Bu romanı yazıb bitirənə qədər iki dəfə intihara cəhd etdi - MÜSAHİBƏ
Adnan
Özer: "Tapançasını çıxarıb atəş açdı. Güllə düz son cümlənin axırına dəyib
divara girdi. Bütün məhəllə ayağa qalxdı
ki, görəsən, kimi güllələdilər”
Adnan Özer 1957-ci ildə Türkiyənin
Təkirdağ bölgəsində anadan olub. İstanbul Universitetinin məzunudur.
1980-ci ildə İstanbul Gözəl Sənətlər Akademiyasının təşkil etdiyi
şeir yarışmasında qalib gəlib. İlk şeir kitabı "Odlu qaval”
1981-ci ildə işıq üzü görüb. "Yağışı susduran təqvim”, "Zamanın
xəritəsi”, "Vida şeirləri”, "Əvvəllər gələcək gözəl idi” və s. kitabların
müəllifidir. Türkiyənin 80-ci illər şeirinin klassiki sayılır. "Zamanın
xəritəsi” – 1991-ci ildə "Camal Süreya Şeir Mükafatı”na layiq
görülüb. Pablo Neruda, Oktavio Paz, Federiko Qarsia Lorka, Ruben Dario
və s. şairlərin şeirlərini Türkiyə türkcəsinə çevirib.Şeirləri rumın, portuqal, alman,
italyan və ispan dillərinə tərcümə edilib. Adnan bəy həm də Türkiyədə
çox məşhurlaşan, səs-küyə səbəb olan və artıq klassik əsər kimi qəbul edilən Metin Kaçanın "Ağır roman”ının yazılmasına vəsilə
olub. Onu da deyim ki, bu əsər əsasında çəkilən film də tamaşaçılar tərəfindən
maraqla qarşılanıb. Əsərin müəllifinin şəxsiyyəti ətrafında söz-söhbətlər bu
gün də səngimək bilmir. Adnan bəylə bu səs-küylü roman haqqında söhbətləşdik...
"Hər gün dava edir, bəlaya düşürdü”
– Metin Kaçan "Ağır roman”ın girişində yazıb ki,
"Adnan Özer olmasaydı, bu kitabı yazmayacaqdım”. İstərdim ki, əsərin girişindəki
bu cümlənin yazılma səbəbini oxucularla bölüşəsiniz...
– Mən Metinin qardaşı, məşhur karikatura ustası Həsən
Kaçan ilə cavanlıqdan dost idim. Metini isə əsgərlikdən gələndən sonra tanıdım.
Bir gün Həsən mənə dedi ki, qardaşım yumoristik hekayələr yazır. Onda Həsən
"Qır-qır” dərgisini çıxarırdı, bu karikatura jurnalı məşhur "Krokodil”
jurnalından sonra dünyada ən çox satılan karikatura jurnalı idi, 400.000
tirajla nəşr olunurdu. Həmin jurnalda Metinin iki yumoristik hekayəsi dərc
olunmuşdu. Metin o zaman yumoristik hekayələr danışıb, səsini kasetlərə
yazdırıb satardı. Onlara da qulaq asdım. Bir gün Həsən mənə dedi ki, kömək elə,
Metin kitabların, qəzetlərin çap
olunduğu "Babali”də işləsin. Çünki o, maşın ustası, yaşadığı məhəllə isə
kriminal bir yer idi. Metin hər gün dava edir, bəlaya düşürdü. Uzunçuluq eləmirəm
ki?
– Qətiyyən... Buyurun...
