• şənbə, 20 Aprel, 01:12
  • Baku Bakı 15°C

“Bu günün ifaçısı dinləyici üçün adiləşib” - Fotolar

10.01.19 09:00 2056
“Bu günün ifaçısı dinləyici üçün adiləşib” - Fotolar
10-15 il əvvələdək hansı müğənniyə daha çox tələbat olduğunu və mahnılarının sevildiyini satılan kaset və disklərinin sayından müəyyən etmək olurdu. Belə ki, müğənnilər albom çıxarır, satılan albomlara görə hansı müğənninin daha çox sevildiyi və hansı mahnının hit olduğu təyin edilirdi. İndi isə dövrün tələblərinə uyğun olaraq sistem dəyişib. Bir çox ifaçılar isə bu sistemin qarşısında aciz qalıb. Hazırda hansı müğənnilərə daha çox tələbat olduğunu "Youtube”dan və toylarda səslənən mahnılardan təyin edə bilirik.Son zamanlar mahnıları dillər əzbərinə çevrilən, sosial şəbəkənin ulduzu olan Rübail Əzimov redaksiyamızın qonağı oldu. Səsyazma studiyasında bir çox sənətçilərin səslərinin yazılmasında misilsiz xidmətləri olan Rübail Əzimov bizimlə söhbətində mahnıların necə hitə çevrilməsindən danışdı.
- Əvvəllər müğənnilərin kasetlərini alır, maqnitofonlarda onları dinləyirdik. "Səbuhi” və digər səsyazma studiyaları fəaliyyət göstərirdi. İndi bütün bunlar kompyuter sisteminə keçib. Bu gün səsyazma studiyası adı ilə müğənnilərin çoxu sizə müraciət edir.
- Elədir, texnologiyalar sürətlə inkişaf edir. Adi mobil telefonu götürək, 6 ay öncə çıxan telefonun funksiyaları bu gün çıxandan geri qalır. Daha gözəl, başqa xüsusiyyətləri özündə daşıyan, yeniliklərlə zəngin telefonlar təqdim edilir. Texnologiyalar o qədər inkişaf edir ki, müasir texnikanın arxasınca düşə bilmirsən. Kaset dövrü insanların musiqi dinləmələrinin ən məsum dövrləri idi. İnsanlar dinləmək istədikləri müğənninin kasetini alırdılar. Bu proses sənətçini də bir qədər dəyərləndirirdi. Ancaq indi sevdiyimiz sənətçinin mahnısını oturduğumuz yerdən dinləyə bilərik. Sənət adamı ildə bir disk hazırlayırdısa, indi daha çox mahnı istehsal etməlidir. Çünki bu günün dinləyicisi tez yorulur, informasiyalar da çoxdur. İndi müğənnilərin üzərində məsuliyyət daha çoxdur. Hər iki dövrün tanınmış sənətçilərilə işləyirəm. Əvvəlki sənətçilər deyir ki, onların sistemi daha yaxşı idi. Yaşlı sənətkarlar indiki texnika ilə uyuşmurlar. Müğənnilərin albomları ilə yanaşı, iştirak etdikləri toyların kasetləri də çıxırdı. Bu günün ifaçısı dinləyici üçün adiləşib. İnsanlar sadə, səmimi olan sənətçilərə daha çox üstünlük verirlər.
- Necə oldu ki, belə bir studiyada işləmək qərarına gəldiniz?
- Rabil Səfərli bu proqramı mənə öyrətdi. Biz onunla dost olduq. O dövrdən fərdi olaraq işlərə başladıq. 8 ildir ki, o studiyada işləyirəm. Bizim rəhbərimiz Nadir Bayramlıdır. Onun çox böyük əməyi var. Onun təcrübəsi mənə çox kömək etdi.
- Səsi olmayan bir ifaçı studiyada səs yazdırıb məşhur ola bilirmi? Sizə belə müraciətlər çox olub?
- Hərdən olur. Səsi olmayan ifaçını ən pis halda yaxşı söhbət edən biri kimi təqdim edə bilərik. Hər səsin öz mahnısı, janrı var. Bizə elə ifaçılar müraciət edəndə izah edirik ki, bu tipdə oxusa, onun üçün daha uğurlu olar. Bir çox ifaçılar var ki, ilk səsyazmalarını bizimlə ediblər və tamamilə başqa janrlarda oxuyurdular. Səsi olmayan sənətçinin layihəsini ortaya çıxarmaq, hətta onu məşhurlaşdırmaq da mümkündür. Ancaq onu zorla xalqa sevdirmək olmaz.
- O ifaçılara "bu, sizin üçün çox vacibdirmi?” demisinizmi?
- O qədər… Elə hallar olub ki, "sizi deyib gəlmişəm” deyir və görürük ki, onun üçün əlimizdən gələn heç nə yoxdur. Ötən həftə Gürcüstandan bir ifaçı bizə müraciət etmişdi, səsi də yox idi. Sadəcə, pulu var və müğənni olmaq istəyirdi. Ona o qədər ehtiyatla izah etməyə çalışdım ki, gedin, bir mahnı öyrənin və öyrəndikdən sonra onu mənə göndərin. Bilim ki, heç olmaya bir mahnı bilirsiniz, ondan sonra sizinlə əlaqə saxlayacam. Bir dəfə biri zəng edib dedi ki, bu yay müğənni həyatı yaşamaq istəyir. Heç bir maddi problemi də yoxdur. Dinlədim, gördüm ki, onda alınan deyil. Nəticədə onu başqa istiqamətə yönləndirdim. Yəni, bu tip hallarla çox tez-tez rastlaşırıq. Mən ona öz layihəmi sata da bilərdim, ancaq bu günün sabahı da var.
- Mahnını hazırlayanda, duya bilirsinizmi ki, tutacaq, yoxsa yox?
- Kriteriyalarına görə təxmin etmək olur. Bu, sənət sirləridir. Onu tam açmağı düzgün hesab etmirəm.
- Qaydalar bəllidir. Sizin proqnozlarınız maraqlıdır.
- Bu gün dünyada və Azərbaycanda hit musiqilərə nəzər salsaq, görərik ki, eyni proseslər gedir. Mahnının melodiyası çox bəsit olmalı, sözlər təkrarlanmalıdır. Məişət sözü olmalıdır, bədii yanaşma olmasa da, olar. Yetər ki, sözlər təkrarlansın. Misal üçün, Nadir Qafarzadənin ifa etdiyi "Maral” mahnısı. Nadir Qafarzadəyə böyük hörmətim var. Onun ifa etdiyi bu mahnıda ancaq maraldan danışılır. Təəssüf ki, biz hit deyəndə, qlobal musiqilərin adını çəkə bilmirik. "Top-10”da olan məşhur mahnıların siyahısına nəzər yetirsəniz, bu proseslərin onların hamısında cərəyan etdiyinin şahidi olarsınız. O mahnılarda sözlər təkrarlanır, mahnı sadə və primitivdir. Mahnıda ilk 10 saniyə insanı çəkməli və növbəti saniyələrdə hal dəyişməlidir. Mahnının gedişatında ona digər alətlər də qoşulmalıdır ki, gücünü artırsın. İkinci bəndinin nəqarətində mahnının sözü də, musiqisi də insanların yaddaşında qalmalıdır. Belə olanda, artıq o, insanların sevimli mahnısına çevrilir. Mahnıda mövzunun nə olmasının fərqi yoxdur.
- "Səni deyirlər” kimi.
- Bəli. "Səni deyirlər”i kimin kimə dediyi də bəlli deyil. Mahnının müəllifi onu adi bir məclisdə oxuyub. Kimsə bunu zarafatla yayıb və mahnı təsadüf nəticəsində hitə çevrilib. İfaçı bu mahnını kütləyə təqdim etməyib. Misal üçün, "Maral” mahnısını Nadir Qafarzadə özü kütləyə təqdim edib. Sadəcə, gərək insanın bir şansı olsun. N.Qafarzadə ilk gündən özünü ciddi musiqiçi kimi təqdim edib. Ona bu mahnını gətirəndə düşünüb ki, bunu ancaq toylarda ifa edərəm. Və toyların ən çox tələbatlı mahnısı olub. Bir həftədən sonra bu mahnını hər yerdən istəyiblər. "Maral” mahnısı gözlənilməz uğur əldə edib.
- Sizin "Divanə” mahnınız kimi.
- Bu, çox ölçülüb-biçilən mahnılardan idi. "Divanə” mahnısı 2013-cü ildə yazılıb. Bu mahnını oxumaq haqqında ümumiyyətlə, düşünməmişəm. Düşünürdüm ki, buna münasib müğənni olarsa, ona verərəm. Mahnı dörd cümlədən ibarətdir. Sonra düşündüm ki, əgər kommersiya ilə məşğul olmaq lazımdırsa, bu mahnını elə özüm də ifa edərəm. Bu mahnını oxumaq üçün içimdə bir kompleks var idi.
- Nə üçün?
- Mən Bülbül adına orta ixtisas musiqi məktəbində, Konservatoriyada təhsil almışam. Dahi sənətkarlarımızın tələbəsi olmuşam. Düşünürdüm ki, bu mahnımı oxusam, sabah müəllimlərimlə necə üz-üzə gələrəm? Ətrafımdakı təcrübəli sənətçilərin fikirlərini aldım və özümdə güc toplayıb oxudum. Nəticədə "Divanə” mənə uğur gətirdi.
- Bu mahnının sizin ifaçı kimi tanınmağınızda rolu böyük oldu.
- Bəli, ancaq sənət baxımından məni tanıdan ilk "Qara gözlüm” mahnısını qeyd etmək istəyirəm. "Youtube”da mahnıya az, cəmi 5 min baxış olmuşdu. Ancaq toylarda, el şənliklərində, tədbirlərdə ən çox tələb olunan mahnılardan oldu. Bu mahnı indi mahnının tutması üçün vacib olan şərtlərin tam əksinədir. 2014-cü ildə heç "Youtube”un özü bu qədər dəbdə deyildi. Bir sənətçi kimi "Qara gözlüm” mahnısı mənə daha çox uğur gətirib. "Eşq” mahnısını da unutmaq olmaz, təbii ki. O da daha çox dinlənilən və izlənilən mahnılardan oldu.
- Hazırladığınız sevimli mahnılarınızı başqasına verəndə hər hansı təəssüf hissi keçirirsinizmi?
- Ərsəyə gətirdiyim mahnılar mənim üçün çox dəyərlidir. Hazır mahnılarımı hələm-hələm satmaram. Ümumiyyətlə, mahnı satmıram. Bəzən düşünmüşəm ki, bu mahnı mənim yox, başqa bir sənətçimizin profilinə daha uyğundur. O səsləndirsə, daha yaxşı olar. Əgər o mahnı hit olacaqsa, müəllif olaraq təbii ki, buna sevinərəm. Sağlam düşüncəli sənət adamı mahnısının başqa müğənninin ifasında da sevilməsindən yalnız şad ola bilər.
- "Yotube”da ən çox izlənilən müğənnilərin sırasında sizin də adınız var. Çox zaman həmin ifaçılarla bağlı deyirlər ki, bu rəqəmlər şişirtmədir.
- Mən o xarakterli insan deyiləm ki, sosial şəbəkələrdə özümə şişirtmə rəqəmlər yazdırım. Əslində, bu heç mənə lazım da deyil. Mənim işim oxumaqdır. Onu sevmək, dinləmək isə artıq xalqa, insanlara aiddir. Sevmək sizin əlinizdədir. Mahnını oxuyub, sosial şəbəkələrdə yerləşdirirəm. Siz istəsəniz o mahnını sevərsiniz, istəməsəniz yox. "Bu, sevilən mahnıdır” deyib onu tamaşaçıya sırımağın tərəfdarı deyiləm. Bu, özünü aldatmaqdır. Mən bunu ayıb bilirəm.
- Sosial şəbəkələrin məşhurlaşdırdığı ifaçılardansınız. Çünki sizi televiziyalarda görməmişik.
- Tam razıyam. Mənim bir terminim var – "Youtube” müğənnisi. Misal üçün, mənim son işlərimdən biri olan "Şəlaləm mənim” klipim "Youtube” klipidir. Dəvət aldığım yerlərdə, el şənliklərində "Şəlaləm mənim” mahnısını oxumuram. Biz buna "Youtube”da uğur qazanacaq bir layihə kimi yanaşdıq. Bunu sevən insanlar var. Onlar biz sənətçilərə dəyər verən insanlardır. Biz bu mahnını trolladıq.
O ki qaldı televiziyalara çıxmaq məsələsinə, televiziyaya baxmıram. Elə bilirəm ki, heç kim televiziyaya baxmır. Ancaq televiziya müğənninin PR-ı ilə məşğuldur. İndi televiziyanın hər hansı məşhur verilişinə gedən yeni sənətçi ora bəlli qonorar ödəyir. Televiziyada reklam olunan sənətçi sosial şəbəkələrdə yalandan şişirtmə rəqəm artıran sənətçilərdəndir. Mən bunları bir-birinə bənzədirəm. Bu mənim subyektiv fikrimdir.
- Sosial şəbəkələrdə haqqınızda yazılan pis rəylərə reaksiyanız necə olur?
- Eləsini bağrıma basmaq istəyirəm ki, səmimi yazıb (gülürük). Bir də var, hiss edirsən ki, bu adamın niyyəti başqadır. Bir var yazsın ki, "sizin ciddi mahnıları dinləmişik, belə mahnılar oxumaqla biz dinləyiciləri məyus edirsiniz”. Bir də var yazır ki, "bu nədir ala”. Sosial şəbəkələrdə yazılan şərhlərə cavab yazmıram. Birinə yazsam, gərək hamısına cavab yazam.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər