• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

“Bu, sönməyən bir atəşdir”

06.04.16 11:05 2786
“Bu, sönməyən bir atəşdir”
Qarabağ uğrunda son bir neçə gündə başlayan savaş Azərbaycan ordusunun qüdrətini göstərməklə bərabər, xalqımızın mətinliyini, birlik əzmini, gənclərimizin vətənpərvərliyini ortaya qoydu. Hamı bir səslə “Torpaqlarımızın azad edilməsi üçün cəbhəyə getməyə hazırıq” dedi. İnsanların ürəyində illərdən bəri uzaq düşdükləri dədə-baba torpaqlarına qayıtmaq ümidi alovlandı. Bu əhval-ruhiyyə ilə ordumuz düşmən işğalında olan torpaqlarımızın müəyyən bir qisminə nəzarəti bərpa etdi. Ancaq düşmənə endirilən sarsıdıcı zərbələr, insanlarda torpaqlarımızın geri qaytarılacağı ilə bağlı yaranan ümidlər neçə-neçə şəhidimizin qanı hesabına başa gəldi. Erməni tərəfin böyük itkiləri ilə yanaşı, Azərbaycan da bu döyüşlərdə şəhid verdi. Şəhid vermədən bir qarış Vətən torpağı alına bilməyəcəyini anlayan el-oba da “Vətən sag olsun” dedi. Ancaq insanlar, xüsusən gənclər döyüş ruhunu, qələbə arzusunu itirmədilər. Əsgər və zabitlərimiz “Budur Azərbaycan ordusu” deyə öz döyüşkən ruhları ilə dünyanı heyran qoydular.
Ölkəmizin ziyalıları da son günlər cəbhədə baş verənlərə nəzər salaraq müharibəni pisləsələr də, torpaqlarımız uğrunda savaşın haqq olduğunu vurğuladılar, cəbhədə gənclərin qəhrəmanlıqla vuruşmasından qürur duyduqlarını bildirirlər.
“Bizim gənclərin vətənləri var”

Bu gün gəncliyin gözlədiyi vaxtın yetişdiyini qeyd edən Xalq şairi Fikrət Qoca gənclərin hər birinin içində belə bir gün üçün atəş olduğunu bildirir: “Bu, sönməyən bir atəşdir. Onlar düşmənə alov saçırlar və bununla sübut edirlər ki, işğal altında olan torpaqlarımızı heç zaman yağıya güzəştə getməyəcəklər. Vətən övladsız heç nədir. Övlad da vətənsiz didərgindir. Ancaq bizim gənclərin vətənləri var». Azərbaycan sözündə «can» olduğunu bildirən Xalq şairi çoxdandır ki, bu candan ayrı düşdüyümüzü deyir: «İndi bu cana qovuşmaq zamanıdır. Biz buna qüdrətli ordumuzun, yenilməz gəncliyimizin gücü, Ali Baş komandanımızın iradəsi ilə nail ola bilərik».
“Biz qələbəni gözləyirik”

Qarabağ torpaqlarında böyüyüb başa çatdığını bildirən Xalq artisti Arif Babayev ordumuzun əldə etdiyi qələbələrdən qürur duyduğunu bildirir: «Bu, məni hədsiz sevindirir. Biz irəlilədikcə şəhid veririk, ancaq onlar ölmürlər, şəhidlik zirvəsinə ucalırlar. Bizim davamız haqq davasıdır – öz torpaqlarımız uğrunda savaşırıq». Xanəndə bildirir ki, bu gün böyüklü-kiçikli hamı torpaqlarımız uğrunda savaşa can atır: «Dərs dediyim tələbələr - qızlar da, oğlanlar da cəbhəyə yollanmaq istəyir. Özüm də getmək istəyirəm. Orada hansı işə yarayacağamsa o işi görərəm. Bir neçə yerə bununla bağlı zəng eləmişəm, ancaq «yox» cavabı almışam. Əlimdən gələni əsirgəmək istəmirəm». Ölkə başçısının xalqın arasında olduğunu bildirən xanəndə bütün hadisələrin Ali Baş Komandan tərəfindən nəzarətdə saxlandığını bildirir: «Qüdrətli ordumuz, müasir silahlarımız var. Biz qələbəni gözləyirik». Doğma ata-baba yurduna qayıtmağı illərdən bəri gözlədiyini, hətta, bunun üçün gözyaşı axıtdığını bildirən xanəndə: «Yaşamağımın mənası budur» - deyir: «Ayda bir-iki dəfə gözümün yaşı axmasa, yaşaya bilmərəm. Gözüm yolda, qulağım səsdədir. Görüm bu hadisələrin axırı necə olacaq. Ermənilər qan tökə-tökə xalqımızı yurd-yuvasından ayırıblar. Biz də qan tökə-tökə torpağımızı alacağıq. Qurban vermədən heç nə əldə etmək olmur. Vətən uğrunda şəhid olmasa, o, Vətən olmur».
Müharibəni heç kim istəmir
“Çox vaxt gənclərdə vətənpərvərlik hissi yoxdur deyirik. Ancaq bir neçə günün hadisələri göstərdi ki, biz öz gəncliyimizdən narahat olmalı deyilik» - deyən Xalq yazıçısı Sabir Rüstəmxanlı hesab edir ki, kənar təsirlər, qloballaşma, başqa mədəniyyətlər nə qədər təsir göstərsə də, gənclik ruhunun alt qatında olan böyük vətənpərvərlik duyğusundan heç vaxt aralı düşməyib: “Son günlərin hadisələri bunu aydın göstərdi. Əgər çağırış olsa onminlərlə gənc cəbhəyə yollanar. Ancaq bu savaş daha çox peşəkar ordunun, təcrübəsi olan hərbçilərin işidir. Bu baxımdan, bu cür döyüşkən qüvvələrin ön cəbhəyə getməsinə nail olmaq lazımdır. Gənclik isə onlardan öyrənməlidir». Hazırda hadisələrə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da reaksiya göstərdiyini qeyd edən S.Rüstəmxanlı bildirdi ki, dünyanın hansı ölkəsində olursa-olsun Azərbaycan övladları torpaqlarımızın itkisi ilə barışmaq niyyətində deyillər: «Gənclik daim dövlətin arxasında durub onu müdafiə edə bilər. Təbii ki, biz bu problemin danışıq yolu ilə həllini istəyirik. Azərbaycanın rəsmi mövqeyi belədir, ancaq danışıqlar da bu qədər uzana bilməz. Bütün dünya bilməlidir ki, ermənilərin işğalçılığı davam etdikcə, onlar bu işğaldan iştahlanıb başqa iddialarla ortaya çıxsalar, bir gün cavablarını alacaqlar. Ona görə də bu hadisələr çox vacibdir. Bu, Azərbaycan ordusuna öz gücünü göstərmək baxımından zəruridir. Bu, bu gün ermənilərin unutdurmağa çalışdıqları, hətta Rusiya mətbuatının da unutdurmağa çalışdığı Qarabağ işğalını xatırlatmaq üçün çox vacibdir. İllər uzunu Rusiya mətbuatında Qarabağ mövzusu yada düşmür. Elə ki, burada hadisələr başlayır, ermənilərin hay-küyünə dərhal reaksiya verirlər”. S.Rüstəmxanlının fikrincə, Azərbaycan xalqının əhval-ruhiyyəsi müharibə əhval-ruhiyyəsi deyil. Belə ki, müharibəni heç kim istəmir: “Xalqımızın əhval-ruhiyyəsi torpaqlarımızı azad etmək əhval-ruhiyyəsi, torpaqlarımızın uzun illər işğal altında qala bilməyəcəyi ovqatıdır. Hadisələr beynəlxalq ictimaiyyətin diqqətini ciddi şəkildə bu məsələyə yönəltdi. İndiyə kimi heç bir iş görməyən ATƏT ya ciddi addımlar atmalı, ya da ortadan çəkilməlidir və BMT-nin qətnamələri yerinə yetirilməlidir. Yoxsa ermənilər hər dəfə yeni iştahla ortaya atılsa, biz onların cavabını verəcəyik. Bu nəticə də illərlə müharibənin uzadılmasına gətirib çıxara bilər».
