• şənbə, 20 Aprel, 07:09
  • Baku Bakı 14°C

Bu gün Ramazan bayramıdır

05.06.19 11:30 102
Bu gün Ramazan bayramıdır
On bir ayın sultanı müqəddəs Ramazan ayı başa çatır. Bu ay insanın həm fiziki, həm də mənəvi baxımdan təmizləndiyi aydır desək, yanılmarıq.Bəziləri düşünür ki, Ramazan ayı insanın nəfsi, iradəsi ilə imtahanıdır. Çünki insan bu ayda dünya nemətlərindən uzaq qalmağı, nəfsini tərbiyələndirməyi, iradəsinə sahib çıxmağı, aclığa dözümlü olmağı öyrənir. Artıq yavaş-yavaş Ramazan ayını başa vururuq. Ayın son günləri bayram kimi qeyd edilir. Maraqlıdır, Ramazan bayramı necə keçirilməlidir, hansı işlər görülməlidir və ən əsası, bir aylıq orucluqdan sonra necə qidalanmalıyıq? Bu kimi suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq.
İlahiyyatçı, fəlsəfə doktoru Elvüsal Məmmədov qeyd edir ki, Ramazan bayramının ən gözəl əlamətlərindən biri də fitrə zəkatı çıxarmaqdır: "Fitrə, bayram günü səhər bir kasıbı sevindirəcək miqdarda olmalıdır. Düzdür, bəzi dini mənbələrdə bunun qida formasında çıxarılmağı göstərilir. Çünki peyğəmbərimizin zamanında pul çox tədavüldə deyildi. Həmin dövrdə insanların işinə daha çox ərzaq yaradığından qida ilə kasıb ailələrə kömək edirdilər. Amma indiki dövrdə kiməsə aparıb ərzaq vermək onun bayram ehtiyaclarını tam ödəmir. Ona görə yaxşı olar ki, fitrəni pulla verək. Bu da ölkədəki ümumi səviyyəni nəzərə alsaq, 7-10 manat arası olar. Fitrə pulu evdə yaşayan adam sayına uyğun çıxarılmalıdır. Evi dolandıran kəs himayəsində olan şəxslərindən də adından fitrə pulu verməlidir”.
İlahiyyatçı Ramazan bayramının digər bayramlardan heç bir fərqi olmadığını deyir: "Başqa bayramları necə şən, sevincli şəkildə qarşılayırıqsa, Ramazan bayramını da elə keçirməliyik. Çünki İslamdakı bayram anlayışı ilə digər bayram anlayışları fərqli deyil. Həmin günlərdə insan sevinməli, deyib-gülməli, şən əhval-ruhiyyədə olmalıdır. Gözəl süfrə açmalı, qohumları, dostları bir stol arxasında birləşdirib bayramı birlikdə qeyd etməliyik. Uzaqda olan tanışlarımıza zəng vurub onları yad edərək bayramlarını təbrik etmək olar. Bu bayram bir növ insanlar arasında birliyə şərait yaradır. Qoy insanlar başa düşsünlər ki, bu bayram "Qara bayram” deyil. Yəni, bu bayramda bəziləri ancaq ölüləri ziyarət etmək lazım olduğunu, şənlənməyin mümkün olmadığını düşünür. Amma əksinə, bu bayramda da normal istirahət etməli, dincəlməli, xoş əhval-ruhiyyədə olmalıyıq”.
Bir ay boyunca tutulan oruclar insan sağlamlığında çox böyük əhəmiyyətə malikdir. Amma aclığa öyrəşən mədəmiz birdən-birə əvvəlki rejimə qayıdanda orqanizmdə bəzi problemlər yaşana bilər. Bunun üçün ramazandan sonra necə qidalanmalı olmağımızla bağlı dietoloqun fikirlərini öyrəndik. Dietoloq Aysel Nəbiyeva qeyd edir ki, ilk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır: "Bu məqsədlə gün ərzində 5-6 pay şəklində, hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları qəbul etmək məsləhətdir. Bu, həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.Ay boyunca gündüz saatlarında aclığa alışan bədənin normal yemə rejiminə alışması üçün ən az 9 gün lazımıdır. Bu müddətdə naharların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır həzm edilən qidalardan çəkinmək də məsləhətdir. Ən çox süd, qatıq, pendir, ət, balıq, toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidaları qəbul etmək lazımdır. Ramazan ayında tərəvəz və meyvə kimi lif nisbəti yüksək, amma enerji dəyəri daha aşağı olan qidalardan uzaq durur, ya da az qəbul edirlər. Bu da həzm sistemində müəyyən problemlərin yaranmasına, qəbizlik və sürətli çəki artımlarına səbəb olur. Bu problemlərdən yaxa qurtarmaq üçün karbohidrat və zülalla zəngin qidaların yerinə tərəvəz, meyvə tipli məhsulları seçmək və nizamlı qidalanmaq məsləhət olunur. Ramazandan sonra normal qida rejiminə keçərkən xəmir xörəkləri, qızartma yeməklər və şirniyyatların qəbuluna ciddi fikir vermək lazımdır. Şirniyyat, şokoladlı məmulatlar qanda şəkərin miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bədənə boş enerji verən şokolad və şirnilərdən çox istifadə edilməməlidir. Yağlı şokoladın, həzmi çətin olan şirniyyatların çox istifadə edilməsi həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər”.
Dietoloq deyir ki, orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə ağır yeməklərdən istifadə etmək ürək fəaliyyətində və həzm sistemində fəsadlar yarada bilər: "Ramazandan sonra insanda çox yemə instinkti güclənməyə başlayır ki, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Odur ki, qida seçimində maksimum diqqətli olmaq lazımdır. Sağlam yaşamağın əsas qaydalarından olan fiziki məşğuliyyətdən imtina etmək olmaz. Çünki fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq - bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salar. 40-50 dəqiqə idmanla məşğul olmaq gün ərzində yaxşı əhval-ruhiyyədə qalmağı təmin edər, eyni zamanda sağlam vücuda yiyələnməyinizdə yardımçı olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər