• cümə axşamı, 28 mart, 20:59
  • Baku Bakı 13°C

“Bu rolum mənimlə evimə gəlir” - Fotolar

05.08.17 11:00 2780
“Bu rolum mənimlə evimə gəlir” - Fotolar
Cemal Hünal Türkiyədə tanınmış və peşəkar aktyorlardandır. O, baş rola çəkildiyi "Issız adam” filmi ilə qısa bir zaman içində nəinki Türkiyədə, elə ölkəmizdə də sevilən aktyorlardan birinə çevrildi. Cemal Hünal "Kırmızı”, "Günce”, "Romantik komedi”, "Kaos Örümcek Ağı”, "Ayaz”, "Peşpeşe”, "Ulak” kimi filmlərin əsas qəhrəman xarakterlərini yaradaraq tamaşaçıların qəlbinə yol tapıb. Türkiyənin "Akşam” saytında Aysun Yıldız Güngörlə görüşən aktyor maraqlı müsahibə verib.Müsahibəyə girişdə qeyd edilir ki, Cemal Hünal şübhəsiz, həm ekranların, həm də teatrın ən istedadlı aktyorlarındandır. Hünal bu dəfə həqiqətən yaşanmış bir həyat hekayəsindən bəhs edən "Qızım və mən” filmində baş rolu canlandıracaq. O yeni obrazı ilə bağlı jurnalistin verdiyi sualları cavablandırıb. Müsahibəsi zamanı özünün də həssas bir ata olduğunu və üzərində böyük məsuliyyət hiss etdiyini bildirib.
- Hünal bəy, "Qızım və mən” filminin mövzusu nədən ibarətdir?
- Əslində normal həyatda olduğu kimi, bir ata və bir qızın hekayəsidir, amma eyni zamanda bu hekayə bir ailə dramıdır. Ana olmadan bir ata təkbaşına qızını böyütməyə çalışır. İllər sonra həyatda nə etmək istədiyinə qərar verə bilməyən bir ana xarakteri var. Ana qızını geri istəyir. Bundan sonra isə ailədə böyük çaxnaşma başlayır. Filmdəki hadisələr bunun üzərində qurulub.
- Cemal Hünal bu dəfə necə bir xarakterlə izləyicilərinin qarşısına çıxacaq?
- Qızını təkbaşına böyütməyə çalışan diqqətli bir ata bir obrazı ilə tamaşaçıların görüşünə gələcəm. Elə bir ata ki, övlad yetişdirmək mövzusunda heç bir xəta etməmək çün əlindən gələni edir. Eyni zamanda bu insan işini sevir və peşəkar bir polisdir. Öz sahəsi üzrə inkişaf etmək onun üçün çox önəmlidir. Bəlkə də o bunun fərqində olmasa da, həyat yoldaşını məhz bu xarakterinə görə itirib. Qısası, böyük bir məsuliyyət daşıyır və onun özünə dair bir çox prinsipləri var. O heç bir səhvi bağışlamır.
- Film həqiqətən bir həyat hekayəsindən götürülüb. Bunu düşünərək obrazı canlandırmaq sizə nələr hiss etdirdi?
- Filmin hekayəsi həqiqətən gerçək həyatdan götürülüb, ancaq bu filmdəki gerçək xarakterin kim olduğu ilə bağlı əsaslı bir məlumatım yoxdur. Anladığım qədərilə, filmin prodüseri Saleh bəyin ən yaxın dostudur. Filmin real hadisələrdən götürülməsi ssenarini daha duyğusal və dramatik edib. Əslində bu ssenari bir insan olaraq mənə də təsirsiz ötüşməyib. Aktyorluq üçün kifayət qədər qəribə fürsətlər verən bir xarakteri canlandırıram. İlk olaraq layihə mənə təqdim ediləndə, ssenarinin bu qədər təsirli və inandırıcı olması məni çox təəccübləndirdi və eyni zamanda təsirləndirdi. Məni təsirləndirən digər məqam isə filmdən gələn bütün gəlirin şəhid ailələrinə bağışlanacaq olması idi.

- Bəs sizə bu filmdə rol almağı qəbul etdirən səbəb nə oldu?
- Əslində mənə belə bir layihəni təqdim edən ərəfələrdə kifayət qədər işlərim var idi. Filmin təşkilatçısı Yılmaz Dilsiz bəy şəxsən mənimlə əlaqə saxladı və onunla çox səmimi söhbət etdik. Normal şərtlərdə belə film və ya digər görüşmələrimə tək getmirəm. Amma Yılmaz bəylə özüm tək görüşmək istədim. Çünki filmin gəlirinin şəhid ailələrinə gedəcəyini eşitdim. Bu filmdə oynamağım üçün onun təsiri böyük oldu. O, məni cəzb etməkdə heç də çətinlik çəkmədi.

- Filmdə qızınıza həm analıq, həm də atalıq edirsiniz. Həqiqətən də belə bir şey başınıza gələrsə, nə edərsiniz?
- Təbii ki, mənim üçün çox çətin olar. Yəqin ki, anama daha yaxın olan bir evə köçərəm.

- Oynadığınız rollarda ssenaridən kənara çıxdığınız hallar olubmu?
- Bəli, hərdən olub. İstədiyim zaman ssenaridə mənə təklif olunan rolumdan kənara çıxa bilirəm. Bu mövzu ilə bağlı heç bir çətinlik çəkmirəm. Çalışdığım rolun məni çox işğal etməsinə icazə vermirəm. Normalda evə rol aparmıram, amma bu rolum digərləri kimi deyil. Mənimlə evə də gəlir və mənə heç bir yük olmur. Yeni canlandıracağım bu obrazım məni hər zaman həssas olmağa məcbur edir.
- Hünal bəy, bir az da gündəlik rejiminizdən danışaq. Adi gününüz necə keçir?
- Normalda hər gün 5-də uşaq kimi oyanıram. Günəşin işığı məni oyandırır. Gün işığını heç zaman qaçırmıram. Gecələrə, qaranlığa o qədər də böyük marağım yoxdur.
- O qədər erkən qalxıb nə edirsiniz?
- Tezdən durub, səhər 5-8 arası nələrsə yazıram, ya da idmanla məşğul oluram. Hərdən bağa gedib istirahət edirəm. Amma övladım dünyaya gələndən bəri anası rahat yata bilsin deyə, səhər durub oğlumun oyanmaq saatını gözləyirəm. Məhz bunun üçün çox zaman səhərləri evdən çölə çıxmıram. Oğlum oyananda ona yemək hazırlayıram, sonra həyat yoldaşım Lalə üçün... Uşağı məktəbə aparıram. Daha sonra isə normal insanların günü necə keçirsə, mənimki də elə.

- Yaxşı bəs siz real həyatda necə atasınız?
- Hər şeyi anlamağa çalışa bilən və anlayan bir atayam. 3 yaşındakı uşağına həddindən artıq uzun-uzadı, təkrar-təkrar açıqlamalar verə bilən biriyəm. Zamanla aydın olacaq ki, biz bunun faydasını görə biləcəyik, ya yox?

- Atalıq hissi sizdə nələri dəyişdi?
-Artıq işdən boyun qaçırmıram (gülür). Ata olmaq mənim həyata baxışımı dəyişdirdi. Kişilər həyatın bir çox həqiqətlərindən və məsuliyyətindən asan şəkildə qaçırlar. Ata olduqdan sonra insanın həyatında hər şey dəyişir. Subay olanda insana hər şey rahat olur, ata olduqdan sonra isə hər şey çətinləşir.
- Övladınızın aktyor olmasını istəyərsinizmi?
- Əgər övladım bunu həqiqətən sevərək istəyərsə və bu işlə məşğul olarkən ondan ləzzət alacaqsa, niyə də olmasın. Həyatda övladımın çalışdıqca onu daha yaxşı insan halına gətirə biləcək peşə ilə məşğul olmasını istəyərəm. Nə olduğu heç vecimə deyil, yetər ki, ürəkdən istədiyi bir işlə məşğul olsun.

- Beyninizdə canlandırdığınız hər hansı bir model varmı?
- Bəli var. Bu mənim atamdır.

- Ən çox nəyə kədərlənirsiniz?
- Dünya üzərində yaşanan insan və təbiətdəki faciələr məni çox üzür. Canlılara qarşı aşırı dərəcədə həssasam.
Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər