• cümə axşamı, 28 mart, 17:46
  • Baku Bakı 16°C

Bu bir nağıl deyil, dərsdir

09.09.19 10:45 1229
Bu bir nağıl deyil, dərsdir
İstedad əsla məhv olmur və əsl sənət hər zaman bəhrə verir. Bəzən müəllifinin sağlığında olmasa da, əsl incəsənət, ədəbiyyat nümunəsi tez-gec layiq olduğu dəyəri alır. Ədəbiyyatın əsl zəhmətkeşlərinin, ölməz nümunələr yaradanların sağlığında qiymətləndirilməsi isə müsbət tendensiyadır.
"Man Booker” fondu ədəbiyyatsevərlərə ikinci bir Patrik Modiano sindromu yaşatdı. Fond 2018-ci il üçün nəzərdə tutulmuş əsas mükafatı irlandiyalı yazar Anna Börnzə verdi. Münsiflər heyəti xanım Börnzün üçüncü romanı "Südsatan”ı ("Milkman”) "özünəməxsus, fərqli və olduqca orijinal” hesab edərək mükafatın bu romana verilməsini uyğun gördü. Börnz iddialı bir yazar idi? Özü də deyir ki, yox: "Yazar iddialı ola bilməz. Ən azından mənim kimi yazar. Mən heç öz həyatımı yazdıqlarım hesabına təmin edə bilmirəm. Yazarın gücünü yazdıqları sübut edir. Bunu görmək üçün gərək 200-300 il yaşayasan. Əgər əsərin də o qədər yaşayırsa, onda iddialı ola bilərsən. Bu isə praktiki olaraq, mümkün deyil”.
Anna Börnz 1962-ci ildə İrlandiyanın Belfast regionunda anadan olub. 1987-ci ildə təhsilinə və karyerasına yeni istiqamət vermək üçün Londona gəlir. Elə o vaxtdan İngiltərədə yaşayır. 2014-cü ildən Londonda maddi vəziyyəti dözülməz hal aldığından Suseks əyalətinə köçür.
İlk romanı "Tərəddüdsüz” ("No Bones”) ilə ədəbiyyata sağlam addım atan yazıçı bir çox regional mükafatın qalibi olub. Onun bu romanı "Dublinlilər” (Ceyms Coys) ilə müqayisə edilib. İkinci romanı "Xırda gedişlər” ("Little constructions”) elə də səs gətirməsə də, "Südsatan” üçün yaxşı bir zəmin oldu. Bu mükafat yazıçı üçün sürpriz, İrlandiya üçün bir ilk oldu. Börnz bu mükafata layiq görülən ilk irlandiyalıdır. 18 yaşlı bir qızın dilindən nəql olunan hekayə dekabrın 11-də, ABŞ-da fəaliyyət göstərən "Graywolf Press” nəşriyyatında işıq üzü görəcək.
– Yaradıcılığınızın ilk əhəmiyyətli mükafatıdır. İlk siyahıda adınızı görmək necə duyğu idi?
– İnana bilməmişdim. Özümə gəlməyim xeyli zaman aldı. Bir an mənə elə gəldi ki, mən yazar deyiləm, bunlar yuxudur. Sonra isə bu xaos yerini sevincə, növbəti həyəcana verdi.
– Artıq qalibsiniz…
– Mükafatlandırmadan qayıdanda yolda 2014-cü il, Londonda illərdir yaşadığım yeri tərk etməyim, köç ağırlığı, yeni yerə uyğunlaşmaq əziyyəti və bütün bunların fonunda romanı yazdığım günlər yadıma düşdü. Ağrılar, əzablar, yuxusuzluq… Su içmək belə əziyyət verirdi. Amma yazırdım. "Südsatan”a bir ümidim yox idi, sadəcə əzabdan müvəqqəti qurtuluş yolu tapmışdım. "Man Booker” almaq isə… Xəyal belə deyildi. Nə qədər xoş duyğudur. Özümə sual verirəm ki, görəsən, bu əzabın mükafatıdır, yoxsa ədəbiyyatın?!