– Mən də "Metis” nəşriyyatındakı dostuma məsləhət
gördüm ki, onu işə götürsün. Metin getdi, amma onu işə götürmədilər. O vaxt mənim
balaca bir nəşriyyatım vardı, bir müddət orada işlədi. Bir neçə ay sonra nəşriyyat
iflas elədi, çünki Metin o qədər gülməli hekayələr danışırdı ki, gülməkdən işləyə
bilmirdik. O vaxt mənə "Ağır roman”dan bəzi səhnələri danışırdı, deyirdim ki,
bunları roman kimi yaz. Deyirdi ki, yazı-pozu mənlik deyil, mənimki elə danışmaqdır. O illərdə gedib Kasımpaşada
çayxanada bu əhvalatları danışıb insanlardan çoxlu pul yığırdı, həm də kasetlərini
satırdı. Ramazanda məddahlıq edirdi, dini hekayələr danışıb beş-üç manat
qazanırdı. Mən onu axır ki, yola gətirib romanı yazmağa razı saldım. Əvvəl-əvvəl
yazarkən çox darıxırdı. Bir yerdə otura bilmirdi. Bir dəfə ayaqlarını stula
bağladıq ki, qalxa bilməsin, yazsın. Sonra ona bir qız köməkçi tutduq, o romanı
diktə elədi, qız da yazdı. Bu romanı yazıb bitirənə qədər iki dəfə intihara cəhd
etdi. Çünki dəhşətli dərəcədə darıxırdı. Bu romanın yazılması iki il yarımlıq
möhtəşəm bir macəradır...
"Heç kəs onunla qumar oynamazdı, çünki...”
–Axır ki, yazıb bitirdi...
– Hə, nəhayət. Bir gün zəng elədi ki, romanı
tamamlamışam, durma gəl. Getdim. Yekə kağızları divardan sancaqla vurub ki,
açılmasın. Dedi, get bax. Gedib divardakı kağızlardan əsəri oxudum. Soruşdum
ki, bəs niyə axırda nöqtə qoymayıbsan? Dedi onu qəsdən qoymamışam, kənara çəkil,
nöqtəni indi qoyacağam. Tapançasını çıxarıb atəş açdı. Güllə düz son cümlənin
axırına dəyib divara girdi. Bütün məhəllə
ayağa qalxdı ki, görəsən, kimi güllələdilər. Metin çox sərrast nişançı idi. O qədər
sərrast nişançı idi ki, Luna Parkda tir ilə hədəfi vurmaq istəyəndə həmin
obyektlərin sahibləri razılaşmazdılar. Çünki gülləsi heç vədə boşa getməzdi,
bütün hədiyyələri udardı. Heç kəs onunla qumar oynamazdı, çünki əldən pərgar
idi.
– Amma əsər bir zaman onu işə götürməyən "Metis”
nəşriyyatı tərəfindən çap olunur...
– Hə, o məsələdə də inad göstərdi ki, əsər o nəşriyyat
tərəfindən çap edilməlidir. Apardım, oxuyub çox bəyəndilər. Və roman işıq üzü
gördü.
– Əsərin
yazılmasındakı təkidinizdən danışdınız, bəs yaradıcı baxımdan romanın meydana gəlməsində
hansı rolunuz olub?
– "Ağır roman”ı üç dəfə redaktə etmişəm, amma ciddi
dəyişikliklərdən söhbət gedə bilməz. Çünki əsərin verbal gücü çox möhtəşəm idi,
onu poza, əl dəyə bilməzdim. Mən Metini roman yazmaq üçün hazırladım, ona çoxlu
kitablar oxutdurdum, amma o da sürətlə çalışır, dediklərimi edirdi.
"Bu qulağından alıb, o biri qulağından buraxırdı”
– Romanın arqo dili, məhəlli ifadələri türkiyəli
oxucular üçün nə dərəcədə anlaşıqlıdır?
– Ümumən anlaşıqlı deyil. Amma Kasımpaşa, Karagümrük,
Qazi Osmanpaşa, Topxana məhəllələrində yaşayanlar əsəri rahatca və tam
anlayırlar, amma başqa yerlərdə yaşayanlar üçün bir sıra ifadələri başa düşmək
çətindir.
– Məsələn, o əsərdə "git başımdan” ifadəsinə "yayıl
burdan” deyirlər. Bu cür ifadələr əsərdə çoxdur... Belə ifadələr, bəzən lüğətlərdə
rast gəlmədiyimiz söz birləşmələri, qısaltmalar
romanın başqa dilə tərcümə olunmasında çətinlik yaratmırmı?
– Əlbəttə, yaradır. Eşitdiyimə görə bu romanı alman
dilinə uğurla tərcümə ediblər. Çünki bu əsəri alman dilinə yaxşı çevirə bilmək
üçün tərcüməçi bir müddət gəlib Kasımpaşada yaşadı, oranın məhəlli dilini öyrəndi,
adətlərinə bələd oldu ki, tərcümə işi
uğurlu alınsın.
– Əsərin baş qəhrəmanı – Salih müəllifin
prototipidir?
– Bəli, əsərdəki baş qəhrəman – maşın ustası onun
özüdür. Onun qəhrəmanları real şəxslər idi. Hamısını tanıyırdım, onlardan cəmi
biri sağdır, qalanları rəhmətə gedib.
– Bəs əsər çap olunandan sonra bu romanda öz
obrazlarını görən real insanlar M.Kaçana aqressiya göstərdilərmi?
– Əlbəttə,
müəyyən narazılıqlar oldu. Amma Metin deyilənləri bu qulağından alıb, o biri
qulağından buraxırdı.
– Tina xanım onun əxlaqsız obrazının ədəbiləşdirilməsinə
necə reaksiya göstərdi?
– O qadını
Metin uşaq olarkən tanımışdı. Sonralar məhəllədən köçmüşdü. Ona görə ciddi bir
problem olmadı.
"Ümidləri əlçatan olan adamlar nikbin olurlar”
– Romanda təsvir olunan Korela məhəlləsi mənə təcrid
olunmuş Latın Amerikasının kiçik modelini xatırlatdı. Müşahidəm nə dərəcədə müfəssəldir?
– Tamam
doğru müşahidədir. Dəqiq tutubsan. Bilirsən niyə? Çünki Jorje Amadu bizim üçün
nəsrin "peyğəmbəri” idi. Onun əsərlərini sevə-sevə oxuyurduq. Amma Metin tam mənada
əsər oxuyub sonra roman yazacaq bir
insan deyildi. Əslində, o, əsl məddah idi. Bəlkə də, əvvəlki həyatında məddah
olmuş, sonra reinkarnasiya nəticəsində dəyişmişdi. Məddah deyərkən, tərifçiliyi
nəzərdə tutmuram. Dini məclislərdə aramsız danışan məddahları nəzərdə tuturam.
Üç gün yatmadan da danışa bilirdi. Bir ev tutmuşdu, o ev gün ərzində elə hey
dolub-boşalırdı, insanlar gəlib-gedirdi. Özünə böyük bir kreslo düzəltdirmişdi,
orda oturub gülməli əhvalatlar danışırdı. Gələnlərin çoxu qadınlar idi, daim
onları güldürürdü. Qadınlar onları güldürə bilən kişiləri dəlicəsinə sevirlər.
– "Ağır roman”da hər kəs bir bəlaya mübtəladır, heç
dinc günləri yoxdur, amma bütün bunlara baxmayaraq qəhrəmanlar nikbindirlər. Həmin
məhəllənin insanları real həyatda da elədir, yoxsa bu, yazıçının inancının ifadə
edən utopiyasıdır?
– Eyni zamanda Metin çox nikbin adam idi, heç əsəbiləşməzdi,
dalaşanda da. Heç nəyi özünə problem eləməzdi. Siyasətdən zəhləsi gedərdi. Daim
insanları güldürərdi. Heç zaman da xəstələnməzdi. Fiziki cəhətdən çox güclü və
qəmsiz adam idi. Öz düşüncəsi əsərə də hopub. Bir də ki, kasıb insanlar ümidli
olurlar, onların böyük arzuları olmur deyə, ümidləri daha əlçatan olur. Ümidləri
əlçatan olan adamlar isə nikbin olurlar. Arzularımız böyüdükcə, kədərlənirik,
istəklərimiz qarşısında gücsüzlüyümüzü şüuraltı olaraq hiss edirik.
"Onun üçün söyülməklə öyülməyin ciddi fərqi yox
idi”
– Bu əsərdə Türkiyənin hüquq sistemi aciz
durumda göstərilir. Sanki heç bir qayda-qanun işlək deyil. Bu məqam nə dərəcədə
realdır?
– Ora – həmin məhəllə tam mənada Türkiyə deyil, ora
öz qanunları olan xüsusi bir məhəllədir. Onlar hüququ tanıyırlar, amma
saymırlar. Bu məhəllənin öz qaydaları var, o qaydaları pozanlar cəzalandırılır.
Orda hər kəs qisasını özü alır, heç kəs başqasından polisə şikayət etmir. Orda
kimsə kiminsə xanımına kəm gözlə baxmaz. Metin real həyatda da belə məsələlərə
həssas idi. Məsələn, biri məclisə yanında bir xanım gətirirdi, kimsə ona
gözaltı baxardı. Metin həmin adamı dərhal pərt edərdi. Yapışardı o xanımın qolundan
və həmin şəxsə deyərdi ki, buyur, götür, al apar, sənin olsun. Çox qısqanc adam
idi. Əsərdə də o cür qaydalarla yaşayan
obrazlar var, onlar öz prinsipləri ilə ömür edirlər, onları tam hüquqsuz hesab
etmək olmaz.
– M.Kaçan, "Ağır roman”ı şöhrət qazansa da,
sonralar az yazdı...
– "Ağır
roman”dan sonra "Fındıq səkkiz” romanı, "Adaya gedən qayıq” və "Servantesin
qardaşı oğlu” adlı hekayələr kitabı çap olundu. Yazmaq onun üçün çox çətin bir
proses idi.
– Yazarların onun yaradıcılığına münasibəti necə idi?
– Yaşar Kamal onun yaradıcılığını çox sevərdi,
Orxan Pamuk isə sayğı duyardı, çünki Metinin yaradıcılığı çox orijinal idi.
Amma Metin belə şeyləri eyninə almazdı, onun üçün söyülməklə öyülməyin ciddi fərqi
yox idi.
– Bu roman Metin Kaçan sağ ikən də indiki qədər məşhur
idi?
– Hə, nə
danışırsınız?! Çox məşhur idi. Bir neçə ay sonra məşhurlaşdı, əsər ulduz kimi
parladı. Sürətlə satılırdı, haqqında çoxlu məqalələr yazılırdı, danışılırdı.
"Bu roman həm də bir romansdır”
– Yəqin, bu romana görə normal qonorar da alırmış.
– Alırdı, amma iki gün, ən uzağı üç gün ərzində
bütün pulların başına daş salırdı.
– Bəs "Ağır roman” filminin ssenarisini niyə özü
yazmadı?
– Çəkilişlərdə iştirak elədi, ssenarini də onunla məsləhətləşdilər,
ancaq özü yazmadı. Oradan da pul qazandı. Çox qazandı. Sonra bu əsərin əsasında
balet yazıldı, oradan da qonorar əldə etdi.
– Bu əsəri oxuyan əcnəbi bir adam İstanbuldan
qorxar, düşünər ki, bu şəhər insanı yeyib axırına çıxan müdhiş bir
meqapolisdir.
– Hə, əksər meqapolislər elədir. Meqapolis insana
çox şey təklif edir, amma əvəzində əlində olanları da alır. Şəhərdə yaxşı
yaşamaq üçün etdiklərinin əvəzində nələr itirdiyini düşünəndə, bu məqamı daha
yaxşı anlayırsan. Metinin təsvir elədiyi məhəllə real, əyləncəli idi, amma təhlükəli
idi. Mən uşaqlıqdan Batmanda böyüdüyüm üçün qismən oranın dilini bilirdim, amma
yenə də təhlükəli idi.
– Bu romanın Türkiyədə klassik romanlarla bir cərgədə
dayanmasının səbəblərini nədə görürsünüz?
– İstanbul
mədəniyyəti, bu şəhərin kənar məhəllələrinin dili, əsərin sosial yükü onun
klassik əsər kimi qəbul edilməsinə gətirib çıxarır. Əlbəttə, Metin belə şeyləri,
sosioloji qatı-filan düşünməzdi, o, sadəcə bildiyi kimi yazardı. Bu roman, həm də bir romansdır.
Fərid Hüseyn