cümə, 20 May, 02:45

Baku Bakı 16°C

Bu uşaqlar COVID-19-u yüngül keçirirlər

icon 244 icon 22 yanvar 2022 | 17:30 Bu uşaqlar COVID-19-u yüngül keçirirlər

Son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyası barədə yayılan yanlış fikirlərdən biri də "omikron” ştamının uşaqlar üçün daha qorxulu olması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bağçaya və ya məktəbə getməyən uşaqlar il ərzində 2-3 dəfə, gedənlər isə 12-13, hətta 14 dəfə "qrippoz” vəziyyətə səbəb olan fəsli infeksiyaya yoluxa bilərlər. Hazırda həmin statistikanın artmasına səbəb isə ötən il karantin tədbirlərinə görə uşaqların ev şəraitində təcrid olunması və onlara tibbi maska taxdırılaraq kollektivdən uzaqlaşdırılmasıdır. Yəni, uşaqlar arasında geniş yayılmış infeksiya nə COVID-19, nə də qrip virusu deyil, çünki qrip çox kəskin klinik əlamətlərlə keçən, ağır infeksiyadır.
AZƏRTACxəbər verir ki, bu fikirləri tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.
Professor bildirib ki, COVID-19 virusunun bağlandığı hədəf - ACE 2 reseptorları qız uşaqlarında 11, oğlan uşaqlarında isə 12 yaşa qədər inaktiv vəziyyətdə olur: "Tam formalaşma isə yetkinlik, yəni onların 19 yaşında tamamlanır. Ona görə də məlum yaş qrupları üzrə uşaqlarda ağır xroniki xəstəlik və ya irsi genetik patologiya yoxdursa, onlar hətta COVID-19-a yoluxsa belə, çox yüngül keçirirlər. Yəni, hazırda onsuz da tükənmiş vəziyyətdə olan valideynlər arasında "omikron ştamına yoluxma uşaqlar üçün çox qorxuludur” fikrini yaymaq olmaz. Bu, yolverilməzdir. Nə özünüzə, nə də övladlarınıza görə gərginlik keçirib depressiya və ya isterik hala düşməyə lüzum yoxdur. Lakin vətəndaşlar xüsusilə aprelin birinci ongünlüyünə qədər özlərini mütləq qorumalıdırlar. Onlar tibbi maska taxmalı, əhalinin sıx yerləşdiyi yerlərdən uzaq durmalıdırlar. Nəzərə almaq lazımdır ki, aprel ayının ortalarından etibarən fəsli virus infeksiyalarının sönməyə başladığı dövrdür”.