– Bu romanda keçdiyiniz həyat yolunun, təcrübələrinizin bir rolu varmı?
– Bəli. Mən də eynilə romandakı kimi zorakılığın, inamsızlığın, paroniak psixi vəziyyətin insanların iradəsinə qənim kəsildiyi bir yerdə böyümüşəm. Bizim yerlərdə də mənim kimi həyatını az-çox idarə edib, başqa bir yerdə yenidən başlayıb, buradan xilas olmaq üçün əlindən gələni edən o qədər adam var idi ki.
– Bu kitabın üz qabığında daha protaqonist sərlövhə görə bilərdik. Niyə "Südsatan”?
– Çünki kitab o siz nəzərdə tutduğunuz adları götürmədi. O tip sərlövhələr cəlbedicidir, amma bu romanın gücünü, özünəxas sferasını sarsıdardı. Əgər müasir, cəlbedici bir başlıq qoysaydıq, elə bilərdim ki, bu başqa adamın romanıdır, yüngül, bayağı ideya təklif edən bir hekayədir. Bütün roman boyu hər gün onun üçün müəyyən adlar seçib, sonra imtina etmişəm. Nəsr belədir. Şeirə bir duyğunun da adını verə bilərsiniz, amma romanın adı hekayənin çəkisinə, əhəmiyyətinə məsul olmalıdır. Bəzən elə hekayə özü necə çağırılmaq istədiyinə müəyyən işarələr verir.
– Qalibi olduğunuz mükafatın ən sevdiyiniz qalib romanı hansıdır?
– 2010-cu ildə "Man Booker” fondu möhtəşəm bir addım ataraq, ümumxalq səsverməsi keçirdi. Mükafat almamış, amma layiq olan romanı təyin etmək üçün "Lost Man Booker”("İtirilmiş Man Booker”) nominasiyası üzrə mübarizə başlatdı. Və o səsvermədə Ceyms Qordon Farrelin "Əzablar” ("Troubles”) romanı ciddi səs üstünlüyü ilə birinci oldu. İlk dəfə bu əsəri oxuyanda mənəvi yüksəliş yaşadığımı hiss etdim. Bu romanın layiq görüldüyü mükafatı alacaq qədər güclü bir hekayənin müəllifi olacağım mənim üçün xəyal idi. "Man Booker” ə layiq görülmək bir ömürlük xəyalın reallaşmasıdır.
– Bəs, son dövrlərin nəşrləri arasında hansıların adını çəkə bilərsiniz?
– Açığı çağdaş ədəbiyyata bir xeyli uzağam. Bəlkə də, ona görə qalibiyyətə ümidim yox idi. Siyahımda oxunası o qədər roman var ki, hələ XXI əsrə keçə bilməmişəm. Bu bir yazar üçün heç də xoş profil formalaşdırmasa da, həqiqət belədir.
– Sizcə, indi yazarlar ən çox hansı mövzunu yamağa maraqlıdırlar?
– Başqa yazarları bilmirəm, amma mən yəqin ki, bir də bu qədər ağrılı, bu qədər ağır mövzuda yazmağa girişə bilmərəm. Amma bir dəfə ədəbiyyatın belə deyək də, kulisinə yaxşı bələd olan jurnalistlər arasında gedən bir söhbətə qulaq şahidi olmuşdum. Onların iddiasına görə, yazarlar daha çox kriminal, qorxulu hekayələri yazmağa üstünlük verirlər. Yəni, detektiv-triller janrında rəqabət pik həddədir.
– Hansı yazarın layiq olduğundan çox aşağı qiymətləndirildiyini, dəyərinin bilinmədiyini düşünürsünüz?
– Filip Rot.
– Aldığınız ən yaxşı tövsiyə?
– Həyat haqqında aldığım ən yaxşı tövsiyə – mehriban olmaqdır. Yazarlıqla bağlı ən yaxşı tövsiyəni yaradıcı yazarlıq kursunda təlimçi vermişdi – iki tip yazar var. Birinci tip yazarlar hələ qələmi vərəqə toxundurmamışdan yazacaqları romanın ən kiçik detallarını da düşünüb, planlaşdırmış olurlar. Əgər bu qrupa aid yazar olacaqsınızsa, hər zaman planların alt-üst olma ehtimalını gözə alıb, bir B planı da düşünün. İkinci tip yazarlar heç başladıqları cümlənin belə necə bitəcəyini bilmir. Onlar üçün roman duyğu və ideya axınıdır. Bu qrupa aid olacaqsınızsa, yəni mənim kimi, yazının sizi hara çəkdiyini, nə demək, nə dedirtmək istədiyini müəyyənləşdirməyə çalışın.
– Yazmağa necə başlayırsınız?
– Dediyim kimi planlayaraq yazmıram. Bir dəfə cəhd etdim, cəmi on səhifə sonra hansı məqsədlə başladığımı unutdum. Mənə sadəcə qəhrəmanlar, obrazlar lazım olur. Əgər qəhrəmanlarla bağlı hansısa detalları unutsam, onda hekayədə uyğunsuzluqlar olur. Bu isə arzuolunmazdır.
– Xüsusi yazı fəndləriniz varmı?
– Yox, ümumiyyətlə, yoxdur. Əgər hiylələrə başım işləsəydi, mən də bestseller yazar olardım. İlk dəfədir ki, mənə belə sual ünvanlanır. Dövlət sosial yardım fondu, yerli xeyriyyə qurumları olmasa, mən o bir otaqlıq yerdə acından ölə bilərdim. Sizcə, mən hiylə bacarsam, belə yaşayardım?! Mən özümü seçmirəm. Tarix boyu kasıblıq, borc içində çırpına-çırpına yaşayan yazarlar olub. İndi də az deyil. Mən təkcə ona görə sevinmədim ki, "Man Booker” aldım. Həm də ona görə sevinirəm ki, artıq yemək, pul üçün kiməsə, harasa məktub yazmaq məcburiyyətində qalmayacam. Həm də ona görə sevinirəm ki, mənim vəziyyətimdə yazıb-yaradan hamı üçün bir ümid yeri oldu. Həm də ona görə sevinirəm ki, mənim əməyimin dəyəri sağlığımda bilindi. Odur ki, nə həyatda, nə ədəbiyyatda hiylə mənim iş alətim olmayıb.
– 50000 funt-sterlinq məbləğində pul mükafatı aldınız. Bu pulla bağlı nə kimi planlarınız var?
– O qədər borcum var ki, plan qurmağa ehtiyac qalmır. Borclarımı bağlayıb, bir qədər həyat şəraitimi yaxşılaşdırmaq istəyirəm. Bu romanı yazanda o qədər əzablara dözmüşəm ki… Məni əsla əliboş yola salmayan, yazmaq üçün dəstək verən hamıya minnətdarlığım sonsuzdur. Bu borcu ödəmək olmaz. Sosial yardım fondu, xeyriyyə qurumları, bələdiyyə nəzdində fəaliyyət göstərən incəsənət şöbəsi, yazar dostlar hamıya minnətdaram. Bu qadını ölməyə qoymadığınız üçün. "Südsatan” zibilimi təmənnasız atan Tifandan tutmuş xeyriyyə fondunda məktubuma həmişə operativ cavab vermiş gənc xanıma kimi – yüzlərlə adamın əməyinin nəticəsidir.
Qalib olduğum elan ediləndən 7 dəqiqə sonra naşirim romanın 100 min yeni nüsxəsinin çapı üçün göstəriş verdi. Ordan gələn gəlir məni bir xeyli irəli aparacaq. Maddi gəlirə bağlı problemlər yaşamaqdan, bir şeyi 50 dəfə planlaşdırmaqdan yorulmuşdum.

Mənbə: "the-tls.co.uk”, "Guardian”, "Telegraph”

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı


banner

Oxşar Xəbərlər