Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

"Hər kəs özünü qorumağı bacarmalıdır ki, körpələrimizi
də qoruya bilək”
"Oğlumun temperaturu düşmür. Dərmanla salıram, təsiri
gedən kimi qalxır. Temperatur gün ərzində 39 olur, 40-a qədər qalxır. Nə edəcəyimi
bilmirəm”.
"3 aylıq uşağım qızdırmadan yanır. Balaca canı ilə
xəstəliyə qalib gəlməyə çalışır. Qızdırma, ishal balamı halsız vəziyyətə
salıb”.
"Oğlum xəstələnib. Yayın günündə belə suyu isti içən
uşağın sinəsi dağılır. 5 gündür ki, qızdırma bitmir. Etmədiyim dərman qalmayıb.
İştahası yoxdur. Yemir, içmir. Mən başıma nə çarə qılım?”
Bunlar sosial şəbəkələrdə həkimlərə müraciətlə
yazılan statusların bir qismidir. Yəqin ki, son vaxtlar uşaqların xəstələnməsi,
virusa yoluxması xəbərləri ilə rastlaşıbsınız. Koronovirusun tüğyan elədiyi bir vaxtda
uşaqlar arasında eyni simptomlarla müşahidə edilən xəstəliklər cəmiyyəti
narahat edir. Dünyada Delta ştammının yayılması, hazırda ölkəmizdə də uşaqların
koronovirusa yoluxma məsələsini gündəmə gətirir.
"Bu, keçənilki COVID deyil”
Məlumat üçün bildirək ki, ABŞ-da COVID-19-la xəstəxanaya
yerləşdirilən uşaqların sayı rekord həddə çatıb. Hazırda xəstəxanalarda koronavirusdan
əziyyət çəkənlərin 2,4 faizini uşaqlar təşkil edir. Amerika Pediatriya Akademiyasının keçmiş
prezidenti Sally Gozan deyir ki, bu, keçənilki COVID deyil. Bu, daha pisdir və ən
çox uşaqlarımıza təsir edəcək.
Amerika mütəxəssisləri düşünür ki, 12 yaşdan kiçik
uşaqlar peyvənd olunmadığı üçün yoluxma riski yüksəkdir. Onların təhlükəsizliyini
təmin etmək üçün peyvəndə yararlı olan hər kəs vaksin vurdurmalıdır.
Bəs Azərbaycanda vəziyyət necədir? Uşaqlar arasında
yayılan virusun qarşısını ala bilərikmi? Qızdırması olan uşaqlar koronavirusa
tutulmuş sayılırlar?
"Uşaqları qorumaqla bağlı plan hazır olmalıdır”
Azərbaycanlı alim Nuran Abdullayev deyir ki, uşaqlar
Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər: "İngiltərədən olan ən
son elmi-statistik rəqəmlər payızda məktəblərlə bağlı çox ehtiyatlı olmağı tövsiyə
edir. Artıq elmi aspektdən baxdıqda deyə bilərik ki, dünyanın ən gənc nəsilləri,
yəni uşaqlar Delta variantına görə yoluxma təhlükəsi ilə üz-üzədirlər. Ciddi təhlükələrdən
də biri onların "Long COVID” (uzun müddət davam edən) problemləri olacaq. Onlar
mütləq qorunmalıdırlar. Azərbaycanda uşaqları qorumaqla bağlı tədbirlər planı
artıq hazır olmalıdır”.
"Ölkədə geniş yayılan virus yoxdur”
Baş pediatr Erkin Rəhimov mətbuata açıqlamasında bildirib ki, yay aylarında
sıx yayılan viruslar var: "Məsələn, rotavirus, adenovirus mədə-bağırsaq
pozulmasına səbəb olan, qızdırma ilə olan viruslardır. Bir də koksakiviruslar
var ki, bu da əlin, ayağın içində, ağızda yayılan, herpes qrupuna aid olan əl-ağız-ayaq
virusu dediyimizdir. Bu, may ayından başlayaraq sentyabra qədər sıx yayılır. Bu
xəstəlikdə səpkilər, hərarət, iştahasızlıq olur, nadir hallarda boğaz ağrısı da
ola bilər. Hazırda epidemioloji olaraq ölkədə geniş yayılan bir virus yoxdur”.
"Uşaqlara
test edilmir”
Pediatr Aytən İsmayılzadə deyir ki, uşaqların koronavirusa yoluxub-yoluxmamağı
yoxlanılmır. Onun sözlərinə görə, hazırda uşaqları kəskin virus infeksiyası
kimi müalicə edirlər: "Valideynlər uşaqlara görə test üçün müraciət etmirlər.
Amma ailəvi hamıda qızdırma varsa və test pozitiv çıxıbsa, uşağın da koronavirusa
yoluxduğu zənn edilir. Lakin məhz uşağa görə müraciət etmirlər. Bəziləri olur
ki, biz test üçün göndəririk, lakin bunu etmirlər. Ona görə də, bu gün xəstələnən
çox sayda uşaq testsizdir. Biz onu ya
koronovirus, ya da digər virus ehtimalı ilə onsuz da müalicə edirik. Amma
ağırlaşmalardan sığortalanmaq üçün virusun mənşəyini bilməliyik. Çünki
koronovirus uşaq üçün yeni xəstəlikdir. Ümumi qusma, temperatur, ishala qarşı
müalicə edirik. Amma bu gün uşaqlarla
bağlı statistika dəqiq aparılmır. Valideynlər deyir ki, neçə dəfə olub ki, yüksək
hərarətə görə təcili yardım çağırılıb, deyilib ki, test götürün, uşaq olduğu
üçün ehtiyac görməyiblər. Statistikanı bilmək istəyiriksə, müraciət edən hər kəsdən
test götürülməlidir”.
"Uşaqların əksəriyyəti xəstədir”
Həkim deyir ki, ciddi ağırlaşmalar olmasa da,
hazırda uşaqların əksəriyyəti xəstədir: "Əsas əlamətlər hərarət, qusma, ishal,
qarın ağrısıdır. Hər gün onlarla uşaq eyni simptomlarla müraciət edir. Bu,
"Retrovirus” da, bağırsaq qripi də, COVID-19 da ola bilər. Dəqiq deyə bilmərik.
Amma hələ ki ağırlaşmalar yoxdur. Şikayətlər eynidir, amma müalicəyə reaksiya
verirlər və tez sağalırlar. Düzdür, risk qrupunda olan uşaqlar ağır keçirə bilər.
Ağırlaşmalarda antibiotikə müraciət etdiklərimiz olur. Amma bu, çox nadir
hallarda olur. Əsasən, ev şəraitində müalicə edirik”.
"Uşaqlar arasında yoluxma sayı kəskin artacaq”
Pediatr Vaqif Qarayev deyir ki, Azərbaycanda uşaqlar arasında koronavirusa
kütləvi yoluxma yoxdur: "Epidemiologiyanın belə bir qanunu var ki, bir virus
dominantlıq edəndə digər mövsümi viruslar da "yatır”. Məsələn, keçən il uşaqlar
arasında mövsümi viruslara rast gəlmədik. Bu, həm də qapanmalar, sosial məsafə
ilə bağlı idi. Amma bu il həm tənəffüs, həm mədə-bağırsaq sisteminin pozulması,
həm də qızdırma ilə müşayiət olunan viruslar çoxalıb. Uşaqlarda qızdırma,
qusma, ishal, öskürək, burun axıntısı var.
COVID-19 peyda olandan sonra belə təəssürat yaranıb ki, qızdırma varsa, deməli,
koronavirussan. Amma uşaqlar test olunur, nəticələr hələ ki pis deyil. Mövsümi
virusların müalicəsi rahatdır. Amma COVID-lə bağlı belə deyil. Qızdırma varsa,
mütləq sahə həkiminə müraciət olunmalıdır və test götürülməlidir. Delta ştammı
peyda olandan deyilir ki, daha çox gəncləri
və uşaqları yoluxdurur. Bununla razılaşmalıyıq. Azərbaycanda uşaqlarla bağlı
kütləvi yoluxma müşahidə etmirəm. Amma uşaqlar arasında COVID-ə yoluxma var.
Sentyabrda məktəblər açılandan sonra vəziyyətin necə olacağı qaranlıq məsələdir.
Əyani təhsil bərpa olunsa, uşaqlar arasında yoluxma sayı artacaq”.
Xəstəxanalar hazırdırmı?
Həkim deyir ki, hazırda 7 saylı uşaq xəstəxanası COVID
təyinatlıdır: "Mən o mənzərəni düşünəndə belə, pis oluram. Çalışmalıyıq ki, uşaqlar
arasında kütləvi yoluxma olmasın. Amma olsa necə? Bəli, biz buna hazırıq. Son
iki aya qədər dünya mətbuatında söhbət gedirdi ki, uşaqlar üçün xüsusi vaksin
hazırlanmalıdır. Türkiyədə 15 yaşdan yuxarı uşaqlar vaksinasiya olunur. Vaksinlə
bağlı bizdə düşüncə çox pisdir. COVID-dən öncə də belə olub, onda da digər peyvəndlərin
ziyanlı olduğunu iddia edirdilər. Canımızı, uşaqlarımızı, körpələrimizi qorumaq
üçün peyvənd olunmalıyıq. Bizə qonşu olan bütün ölkələrdə vəziyyət pisdir. Hər
kəs deyir ki, təlaş yaratmayın. Bu, təlaş deyil, həqiqətdir. Körpə uşağın
boğulması, əziyyət çəkməsi mənim ürəyimi ağırıdır. Hər kəs özünü qorumağı
bacarmalıdır ki, körpələrimizi də qoruya bilək”.
Aygün ƏZİZ