Ürəyimizdə dəfn edirik
Xalq artisti Nurəddin Mehdixanlı hesab edir ki, bu müharibə Azərbaycanın öz ərazi bütövlüyü uğrunda, xalqımızın evini, ocağını qorumaq uğrunda apardığı müqəddəs savaşdır: «Ata-analar övladlarını böyüdüblər ki, onlar babalarından qalmış ocaqları, yurd yerlərini qorusunlar. Bu gün Azərbaycan gəncləri də ləyaqətlə o torpaqları qoruyur və uğrunda vuruşurlar”. Xalq artistinin fikrincə, gənclər illərdən bəri tapdaq altında qalan torpaqlarımızı azadlığa qovuşdururlar: “Bir zamanlar şəhidlər verdik, başımıza bəlalar gəldi. Sonra azadlığa qovuşduq. İndi əslində həmin azadlığı qorumaq uğrunda savaş gedir. Təsəvvür edin: bir insan 25 ildir ki, öz od-ocağına, dədə-babasının məzarına, oxuduğu məktəbə, getdiyi yollara həsrətdir. Bu, doğurdan da çox böyük dərddir. Ancaq artıq bu dərdin həlli zamanı gəldi». Aktyor hesab edir ki, illərdən bəri ölkəmizə qarşı haqsızlıq edən təşkilatlar, erməniləri müdafiə edən həmfikirləri, dostları nəhayət, bu gün Azərbaycanla razılaşmalı olublar: “Biz o torpaqları sülhlə geri almaq istəyirdik, amma danışıq masasına getdikcə, qarşıdakılar bizi savaş meydanına çəkdilər. Onlar bu gün etdikləri təxribatın cavabını alırlar. Həmçinin, Azərbaycan ordusuna indiyə qədər xalqımıza qarşı edilən haqsızlıqların əvəzini çıxmaq üçün fürsət verirlər. Azərbaycan xalqının heç kimin torpağında gözü yoxdur. Onların Ermənistan Respublikası dedikləri dövlət belə Azərbaycanın torpaqları üzərində qurulub. Ali baş komandanın dediyi kimi “ölmək istəmirlərsə, rədd olub torpaqlarımızdan getsinlər”. Getməyəcəklərsə, bu torpaqların altında qalacaqlar”. Bu gün Azərbaycan gəncliyinin dünyaya qəhrəmanlıq salnaməsi yazdığını bildirən N.Mehdixanlı qeyd edir ki, bu, bizim sülhpərvər olduğumuz qədər savaşmağı da bacarmağımızın göstəricisidir: “Bizim gənclər dünyaya dövlət qurmağı öyrədə bilən bir millətin övladı olduqlarını göstərdilər”. Azərbaycan xalqının da döyüşlərdə şəhid verdiyini qeyd edən aktyor onların Vətən, xalq uğrunda həlak olduqlarını söyləyir: “Biz bu gün şəhidlərimizi həm torpaqlarımıza tapşırırıq, həm də ürəyimizdə dəfn edirik. Bu torpaq və bu millət onları heç vaxt unutmayacaq. Çox yaxın günlərdə də Azərbaycan bayrağının Şuşada dalğalandığını görəcəyik». N.Mehdixanlı hesab edir ki, bu müharibə gec-tez Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək. Millət, Vətən uğrunda savaşın nə qədər şərəfli bir iş olduğunu Azərbaycan gənciyinə anladacaq: “Bu müharibə dünyada Azərbaycanın nüfuzunu qaldırır. Ölkəmizin dünyada sıradan bir dövlət olmadığını göstərir. Biz min il bundan əvvəllər var idik və min il bundan sonra da olacağıq. Bu savaş var olmanın göstəricisidir».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər