• cümə axşamı, 28 mart, 14:57
  • Baku Bakı 16°C

Bu gün Ozon Qatının Mühafizəsi Günüdür

16.09.21 15:27 271
Bu gün Ozon Qatının Mühafizəsi Günüdür
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən sentyabrın 16-sı bütün dünyada Ozon Qatının Mühafizəsi Günü kimi qeyd edilir.
Kaspi.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd Yer kürəsindəki bütün canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən ozon qatının təhlükə qarşısında olmasını dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.
Yer kürəsində bütün canlı həyat ozon qatı ilə qorunur.
Ozon qatı günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edir və planet səthinin 10-16 kilometrlik hündürlüyündə yerləşir. 400 milyon ildən artıq mövcud olan bu qat, son 100 ildə sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosfer havasına buraxılması nəticəsində dağılmaq təhlükəsi qarşısında qalıb.
Bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən "Ozon qatının qorunmasına dair Vyana Konvensiyası” qəbul edilib və hazırda 200-ə yaxın ölkə tərəfindən bu konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürülüb.
Azərbaycan "Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, "Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Ölkəmizdə bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən-ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir. Tərkibində frion, xlor, brom, hallonun çoxluq təşkil etdiyi qazlar əsas ozondağıdıcı maddələr hesab olunur və belə maddələrdən istifadənin azaldılması ozon qatının qorunmasında mühüm rol oynayır.
Azərbaycanda müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir. Sənaye müəssisələrinin modernləşdirilməsi, texnoloji yeniliklərə əsaslanan müasir soyuducu və kondisionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir. Hazırda Azərbaycan həmin konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır.
banner

Oxşar Xəbərlər