Bu il ali məktəblərə sənəd verməyən kollec məzunları üçün əlavə qəbul elan ediləcək

Bu il ali məktəblərə sənəd verməyən kollec məzunları üçün əlavə qəbul elan ediləcək

Cəmiyyət
23 May 2019, 17:02 904
"Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların (kollec məzunlarının) qəbulu, habelə bakalavrı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na əsasən, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər”. Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixində təsdiq etdiyi qərarlarla bağlı Təhsil Nazirliyində keçirilən mətbuat konfransında həmçinin subbakalavrların qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmaq imkanı əldə edə biləcəkləri qeyd edildi.
Qaydaların 2019-2020-ci tədris ili üzrə tələbə qəbulu zamanı tətbiq ediləcəyini söyləyən Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev məlumat verdi ki, subbakalavrlar ali təhsil müəssisələrinin bakalavr  səviyyəsinə qəbul olunarkən, həmin təhsil müəssisələrində yalnız tədris dili, orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər. Belə ki, müsabiqə zamanı subbakalavrın orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və təhsil haqqında sənədinə (attestata) üstünlük veriləcək: "Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən subbakalavr isə DİM tərəfindən təşkil olunmuş qabiliyyət imtahanlarında müəyyən edilmiş cədvəl üzrə ödənişli əsaslarla iştirak edəcək. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar və qəbul imtahanı verən abituriyentlər müsabiqədə eyni zamanda iştirak edirlər. Qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunmaq istəyən subbakalavrlar müsabiqədə Mərkəzin Nazirliklə razılaşdırılmaqla, müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən etdiyi keçid balı əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər. Subbakalavrın müvafiq ixtisaslar üzrə müsabiqədə imtahan vermədən iştirak etməsi, onu Mərkəz tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində ümumi qaydada iştirak etmək hüququndan məhrum etmir”. Y.Piriyev qeyd etdi ki, subbakalavrın ali təhsil müəssisəsinə qəbul zamanı təqdim etdiyi sənədlərdə uyğunsuzluq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, onun müsabiqədə iştirakına yol verilmir. Belə hallar müsabiqədən sonra aşkar edildikdə, subbakalavrın yerləşdirilməsi ləğv edilir. Bu il kollec məzunlarının ali məktəbə qəbul şansının çox olacağını bildirən nazirlik rəsmisinin sözlərinə görə, qəbul planının artması məzunlar üçün bu imkanı artırıb: "Ötən ilə nisbətən bu il ali təhsil müəssisələrinə qəbul planında 6,4 % artım var. Nəzərə alaq ki, ötən ilə nisbətən bu il orta məktəbi bitirənlərin sayı da 7-8 min azdır. Bu da kollec məzunlarının ali məktəbə qəbul olmaq şansını artırır".
Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Nərminə Bayramova qeyd etdi ki, ali məktəbə bu il sənəd verməyən kollec məzunlarının universitetə daxil olması üçün əlavə qəbul elan ediləcək: "2019-2020-ci tədris ilində ali məktəblərə qəbul kampaniyasına başlanılıb və müəyyən mərhələ başa çatıb. Lakin vətəndaşlar Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərarların onlara şamil olunmayacağı ilə bağlı narahat olmasınlar. Artıq Təhsil Nazirliyi ilə birgə həmin qərarın icrası istiqamətində müvafiq tədbirlərin icrasına başlanılıb. Məsləhət görürük ki, kollec məzunları Dövlət İmtahan Mərkəzinin rəsmi saytını izləsinlər. Əgər kollec məzunu ali məktəbə sənəd verib, imtahanlarda müəyyən nəticə əldə edibsə, onun müsabiqədənkənar qəbul şansı qüvvədə olacaq”. N.Bayramova  bildirdi ki,  kollec məzunları ali məktəblərə minimal 200-250 balla qəbul ola biləcəklər: "Hər il müsabiqə zamanı ixtisas üzrə bal şərti 200-250 bal arası olur. Bu məsələdə də həmin şərt nəzərə alınacaq. I qrupda abituriyentin müsabiqəyə buraxılması üçün hansı bal nəzərdə tutulubsa, onu da nəzərə alacağıq. Hesab edəcəyik ki, həmin adam minimal balı toplayıb və bu balla da ali məktəbə qəbul müsabiqəsində iştirak edəcək".
Mətbuat konfransında ali təhsil pilləsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydaları haqqında da məlumat verildi. Y.Piriyev bildirdi ki,  ali təhsil pilləsinin bakalavr səviyyəsini normativ təhsil müddətindən sonrakı 15 il müddətində (həqiqi hərbi xidmət müddəti istisna olmaqla) başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququna malikdirlər. Ali təhsilin bakalavr səviyyəsini başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürülməsi onların qəbul olunduqları və köçürüldükləri ixtisasların yalnız eyni ixtisas qrupuna daxil olduğu halda aparılacaq. Y.Priyev əlavə etdi ki, beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev  məlumat verdi ki, xarici ölkələrin təhsil müəssisələrinin və ölkəmizdə fəaliyyətini dayandırmış ali təhsil müəssisələrinin bakalavr səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə orta ixtisas təhsili müəssisəsinin vəsatəti əsasında, Azərbaycan Respublikasında ali təhsilin bakalavr səviyyəsini başa vurmayan şəxslərin köçürülməsi məsələsinə isə transfer.edu.az elektron portalı vasitəsilə nazirlik tərəfindən baxılacaq: "Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir”.
Tədbirdə həmçinin Nazirlər Kabinetinin "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin təsdiq edilməsi haqqında qərarına da toxunan E.Əmrullayev, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu barədə məlumat verdi. Belə ki, abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan IB Diploma Programme (Beynəlxalq Bakalavriat Diplom Proqramı), Advanced Level of General Certificate of Education (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və Advanced Placement (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.
Xatırladaq ki, bu qaydalar təhsil naziri Ceyhun Bayramovun rəhbərliyi ilə "Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi üçün Təhsil Nazirliyi tərəfindən hazırlanan təkliflər paketi əsasında hazırlanıb. Bu təkliflər paketi əsasında qanuna 62 düzəliş edilib.
 
Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova