• cümə axşamı, 28 mart, 22:06
  • Baku Bakı 13°C

“Bu məsələdə elə bil ilahi bir mərkəzdən idarə olunduq” – Üç baxış

15.04.16 13:57 2652
“Bu məsələdə elə bil ilahi bir mərkəzdən idarə olunduq” – Üç baxış

Həmişə orta və yaşlı nəslin nümayəndələrinin gənclərimizi qınadığını eşitmişik. Hətta bəzən gənc nəslin nümayəndələri də öz yaşıdlarında vətənpərvərlik hisslərinin olmamasından şikayət edib. Nədənsə bizə elə gəlib ki, gənclərimiz daha çox şou-biznesə, çalıb-oynamağa meyllidirlər. Hətta Qarabağı görməyən nəslin torpaqlarımızı necə azad edəcəyinə də şübhə ilə yanaşmışıq. Amma Qarabağ uğrunda gedən son döyüşlər bu düşüncələrimizi alt-üst etdi. Döyüşlər zamanı şəhidlik zirvəsinə ucalanların demək olar ki, yarısından çoxu atəşkəs dövründə anadan olan gənclərimizdir. Elə arxa cəbhədə də əsgərlərimizə dəstək, müharibə istəyi ilə küçələrə çıxan, könüllü surətdə döyüşə yollanmaq üçün Müdafiə Nazirliyinə müraciət edənlərin əksəriyyətini vaxtilə narazı qaldığımız gənclər təşkil etdi. Bəs “yatmış” gəncliyimizin oyanmasına nə səbəb oldu? Vətənpərvərliyimizin kökü haradan qaynaqlanır? Bu və digər suallarımıza cavab tapmaq üçün “Üç baxış” rubrikamızda psixoloq, sosioloq və yazıçı ilə söhbətləşdik .

“Vahid məqsəd ətrafında birləşə bilmə bacarığını gördük”

Psixoloq Orxan Oruc cəbhədə baş verən son hadisələrin sosioloqlar və psixoloqlar üçün cəmiyyəti müşahidə və analiz etmək baxımından çox geniş imkanlar yaratdığını deyir: “Müşahidələrimizin ən önəmlisi cəmiyyətin özünə inamının formalaşmasını və vahid məqsəd ətrafında birləşə bilmə bacarığının olduğunu görmək idi. İnsanların, xüsusilə Qarabağı yalnız şəkil və videolarda görmüş gənclərin vətənpərvərlik hisslərini yüksək səviyyədə nümayiş etdirməsi onu göstərdi ki, vətənpərvərlik duyğularının heç də bu duyğuları daşıyanın geyim, musiqi, həyat tərzi, zövqləri ilə əlaqəsi yox imiş. Təbii ki, insanın intellekti, dünyagörüşü onun vətəni sevmə tərzinə birbaşa təsir edir. Yüksək səviyyədə təhsil alıb, öz üzərində çalışıb Azərbaycanı dünyada təmsil edən şəxslə yerə atılmış bir şüşəni götürüb zibil qutusuna atan, heç bir təhsili olmayan şəxsin davranışlarının kökündə eyni hiss durur - vətənə sevgi! Lakin hər zaman insanların öz vətən sevgisini nümayiş etdirmə tərzi fərqli yollarla və fərqli istiqamətdə olduğu üçün kütləvi şəkildə vətənə bağlılıq hissi o qədər də nəzərə çarpmırdı. Son hadisələr isə təhsilindən, dünyagörüşündən, yaşından asılı olmayaraq hamıdan vahid yanaşmanı tələb edirdi və belə də oldu. 20 ildən çoxdur ki, orta məktəblərin bütün dərsliklərində, hər gün televiziya efirlərində işğal olunmuş torpaqların xatırladılmasının, bütün bayramlarımızda Qarabağın azad edilməsinin arzu olunmasının vətəndaşlarımızı vahid məqsəd ətrafında birləşdirə bilməsi ilə bağlı praktik nəticə verməsi çox sevindirici haldır”.
Psixoloqun fikrincə, uzun illərdir Xocalı soyqırımını il ərzində ən azından bir dəfə xatırlayan, düşmənin soydaşlarımıza yaşatdığı zülmlərə qulaq şahidi olan hər bir vətəndaşımızın qəlbində saxladığı nifrət və qisas hissinin boşaldılması üçün yaranmış real şəraiti də kütləvi vətənpərvərlik nümayişinin səbəblərindən biri kimi düşünə bilərik: “Məğlub olmuş insan hər zaman məğlubiyyət hissindən qurtulmaq üçün ən kiçik fürsəti belə dəyərləndirməyə çalışır. Cəmiyyət də şəxsiyyət kimidir. Erməni idmançını məğlub edib yarışda medal qazanan idmançımızı elə həmin yarışda hollandiyalı rəqibinə qalib gəlib qızıl medal qazanmış digər idmançımızdan daha qəhrəman hesab edən cəmiyyətin düşmən üzərində qələbəyə olan ehtiyac hissi təbiidir. Bu ehtiyac hissinin ödənilməsi üçün yaranmış real vəziyyəti cəmiyyətimiz illərdir gözlədiyi bir şans kimi dəyərləndirdi”.
İnsan psixikasında qadağan olunmuş davranışa daha çox marağın olmasından danışan müsahibimiz 20 ildən çoxdur Qarabağa getməkdən məhrum olduğumuzu xatırlatdı: “Bu qadağanı pozmaq istəyi və yeni, gənc nəslin Qarabağı öz təxəyülləri ilə deyil, real şəkildə görmək istəmə həvəsini də ümumi vətənpərvərlik hissinin yaranma səbəblərindən biri kimi qiymətləndirmək olar. Sadaladığım ayrı-ayrı elementlər hər bir soydaşımızı qürurlandıracaq kütləvi vətənpərvərlik nümayişi ilə nəticələnən və bununla da müharibə şəraitində psixoloji qələbənin qazanılmasına müsbət təsir edən faktorlardır. Uzun illərdir Qarabağla bağlı həyata keçirilən daxili təbliğatın müsbət nəticələrini görmək qələbəyə və işğal olunmuş torpaqlarımızın azad olunmasına olan inam hissinə birbaşa təsir edir”.
3500 xalqdan 194-ü arasında biz də varıq

Sosioloq Asif Bayramov hesab edir ki, gənclərimizin vətnpərvərlik hissi əvvəl də aşağı olmayıb: “Ola bilsin, gəncliyimizin görünən qismi daha çox şouya meyl edirdi. Amma gəncliyin üzdə olmayan, medianın hər hansı formada görə bilmədiyi böyük bir hissəsində çox böyük, dərin vətənpərvərlik hissi var idi. Çünki Azərbaycan xalqı tarixən dövlət qurmuş və dövlətçilik şüuru, təfəkkürü ilə yaşayan, dövlətçilik mədəniyyəti yaratmış, onu qorumuş və bu günə çatdırmış bir xalqdır. Dünyada 3500-dən artıq xalq yaşayır. Onun 194-nün dövləti var. 194 millət içərisində özünə milli dövlət qura bilmiş bir xalqın milli dövlətçilik şüuru, təfəkkürü, psixologiyası bəllidir ki, yüksək səviyyədədir. Bizim yaşadığımız bölgə şimaldan Rusiya, cənubdan İran, qərbdən Ermənistan tərəfdən ideoloji həmlələrə məruz qalır və bu ideoloji mühasirədə milli dövlətçilik şüurumuzu və vətənpərvərliyimizi qoruyub saxlamaq məcburiyyətindəyik”.
A.Bayramov hesab edir ki, Azərbaycan ordusunun cəbhədə qələbələri bizim özümüzə inamımızı möhkəmləndirdi: “Bir qism insanlarda bu inamı özünə qaytardı, inamı olan kəslərdə bu hissi daha da möhkəmləndirdi. Hesab edirəm ki, bu gün gəncliyimizdə yüksək səviyyədə olan döyüş əhval-ruhiyyəsi, vətənpərvərlik coşqusu həm də bizim ordumuzun cəbhədə qeydsiz-şərtsiz qısa müddətdə qazandığı qələbələrdən qaynaqlandı. Buna görə məhz bu gün Ali Baş Komandan hər hansı formada Azərbaycan torpaqlarının düşmən işğalından azad olması üçün əmr versə, Qarabağı azad etməyə qadirik. Buna həm bizim hərbi gücümüz, həm döyüş əzmimiz, həm də hərtərəfli vətənpərvərlik duyğumuz yardım edir, zəmanət verir”.
Sosioloq onu da vurğuladı ki, bizim qələbəmiz insanların son illər öləziməkdə olan vətənpərvərlik duyğusunu, qələbə inamını, əzmini həm özünə qaytardı, həm də möhkəmləndirdi.
“Bu məsələdə elə bil ilahi bir mərkəzdən idarə olunduq”

Yazıçı Seyran Səxavətin fikrincə, baş verən son olaylar ilk növbədə bizim gənclikdə özünü qorumaq instinktinin çox güclü olması ilə bağlıdır: “İkincisi, burada hissiyyat məsələsi də rol oynayır. Belə bir misal var ki, filankəsin hissinə toxunmaq olmaz. Qarabağda baş verən son olaylar bizim hissiyyatımıza toxundu. Nəinki gənclərimiz, yeniyetmələrimiz, orta yaşlılarımız, yaşlılarımız da bu məsələdə elə bil ilahi bir mərkəzdən idarə olunurdu”.
S.Səxavət etiraf edir ki, o da gənclərimizə qulaqlarında həmişə telefon olmasını, şou-biznesə meyillənmələrini irad tutub: “Bu gəncliyin savadı yüksək səviyyədə olsa, görün, nəyə qadir olar. Ortada milli şüur olmalıdır. Milli şüuru formalaşdıran da təhsilimizdir. Həmişə biz kökümüzə, özümüzü qoruma instinktinə arxayın olub addımlamamalıyıq. Xalq, ərazi, ölkə olaraq başqa yerlərdə olduğu kimi, bizim də problemlərimiz olacaq. Bunları da hansı kökdən olmağımız, damarlarımızda neçənci qrup qanın axması həll etmir. Biz təhsilimizə fikir verməliyik. Əvvəllər orta məktəbə sonuncu sinifdən hazırlaşırdıq. Sonra uşaqlarımızı 9-cu sinifdən xüsusi müəllim yanına göndərməyə başladıq. Yavaş-yavaş aşağıya düşdük və hazırda birinci sinifdə oxuyan uşaqlarımızı hazırlığa qoyuruq. Bizim bir xalq olaraq çox nəhəng potensialımız var. Bu potensialı son olaylar zamanı gördük. Gəncliyimiz necə ayağa durdu… Mən televizorun qarşısından kənara çəkilmirdim. Bu gəncliyin savad səviyyəsi kor-koranə qeyrət səviyyəsində olsa, görün nələrə qadir olarıq. Gənclərimiz də, orta yaşlılarımız da, yaşlılarımız da bizimdir, biz hamımız bir-birimizinik. Son olaylar zamanı insanlar necə doğmalaşdılar. Bu doğmalığın nüvəsində necə bir sevinc, necə bir-birinə etibar, necə bir qürur var. Elə bil ki, Azərbaycan xalqı özü boyda, öz tarixi boyda, öz qeyrəti boyda nəhəng bir bədənnüma güzgünün qabağında dik qalxıb özünə əməlli-başlı baxdı və qiymət verdi”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər