AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bu dünyadan bir Fikrət Qoca keçdi

Bu dünyadan bir Fikrət Qoca keçdi

Mədəniyyət
08 May 2021, 11:00 1236
Xalq şairi xalqa bağışladığı onlarla kitabı, qəlblərdən dillərə süzülən nəğmələri, ziyalılıq nümunəsi ilə 85 illik bir ömrü başa vurdu
 
"Bu gün Fikrət Qoca həm böyük şairdi, həm də xoşbəxtdi. Böyük şair olmasını hər birimiz bilirik, onu oxuyuruq, duyuruq. Amma xoşbəxtdi ona görə ki, bu cür sevilir, ailəsi, övladları var, nəvələrinin, oxucularının, onu sevənlərin əhatəsindədi. Amma bu xoşbəxtlik də, şöhrət də, kitablar da, mükafatlar, ordenlər də gərgin əməyin, böyük zəhmətin nəticəsidir”.  Xalq şairi Fikrət Qocanın yubiley mərasimində səslənən bu fikirlər xalqın sevimli şairinin həyat yoluna işıq tutur. Bu çətin və məşəqqətli yolda yuxusuz gecələrin, onlarla kitab, yüzlərlə şeir və mahnının silinməz izi var.

Şairin dostları və həmkarları onu "Azadlıq aşiqi”, "İstiqlal mücadili”, "Vətənpərvər”, "Nəğməkar şeirlərin müəllifi” adlandırırlar. Xarakterinə xas olan təvazökarlıq, fərqlilik, həlimlik, səxavətlilik kimi xüsusiyyıtləri də vurğulayırlar."Fikrət Qoca bu yaşında da min cavana dəyən gəncdir. Fikrətin cavanlığı, onun poeziyasının, ruhunun, qələmə aldığı əsərlərin cavanlığıdır. O, Azərbaycanın istiqlalı uğrunda öz qələmiylə, poeziyasıyla ən böyük mübarizə aparan şairlərimizdən biridir. Fikrət Qoca Kubadan da, Vyetnamdan da, Afrikadan da, onların azadlıq, istiqlal uğrunda mübarizəsindən yaza bilərdi. Amma bütün bu şeirlərində qəsd elədiyi Azərbaycanın müstəqilliyi, Azərbaycanın azadlığıydı. Çünki o zaman ölkəmiz azad deyildi və Fikrət öz şeirlərində bu dərdi müxtəlif  xalqların dərdi kimi ifadə edirdi. Fikrətin şeirlərinə səmimilik, yumor, bir az da kədər xasdı. O, müxtəlif vəznlərdə yazır - hecada da, əruzda da, sərbəstdə də şeirləri var. Amma bütün bu şeirləri birləşdirən cəhət onların yüksək poetik siqlətidir, yüksək poetik çəkisidir. Bu gün Fikrət bütün xəstəliklərə şeiriylə qalib gəlib, şeiriylə onları tapdalayıb, üstündən keçib, oxucularının, onu sevənlərin qarşısında, arasındadır”- deyə yaxın dostu və sirdaşı Anar deyirdi.
 
Yaxşı nümunə

Fikrət Qocanın həyat yolu asan olmamışdı. Keşməkeşi həyatını həmişə gözü yol çəkə-çəkə xatrlayardı: " Uşaqlığının bir hissəsi Böyük Vətən müharibəsi dövrünə təsadüf etdiyindən o qədər də rəvan keçməyib. Atam həkim idi. Müharibəyə getsə də, qolunun biri tam açılmadığından onu tərxis edir və Gəncə yolunun üstündə yerləşən Dəliməmmədlidəki hospitala rəis göndərdilər. O vaxt dəmiryollarının kənarlarında hospitallar qururdular. Uşaqlığımın bir hissəsi orada keçdi. Uşağı çox şey təəccübləndirə bilər. Amma orada gördüklərim məni indiyə qədər təəccübləndirir. Müharibə dövrü olduğundan özbaşınalıq, hərc-mərclik hökm sürürdü. Gecələr adamların əlindən hansısa əşyasını, yaxud çörəyini alıb özlərini qatardan bayıra atırdılar. Səhərlər atam sanitarları, tibb bacılarını dəmir yolunun kənarlarında atılıb qalmış adamları yığıb gətirməyə göndərirdi. Hərbi yaralılardan başqa, onlar üçün xüsusi otaq ayırmışdı ki, ölüb-itməsinlər”.

Balaca Fikrət birinci sinifə Dəliməmmədlidə gedir. Müharibə qurtaranda isə Ağdaşa, Kotanarxa - doğma kəndlərinə qaydır. İbtidai sinifi çayın üstündə qeyri-adi mənzərəsi olan bu kənddə bitirir. Sonra Ağdaşda ev alıb oraya köçürlər və bu dəfə də təhsilini Ağdaşda davam etdirir: "Orta məktəbin təxminən yeddinci sinifində oxuyanda dərslər məni sıxdığından Ağdaşdakı Kənd Təsərrüfatı Texnikumunda oxumağa qərar verdim. Bir az keçəndən sonra atamın təkidi ilə Nizami adına orta məktəbdə təhsilimi davam etdirdim və elə bu məktəbdən də məzun oldum. Avqust ayında sənədlərimi də götürüb Bakıya - o vaxtkı Azərbaycan Dövlət İnstitutuna üz tutdum.Universitetdə sənədlərimə baxıb dedilər ki, ya sənədlər saxtadır, ya da həqiqətən yazılar pozulub. Sənədlərə baxmadan evdən götürüb gəlmişdim. Deməyəsən, attestatımı tuşla yazmaq əvəzinə, tuş tapmadıqlarından rezin yandırıb içinə su qatıb bir balaca qara edib yazıbmışlar. Vaxt keçdikcə bu yazılar havaya buxarlanıb. Attestatda nə yazı, nə də möhür qalıb. Yalnız hiss olunurdu ki, burada nəsə yazılıb”. F.Qoca sənədlərini götürüb yenidən Ağdaşa qayıdıb. Avqustun sonunda Bakıya dönəndə isə sənəd qəbulu başa çatmışdı: "Utandığımdan rayona qayıtmamaq üçün Bakıda Dəmiryolu Texnikumuna daxil oldum. Məni ikinci kursa qəbul etdilər. Sonra texnikumu yarımçıq qoyub sənədlərimi instituta verməyə heyfim gəldi. Fikirləşdim ki, elə texnikumu bitirəndən sonra sənədlərimi instituta verərəm. Amma texnikumda təhsil ala-ala dərnəklərə gedirdim. Sabir adına kitabxanadakı dərnəyin üzvü idim. Dərnəklərdə uşaqlarla tanış olur, şeirlərimi oxuyurdum, yəni yazı-pozudan qalmırdım. Şeirlərim dərnək üzvlərinin xoşuna gəlirdi. Ora gələn uşaqların arasında "Kirpi” jurnalında işləyən birisi mənə təklif etdi ki, şeirlərimdən birini verim, redaksiyada göstərsin. Bu minvalla ilk şeirim "Kirpi” jurnalında dərc olundu”.

Ailədə böyük uşaq olduğundan məsuliyyət həmişə onun çiyinlərinə düşüb. "Ailədə 8 uşağın birincisi idim. Atam həmişə deyərdi ki, "Fikrət, sən necə olacaqsansa, qardaş-bacıların da sənə oxşayacaq. Avara olacaqsansa, hamısı avara olacaq. Çünki böyük qardaş nümunədir. Sənin üçün çətin də olsa, gərək elə adam olasan ki, onlar həyatda özlərinə yer tuta bilsinlər. Bu səbəbdən böyük olmağım hələ kiçik yaşlarından, özümü dərk edəndən boynumda ağır bir yük idi. Daim gözümün qarşısına qardaş-bacılarımı gətirir və ciddi-cəhdlə çalışırdım ki, onlara nümunə olum. Bəlkə də göstərdiyim yaxşı nümunə səbəbindən səkkiz uşağın hamısı ali təhsil aldı, hətta içərilərində alim olanları da var”.
 
Maksim Qorkinin "universiteti” kimi
 
Atası Göyüş kişi həkim olsa da ədəbiyyata, poeziyaya həvəsi vardı. Fikrətə də şeirə maraq atasından keçmişdi: "Atamömrünün sonuna kimi şeir yazırdı, nəsr əsərləri də var idi. Subay vaxtı Bakıda işlədiyi illərdə atamın Mikayıl Müşfiq və digər şairlərlə ünsiyyəti, gediş-gəlişi olub.Bir sözlə, ədəbiyyata, şeirə maraq mənə oradan keçib. Ədəbiyyat bizim evdə kənar bir şey deyildi. Çörək və su kimi həmişə süfrəmizin başında idi.Amma öz yazdığım şeirlərə ciddi yanaşmırdım. Heç şair olacağımı da düşünmürdüm”. Dəmiryolu Texnikumunda semestr imtahanlarını təzə verib qurtaranda Yazıçılar Birliyinə çağırılıb. Artıq o zaman şeirləri çap olunduğundan gənci bu qurumda tanıyırdılar. "Yazıçılar Birliyində Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda tərcümə qrupuna tələbə yığıldığını dedilər və oraya getməyimi məsləhət gördülər. Texnikumdakı təhsilimi artıq başa vurmuşdum və bu təklifə "göydə” razılaşdım. Yaradıcılığımı Yazıçılar Birliyinə təqdim etdim, onlar tərcümə edib Moskvaya göndərdilər. Beləliklə, müsabiqədən keçdim və Moskvaya gedib formal imtahan verib tərcümə fakültəsinə qəbul oldum.Hələ dərslər başlamamış təsadüfən şeirləri universitetin bədii şeir şöbəsinin seminar rəhbəri, o vaxtın məşhur rus şairi Lev Oşaninin əlinə keçdi. O, "bu adamı poeziya şöbəsinə götürürəm, bunu tərcümədə korlamayaq”- dedi. Beləliklə, təhsilimi Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya bölməsində davam etdirdim. Bu, mənim üçün əsil həyat məktəbi oldu. Elə, böyük Qorkinin "universiteti” kimi”.

F.Qoca Moskvadan qayıdandan sonra ömrünün ədəbiyyatımıza, poeziyamıza sədaqətlə xidmət edən məhsuldar illəri başlayır...
 
Xoşbəxt şair

Fikrət Qoca həmişə iş başında idi. Qışın soyuğunda, sazağında, günəşin istisində də işə yollanır, Yazıçılr Birliyinin pillələrini ağır-ağır qalxıb düşürdü. Onu yaşadan da, yaradıcılığa daim sövq edən də həyat və yaradıcılıq eşqi idi. "Fikrət Qoca 60-cı illərdə necə enerjiylə, ruhla, şövqlə işləyirdisə, indi də o cür davam edir, o səviyyədə yazır”- deyə akademik Nizami Cəfərov təsadüfən demirdi.

Xalq tərəfindən sevilən, dillərdə əzbər olan bir çox mahnılar Fikrət Qocanın şeirləri əsasında yazılmışdı. Şəfiqə Axindova, Emin Sabitoğlu, Ramiz Mirişli, Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi, Nəriman Məmmədov, Telman Hacıyev, Polad Bülbüloğlu kimi görkəmli bəstəkarlarla işləyib. "Arazım”, "Azərbaycanım”, "Gəl, ey səhər””, "Doymadım sözlərindən” "Dilin can incidəndir”, "Gecənin nəğməsi”, "Gecə yaman uzundur”, "Mehribanlıq”, "Bənövşə, "Bir xumar baxışla”, "Əlvida”, "Qaytar eşqimi”, "Payız gəldi”, "Çiçək tapa bilmədim”...kimi 300-ə yaxın sevilən mahnı onun şeirlərinə yazılıb. Buna görə də Fikrət Qocaya "Nəğmıkar şair” deyirdilər. Polad Bülbüloğlu həmişə deyir: "Fikrət Qoca yüzlərlə mahnı mətninin müəllifidir. Mənimlə də xeyli işləri var. Və onu deyim ki, bəstəkar üçün onunla işləmək rahatdı, gözəldi. Onunla ən uğurlu mahnılarımız indi şənliklərdə, toylarda çalınır, hətta xalq mahnıları kimi qəbul olunur. Bir sənətkar üçün bundan gözəl heç nə ola bilməz”.
Hələ beş il əvvəl – Fikrət Qocanın 80 illik yubileyində çıxış edən ən yaxın dostu Anar "Arzum budur ki, növbəti ad  gününü Şuşada edək”- deyə arzulamışdı. Fikrət Qoca ad gününü Şuşada keçirə bilməsə də Şuşanın, Qarabağın azadlığı onun üçün ən böyük bayram oldu. Onun kövrək şair qəlbi bu böyük Qələbədən dağa döndü. "Mənə işğaldan azad olan torpaqlarımızın sevincini yaşamaq nəsib oldu. Bunu 30 ildir ki, gözləyirdim. Bundan böyük xoşbəxtlik ola bilməz” dedi.

Fikrət Qoca dünyadan xoşbət insan kimi köçdü. Xalqa bağışladığı onlarla şeir dolu kitabı, qəlblərdən dillərə süzülən nəğmələri, ağsaqqal öyüd-nəsihətləri, gənclərə dəstəyi, ziyalılıq nümunəsi ilə 85 illik bir ömrü başa vurdu.

Üzü yaza gedirəm,
mən də torpağam,
Baharlıyam, qışlıyam!
Azərbaycanlıyam,
Şuşalıyam, Ağdaşlıyam!

- deyə "Gedirəm” yazan şair canından çox sevdiyi Vətən torpağına qarışdı...
 
Allah rəhmət eləsin!
 
Təranə Məhərrəmova