• çərşənbə axşamı, 16 aprel, 22:20
  • Baku Bakı 18°C

Bu səhər Cabir Novruzu xatırladım...

14.08.21 15:30 334
Bu səhər Cabir Novruzu xatırladım...
O, bu dünyanın əlifbasının, ilk nəğmənin və ilk yazının məhəbbət olduğunu yazmış, oxucularını da buna inandıra bilmişdi. Onun üçün dünya özü boyda məhəbbət yuvasi idi. Buna görə də qələmindən çıxan səmimiyyət dolu misralardan məhəbbət süzülür və ürəklərdə sevgi çələnginə dönüb dodaqlarda mahnılara çevrilirdi.
Onun şeirlərində dünyanın, insanlığın bu günü və sabahı üçün daim narahat və həssas şair ürəyi döyünür:
Dünyada nə olsa - ürəyimdədir,
Bir insan sevinsə, bir gül açılsa,
Bir ömür məhv olsa, bir ev uçulsa,
Bir güllə açılsa- ürəyimdədir.
Cabir Novruz poeziyası ədalətə, haqqa, saflığa çağırış ruhludur. O, insanı, onun arzularını, xeyirxah əməllərini daim uca tutur və hər kəsə sağlığında qiymət verilməsini istəyir:
Bir arzum var, ey adamlar,
qoyun deyim.
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağ olanda yaman deyin yamanlara....
Şair diri üçün iynə boyda yaxşılığı, ölü üçün qoyulan min heykələ dəyişmədiyini bildirir, vədəsiz şöhrəti, sərdabə sevgiləri gərəksiz sayır.
C. Novruz yaradıcılıgının bütün dövrlərində Vətənin keşiyində kəsərli qələmi dayanıb. Onun bu səpgili şeirləri çox təsirli, ağrılıdır. "Özünü qoru, xalqım" şeiri bir qədər kədər notları üzərində köklənsə də, xalqı bir olmağa, işğal olunmuş torpaqlarımızı azad etməyə səsləyir:
Müqəddəs, ulu xalqım
Gözümün nuru xalqım.
Ən dəhşətli zamandır,
Özünü qoru, xalqım...
Bu o zamanlar idi ki, dünya haqq səsimizi eşitmək istəmirdi. Bu o çağlar idi ki, Azərbaycanın başı üzərindən qara buludlar dağılmaq bilmirdi, hər gün qan-qada ilə üzləşirdik.
Bütün söylənilənlərə rəğmən, oxucularının çoxu üçün Cabir Novruz zərif duyğular, məhəbbət şairidir. Çünki onun şeirlərində, belə demək olarsa, məhəbbətin hər çaları var - uğursuz ilk sevgi də, ömrün xəzan çağında vədəsiz gələn, gecikmiş, üzücü məhəbbət də:

Sən gizli gəlmisən ömrümə inan,
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan
Gecikmiş məhəbbət daşıyacağam.
Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm...

Nə böyük və ağrılı şair etirafı... Əlbəttə "giriftar olmayan bilməz".

Başqa bir etiraf:
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş budağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə gücüm çatdı ki, səndən yapışam,
Nə gücüm çatdı ki, səndən qaçam mən...

Sən elə bir vaxtda rast gəldin mənə
Ömrün payız vaxtı, xəzəl çağıydı...
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...
İllərin fəsilləri olduğu kimi, sevginin də yazı, payızı var. Xoş halına sevgidən yarıyanların və sevgisi hər zaman bahar olanların...
Bu qısa qeydləri illər əvvəl Cabir müəllimin mənə bağışladığı kitabı təkrar oxuduqdan sonra, vəfa borcu kimi yazdım.
Ruhun şad olsun, gözəl insan, böyük şair!
Səməd Məlikzadə

banner

Oxşar Xəbərlər