Bu payız o payızdan olmadı...

Koronavirus nəfəs darlığı, sinə tutulması, 37,5 və
daha yüksək hərarət, yüngül boğaz ağrısı, quru öskürək ilə xarakterizə olunur. Qrip
zamanı isə temperaturun kəskin yüksəlməsi, traxeit, quru öskürək müşahidə
edilir. Xəstəliyin qrip, yoxsa koronovirus olmasını gözlər də bəlli edir.
2020-ci ildən koronovirusla mübarizə apardığımız
üçün mövsümi xəstəlikləri, demək olar ki, unutmuşduq. Xüsusilə, tibbi maska,
sosial məsafə və dezinfeksiyaedici məhsullardan istifadə koronovirusla mübarizə
ilə yanaşı, ötən payız mövsümi xəstəlikləri arxa plana atdı. Lakin bu payız o
payızdan olmadı... "Soyuqdəymə”, "qrip” yenidən özünü xatırlatdı. Eyni
simptomlardan şikayət edən insanlar koronavirus testinin neqativ olduğunu,
lakin xəstəlikdən əziyyət çəkdiklərini deyirlər. Tənəffüs yollarında yaranan
narahatlıqlar – öskürək, boğaz ağrısı və oxşar problemlərlə üzləşəndə ilk ağla
gələn koronavirus infeksiyasına yoluxma ehtimalıdır. Bəs mövsümi xəstəliklərlə
koronovirusu necə fərqləndirə bilərik?
Burun və dodaqlar uçuqlayırsa...
İnfeksionist İlahə Vəliyeva deyir ki, qriplə koronovirusun əlamətləri fərqlidir.
Həkimin sözlərinə görə, qrip, əsasən, alın nahiyəsi və göz almalarının
ağrıması, burun tutulması ilə müşahidə olunur: "Qrip yüksək temperatur, baş
ağrısı, halsızlıq, əzələ ağrısı verən virus infeksiyasıdır. Qısa bir inkubasiya
dövründən sonra titrətmə ilə kəskin başlayır, daha sonra temperatur yüksəlir,
baş ağrısı, halsızlıq, iştahasızlıq ilə özünü göstərir. Ağrı daha çox alın,
gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə
olunur. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru sonra selikli öskürək,
səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq
damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən
sonra da davam edir. Xəstələrin üzü qırmızı və nəmli olur, burnu və dodaqları
uçuqlayır. Bəzən boyun nahiyəsində limfa düyünləri böyüyür”.
Halsızlıq, təngnəfəslik, temperatur yoxdursa...
Həkimin sözlərinə görə, koronovirusda prosesə birbaşa
aşağı tənəffüs yolları cəlb olunur: "Xəstədə qızdırma, təngnəfəslik, halsızlıq
olur. Qripin ağırlaşmış halları da koronovirusdan
fərqlənir. Yuxarı tənəffüs orqanlarının ağırlaşması, qulaqda ağrılar, udqunma
zamanı boğazda ağrı, sinusit, faringit, bronxit, astma, soyuqdəymə, sətəlcəm
olur və bu kimi əlamətlər qripi koronovirusdan fərqləndirir. Yuxarı tənəffüs
yollarının iltihab və allergiyası olanlar COVID-19-a yoluxma zamanı qripəbənzər
əlamətlərlə üzləşə bilərlər. Qripəbənzər əlamətlər, məsələn, quru öskürək,
boğaz ağrısı, ishal, temperatur yüksəlməsi olduqda, COVID-dən şübhələnmək olar.
Lakin halsızlıq, yorğunluq, təngnəfəslik və temperatur yoxdursa, saturasiya
95-dən yuxarıdırsa, narahatlıq keçirməyə əsas yoxdur”.
Evdə qalın...
Həkim vurğuladı ki, insanlar özləri bunu ayırd etməyi
bacarmaya bilərlər: "Qızdırma, öskürək, əzələ ağrısı həm koronavirus, həm də qrip
zamanı müşahidə oluna bilər: "Əgər xəstələnmisinizsə və diaqnozu dəqiq
bilmirsinizsə, mütləq həkimə müraciət edin. Hər iki xəstəlik təhlükəlidir və hər
hansı əlamət hiss etdikdə evdə qalın, COVID-19 testi verin. Testin cavabı
çıxmayana qədər evdə qalın ki, xəstəliyi başqalarına keçirməyəsiniz”.
Gözlərin müəyyən etdiyi xəstəlik
Rusiyanın viral infeksiyaların qarşısının alınması
və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov koronavirus və qripin simptomları haqqında məlumat
verib. Mütəxəssisin sözlərinə görə, koronavirus, nəfəs darlığı, sinə tutulması,
37,5 və daha yüksək hərarət, yüngül boğaz ağrısı, quru öskürək ilə xarakterizə
olunur. Əgər pnevmoniya yaranırsa, ağciyərin bir hissəsi ventilyasiyanı
dayandıra bilər. Bundan əlavə, xəstədə qoxu və dad hissi itir.
Həkim vurğulayıb ki, qripin təzahürü koronavirus
simptomlarından bir qədər fərqlidir: "Qrip temperaturun kəskin yüksəlməsi,
traxeit, quru öskürək ilə xarakterizə olunur. Burun axıntısı, şiddətli zəiflik,
yorğunluq da müşahidə edilə bilər. Həmçinin xəstəliyin qrip, yoxsa koronovirus
olmasını gözlər də bəlli edir. Qrip zamanı gözlər işığa reaksiya verir, dodaqlarda
herpes olur”.
Dünyada aparılan statistikalara əsasən, 2020-ci ildə
mövsümi qrip epidemiyası olmayıb. Fransa, İspaniya və ABŞ-da qrip ikinci plana
keçib. Bütün dünyada hava ilə yayılan müxtəlif viral xəstəliklərin hamısı, demək
olar ki, yoxa çıxıb.
Qripin sirli şəkildə yox olması
2020-ci ilin sonunda ABŞ Milli İmmunlaşdırma və Tənəffüs
Xəstəlikləri Mərkəzinin tədqiqatçıları qripə yoluxma hallarının görünməmiş dərəcədə
azaldığını elan ediblər. Onların fikrincə, amerikalılarda bu mövsümi
infeksiyaya 98 faizdən az diaqnoz qoyulub. Mütəxəssislər bunun koronavirusla
mübarizənin nəticəsi olduğunu düşünürlər. Alimlər sosial məsafənin, özünütəcridin,
tibbi maskaların, əllərin və binaların dezinfeksiya edilməsinin mövsümi qripə
qarşı koronavirusdan daha təsirli olduğunu sübut ediblər.
Koronovirusu məhv edən xəstəlik
İngilis epidemioloqları isə bir xəstənin qrip
virusuna, sonra isə SARS-CoV-2-yə yoluxmasının xəstəliyin ağırlaşmasına, beyin
toxumasının iltihabına səbəb olacağını iddia edirlər. Amma zaman göstərdi ki,
bu cür ikiqat infeksiyaya nadir hallarda rast gəlinir, yəni ya koronavirus əksər
tənəffüs viruslarını boğur, ya da onlar koronovirusu məhv edir. Bundan əlavə,
qripin və bir çox kəskin respirator virus infeksiyasının törədiciləri insanın
immun sisteminə yaxşı məlumdur. İnsanların çoxu, demək olar ki, doğuşdan
onlarla tanış olur. SARS-CoV-2 immuniteti isə yeni vaksin olunmuş və sağalmış
insanlarda yenicə formalaşmağa başlayıb. Bu, onun əsas üstünlüyüdür.
Aygün ƏZİZ
