• bazar, 06 Iyul, 04:19
  • Baku Bakı 24°C

Bu görüşə diqqət

28.05.21 11:00 1536
Bu görüşə diqqət
Gələn ay baş tutacaq Bayden-Ərdoğan görüşü bir çox mətləblərə aydınlıq gətirə bilər

Qondarma soyqırımının ABŞ prezidenti Co Bayden tərəfindən tanınması ilə ermənilər ümid edirdilər ki, ciddi nailiyyət əldə etmiş oldular, qarşıda böyük imkanlar, təzminatların ödənməsi baş verəcək. Bütün dünya da ermənilər üçün sevinəcək. Lakin ermənilərin, saxta soyqırımını fövqəldövlətin lideri tərəfindən dilə gətirilməsi ilə Türkiyəyə qarşı ciddi kampaniya başlada biləcəkləri ümidləri ilk gündən puç oldu.

Ermənilər üçün sədəqə

Məşhur israilli politoloq Yakov Kedminin dediyi kimi, Bayden "soyqırımı” deməklə erməniləri təhqir edib aşağılamış oldu. Baydenin mesajında, sadəcə qeyd edilirdi ki, onun məqsədi baş verənlərə görə günahı kiminsə boynuna yıxmaq deyil, sadəcə belə bir şeyin bir daha təkrarlanmamağına nail olmaqdır. Cənubi Qafqaz üzrə ekspert və Britaniyanın "Conciliation Resources” təşkilatının Qafqaz proqramının direktoru Lourens Broers də bu qənaətindədir. BBC-yə bildirib ki, Amerikanın "soyqırımı”nı tanıması simvolik əhəmiyyət kəsb edir və bu tanınma Dövlət Departamentinin və amerikalı diplomatların mövqeyinə təsir etmir. Bəs nədən Bayden bu kəlməni işlətməyə üstünlük verdi? ABŞ prezidenti nəyi hədəfləyirdi? Əlbəttə, bu, kütləyə yönəlik bir addım, seçkiqabağı vədin yerinə yetirilməsi idi. Eyni zamanda vitse-prezident Kamala Harrisin təsiri altında atılan addım idi. Erməni diasporasının təsiri altında olan həmin xanım Kaliforniyadan əvvəlcə prokuror, sonra isə senator olub. Hətta erməniliyin ruporu – RT-nin baş redaktoru və "Rossiya seqodnya”nın rəhbəri Marqarita Simonyan da ABŞ prezidentinin qərarını, dəyişən geosiyasi konyukturada erməni xalqına sədəqə kimi qiymətləndirib.

Diqqəti həm də ona yönəltmək gərəkdir ki, saxta soyqırımının elan olunmasına bir neçə saat qalmış Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Baydenin telefon danışığının baş tutması mühüm məsələ idi. Ermənilər gözləyirdilər ki, Türkiyə bu qərardan sonra ABŞ-la münasibətləri kəsəcək, anti-Amerika kampaniyaya start verəcək. Bu da olmadı. Əksinə, qondarma soyqırımı tanınmasından sonra Türkiyə səbir və təmkinlik nümayiş etdirdi.

Bununla da Ermənistan, erməni diasporasının daha bir arzusu ürəyində qalmış oldu. ABŞ-ın yeni administrasiyasının Ankara ilə siyasi münasibətlərinin qarşıdurmaya qədər inkişaf edə biləcəyi ehtimalları özünü doğrultmadı. İki dövlət arasında xeyli müddətdir ki, Birgə İqtisadi Komissiya fəaliyyət göstərir, ticarət və investisiyalar haqqında Çərçivə Sazişi imzalanıb. Atılan addımların nəticəsində iki dövlət arasında ticarət dövriyyəsi 2008-2018-ci illər arasında 5 milyard dollardan 20 milyard dollaradək, yəni son 10 il ərzində 4 dəfə artıb. Bu göstəricinin 100 milyard dollara çatdırılması strateji hədəf kimi nəzərdən keçirilirdi. Hal-hazırda Türkiyə ABŞ-ın 32-ci nəhəng ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsi isə 20,5 milyard dollara yüksəlib.

Beləliklə, gözləntilər və səsləndirdiyimiz proqnozlar özünü doğruldur və ABŞ heç bir halda Türkiyə ilə nəinki münasibətləri zəiflətmək, əksinə daha da gücləndirmək niyyətindədir.

Hansı məsələlər müzakirə olunacaq?

Türkiyə mediasının yazdığına görə, ABŞ Dövlət katibinin köməkçisi Vendi Şerman Türkiyəyə səfər edəcək. Ziyarətin səbəbi NATO zirvə toplantısına hazırlıq olsa da, əsas məsələ Bayden-Ərdoğan görüşünün yaxşı keçməsi üçün hazırlıq işlərinin aparılmasıdır. Görüş iyunun 14-də NATO-nun Brüssel zirvə toplantısı zamanı reallaşacaq. Türkiyə mediası diqqəti ona yönəldir ki, Vendi Şerman sıradan biri deyil. Obamanın prezidentliyi dövründə Şerman İran ilə bağlı aparılan müzakirələrdə ABŞ-ı təmsil edib. Sonra Trampın prezidentliyi dövründə Harvadda dərs deyib. "Milliyet" qəzeti yazır ki, Ərdoğan-Bayden görüşü ərəfəsində ABŞ-ın hazırlıq prosesinə göstərdiyi önəmdən çıxara biləcəyimiz nəticələr var.

Birincisi, Bayden Brüsseldəki NATO zirvəsinə böyük önəm verir və Trampın pozduğu münasibətləri bərpa edəcəyinə ümid edir. İkincisi, Rusiya və Çin ilə gərginliyin son dərəcə yüksək olduğu bir dönəmdə gəlinəcək nəticəyə Türkiyənin veto qoyması probleminin yaranmasını istəmir. Vaşinqtonun Cənubi Kiprin NATO-ya üzv olmasına çalışdığı da bəllidir. Egey dənizindəki Türkiyə-Yunanıstan gərginliyi fonunda bu məsələnin ABŞ prezidentinin Ərdoğanla görüşündə müzakirə olunacağı da diqqət mərkəzindədir. S-400 məsələsində bir anlaşma olmasa belə ən azından bu məsələ ətrafında müzakirə gedəcəyi istisna deyil. Türkiyə ilə ABŞ arasında ciddi problemlərin çox olduğu bir ərəfədə bu səfərin böyük önəm kəsb etdiyi bildirilir. ABŞ-ın ən yüksək rəsmisinin Türkiyəyə səfəri, ona verdiyi önəmdən bəhs edir. Böyük ehtimalla, qondarma soyqırımının Co Bayden tərəfindən tanınmasından sonra yaşananlar prezidentlərin görüşündə diqqət mərkəzində olacaq. Eləcə də, Qarabağda mövcud durum, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına da toxunula bilər. Öz növbəsində "Habertürk” yazır ki, gözlər iyunun 14-ə dikilib, bu tarix Türkiyə üçün ən kritik tarix olmağa namizəddir: "14 iyun sonrası hər şey bəlli olacaq. Münasibətlər ya kəsilə, ya da sürətlə inkişaf edə bilər”. Analoji hal 2019-cu ildə də yaşanmışdı. Qəzet, o zaman prezident olan Donald Tramp və Ərdoğan arasında münasibətləri xatırladıb: "Külək o zaman sürpriz şəkildə Türkiyədən yan keçdi. Baxaq görək bu dəfə bənzəri təkrarlanacaq, yoxsa əksi baş verəcək?”

Görünməyən güclər

Bütün bunlarla yanaşı, əksəriyyət hesab edir ki, Bayden Tramp idarəsindən tamamilə fərqli bir formada siyasət həyata keçirir. Tam əksinə olan bir idarəetmə yanaşması göz önündədir. Dövlət katibi Blinkenin uzun illər Bayden ilə işləməsi, Milli Təhlükəsizlik Məsləhətçisi Cek Sullivanın Blinkenə yaxın biri olması, Müdafiə naziri Lloyd Austin də Baydenin İraqdan yaxşı tanıdığı bir əsgər olması buna nümunə təşkil edir. İlk baxışda Baydenin xarici siyasət komandasının Türkiyə ilə əlaqəli mövzulara bələd olduqları görünür. Rusiya, Suriya, Şərqi Aralıq dənizi, NATO, S-400 və İran bunların önündə yer alır.

"Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə regional və müstəqil güc olma yolunda əminliklə davam edir, bu da, təbii ki, qaranlıq güclərin əli ilə prezidentliyə gələn Co Baydenin ilk baxışda səbəbi anlaşılmayan hücumlarına səbəb olur”. Bu fikirlər isə "Yeni akit” qəzetinin əməkdaşı Muhemmet Kutluya məxsusdur. Onun fikrincə, Baydenin Türkiyəyə qarşı qərəzli siyasətinin arxasında da görünməyən güclərin əli var: "ABŞ-ın keçmiş prezidenti Donald Tramp aqressiv bir siyasətə və ritorikaya sahib olmasına baxmayaraq, Amerika maraqlarını üstün tuturdu. Ancaq ABŞ-dakı görünməyən güclər onu zəiflədib Co Baydenə məğlub etdilər. Baydenin Türkiyəyə qarşı, ilk baxışdan məntiqi çözülməyən bu düşmən siyasətinin başlanğıcında 1915-ci ildəki deportasiya hadisəsini "soyqırım” kimi qələmə vermək həmləsi var” deyən M.Kutlu "bəs Amerika prezidentinin, regionda güc olan Türkiyəni itirməmək üçün səy göstərmək yerinə, Türkiyə ilə körpüləri yandırmasının arxasında nə dayanır?” sualını belə cavablandırıb: "Türkiyə təhlükəsizliyinin təmini üçün öncədən razılaşdırdığı müqavilə əsasında ona verilməyən müdafiə sənayesi silahlarını Rusiyadan almaq məcburiyyətində qaldı, həm də yerli və milli imkanlarını inkişaf etdirməklə bu ehtiyacını qarşılamaqdadır. Pilotsuz təyyarələrin (SİNA) II Qarabağ savaşında və Liviyadakı vətəndaş müharibəsindəki uğurları dünyadakı müharibə tarixini dəyişdirəcək gücdədir. ABŞ-ın Türkiyəni F-35 layihəsindən kənarlaşdırması ölkəmizi Milli Müharibə Təyyarəsi (MMU) və pilotsuz savaş təyyarələri layihəsini sürətləndirərək 2023-cü ildən öncə istehsal etməyə məcbur etdi. Həm dəniz, həm quru, həm də hava qüvvələrində istifadə olunacaq raket sistemlərimizdəki uğurlar da Türkiyənin müdafiə sənayesindəki inkişafına sübutdur. Bundan başqa, 200 milyard dollarlıq ixracatı aşan Türkiyə, artıq bu sahədə dünya bazarlarında söz sahibi olmaq yolundadır. ABŞ-ın Egey və Şərqi Aralıq dənizində dəstəklədiyi yunan tezislərini Türkiyə bölgədə ən böyük donanmaya sahib olmaqla pozur və bu da təkcə Amerikanın deyil, bütün qlobal güclərin narahatlığına səbəb olur”.


Baydenin Suriya siyasəti necə olacaq?

Məlum olduğu kimi, Bayden administrasiyası Suriyanın şimalında yaradılmış kürd partiyası olan "Demokratik Birlik Partiyası” (PYD) və onun silahlı qanadı "Xalq Özünümüdafiə Dəstələri”nı (YPG) müdafiə edir. Halbuki bu qüvvələr Türkiyəyə qarşı açıq terrorçu fəaliyyətlə məşğuldur. Rəsmi Ankara haqlı olaraq onları ABŞ-ın beynəlxalq terrorçu təşkilat kimi tanıdığı (1999-cu ildə) PKK-nın Suriya qanadı hesab edir. Başqa sözlə, Ankara üçün Suriyada terrorçu olanlar Vaşinqton tərəfindən müttəfiq kimi qəbul olunur. Eyni məntiqlə də ABŞ Türkiyəni Bəşər Əsəd rejimini devirmək istəyən "radikal islamçılar”la əməkdaşlıqda ittiham edir. Hətta Cozef Bayden hələ vitse-prezident olarkən Türkiyə başda olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini öz ərazilərində terrorçu qruplaşmaları himayə etməkdə və Suriyaya göndərməkdə günahlandırmışdı. Bu ağır ittihama Türkiyə prezidentinin kəskin reaksiyası özünü çox gözlətməmişdi. Ərdoğan Cozef Baydeni yalan informasiya yaymaqda ittiham etmiş və ondan üzr istəməsini tələb etmişdi. Vəziyyətin dramatikləşdiyini görən Bayden, zəng edərək Ərdoğana üzrxahlıq etmək məcburiyyətində qalmışdı. Bütün bu faktlar da bir daha təsdiqləyir ki, Bayden Türkiyə dövlətinə və xüsusən də onun xarizmalı liderinə qarşı hər zaman qərəzli davranış sərgiləsə də, indi vəziyyət fərqlidir. Prezidentdir və bu qərəzi arxa plana atmağa məcburdur. Həqiqət budur ki, "Suriya böhranı”ndan ən çox əziyyət çəkən dövlət məhz Türkiyədir. BMT-nın Qaçqınlar Üzrə Ali Komissarlığının 2018-ci il üçün hesabatında qeyd olunduğu kimi, məhz Türkiyə Yaxın Şərq, Afrika və Əfqanıstandan olan bütün qaçqınların 63,4%-ni öz ərazisində qəbul edib və yerləşdirib. BMT-nin 2019-cu il üçün analoji hesabatında isə qeyd olunur ki, Türkiyə Suriyada vətəndaş müharibəsi nəticəsində ev-eşiyindən məhrum olmuş 3,6 milyon insana qucaq açıb, onların Avropaya axını yolunda sipər olub, bütün yaşayış problemlərinin həllini öz üzərinə götürüb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər