbaycanda taxıl istehsalı 1991-ci ildə 1346 min ton, o cümlədən buğda istehsalı 889 min ton olsa da, 2021-ci ildə taxıl istehsalı 3363 min tona, buğda istehsalı isə 1885 min tona çatıb. Bu müddətdə taxıl məhsulları istehsalı 2,5 dəfə, buğda istehsalı isə 2,1 dəfə artıb. Statistikaya görə, 2021-ci ildə Azərbaycan buğda idxalının 95 faizini Rusiyadan həyata keçirib. Ukrayna və Rusiya dünya üzrə buğda istehsalında 29 faizlik xüsusi çəkiyə malikdirlər. Rusiyanın ümumi buğda istehsalı 2021-ci ildə 85 milyon ton civarında olub. Rusiya illik 36 milyon tonluq taxıl ixrac edir ki, bu, dünya buğda istehsalının 14 faizi deməkdir.

Zaur İbrahimli qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 308 min 43 ton buğda idxal edilib və bunun üçün 105 milyon 270 min dollar ödənilib. Nəticədə idxal edilən buğdanın hər tonunun qiyməti 341,7 dollar olub. Ötən il yanvar-aprel aylarının nəticələrinə görə isə ölkəyə buğdanın 1 tonu orta hesabla 254,5 dollardan idxal edilib. Başqa sözlə desək, son bir ildə buğdanın 1 tonu 87 dollar (150 manat) və ya 34 faiz bahalaşıb.

“Dünyanın ərzaq və taxıl bazarında yaranmış bu cür mürəkkəb vəziyyətdə Azərbaycanda unun qiymətində artım baş verəcəyi gözləniləndir. Dünya bazarlarındakı kəskin bahalaşmanın daxili bazara təsirini azaltmaq üçün hökumət subsidiya və daxili istehsalın stimullaşdırılması tədbirləri ilə minimuma endirməyə çalışır. Lakin indiki şəraitdə dünya bazarındakı şərtləri və vəziyyəti nəzərə alsaq, unun qiymətinin artması qaçılmazdır. Azərbaycanın taxıl idxal etdiyi Rusiya təchizat sahəsində öhdəliklərini yerinə yetirir. Hökumət mümkün riskləri nəzərə alaraq müvafiq tədbirlər həyata keçirib, lakin son bir ildə buğdanın bir tonunun qiymətinin 30 faiz bahalaşması bir reallıqdır və ölkə bazarında unun qiymətinin qalxmasını şərtləndirəcək əsas amil kimi çıxış edir. Hökumət üçün əsas prioritet ölkənin un təchizatında risklərin qarşısını almaq, davamlı təchizata nail olmaqdır. Mümkün qiymət artımı isə artıq qlobal ərzaq bazarının təsiridir və bu ölkəmizdən də yan keçməyəcək”, - deyə İctimai Birliyin sədri diqqətə çatdırıb.

Cəfər İbrahimli: Qiymətlərin əvvəlki illərlə müqayisədə yüksək olması reallığı ilə barışmalıyıq

Ekspert Cəfər İbrahimli isə qlobal iqtisadiyyatda taxıl böhranından danışarkən bildirib ki, dünyada baş verən COVID-19 pandemiyası səbəbindən təchizat zənciri pozulub. Nəticədə qida çatışmazlığı qorxusu insanlar və ölkələr üzərində psixoloji təsirlər yaradıb. Bu da buğdaya tələbin artmasına gətirib çıxarıb. Eyni zamanda, qlobal iqtisadiyyatı pandemiya durğunluğundan çıxarmaq üçün yumşaq pul və fiskal siyasətin həyata keçirilməsi əmtəə məhsullarına tələbi artırıb. Rusiya və Ukrayna dünyanın buğda istehsalında 14 faiz, ticarətində isə 20 faiz paya sahibdir. İki dövlət arasındakı müharibə buğdaya tələbin artmasına və qiymətlərin 2022-ci ilin fevral-mart aylarında son 15 ilin ən yüksək həddinə qalxmasına səbəb oldu. Həmçinin son qlobal proseslər fonunda bütün əmtəələrin, o cümlədən taxıl istehsalı üçün vacib olan gübrə və herbisidlərin qiyməti kəskin artdı. Bu da istehsal xərclərinin artmasını və qiymət yüksəlməsini dəstəkləyən iqtisadi amillər oldu.

