• şənbə, 20 Aprel, 06:15
  • Baku Bakı 14°C

Bu kitabı oxuyan adam mütləq ölməlidir

25.02.19 11:05 1396
Bu kitabı oxuyan adam mütləq ölməlidir
"Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət və söz adamlarının çox sevdikləri əsərlər haqqında söhbət açırıq. Budəfəki həmsöhbətimiz Azərbaycan Memarlıq və İnşaat Universitetininrektoru, Əməkdar memar, professor Gülçöhrə Məmmədovadır. Gülçöhrə xanımın sevdiyi əsər Umberto Ekonun "Qızılgülün adı” romanıdır.
– Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Umberto Ekonun "Qızılgülün adı” romanı sizin sevdiyiniz əsərdir?
– Hər şeydən əvvəl onu qeyd edim ki, mən, kitablar uşaqlığından bəri həyatının ayrılmaz hissəsinə çevrilən insanlara aidəm. Kitablar bizim asudə vaxtımızı bəzəyir, öyrədir, tərbiyə edir və həm də ki, həyatımıza istiqamət verirdilər. Ədəbiyyata olan bu sevgini ilk növbədə bizə, əlbəttə ki, məktəb və hər birimizin evində, ailəsində kitaba qarşı gördüyümüz, duyduğumuz sevgi, hörmət aşılayırdı. Mütaliə insanın ziyalılığı, mədəniyyəti, savadı, zəngin kitabxana isə hər bir evin bəzəyi sayılırdı.
Ədəbi əsərlər ömrü boyu bizi müşayiət edib. Məktəbdə oxuyan zaman orta siniflərdən başlayaraq Jül Vern və Mark Tven, Düma və Jorj Sand, yuxarı siniflərdə L.N.Tolstoy və A.Çexov, E.Zolya və Mopassanı çox oxuyurduq. Gənclik illərimizdə dahi şairlərimiz Nizami və Füzulinin poeziyası bizim daxili aləmimizi zənginləşdirərək həyata və mənəvi dəyərlərə qarşı münasibətimizi formalaşdırırdı. Artıq yetkinlik yaşına çatanda müasir və yaxud zaman baxımından bizə yaxın olan ədəbiyyata maraq yarandı.
Umberto Ekonun "Qızılgülün adı” əsərini mən hardasa 20 il əvvəl oxumuşam. Və bu əsər məndə unudulmaz təəssürat yaratdı. Mən ədəbiyyatçı deyiləm. Ona görə də bu romanın peşəkarcasına analizini aparmağa cəhd göstərməyəcəyəm. Bir oxucu kimi məni ilk növbədə tarixi yazıları xatırladan yazının stili, məzmunun maraqlı detektiv süjeti və dərin fəlsəfi məzmunu cəlb etmişdi.
Romanın zəngin tarixi materialı orta əsrlərdə katolik kilsəsinin hökmranlıq etdiyi dövrün sonunda Avropada yeni iqtisadi şəraitin yarandığı, şəhərlərin böyüdüyü, dünyəvi hakimiyyətin möhkəmləndiyi, ticarətin inkişaf etdiyi və maliyyə burjuaziyasının yarandığı bir vaxta aiddir. Bu, kilsə hökmranlığının sona yetməsi, kilsənin yavaş-yavaş öz hakim vəziyyətini itirdiyi, ictimaiyyət arasında hakimiyyətə can atan yeni qüvvələrin yarandığı Renessans dövrünün lap astanasıdır.
İdeya ayrılıqları və daxili parçalanma ruhaniliyin mövqeyini daha da zəiflədir. Hadisələr bu tarixi fonda əsərin sonunda köhnə dünyanın qalası kimi dağılan İtaliya monastırlarından birində baş verir.
Monastırın kitabxanası, əlyazmaların saxlandığı yer biliklərin, düşüncələrin, elmin mərkəzi, insan ağlının yaratdığı əsərlərin xəzinəsidir. Lakin eyni vaxtda o, ruhanilik üçün "təhlükə” mənbəyi olan yad fəlsəfi baxışları əks etdirən əlyazmaların toplandığı yerdir.
Romanın mərkəzi kitabxanadır. O, tək detektiv süjetin səbəbi və mənbəyi deyildir, romanın bütün məzmunu məhz onunla bağlıdır. Müəllifin özü də bu barədə yazıb: "Bu, gündəlik məişətdən yox, kitablar haqqında povestdir. Onu oxuyub yəqin ki, dahi Kempilinin sözlərini təkrarlamaq lazımdır: "Mən hər yerdə rahatlıq axtardım və onu ancaq bir yerdə – kitabla bir küncdə tapa bildim”.
– Qızılgülün adı”, – sizcə, müəllif romanını niyə belə adlandırıb?
– Bu suala cavab verərkən, Umberto Eko yazırdı ki, romanın adı tamamilə təsadüfi yaranıb. Və bu ad üzərində dayanmasının səbəbi qızılgül sözünün çoxmənalı olmasıdır. "Ad fikirləri nizamlamamalıdır, əksinə, qarışdırmalıdır” – müəllif yazır. Yəni ki, o, bizə adın izahında tam sərbəstlik verir. Bununla bağlı bir çox mülahizələr var. Hər nə mənada olsa da, gözəl səslənir.
– Umberto Eko "Qızılgülün adı” romanına həsr etdiyi "Kənar qeydlər” adlı kitabında yazır ki, bədii əsərin adı müəllifin ideyasını təkcə açmaq yox, həm də gizləmək üçündür. Sizcə, bu sərlövhə hansı ideyasını açır və ya hansı ideyasını gizlədir?
- Mürəkkəb sualdır. Düşünürəm ki, bunu Umberto Ekonun sözləri ilə cavablandırmaq olar: "Çox şeyi açıqlamaq üçün həddindən artıq ağıllı və açılacaq hər şeyi gizlətmək üçün həddindən artıq ədəb-ərkanlı” olmaq lazımdır.
– "Qızıl gülün adı” postmodernist romandır, sizcə, bu romanda əsərin postmodernist üslubda yazılmasını müəyyən edən hansı cəhətləri var?
– Umberto Ekonun "Qızılgülü adı” romanı ümumi anlamda etalon sayılan postmodernist bir romandır. Orta əsrlərə aid süjet xətti, qəhrəmanların tez-tez işlətdikləri müasir ifadələr, bütün mətn boyu keçən ironik ton və baş qəhrəman Vilhelm Baskervilskinin kilsə üçün mütləq olan anlayışları aradabir götür-qoy etdiyi açıq ironiya, qəhrəmanların adları – Baskervilski, Adson, Konan Doylun əsərlərini xatırladan və romanın detektiv ideyasını qabardan və eyni zamanda da qəhrəmanların dilindən eşidilən məşhur sitatlar – bütün bunlar postmodernizmə xarakterik cəhətlərdir.
– "Qızılgülün adı” bütün tarixiliyi və fəlsəfiliyi ilə birgə, həm də detektiv romandır. Sizcə, ənənəvi detektivdən "Qızılgülün adı”nın fərqi nədədir?
– Əlbəttə, bu, orta əsrlərin real həyat mənzərəsini göstərən, müasirlərini narahat edən maraqlı fəlsəfi məsələlərə toxunan tarixi-fəlsəfi bir romandır. Lakin eyni zamanda da, fikrimcə, romanı bu qədər maraqlı edən başlıca olaraq onun detektiv süjet xəttidir.
Onun adi detektivlərdən fərqi nədir? Əlbəttə ki, hər şeydən əvvəl intellektuallığı və dərinliyi. Düşünürəm ki, bir də cinayətin açılması prosesinin monastır sirləri, kitab dünyası, işarələr və simvollar aləminə əyləncəli bir səyahət kimi təqdim olunmasıdır.
– Ekonun romanında əsas məkan olaraq monastır seçilib, sizcə, bunun səbəbi nədir?
– Orta əsrlərdə monastırlar Avropanın həm dini, həm də elmi mərkəzləri idi. Alimlərin çoxu – həkimlər, kimyaçılar, filosoflar, tarixçilər monastırlarda yaşayırdılar. Monastırlar həm də nəhəng feodal əmlak idi. Onlar böyük var-dövlət sahibi idilər – torpaqları, kəndləri vardı. Böyük monastırlar həm iqtisadiyyatda, həm də siyasətdə aktiv iştirak edirdilər. Elmi biliklərin əsas mənbəyini təşkil edən əlyazmalar məhz monastır kitabxanalarında saxlanılırdı. Ancaq burda kitabın hazırlanması və yenidən çap olunası ilə bağlı qədim adət-ənənələr yaşayırdı.
Roman monastırların təsirinin zəiflədiyi, tədricən intellektual qüvvələrin cəmləşdiyi şəhərlərdə universitetlərin möhkəmləndiyi bir dövrü əhatə edir. Tarixi-fəlsəfi romanda əsas hadisələrin baş verdiyi yer kimi məhz monastırın seçilməsi, əlbəttə ki, əsaslandırılıb. Onun daxili sirlərinin tədricən açılması da, süjeti daha dramatik və maraqlı edir.
–Əsərin sonunda monastır kitabxanasının yandırılması özündə hansı rəmzi mənanı daşıyır?
– Monastır kitabxanası hadisələrin cərəyan etdiyi əsas məkandır. Birincisi, bunu qeyd etmək lazımdır ki, müəllif tikiliyə – onun strukturuna, quruluşuna böyük diqqət ayırır. Bunun özü memarlığa böyük bir maraq yaradır. Bu haqda Eko da kitabın əvvəlində yazır: "Bütün peşələrin içində memarlıq hamısından daha böyük cəsarətlə dünyanın düzənini bərpa etməyə can atır...”
Ümumiyyətlə, orta əsrlərdə kitabxanalara xüsusi münasibət vardı. Onlar monastırların var-dövlətinin, güc-qüvvələrinin təcəssümü idilər. Maraqlıdır ki, müsəlman və xristian dünyaları arasında informasiya, bilik mübadiləsi orijinal və ya tərcümə edilmiş əlyazmalar vasitəsilə gedirdi. Monastır kitabxanalarında bir çox ərəb alimlərinin kitablarının tərcüməsi saxlanılırdı. Müəllif Vilhelmin dili ilə orta əsrlərə adi kitabxanalara heyranlığını ifadə edir: "Bu kitabxana bizim yeganə işığımızdır; bu, xristian aləminin Bağdadın otuz altı kitabxanasına, vəzir İbn əl-Əlkaminin on min cildinə qarşı çıxara biləcəyi ən yaxşı şeydir; bilirəm, sizin İncillərinizin sayı iki min dörd yüz Qahirə Quranı ilə müqayisə oluna bilər və ehtiyatlarınızın olması əla bir reallıqdır...”
Bəs kitabxana niyə belə ciddi şəkildə qorunur? Ona görə ki, orada ruhaniliyin fikrincə, yalançı, saxta, həm də azadfikirliliyi aşılayan təhlükəli kitablar da var.
– Romandakı hadisələr bir həftə ərzində baş verir. Bir həftə, sizcə, nəyə işarədir və hansı mənanı açır?
– Doğurdan da, romanın bütün hadisələri bir həftənin içində baş verir. Çox güman ki, müəllif bir çox dinlərdə müqəddəs sayılan "7” rəqəmini əsas götürüb.
– Detektiv, əsərlərdə, adətən, xəfiyyə ilə yanaşı onun bir həmsöhbətinin də obrazı yaradılır. Eko da bu ənənədən kənara çıxmayıb əsas detektiv Vilhelim ilə yanaşı və onun gənc dostu Adson obrazını yaradıb. Sizcə, bu model nəyə xidmət edir?
– Romanda təcrübəsiz oxucu kimi baş verən bir çox şeyləri anlaya bilməyən monastır xidmətçisi gənc Adson suallar verir. Və bu da müəllim Vilhelmə hadisələrin məğzini açmağa və onlara qarşı münasibətini bildirməyə imkan yaradır. Qeyd etmək lazımdır ki, Vilhelmin dedikləri romanın vacib hissəsidir. Onlarda, adətən, hadisələrin müasir qiyməti, cəsarətli və çox vaxt da ironik fikirlər səslənir.

