AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu, siyasi əxlaqsızlıq

Bu, siyasi əxlaqsızlıq

Siyasət
02 May 2013, 09:25 1746
Bu günlərdə avropalı deputatlardan ibarət nümayəndə heyəti Azərbaycanın icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfər edib bir sıra görüşlər keçiriblər. Görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçı rejimin və Ermənistan hakimiyyətinin mənafeyinə xidmət edən fikirlər səsləndiriblər.

Bununla bağlı “Kaspi”yə açıqlama verən politoloq Elman Nəsirov sözügedən hadisəni danışıqlar prosesinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına daban-dabana zidd olay kimi dəyərləndirib. Bildirib ki, belə icazəsiz səfərlər Avropa Birliyi-Azərbaycan münasibətlərinin bu gününə və perspektivinə kölgə salır: “Avropa Birliyinin ayrı-ayrı qurumları, bütün beynəlxalq və regional təşkilatları, dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Onlar Dağlıq Qarabağ muxtar vilayətini də Azərbaycanın tərkib hissəsi kimi görüblər. Lakin buna baxmayaraq, ABŞ Konqresindən, Fransa Senatından, eləcə də digər qurumlardan olan insanlar Dağlıq Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan səfərlər edirlər. Sonra da bildirirlər ki, bu səfərdə iştirak edənlər dövləti təmsil etmirlər, bu onların şəxsi səfəridir. Amma həmin səfərlərdə iştirak edənlərin separatçı rejimlə keçirdikləri görüşlərdə səsləndirilən bəyanatlar bunun əksini sübut edir. Orada verilən bəyanatlar, hadisələrə yanaşmalar, onsuz da dalana dirənmiş danışıqlar prosesinə ziddir. Bu isə bilavasitə Ermənistanın və separatçı rejimin mənafeyinə xidmət edən amildir. Halbuki, Avropa Birliyinin özü danışıqların müsbət nəticələnməsində, problemin həll olunmasında olduqca maraqlı tərəf olduğunu ən yüksək tribunalardan, ən yüksək səviyyədə bəyan edib. Belə ola-ola Dağlıq Qarabağa rəsmi Bakı tərəfindən razılaşdırılmamış səfərlərin təşkil edilməsi Avropa Birliyi-Azərbaycan münasibətlərinin bu gününə və perspektivinə kölgə salır. Eyni zamanda bu addım separatçı rejimdə arxayınçılıq yaradır, onu daha da şirnikləndirir və növbəti ağır cinayətlər törətməyə sövq edir”.

Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyinin sədri, hüquq elmləri doktoru, professor Kamil Səlimov da Avropa Birliynin, o cümlədən bu təşkilatda təmsil olunan dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb. Deyib ki, bir neçə avropalı deputatın son hərəkəti təmsil olunduqları təşkilatın, öz ölkələrinin mövqeyinə, eləcə də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini ifadə edir: “Əgər həmin deputatlar gəlib o yerlərə baş çəkirlərsə, bunun üçün Azərbaycanın razılığı olmalıdır. Amma Azərbaycanın razılığı olmadan gedib ora baş çəkirlərsə, onlar artıq öz səlahiyyətlərini aşıblar. Buna görə də öz milli parlamentləri səviyyəsində, yaxud Avropa Birliyi qarşısında məsuliyyət daşımalıdırlar. Çünki artıq onlar qanunu pozublar. Özü də bu, birinci dəfə deyil ki, təkrarlanır. Adətən belə səfərlərə gedib-gələndə və Azərbaycan dövlət nümayəndələri gəlib bu barədə öz iradlarını təqdim edəndə, onların rəhbərləri cavab verirlər ki, burada dövlət və Avropa Birliyi tərəfindən yox, şəxsi təşəbbüslə hərəkət edilib. Bu cür şəxsi gəliş-gedişi sadə vətəndaşlar edə bilər. Lakin deputat statuslu şəxslər işğal altındakı ərazilərə səfər etməklə aləmi qarışdırır, sülh prosesinə böyük bir zərbə vururlar. Artıq bunlara son qoymaq lazımdır. Bu cür sərbəst, lazım olmayan, məqsədsiz, yalnız münaqişəni daha da dərinləşdirmək məqsədi daşıyan səfərlərin qarşısını almaq lazımdır. Bizim deputatlar bu barədə müəyyən bir hesabat hazırlamalı və bu qətnaməni AŞPA-ya, Avropa Birliyinə təqdim etməlidirlər”.

Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Ələkbərli də Avropa Parlamenti deputatlarının Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsini ölkəmizə xəyanət kimi qiymətləndirib. O, Avropadakı dövlətlərin, o cümlədən Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını diqqətə çatdıraraq, hər nə ad ilə olsa da Azərbaycan tərəfinin icazəsi olmadan belə bir addım atılmasını yolverilməz sayıb: “Bunu Azərbaycan dövlətçiliyinə, ərazi bütövlüyünə xəyanət kimi dəyərləndirirəm. Fransa ATƏT-in Minsk qrupunda təmsil olunan bir dövlətdir. Bu ölkəni təmsil edən deputatların belə hərəkətlər etməsi bir daha təsdiqləyir ki, Fransanın mövqeyi qərəzlidir, ermənipərəstdir. Ona görə də bu ölkənin ATƏT-in Minsk qrupunda təmsil olunması qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan dövləti, o cümlədən Xarici İşlər Nazirliyi, eləcə də ATƏT belə hallar gələcəkdə də təkrarlanmasın deyə, bu məsələyə ciddi yanaşmalıdır. Səfəri təşkil edənlər, bu səfərdə iştirakçı olan deputatlar persona-non-qrata elan edilməlidirlər. Bir daha xatırlatmaq istərdim ki, Xocalı soyqırımı yaxın müddətdə baş verən hadisədir. Əgər şəhidlərimizin qanı üzərində Serj Sərkisyan özünə hakimiyyət qurursa, işğal altındakı Azərbaycan ərazilərində qondarma qurum yaradırsa, burada narkotik maddələrin qanunsuz ticarətini, tranzitini təşkil edirsə, Fransa, Kipr kimi ölkələr də buna göz yumurlarsa, deməli, onlar da işğalçı ilə eyni mövqeyi bölüşürlər. Bu isə onu deməyə əsas verir ki, münaqişənin ATƏT səviyyəsində ədalətli həlli, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi tezliklə mümkün olmayacaq”.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı isə avropalı deputatların hərəkətlərini siyasi əxlaqsızlıq kimi qələmə verib. Onun sözlərinə görə, bütün dünyaya insan hüquq və azadlıqlarından dərs keçən, özünü ədalət keşikçisi kimi təqdim edən avropalı deputatlar Azərbaycanın ərazi bütövlüyünü, o torpaqlarda hüquqları tapdanan insanların haqlarını görməzdən gəlməklə, əsl simalarını ortaya qoyublar: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ora Azərbaycanın razılığı olmadan hər hansı səfər dövlətimizə qarşı atılmış bir addım kimi dəyərləndirilməlidir. Beynəlxalq hüququ, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu haqqında qəbul olunmuş beynəlxalq qərarları heçə sayaraq, Dağlıq Qarabağa qanunsuz səfər edən avropalı deputatların bundan sonra Azərbaycan dövləti və hakimiyyəti qarşısında hansısa tələblərlə çıxış etməsi yolverilməzdir. Düşünürəm ki, belə yanlışlıqlara yol verənlər kimliyindən asılı olmayaraq müstəqil və güclü Azərbaycan Respublikası ilə üz-üzə qalacağı həqiqətini başa düşməlidirlər”.

Rufik İSMAYILOV