• cümə, 29 Mart, 09:27
  • Baku Bakı 5°C

Bu, informatikadır

13.03.19 09:45 1808
Bu, informatikadır
"Əvvəllər digər uşaqlar kimi mən də kompüter oyunlarını sevirdim. Ancaq sonra həmin oyunların dərinlikləri mənə maraqlı olmağa başladı və yutubda oyunların dizaynı və kodlaşdırılması ilə bağlı videolar izlədim, ardınca isə oyun yaratmağı öyrənməyə çalışdım. Daha sonra isə məndə vebsayt yaratmaq marağı baş qaldırdı. 2 ildən çoxdur ki, özümü vebsaytların yaradılması prosesində inkişaf etdirməyə çalışıram. Vebsaytların necə işlədiyini, proseslər ardıcıllığının necə baş verdiyini bilirəm. Bundan başqa, bəzi proqramlaşdırma - HTML, CSS, javascript dillərini bilirəm. Hazırda mən Python proqramlaşdırma dilini öyrənməyə çalışıram”. Bunu bizimlə söhbətində Bərdə şəhərinin Muğanlı kəndində yaşayan 9-cu sinif şagirdi Xəyal Nəcəfovsöylədi.


Xəyal deyir ki, bildiklərini onlayn vasitələrə borcludur: "Bütün bu biliklərin demək olar ki, əksəriyyətini yutub videolarından, onlayn video kurslardan, bəzi hazır örnəklərdən öyrənmişəm”.

Bakı şəhərində yaşayan Emin Mustafaisə 5-ci sinifdə oxuyur. Onun proqramlaşdırmaya marağı daha erkən yaranıb: "5 yaşım olanda atam mənə kod yazmaqla bağlı ilkin bilikləri öyrətdi. Bir neçə dəfə onun kompüterində öyrətdikləri ilə özümü təkmilləşdirəndən sonra artıq özüm yutub videoları vasitəsilə "Phyton” proqramlaşdırma dilini öyrənməyə başladım. Hazırda onun üzərində işləyirəm. 7 yaşımdan davamlı öyrənirəm, indi 10 yaşım var. Atam ancaq ilkin bilikləri verdi, qalan hər şeyi internetdən öyrənmişəm. Yutubda, videoya baxıram, sonra öz kompüterimdə onu tətbiq edirəm”.


Hər iki müsahibimiz dedi ki, məktəbdə informatika dərsində keçilənləri çoxdan öyrəniblər, onlar üçün çox sadədir. Burada sual yaranır ki, bu məktəblilər İT bilikləri cəhətdən irəli gediblər, yoxsa dərsliklər sadədir? Bu yazıda cavab tapmaq istədiyimiz sual informatika dərsliklərinin bu günün İT cəmiyyəti ilə necə ayaqlaşması ilə bağlıdır. Bu dərsliklər informasiya əsrində məktəblilərə lazım olacaq bilikləri vermək üçün yetərlidirmi?

Qoca müəlliflərin köhnə kitabları

İT mütəxəssisi Vahid Qasımov bizimlə söhbətində bildirdi ki, məktəblərin informatika dərsliklərinin proqramı çox yaxşıdır, lakin burda bir "əmma” var: "3 ildir ki, məktəblərin informatika dərsliklərinin monitorinqini aparırıq. Proqram çox yaxşıdır, olduqca müasir mövzulara toxunulur, ancaq tarazlıq qorunmur. Bəzən orta məktəb şagirdi üçün lazımsız olan mövzunun həddindən artıq dərininə gedilir, lazımlı mövzuların isə üstündə səthi şəkildə keçilir”.

V.Qasımovun sözlərinə görə, dərslikdə yeni kimi təqdim olunan köhnə məlumatlar var: "Dərsliklər Azərbaycan dilində olduğu üçün dərslik müəllifləri də onu yerli mənbələrə əsaslanaraq yazıblar. Azərbaycanda isə İT ilə əlaqəli müasir kitablar demək olar ki, yoxdur. Bu da o deməkdir ki, həmin müəlliflərin əsaslandığı dərsliklər də qoca müəlliflərin köhnə kitablarıdır. Nəticədə dərsliklərdə yer almış məlumatların bir xeylisi köhnəlmiş olur. Bu gün tarix, kimya, fizikada dəyişiklik İT qədər sürətli deyil. 10 il bundan əvvəl smartfon, 20 il əvvəl mobil telefon, 30 il əvvəl İnternet yox idi. Sən 30 il əvvəlin kitabını mənbə kimi istifadə edib dərslik yazırsansa, dinozavrlar dövründən yazmış kimi olursan. Bunu tarix kimi qələmə versələr, problem deyil. Yazsınlar ki, 30 il öncə filan texnologiya var idi və s. Əks halda qeyri-dəqiq, əskik və çox vaxt da həqiqəti əks etdirməyən məlumatlar şagirdlərə ötürülür. 70-90-cı illərin kitabında yazılır ki, müasir proqramlaşdırma dili "Fortran”dır. Bizimkilər də köçürüb onu eləcə yazırlar ki, müasir proqramlaşdırma dili olan "Fortran”. "Fortran”ın axırıncı kompilyatoru 1995-ci ildə dünyaya göz yumub. 1995-ci ildən sonra ümumiyyətlə, bu dili istifadə edən yoxdur. Buna necə müasir proqramlaşdırma dili demək olar?”


V.Qasımov qeyd etdi ki, informatikanı yüksək səviyyədə tədris edəcək müəllimlər də yox səviyyəsindədir: "Məktəb proqramı nəzəri olaraq çox yaxşıdır. Amma müəllimlərimiz həmin proqrama hazır deyillər. Yaşlı və orta yaşlı müəllimləri (hansılar ki təcrübələri 10 ildən çoxdur) başa düşmək olar. Çünki onlar riyaziyyatçıdırlar, informatika müəllimliyi ixtisasını bitirməyiblər. Səhv etmirəmsə, bizdə informatika müəllimliyi ixtisası 2006-cı ildən sonra yaranıb.

Yenilərdə isə o problem davam edir. Bizdə əsasən müəllimlər Azərbaycan Dövlət Pedaqoji Universitetində yetişir. Orda dərs deyənlər də yaşlı müəllimlərdir. Həmin yaşlı müəllimlər də o proqram üzrə uşaqlara nə öyrədə bilər? Heç nə, çünki özləri də onu bilmir. Məcburiyyətdən məktəb proqramını bilməyənlər belə məktəblərimizə informatika müəllimi olurlar”.

Ağır, lazımsız məlumatlar çoxdur

Ekspert deyir ki, orta məktəb şagirdindən professional İT bilikləri tələb edə bilmərik: "Orta məktəbdən məzun olan şəxs kompüter sahəsində normal savada sahib olsa, yetər. Kompüterlərin növlərini, hissələrini düzgün adlandırsın. Hazırda müasir kompüter proqramlarının adlarını bilsin, heç olmasa, normal qaydada kompüteri istifadə etsin. Buna ofis, dizayn proqramları daxildir. Bunlar proqramda var. Alqoritmləşmə, proqramlaşdırma sahəsində də müəyyən bilikləri olmalıdır. Çox dərin nələrisə demirəm. Məktəbi bitirən bir şagird kalkulyator proqramını yaza bilməz, amma ən azından proqramlaşdırma dillərinin əsaslarını, alqoritmlərin növlərini bilsin. Və sadə şəkildə onların məntiqini qavramış olsun ki, sabah universitetdə proqramlaşdırma ixtisası üzrə təhsilini davam etdirmək istəsə, o tələbəyə sıfırdan öyrətməyə başlamasınılar. Əsaslarını artıq bilmiş olsun, bünövrənin üzərində bina inşa etmiş olsun”.