– Əsərin finalında qatil müəyyən qədər aydınlaşır. Lakin müəllif qatilin kim olduğunu bütün aydınlığı ilə açıqlamır. Nə üçün?
– Bəli. Belə bir təəssürat yaranır ki, monastır xəzinəsinin – kitabxanasının kor qoruyucusu, onun sirlərini fanatik dərəcədə gizləməyə çalışan qoca monax Xorxe kitabın səhifələrinə zəhər səpir və bu səbəbdən də onu oxuyan monaxlar ölür. Onun fikrincə, bu kitabın məzmunu din xadimlərinin inamını zəhərləyən mənəvi zəhərdir. Və buna görə də bu kitabı oxuyan adam mütləq ölməlidir. Orta əsrlərə aid olan kitablardan bilirik ki, həmin dövrlərdə zəhərlənmiş kitab Avropa saraylarında düşmənlərdən azad olunmağın ən yayılmış üsulu olub.
Amma Umberto Eko cinayətkarın günahlandırılması məsələsində çox da qətiyyətli deyil. Bəlkə də, o, sirr atmosferini sonacan dağıtmaq istəmir. Bəlkə də, insanların ölümünün və monastırın dağılmasının səbəbi Avropada, daha konkret desək, İtaliyada, katolik kilsəsində baş verən daha geniş miqyaslı tarixi proseslərlə bağlı olduğuna görə.
– Əsərdəki Xorxe obrazının prototipi kimi çox zaman yazıçı Borxesi göstərirlər. Sizcə, dini düşüncənin təmsilçisi olan Xorxe ilə ensiklopedik yazıçı olan Borxesin arasında hansı oxşarlıq var?
– Doğrudan da, kitabxana qoruqçusu Xorxenin adı postmodernist ədəbiyyatına əhəmiyyətli təsir göstərən yazıçı – Xorxe Borxesin Vavilon kitabxanasını xatırladır. Xorxe obrazının məşhur argentinalı yazıçının təsirindən yarandığını, yoxsa sadəcə postmodernist "sitat”lardan biri olduğunu demək çətindir.
– Əsərdəki hansı detal və ya məqam sizin xüsusi diqqətinizi çəkib?
– Sizin sualları cavablandırmadan öncə, mən kitabı yenidən oxudum və bundan böyük bir zövq aldım. Bəzən olur ki, bir zaman heyrətlə oxuduğun kitaba yenidən qayıdanda pərişan olursan və onu kənara qoyub ilkin yaratdığı təəssüratına təəccüblənirsən. Amma bunu "Qızılgülün adı” romanı haqqında demək olmaz. Bu roman fikir, fəlsəfə ilə o qədər zəngindir ki, maraqlı və cəlbedici detektiv süjeti ilə oxucunu o qədər özünə bağlayır ki, onu təkrar oxuyanda belə aldığımız təəssüratları yeniləyir, genişləndirir. Və hər dəfə əvvəl diqqətdən yayınan hər hansı bir fikrin üzərində dayananda, yeni nəyisə öyrənir, başa düşürsən. Kitab elə dərin və elə çoxşaxəlidir ki, onu bir dəfəyə tam dərk etmək mümkünsüzdür. Və bu da təsadüfi deyil. Axı müəllif bu əsəri məşhur alim semiotik, kulturoloq, Bolonya Universitetinin professoru olandan sonra yazıb.
Əminliklə demək olar ki, "Qızılgülün adı” dövrümüzün ən yaxşı ədəbi əsərlərindən biridir. Roman artıq bir neçə onilliklərdir ki, onun dünyasına qoşulmaq istəyən hər kəsdə böyük maraq doğuraraq, oxuculara zövq verir.

Söhbətləşdi: Fərid Hüseyn





banner

Oxşar Xəbərlər