“Bu işdən zövq almamaq olarmı?”
Bir neçə gün sonra milli mətbuatımızın yaranmasının 144 illiyi tamam
olur. İllərin sınağından keçən, bu günümüzə qədər öz varlığını qoruyub saxlamağı
bacaran jurnalistikamız cəmiyyətimizin inkişafında, maariflənməsində olduqca
faydalı işlər görür. Bu işlərin həyata keçirilməsində isə təbii ki,
həmkarlarımızın rolu böyükdür. Peşə bayramımız münasibətilə onlardan bəziləri
ilə həmsöhbət olub, jurnalistikaya necə gəlmələri, işlədikləri dövr ərzində
hansı maraqlı hadisələrlə qarşılaşdıqlarını öyrəndik.
"Palitra” qəzetinin
jurnalisti Tural Tağıyev 14 ildir ki, jurnalistikada
işlədiyini və ilk günkü kimi işinə bağlı olduğunu bildirdi: "Təxminən 14 ildir
ki, jurnalist işləyirəm. Əlbəttə, bu illər ərzində daim peşəmin incəliklərini
öyrənməyə, inkişaf etməyə çalışmışam. Öyrəndikcə isə, jurnalistikanın çətin,
məsuliyyətli olmasına baxmayaraq, sevilən bir iş olduğunu görmüşəm. Bu gün də
on il əvvəl olduğu kimi işimə bağlıyam. Bizim iş yaradıcı işdir. Bu sahədə
təcrübə də, istedad da, nəzəriyyə də çox vacibdir. Ona görə də yaxşı jurnalist
olmaq istəyirsənsə, yalnız işini sevməməlisən, sadaladığım amilləri də özündə
birləşdirməlisən. Hazırda işimdən zövq alıram və bu peşədə özümü tapa bilirəm.
Bu illər ərzində xeyli maraqlı, qeyri-adi və ya gülməli hadisələrlə
rastlaşmışam. Məsələn, bir dəfə "diktofon” dediyimiz səsyazan aparatın
batareyası zəiflədiyi üçün hazırda yüksək vəzifədə çalışan müsahibimin yarım saat
danışdığı fikirlərinin yarısı lentə yazılmamışdı. Səs düşməyən hissəni özümdən,
yadımda qalanlara əsasən yazdım. Yəni riskli də olsa, yaddaşımda qalanları
müsahibəyə əlavə etdim. Düşündüm ki, üzə çıxsa, işdən qovacaqlar. Çünki siyasət
müxbiri olduğum üçün mövzu da, müsahib də kifayət qədər ciddi idi. Amma həmin
şəxs səhər baş redaktora zəng edib demişdi ki, "əla müsahibə alınıb,
təşəkkürlər”.
"Radio Antenn 101 FM”-in
aparıcısı Əzizə İsmayılova mediaya gəlişinin əzəldən təsadüf
üstə qurulduğunu deyir: "İlk olaraq 2002-ci ildən başladım. Sonra iş elə
gətirdi ki, yenə də sırf təsadüfdən 2008-ci ildə "ANS ÇM” radiostansiyasında
xəbər aparıcısı oldum, 2009-cu ildə "Radio Antenn 101 FM”-ə gəldim. Əvvəl ancaq
xəbər aparıcısı idim, sonra həm də hər gün 3 saatlıq canlı efir aparıcısına
çevrildim, bu günə kimi də bu davam edir. İşimi sevməyə gəlincə, mən işimlə
nəfəs alıram. Bu, məsuliyyətdir, adrenalindir, yaşam tərzidir. Radio aparıcılığı
elə bir sahədir ki, sən onu sevməsən, səni kimsə sonuna kimi dinləməz, sənə
diqqət kəsilməz. Düşünün ki, sən əlində olan zaman kəsiyində hansı enerjini
dinləyiciyə ötürsənsə, eynisini də geri alırsan. Güclü enerji mübadiləsi gedir.
Bu qədər emosiyanı ötürürsən və geri alırsan, sizcə, bundan zövq almamaq
olarmı?”
Həmsöhbətimiz canlı efir zamanı başına gələn maraqlı bir hadisəni
bizimlə bölüşür: "İşim canlı ünsiyyət üzərində olduğu üçün maraqlı məqamlar
minlərlə olur. Məsələn, belə bir kuryoz hadisə olmuşdu. Bilmirəm, gülməlidir,
ya ağlamalı, amma olanı deyim. Adətən yol qəzaları, intihar, ölüm-itim və s. bu
tipli xəbərləri efirdə oxumağı sevmirəm. Çünki o xəbərlərin heç də hamısının
xəbər yükü olmur. İstəmirəm dinləyici mənasız yerə daim neqativə yüklənsin və
gərgin qalsın. Çox nadir halda, ağır yol qəzaları olanda oxuyuram ki, onlar
artıq gündəm olur və insanların o hadisə haqda bilmələri vacibdir. Bu arada,
haşiyə çıxım və deyim ki, intihar xəbərlərini heç vaxt efirə oxumuram və hər
hansı efirdə oxunmasına, hətta dramatikləşdirilib cəmiyyətə çatdırılmasına da
qarşıyam. Günlərin bir günü, necə oldusa, xəbər blokunda ard-arda 2 ağır yol
qəza hadisəsi yer aldı. Hadisənin biri sərnişin avtobusunun qəzaya uğraması
idi. Eyni anda bir neçə nəfər xəsarət almışdı və bu, həmin həftə üçün sərnişin
avtobuslarının törətdiyi 2-ci, ya 3-cü belə ağır qəza idi. Digərinə isə, işə
gələndə özüm şahid olmuşdum. Yol ayrıcından çıxan və qırmızı işığa məhəl
qoymayan avtomobil, öz yolu ilə gedən başqa birinə çırpıldı və öndə oturan gənc
bir qızın təhlükəsizlik kəmərini bağlamadığı üçün başı ön şüşədən çölə çıxmışdı
- qan içində. Qorxunc hadisə idi. Atası kəmər bağlamışdı deyə, heç nə
olmamışdı. Kişi necə fəryad edirdi. "Qızımı imtahana çatdırmaq istəyirdim”- deyib
qışqırırdı. Qorxudan ayaqlarım yerə yapışmışdı. Nə isə ki, efirdə bu iki xəbəri
çatdırdım, nə qədər həyəcanlandımsa, öz adım yadımdan çıxdı. Nə illah elədim,
adım yadıma düşmədi. Adətən xəbər blokunun sonunda "Sizinlə mən idim, Əzizə”
deyirəm. "Sizinlə mən idim...” hissəsini dedim, pauza yarandı, bilmədim neçə
saniyə çəkdi, adım yadıma düşmədi ki, düşmədi. Və ixtiyarsız, açıq mikrofona
birbaşa "tfuuu, lənət olsun, adım da yadımdan çıxdı” dedim. Bu boyda qəzəbi
dinləyicilərə necə ötürmüşdümsə, telefonlarımız susmurdu. Bunu etməməli idim,
amma hər şey heç də həmişə biz istədiyimiz və planladığımız kimi olmur”.
"Şərq” qəzetinin redaktoru Ayyət Əhməd uşaqlıqdan bu sənəti sevdiyini deyir: "Jurnalistika mənim üçün peşə,
sənət deyil, həyat tərzidir. Əslində, elə uşaqlıqdan özümdə bu qabiliyyəti
görürdüm. Hələ orta məktəbdə oxuyanda Azərbaycan dili müəllimimiz sinifdə
tez-tez inşa yazdırırdı. Fantaziyamı işə salıb, müəllimin nəzərdə tutduğu
həcmdən də böyük ölçüdə maraqlı mətn yazırdım. Sinif yoldaşlarım qibtə
edirdilər. Müəllim məni örnək gətirib, tərifləyəndə, dərhal cavab verirdilər
ki, "o, uydurmağı yaxşı bacarır”. Əslində isə yazdıqlarım fantaziyalarım idi”.
Maraqlı bir məqam deputatlarımızdan birindən açıqlama alan zaman
yaşanıb - deyən həmkarımız əhvalatı danışır: "Zəng vurduğum millət vəkili ilə
salamlaşıb, hal-əhval tutduqdan sonra sualımı verdim. Qəfil qayıdıb nə desə
yaxşıdır? "Ay oğul, bir sən özün bu suala cavab ver, görüm nə bilirsən”. Mən də
eləmədim tənbəllik, münasibətimi bildirdim. Çox bəyəndiyini söylədi və xahiş
etdi ki, elə bu fikirlərimi onun adından yazıb, işıqlandırım. Etiraf edim ki,
elə onun istədiyi kimi də etdim. Amma təbii ki, ona danışdığım kimi yox, bir az
zəif (gülür)”.
APA İnformasiya Agentliyinin əməkdaşı Günay
Elşadqızı 2005-ci ildən, 17 yaşından
jurnalistikada olduğunu deyir. Qiyabi təhsil aldığı üçün işləməyə elə həmin
dövrdən başlayıb: "İlk vaxtlar aldığım məvacib çox aşağı idi, amma mən işimi
sevərək görürdüm. Çünki bu sahədə təhsil alırdım və ixtisaslaşmaq istəyirdim.
Fəaliyyət göstərdiyim qəzet bazar günləri də nəşr olunduğu üçün həmin günlər də
işləyirdim. Növbəti mərhələdə həm televiziyada, həm də radioda işləmək şansım
oldu. İşimiz nə qədər çətin olsa da, 14 ildir ki, zövq alaraq çalışıram. Qismət
elə gətirdi ki, həyat yoldaşımla da jurnalistika vasitəsilə tanış olduq. Yəni,
jurnalistika mənə çox dəyərli insanlar qazandırıb”.
Maraqlı
hadisə sualına gəlincə isə, söhbətimiz zamanı anlaşılır ki, Günay da digər
həmkarlarımız kimi səsyazma aparatının xəyanətinə uğrayıb: "Jurnalistikaya ilk
başladığım dövrlər idi. Yeni olduğum üçün səhv etməkdən qorxurdum, həyəcanlı
idim. Həmin dövrdə, elə indi də kifayət qədər tanınmış bir şəxs var idi, ondan
müsahibə almaq üçün uzun müddət gözləmişdim. Nəhayət, həmin adam redaksiyamıza
gəldi və müsahibəmiz baş tutdu. Müsahibə təxminən 1 saatdan çox çəkdi, səmimi
söhbətimiz oldu. Bu işin alınmasına görə sevincimdən göylərdə uçurdum. Müsahibə
bitdi, həmsöhbətimi yola salıb diktofonu götürəndə, həyatımın şokunu yaşadım.
Diktofon heç nə yazmamışdı. Əvvəlcə pis oldum, oturub ağladım. Amma sonra özümü
toplayıb yadımda qalanlar əsasında müsahibəni yazdım. Yadımdadır ki, müsahibə
dərc olunandan sonra həmin adam zəng vurub yazıya görə təşəkkür etdi və
bəyəndiyini dedi”.
Modern.az saytının əməkdaşı
Qafar Ağayev jurnalistika fəaliyyətinə hazırda
çalışdığı saytda başladığını qeyd etdi: "3 ildən çoxdur ki, Modern.az-da
çalışıram. Elə əsas jurnalistika fəaliyyətim bu media orqanında başlayıb.
Peşəmi Modern.az-la sevdim. Jurnalistika elə sahədir ki, hər zaman maraqlı
hadisələrlə qarşılaşırsan. Bir dəfə deputat Aqil
Abbas Milli Məclisdə çıxışı zamanı "Mənim atamın goruna 932 adam söyüb,
hesablamışam” demişdi. Mənə də maraqlı gəldi ki, Aqil Abbas bunu necə
hesablayıb. Bunu mövzu kimi işləməyə qərar verdim və Aqil Abbasa zəng edib
hesablamanı necə apardığını soruşdum. Elə sualı verəndə həm onu, həm də məni
gülmək tutdu. Beləcə, həmin mövzunu işləmədim”.
Axar.az saytının müxbiri Billurə Yunus tələbəlik vaxtlarından bir neçə yerdə qısa müddətlik çalışsa da, ilk
rəsmi, maaşlı iş yerinin Axar.az olduğunu dedi: "Artıq burada 2 ildən çoxdur
ki, çalışıram. Əvvəl televiziya sahəsində çalışmaq istəsəm də, qismət belə
gətirdi. Hər gün bilmədiyim xeyli şey öyrənirəm. Ünsiyyətdə olduğum şəxslər
professorlar, alimlər, bir sözlə, öz sahəsini bilən savadlı insanlardır. Belə
bir çevrə ilə əhatə olunduğum üçün doğrudan çox xoşbəxtəm. Savadına, sənətinə
hörmət etdiyim hər hansı bir ekspertə zəng vurub, "sizi filankəs narahat edir”
sözündən sonra "tanıdım” ifadəsini eşidəndə, çox sevinirəm ki, deməli,
kimlərinsə yadında qala bilmişəm. Təbii ki, iş şəraiti gərginliyi ilə yanaşı,
maraqlı xatirələrlə yadda qalır. Axar.az-da başıma gələn ən maraqlı hadisə
Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun məni təhqir etməsi və
bütün saytların məndən yazması idi. Metrodan çıxırdım, gülümsəyirdim və
düşünürdüm ki, hamı, yəni mövzudan xəbərdar olanlar aralarında söhbətləşir,
ancaq heç kim bilmir ki, o qız mənəm.
Günel
Azadə