V.Qasımov qeyd etdi ki, bizim informatika dərsinin proqramının digər ölkələrinki ilə müqayisədə bir az yanaşma tərzində fərlilik var: "Misal üçün Avropada daha çox praktikaya əhəmiyyət verilir. Avropada ECDL (European computer driving licence), Amerikada ICDL (International computer driving licence) beynəlxalq sertifikatı var. Tutaq ki ofis proqramları ilə bağlı imtahanı verib onunla bağlı həmin sertifikatı alırsan. Bu sertifikat onu göstərir ki sən ondan istifadə edə bilirsən. Avropada bir çox ölkədə uşaqlar həmin ECDL proqramı üzrə orta məktəbdə dərslər keçirlər, məktəbi qurtarmamış imtahan verib sertifikat alırlar. Təhsil Nazirliyi səviyyəsində ECDL ilə əməkdaşlıq olur. Dərslər o proqram üzrə gedir. Bizdə isə sovet fundamental təhsil sisteminin əks-sədası üzərimizdə bulud kimi durur. Ona görə bizim proqramda nəzəri biliklər, ağır, lazımsız məlumatlar çoxdur”.


Dərs zamanı informatika dərsliyindən istifadə etmirlər
Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrətin sözlərinə görə, informatika dərsliklərində məlumatların köhnə olması müəllimlərin işini çətinləşdirir: "Artıq kiçik yaşlarda uşaqlar proqramlaşdırma öyrənirlər, amma məktəb dərslikləri heç də bu tələbələrə cavab vermir. 10-15 il bundan əvvəl üçün aktual olan mövzular tədris olunur. Dövlət tərəfindən diqqət var, vəsait ayrılır, amma bu vəsait düzgün istifadə olunmur. Dərsliklərdə olan mətn və məlumatların köhnə olması müəllimlərin işini artırır. Müəllim şagirdə lazım olan biliyi vermək üçün məcbur olub özü axtarır. İnformatikada şagirdlərə lazım olacaq video məlumatlar internetdə çoxdur. Mənim tanıdığım peşəkar, bacarıqlı bir çox müəllim var ki, dərs zamanı informatika dərsliyindən istifadə etmirlər. Onlar dərsliyi kənara qoyur, internetdə olan video dərslərlə öyrədirlər”.

2003-2005-ci ilin informasiyaları

Onu da qeyd edək ki, informatika fənni 1-ci sinifdən tədris edilir. İnformatik.az saytında informatika üzrə həm dərslik, həm də metodik vəsaitlərin elektron versiyası yerləşdirilib. 1, 2, 5-ci sinif dərsliyi 2012, 3-cü sinif 2010, 4-cü sinif 2011, 6-cı sinif 2013, 7-ci sinif 2014, 8-ci sinif 2015, 9-cu sinif 2016, 10-cu sinif 2009, 11-ci sinif 2010-cu ildə Təhsil Nazirliyinin əmri ilә tәsdiq edilib.

Burda da sual yaranır ki, ümumiyyətlə, dərsliklər nə qədər vaxtdan bir yenilənir, yaxud yenilənməlidir?


Təhsil eksperti Kamran Əsədov bildirdi ki, orta ümumtəhsil məktəblərində istifadəyə buraxılan dərsliklərin 5 il ərzində dövriyyədə qalması məcburidir. Amma o, əlavə etdi ki, bizim bu gün informatika kitablarımızdakı informasiyalar 2003-2005-ci ilin məlumatlarıdır: "O vaxtdan bu yana 4-5-6-cı nəsil kompüterlər çıxıb. Biz hələ də Pentium 2-3-də işləyirik. Dünya artıq yeni nəsil kompüterə keçib, biz isə 2000-ci illərin informasiyasını uşaqlara öyrədirik”.

K.Əsədov deyir ki, əvvəllər informatika fənni akademik informasiya ilə dolu olurdusa, indi mütəxəssislər tərəfindən yazılan kitablar müəyyən qədər müasir tələblərə cavab verir: "Amma praktik olaraq bu bacarıqlar şagirdlərdə formalaşdırılmır. Şagirdlərə hazırda informatika fənni əsasında kompüter texnologiyalarının mənimsədilməsi mümkün deyil. Çünki müəyyən terminlər Azərbaycan dilinə tərcümə edilib dərsliyə salınıb, bu da düzgün deyil. Terminlər, texnologiya ilə bağlı ifadələrin Azərbaycan dili qarşılığında verilməsi yox, onların ümumişlək halda işlədilməsi məsləhətdir. Yazılan kitablar müasir dövrün tələblərinə tam şəkildə cavab vermir. Təkmilləşməyə ehtiyac var”.

Ekspert onu da əlavə etdi ki, Azərbaycan məktəblilərinin indiyə qədər beynəlxalq olimpiadalarda qalib olmaması bir çox şeyi ifadə edir: "Hələ də bizim informatika üzrə beynəlxalq olimpiada qalibimiz yoxdur. Bu, əslində problem olduğunu ortaya qoyur. Müasir tələblər bunu istəsə də, bu gün biz "Apple” şirkətinin istehsal etdiyi məhsulları dərsdə keçə bilmirik. Çünki bunları tədris edəcək, müasir çağırışlara cavab verəcək müəllim kontingentimiz yoxdur. İnformatika müəllimlərinin diaqnostik imtahan zamanı nəticələri çox aşağı səviyyədə olur”.


Bu dərslikləri kurrikulum əsasında hazırlamışıq

İnformatik dərsliklərinin müəlliflərindən olan fizika-riyaziyyat elmləri namizədi, dosent, Ramin Mahmudzadə deyir ki, informatika dərsliklərinin tez-tez dəyişilməsinə ehtiyac var: "Mən informatika dərsliklərinin həmmüəlliflərindənəm. Biz bu dərslikləri kurrikulum əsasında hazırlamışıq. Əgər kurrikulumun tələbləri başqa cür olsaydı, biz də kitabı başqa cür yazacaqdıq. Ona görə kurrikulumu mütəmadi olaraq yeniləmək lazımdır. İT digər sektorlar kimi deyil, burda inkişaf çox sürətlə gedir, hər gün yenilik olur. Bunların da kitablarda əksini tapması üçün informatika kitablarının yenilənmə zamanı digər dərsliklərlə eyni götürməməliyik. Adətən, kitablar 5 ildən sonra dəyişilir, amma İT-də 2 il əvvəl yazılan məlumat bu gün üçün əhəmiyyətini itirə bilir. Ona görə ildə bir dəfə burda dəyişiklik getməlidir”.

R.Mahmudzadə bildirdi ki, orta məktəbi bitirib İT üzrə universitetə qəbul olan gənclərin çoxu bu sahədə sıfır səviyyədə olurlar: "Əgər müəllimlər orta məktəblərdə bu dərsliklər üzrə normal dərs keçsəydilər, imkan yaradılsaydı, biz o zaman universitetdə İT üzrə normal tələbə əldə edə bilərdik. İndi isə sıfır səviyyəsində gəlirlər. Sadəcə olaraq məktəblərdə informatika keçirilmir. İlk növbədə müəllimlərə təlim keçmək lazımdır. Çünki bizdə müəllimlər çox zəifdirlər. Müəllimlərin səviyyəsinə baxın. Bu sahəyə az bal toplayanlar gedir. Özləri heç nə bilmədikləri halda uşaqlara dərs keçməyə gedirlər. Bu münasibəti dəyişmək lazımdır. Müəllimlər müasir təlim-tədris üsullarına keçməlidirlər”.

R.Mahmudzadə əlavə etdi ki, məktəbdə uşaqların informatikadan imtahan verməməsi böyük problem yaradır: "Əgər şagirdlər imtahan vermirlərsə, bu dərslə ciddi məşğul olmayacaqlar. Digər məqam odur ki, I ixtisas qrupunda İT üzrə təhsil almaq istəyənlər kimyadan imtahan verirlər, amma burda informatika fənni də olmalıdır. Mənim yanıma İT üzrə universitetə qəbul olan birinci kurs tələbələri gəlir, İT üzrə bilikləri sıfır səviyyədə olur. Çünki onlar kimyadan imtahan veriblər, infomatikadan yox”.
Aygün Əhmədova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər