• cümə axşamı, 19 sentyabr, 17:38
  • Baku Bakı 24°C

Bu şəxslərin COVID-19 əleyhinə vaksini əvvəlcədən vurdurmaları tövsiyə olunur

24.08.21 11:00 239
Bu şəxslərin COVID-19 əleyhinə vaksini əvvəlcədən vurdurmaları tövsiyə olunur
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kollektiv immunitet yaranması üçün bir neçə aydır ki, vaksinasiya prosesi aparılır. Məlumdur ki, reproduktiv sağlamlıq hər zaman mühüm məsələ olub. Bu baxımdan, koronavirusa qarşı vaksinasiya zamanı yeni ailə quran, hamiləlik planlaşdıran, eləcə də doğuşdan sonrakı mərhələdə olan qadınlara peyvənd vurulub-vurulmaması cəmiyyətdə müzakirə olunan mövzulardandır.
AZƏRTACxəbər verir ki, bu məsələ ilə bağlı bəzi nüanslara Azərbaycan Tibb Universitetinin I mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Natəvan Axundova aydınlıq gətirib.
N.Axundova qeyd edib ki, bu istiqamətdə geniş elmi-tədqiqat işləri olmasa da, bəzi mənbələrdə müxtəlif fikirlər söylənilir: "Belə ki, hamiləlik planlaşdıran, yeni ailə quran cütlüklərə əvvəlcədən peyvənd olunmaq məsləhət görülür. Əlbəttə, burada bir sıra əks-göstərişlər də nəzərə alınmalıdır. Əvvəllər vaksinasiyadan 6 ay sonra hamiləliyin planlaşdırılması tövsiyə olunurdusa, sonradan bu müddət 3 və son olaraq 1 aya qədər azaldıldı. Hamilələrə gəldikdə isə onların koronavirus əleyhinə vaksinasiyadan keçməsi tövsiyə olunmur. Amma çox yüksək risk olduğu halda peyvənd vurula bilər. Ümumiyyətlə, bu barədə geniş məlumatlar yoxdur. Hətta bəzi mənbələrdə göstərilir ki, hamilələri gözləyən nəticə hamiləlik zamanı dölün zədələnməsinin potensial riskindən yüksəkdirsə, onlar vaksinasiya oluna bilərlər. Çünki yüksək risk qrupuna daxil olan hamilələr koronavirusa yoluxsalar, onların vəziyyəti çox ağırlaşa, hətta ölüm baş verə bilər.
Dünyaya yenicə uşaq gətirmiş qadınların vaksinasiyası haqqında da ziddiyyətli fikirlər mövcuddur. Qadın süd verirsə, vaksinasiya olunması məsləhət görülmür. Əks halda peyvəndlənə bilər. Nəzərə almaq lazımdır ki, doğuşdan sonrakı dövrdə qadın bir qədər zəifləyir. Zahılıq dövrü bitdikdən sonra əgər ümumi sağlamlığı imkan verirsə, vaksinasiya olunması mümkün sayılır. Zahılıq dövrü 6-8 həftə çəkir. Amma xarici ədəbiyyatda doğuşdan sonrakı dövr 11-12 həftə hesab olunur. Çünki uşaqlıqda cift sahəsinin bərpası prosesi 11 həftə çəkir”.
Hamilə qadınların koronavirusa yoluxması ilə bağlı məsələyə də toxunan həkim deyib: "Hamiləlik fizioloji bir prosesdir və bu zaman orqanizmdə adaptasiya-uyğunlaşma reaksiyaları baş verir. Hamilə qadının orqanizmində doğuşdan sonrakı dövrdə baş verə biləcək qanaxmanın qarşısını almaq üçün qan laxtalanma sistemində fizioloji hiperkoaqulyasiya, yəni qatılaşma baş verir. Bundan əlavə, hamilə qadının ürək-damar, tənəffüs və immun sistemlərində də bir çox dəyişikliklər olur. İstənilən infeksiya, o cümlədən koronavirus onsuz da hamiləlik zamanı artmış koaqulyasion potensialını - qanın qatılaşmasını daha da artırır. Belə vəziyyət qadında tromboz riskini yüksəldir. Əgər hamilədə tromboz riskini artıran vəziyyətlər və xəstəliklər irsi və qazanılmış trombofilik amillər, autoimmun xəstəliklər, şəkərli diabet və s. varsa, koronavirus infeksiyası daha ağırgedişli olur, hamilənin və dölün vəziyyətlərinə ciddi təsir edir. Bir çox infeksiyalar cift baryerini keçərək dölün infeksiyalaşmasına, hətta bətndaxili ölümünə gətirib çıxara bilər. Əksər hallarda yoluxmalar zamanı infeksiya döl bədənində generalizasiya olunur, dölün neonatal sepsislə və pnevmoniya ilə doğulmasına gətirib çıxarır. Belə hallarda dölyanı mayenin vaxtından əvvəl axması, vaxtından əvvəl doğuşlar, dölün bətndaxili inkişafdan qalması riski yüksək olur. Hazırda COVID-19-un hamiləlik və doğuş zamanı dölə keçməsi halları müəyyən edilməyib, virusun dölyanı maye nümunələrində və ciftdə aşkarlanma hallarına təsadüf olunmayıb. Virusun ana südündə aşkarlanmasına tək-tək hallarda rast gəlinib. Doğuşdan sonra xəstə ana və ya yenidoğulmuşa qulluq edən şəxslərlə sıx əlaqə zamanı COVID-19-la neonatal infeksiyalaşma müşahidə olunub. Bir çox tədqiqat işlərində hamiləlik zamanı koronavirusun anadan dölə keçməsi ehtimalının az olması göstərilir. COVID-19-lu hamilələrdə düşüklər, dölün bətndaxili inkişaf ləngiməsi, dölün distressi, vaxtından əvvəl doğuşlar qeydə alınır. Vaxtından əvvəl doğuşlar özbaşına olub və ya həkim tərəfindən ana və döldə olan göstərişlərə əsasən aparılıb. Sonuncu halda hamiləlik əsasən cərrahi yolla başa çatdırılıb”.
N.Axundovanın sözlərinə görə, nəzarət etdikləri hamilələrin bir çoxu qanın qatılaşmasının artması səbəbindən yüksək risk qrupuna aid olduğu üçün onlara adətən qanı durultmaq məqsədilə antiaqreqant və antikoaqulyantlar təyin edilir: "Həmin qadınlar koronavirusa yoluxduqda, dərhal nəzarətə götürülüb və hospitalizasiya ediliblər. Onlarda onsuz da mövcud olan hiperkoaqulyasiyanı koronavirus bir qədər artırsa da, fəsadlaşmalar az olub. Çünki onlar laxtalanmanı aradan qaldırmaq üçün əvvəldən müalicə alıblar. Hamilə qadın mama-ginekoloq, infeksionist, reanimatoloq, lazım gəldikdə endokrinoloqun ciddi nəzarətində olmalıdır. Ümumiyyətlə, bu xəstəliyin bir çarəsi var. Bütün xəstələr vaxtında aşkar olunmalı, xəstəliyin şübhəli və ehtimal olunan simptomlarına əsasən diaqnozu dəqiqləşdirmək üçün əlavə laborator müayinə aparılmalıdır. Diaqnoz qoyulduqdan sonra xəstə nəzarətə götürülməli, müalicə tədbirlərinə başlanılmalıdır. Müalicəyə erkən başlamaq xəstənin sonradan ağırlaşmalarla üzləşməsinin qarşısını alır”.
banner

Oxşar Xəbərlər