AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

BSU rektoruna ABŞ-ın iki medalı təqdim olunub

BSU rektoruna ABŞ-ın iki medalı təqdim olunub

Təfsilat
27 Noyabr 2017, 17:39 2466
Azərbaycan Respublikasının Prezidentinin dəvəti ilə ölkəmizə gəlmiş amerikalı politoloq, beynəlxalq jurnalist Piter Teys noyabrın 27-də Bakı Slavyan Universitetinə (BSU) Amerika Birləşmiş Ştatlarının iki yüksək səviyyəli medalını təqdim edib. Təqdimetmə mərasimində tələbələrlə yanaşı universitetin rəhbəliyi, alim-professor heyəti də iştirak edib. Qeyd edək ki, 2016-cı ildən BSU ilə əməkdaşlıq edən tanınmış amerikalı politoloq bu il də adıçəkilən universitetin  tələbələri qarşısında bir neçə mühazirə ilə çıxış edib, gəncləri maarifləndirmə istiqamətində təlimlər keçib.
 
Amerikalı diplomat təqdimatdan əvvəl tələbələr qarşısında son mühazirəsini oxuyub, onların çoxsaylı suallarını cavablandırıb.
 
Tədbirdə iştirak edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bakıya son illər ərzində sıx-sıx səfər edən Piter Teysin dünya mətbuatında ölkəmiz barədə müsbət fikirlər səsləndirdiyini, xüsusən Dağlıq Qarabağ problemi ilə bağlı  ciddi siyasi açıqlamalar verdiyini, nüfuzlu beynəlxalq tədbirlərdə respublikamızın haqlı mövqeyini müdafiə etdiyini bildirib. 
 
N.Əliyeva bu gün Azərbaycanda dövlət ideologiyasının tərkib hissəsinə çevrilmiş multikulturalizm siyasətinin kökündə də məhz bu səmimiyyətin, humanizmin, insanpərvərliyin  dayandığını bildirib. Rektor multikulturalizm siyasətinın Azərbaycanı digər dünya dövlətlərindən fərqləndirən əsas amil olduğunu bildirib. O, 25 il bundan öncə Ümumilli Lider Heydər Əliyevin ölkəmizdə gerçəkləşdirməyə başladığı multikulturalizm siyasətinin Azərbaycanı uçurumdan xilas etdiyini və qısa vaxt ərzində  böyük inkişaf yoluna çıxartdığını qeyd edib. 
 
N.Əliyeva Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, Azərbaycanı dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına daxil etdiyini bildirib. Rektor bu uğurlu siyasət nəticəsində tezliklə Dağlıq Qarabağ probleminin də öz ədalətli həllini tapacağını vurğulayıb. N.Əliyeva deyib: "Qarabağ problemi bizim ən böyük dərdimizdir. Prezident İlham Əliyev hər zaman deyir: "Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var!” Azərbaycan xalqı inanır ki, müasir texnika ilə təchiz olunmuş ordumuz, vətənpərvər övladlarımız qısa müddətdə Qarabağı azad edə bilər. Ancaq biz qan tökülməsini istəmədiyimizdən, dinc yolla torpaqlarımızın azad edilməsinə nail olmaq istəyirik”. 
 
N.Əliyeva bu işdə dünyanın ədalətli insanlarının, haqsevər siyasətçilərinin də mühüm rol oynamaqda olduğunu bildirib. O, həmin insanların birinciləri cərgəsində Piter Teysin adını çəkib. Universitetin professor-müəllim və tələbə kollektivi adından Piter Teysə minnətdarlıq edən rektor Azərbaycan xalqının ədalətli insanlara daim böyük diqqət və qonaqpərvərlik göstərdiyini vurğulayıb.
 
Sonra söz alan amerikalı qonaq Bakı Slavyan Universitetində təhsilin yüksək səviyyədə qurulduğunu və bu təhsil müəssisəndə mühazirələr oxumaqdan məmnun qaldığını vurğulayıb. Azərbaycanlı gənclərin istedadlı və potensiallı olduğunu qeyd edən Piter Teys gələcəkdə də burada mühazirə oxumaq istəyini nəzərə çatdırıb.  Piter Teys BSU-dakı mükəmməl təhsil mühitinə, müasir tələblərə cavab verən tədris şəraitinə görə universitetin rektoru, professor N.Əliyevaya Amerika Konqresi Muzeyinin hazırladığı hədiyyəni, Amerika bayrağı və Amerikanın Vaşinqtondakı Azadlıq heykəlini simvolizə edən medalları təqdim edib. Bundan əlavə, Piter Teys Donald Trampın Seçki komandasının loqosunu da univeristetə bağışlayıb. 
 
O, arzusunun Qarabağın erməni əsarətindən azad olmasından sonra orada çay içmək olduğunu bildirib.