Onun sözlərinə görə, buğda tələbatının böyük hissəsini idxal hesabına qarşılayan ölkələri, o cümlədən Azərbaycanı qiymət artımı narahat edir. Ölkəmiz ildə 1,3 milyon ton ərzaqlıq buğdanı əsasən Rusiyadan idxal edir. Bu il də ehtiyac olan qədər idxal edilməsində problem olmayacaq.

Cəfər İbrahimli bildirib ki, qlobal aləmdə olduğu kimi, Azərbaycanda da istehsal dövründə gübrənin, herbisidlərin və toxumun qiymətində artım müşahidə olunur. Lakin bu artım daxildə baş verən proseslərlə bağlı deyil. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal olunub”. Ötən il dizelin və eyni zamanda, bütün mal və xidmətlərin dəyərində artım qeydə alınıb. Bu da öz növbəsində bütün malların qiymətlərinə sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə müqayisədə yüksək olacağı gözlənilirdi. Çünki istehsal xərci yüksəlib. İstehsalın təxminən 10 faizə yaxın azalması daxili bazarda qiymətlərin ən yüksək həddə qədər yüksəlməsinə səbəb olub.

“Ümumiyyətlə, dünyanın əksər ölkələrində həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində qiymət artımı tendensiyası dayanıb və trend sabitləşmənin olduğunu göstərir. Son iki ayda dünya əmtəə birjalarında buğda qiymətlərində də eniş, trendli stabilləşmə müşahidə edilir. Nəticə etibarilə cari ildə dünyada buğda qıtlığı olacağı gözlənilmir, ancaq qiymətlərin əvvəlki illərlə müqayisədə yüksək olması reallığı ilə barışmalıyıq”, - deyə o əlavə edib.

Ekspert vurğulayıb ki, növbəti illərdə ölkəmizdə ərzaq buğdası da əlavə olaraq məhsul subsidiyası ilə stimullaşdırıla bilər. Bundan sonrakı dönəmdə taxıl sahəsində asılılığı azaltmaq və öz təminatımızı yaxşılaşdırmaq üçün azad olunmuş torpaqlarda əkin üçün 100 min hektar sahə ayrılacaq: “Ölkədə ciddi məhsuldarlıq əldə edən fermerlər və təşkilatlar var ki, onlar da bu işə cəlb edilməli və onların müsbət təcrübəsindən istifadə olunmalıdır. 60-70 sentner məhsul götürən fermerlər və təsərrüfatlar var. Onların təcrübəsindən faydalanaraq məhsuldarlığı yüksəltmək, normal əkinin aparılmasını təmin etmək daha effektli olacaq. Beləliklə, taxıl əkini sahələrinin genişləndirilməsi, bu istiqamətdə lazımi addımların atılması, subsidiya dəstəyi və digər tədbirlər nəticəsində Azərbaycanda məhsuldarlığı yüksəltmək və idxaldan asılılığı azaltmaq mümkündür. Hazırda bu gün məhsuldarlıq rəsmi rəqəmlərə görə təqribən 29 sentnerdir. Bu isə azdır. Avropada bu rəqəm 50-60 sentnerin üzərindədir. Biz məhsuldarlığı artıra bilsək, buğda təminatımızın yaxşılaşdırılmasına nail ola bilərik”.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Proqnozlara görə, 2021/2022-ci məhsul ili ilə müqayisədə qlobal buğda ehtiyatlarının həcminin 4,29 faiz azalaraq 268 milyon ton olacağı gözlənilir. Buna uyğun olaraq, dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34 faiz səviyyəsində olacaq.

Rusiyadan ixrac edilən buğdanın qiymətində 2021-ci ilin dekabr ayından etibarən azalma trendi müşahidə edilsə də, 2022-ci ilin mart ayında kəskin artıb. 2022-ci ilin iyun ayında 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 5,04 faiz artaraq 423,3 ABŞ dolları səviyyəsində qərarlaşıb. 2022-ci ilin iyun ayı ərzində buğdanın 1 tonunun Qara dəniz portlarında maksimum qiyməti 425 ABŞ dolları, minimum qiyməti 420 ABŞ dolları, Azov dənizi portlarında isə müvafiq olaraq 395 ABŞ dolları və 390 ABŞ dolları səviyyəsində olub.

Görünən odur ki, dünya bazarlarında yaşanan taxıl böhranı hələ bir müddət davam edəcək və bu, ixracdan asılı olan bir çox ölkələrdə qiymət artımına gətirib çıxaracaq.

banner

Oxşar Xəbərlər