• bazar ertəsi, 04 noyabr, 23:57
  • Baku Bakı 12°C

Bu nəşrin təkrarı bir də olmayacaq - “Bir nəşrin tarixçəsi”

21.08.21 10:30 1279
Bu nəşrin təkrarı bir də olmayacaq - “Bir nəşrin tarixçəsi”
Nurman Tariq: "Düşünürəm ki, kitabın bu formada çapı həm də Məhəmməd Əmin Rəsulzadənin vəsiyyətinin yerinə yetirilməsidir”
Bu günlərdə Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu” əsəri xüsusi bağlama halında oxuculara təqdim olundu. Bağlama ağacdan hazırlanmış qutudan, qutunun dibinə yerəşdirilimiş samanı xatırladan doğranmış kağızlardan, xüsusi hazırlanmış qeyd dəftərçəsi və qələmdən və yüksək keyfiyyətlə çap olunmuş "Əsrimizin Siyavuşu” kitabından ibarətdir. Kitabın supercildində və dəftərçədə Rəsulzadənin təsviri yer alır. Qutunun və qələmin üzərinə isə Rəsulzadənin imzası həkk olunub. Bağlamanın üzərində əridilmiş mumdan hazırlanmış qırmızı möhür var. Həmin möhür bağlamanı dörd tərəfdən əhatələyən ipin üzərinə vurulub. Nəşrin sahibi o möhürü özü qırır və beləcə əsərə sahiblənir. Kitab məhdud sayda, cəmi 1918 ədəd nəşr olunub və hər bir nüsxə nömrələnib, ona görə hər kitabın sahibi fərqli nömrəyə sahib olur. Əsəri əski əlifbadan transliterasiya edən və sadələşdirən Azad Ağaoğludur. Nəşrin buraxılışına məsul və redaktoru isə tanınmış naşir, "Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdir. Nurman bəylə "Bir nəşrin tarixçəsi” rubrikamızda "Rəsulzadə bağlaması” barədə söhbətləşdik:

İdeya necə yarandı?

– Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu” kitabının bu cür nəfis şəkildə, xüsusi qutuda, qələm və dəftərçə də əlavə olunmaqla bağlama şəkilində yayımlanması ideyası necə yarandı?
– Bizim nəşriyyatımız 100-cü kitabın nəşri ərəfəsində idi. Fikirləşdik ki, necə edək ki, 100-cü kitab daha yaddaqalan, unudulmaz olsun. Simvolik də olsa, yüz rəqəmi nəşriyyat üçün tarixi rəqəmdir. Biz həm də "Milli özünüdərk” adlı kitab seriyası təsis etmişdik, qərara gəldik ki, elə bu nəşr həm də həmin seriyanın ilk kitabı olsun. Çünki Rəsulzadə milli özünüdərkin, Azərbaycan dövlətçilik ideyasının banilərindən biridir. Bildiyiniz kimi, "Əsrimizin Siyavuşu” Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılandan sonra Rəsulzadə tərəfindən qaçhaqaçda yazılıb və özündə cümhuriyyətin acılı-şirinli günlərini əks etdirir. O, kitabı yazıb, əlyazmasını bir kəndliyə verib, ancaq iki il sonra əlyazma yenidən gəlib əlinə çatıb. Həmin vaxt ərzində Rəsulzadə daim "Əsrimizin Siyavuş”una görə narahat imiş. Dostları ona kitabı yenidən yaza biləcəyi ilə bağlı təskinlik verəndə Rəsulzadə həmin əsəri yazan dövrdəki hiss və duyğulara yenidən qayıda bilməyəcəyini belə ifadə edib: "Arxadaşlardan bəziləri qeyb etdiyim bu əsərdən dolayı duyduğum üzüntünü gördükdə, "Madam ki, mövzu məlumunuzdur, yenidən yazarsınız”, – deyə təsəlli edirdilər. Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi. Fəqət o zamankı hal, hisslər və vəziyyət bir də geri qaytarıla bilməzdi. Və 1920-ci sənədə Lahıcda qaçaq bir həyat yaşayan Əli Əhməd oğlunun (gizlənilən zaman daşıdığım gizli ad) əsəri ilə 1923-cü ildə İstanbulda yaşayan Rəsulzadə Məhəmməd Əminin əsəri arasında fərq aşkar olsa gərək”. Onu da qeyd edim ki, "Bir kərə yüksələn bayraq, bir daha enməz” fikri məhz bu əsər vasitəsi ilə parlayıb. Biz də nəşriyyat olaraq düşündük ki, 100-cü kitabımız xalqımızla, onun tarixi və taleyi ilə bağlı olsun. Ona görə də, Rəsulzadənin kitabını belə nəfis şəkildə nəşr etdik.

Azərbaycanda çap olunan ilk nömrələnmiş bağlama-nəşr
– Belə anlaşılır ki, hər cür xırdalıqları nəzərə almağa çalışmısınız...
– Biz bu nəşrə "Rəsulzadə bağlaması” deyirik. Bağlamada bütün xırdalıqları, nüansları nəzərə almışıq. Bu kitabın hazırlanması, həqiqətən də çox zəhmətli proses olub. Bütün detallar üzərində bir-bir düşündük; kitabın altındakı samanı xatırladan kağızlardan tutmuş, nəşrin üzünə çəkilən parça örtüyə, qutunun necəliyinə qədər. Bağlamaya həm də Rəsulzadə ilə bağlı dəftərçə və xüsusi qələm qoymaq qərarına gəldik. Kitabın, dəftərçənin kağızı da xüsusi olaraq seçildi. Sonra qablaşdırılması, qutusu ilə bağlı da bir çox yerlərlə görüşdük və sonunda istədiyimiz nəticəni əldə etdik. Ölkəmizdə bu tipli nəşrlə bağlı ənənə olmadığı üçün, əlimizdə hansısa nümunə də yox idi. Bu, Azərbaycanda çap olunan ilk nömrələnmiş bağlama-nəşrdir.


– Kitaba olan oxucu marağından razısınızmı?
– Kitab ziyalılar və oxucular tərəfindən çox yaxşı qarşılandı. Əsər nəşr olunan gündən çoxsaylı təbriklər, rəğbət dolu mesajlar almışıq. İnsanlar bağlamanı bir-birilərinə hədiyyə alırlar.
Nəşriyyat tariximizdə hadisə
– Kitab neçəyədir?
– Bağlamanın qiyməti 99 manatdır. Bu, xüsusi buraxılışdır, kitabların hamısı nömrəlidir. Nəşrin təkrarı bir də olmayacaq. Bu kitab nəşriyyat tariximizdə hadisədir. Bildiyim qədərilə, bizdə nömrəli nəşr ənənəsi heç vaxt olmayıb. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixə ehtiram əlaməti olaraq yalnız 1918 nüsxə buraxılıb. Hansı oxucuda hansı nömrəli kitab varsa, o nömrə ancaq ona məxsusdur. Əlbəttə, biz bu kitabı nömrəsiz, möhürsüz, adi formada çap etsəydik, daha ucuz qiymətə satışa çıxara bilərdik.


– M.Ə.Rəsulzadənin imzasını bir çox yerdə istifadə etmənizin səbəbi nədir?
– Fikirləşdik ki, bu kitab bizim ən parlaq imzamız olmalıdır, ideyanı oxucuya hiss etdirməliyik. Bu niyyətlə imza məsələsini qabartmışıq. Bu, həm də bizim Rəsulzadə imzasına olan hörmətimizin ifadəsidir. Ona görə həm kitabın içində, həm dəftərçədə, həm qələmdə, həm də qutuda imzadan istifadə etmişik.

Başqa nəşrlərdən fərqi
– "Əsrimizin Siyavuşu” bir neçə dəfə çap olunub. Texniki və estetik üstünlükləri kənara qoysaq, sizin çap etdiyiniz bu kitab hansı üstünlüklərə sahibdir?
– Əvvəlki nəşrlərdə səhv anlaşılan yerlər, qüsurlar, eyni zamanda ixtisarlar var idi. Cümhuriyyət qurucusunun ən önəmli kitablarından biri sayılan bu əsər bir neçə dəfə qüsurlu çap edilmişdi. Təəssüf ki, 90-cı illərdə işıq üzü görən "Əsrimizin Siyavuşu” müxtəlif nəşriyyatlar tərəfindən günümüzdə də eyni qüsurlarla təkrar nəşr edilib.Biz bu kitabı 1923-cü ildə əski əlifba ilə nəşr olunan İstanbul nüsxəsinə əsasən hazırlamışıq. Əvvəlcə kitabı orijinalla birə-bir transliterasiya etdik. Eyni zamanda, mətnlə bağlı qarşımızda iki yol vardı, ya mətnin orijinal dilinə sadiq qalaraq anlaşılmaz ərəb-fars sözlərini, izafətləri, əsərin yazıldığı dövrdə normal sayılan, bu gün isə başa düşülməyən ifadələri olduğu kimi saxlamaq, ya da dilini sadələşdirmək. Biz ikinci yolu seçmək qərarına gəldik. Qərar verdik ki, mühüm olan bu önəmli nəşri müasir oxucuların anlamasıdır. Ancaq necə? Sadələşdirmələr zamanı çox diqqət etmişik ki, hansısa genişləndirmələr, ixtisarlar, əlavə fikirlər olmasın, sadəcə, bir söz başqa bir sözlə adekvat şəkildə əvəzlənsin. Təbii ki, əsərin dilində o dövrün ab-havasını da saxlamışıq.

Rəsulzadə irsinə və şəxsiyyətinə olan sevgi
– Bəs nəşrin ilk nüsxəsi kimə qismət oldu?
– Biz bunu Rəsulzadənin nəvəsi, dəyərli şəxsiyyət Rais Rəsulzadəyə hədiyyə etdik. Rais bəy nəşrin keyfiyyətindən, əsərə olan yanaşmamızdan məmnun qaldı. Rais bəy bu bir nömrəli nüsxəni gələcəkdə qurulacaq Cümhuriyyət Muzeyinə hədiyyə etmək istədiyini bildirdi.


– Kitabın nömrələnərək oxuculara təqdim olunması satışa necə təsir edir?
– Az oxucu olur ki, onun üçün nömrələnmənin əhəmiyyəti olmasın. Əksəriyyət ona yaxın olan, doğum günü, yaxud hansısa əlamətdar günü ifadə edən nömrədəki nəşri alır. Məsələn, bir oxucu 1501 nömrəli kitabı aldı ki, həmin tarixdə Səfəvi dövləti qurulub. Bir sıra oxucular da hədiyyə etmək niyyəti ilə xüsusi nüsxələr seçirlər. Amma, əlbəttə, bu kitabın satışında əsas rolu Rəsulzadə irsinə və şəxsiyyətinə olan sevgi oynayır.

Yerinə yetirilən vəsiyyət
Rəsulzadə bu kitabı Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalı yolunda canını verən şəhidlərin ruhuna ithaf edib.
Düşünürəm ki, bu nəşrimiz həm də Rəsulzadə vəsiyyətinin yerinə yetirilməsidir. Çünki onun özü bu kitabın gözəl şəkildə çap olunmasını istəyirdi. Kitabın girişində yazılan qeydi sizin üçün oxuyum: "Əziz Arxadaşlar! Namərd düşmənin təqiblərindən bir tərəfə çıxaraq məqsədə xidmət etmək üçün getdiyimiz yol üstündə yazılmış bu risaləni, qismət olsa, özüm çap etdirəcəyəm. Fəqət tale yar olmaz, mən bunu çap etdirə bilməsəm, bu nüsxəni onun üçün saxlayıram ki, siz zəhmətimi hədər etməyib onun çapına və yayılmasına səy göstərəsiniz. Çapının mümkün olduğu qədər nəfis və qüsursuz olmasına etina göstərmək lazımdır. Bu böyük məqsəd yardımçınız, parlaq məfkurə işığınız olsun. 7 sentyabr 1920, tanıdığınız Əli Əhməd oğlu”. Bunu ilk dəfə oxuyanda mənə təəccüblü gəlmişdi. O, həmin çətin zamanda belə, kitabın çapının nəfisliyini arzulayıb, estetik dünyagörüşü onu tərk etməyib. Əfsus ki, "Əsrimizin Siyavuşu” əsəri heç zaman Rəsulzadənin arzuladığı kimi çap olunmamışdı. Biz bu kitabı xüsusi şəkildə çap etməklə özümüzü onun vəsiyyətini yerinə yetirmiş sayırıq. Düşünürəm ki, əgər M.Ə.Rəsulzadə əsərinin indiki nəşrini görsəydi, kitabın ümumi səviyyəsindən, məzmun və poliqrafik göstəricilərindən razı qalardı.
Söhbətləşdi: Fərid Hüseyn
Firudin Səlimov / Global Media Group

banner

Oxşar Xəbərlər