• cümə axşamı, 28 mart, 11:58
  • Baku Bakı 4°C

BP Azərbaycanın enerji keçidi sahəsində səylərinə töhfə verib

06.02.23 15:15 702
BP Azərbaycanın enerji keçidi sahəsində səylərinə töhfə verib

Bu gün BP bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislər hazırlanmasının bünövrəsini qoyacaq ilk universitet dərsliyini təqdim edib.

“Report”un məlumata görə, layihənin məqsədi Bakı Ali Neft Məktəbinin (BANM) bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil mühəndislər hazırlanması səylərinə dəstək olmaqdır. Bu mütəxəssislər Azərbaycanın bərpa olunan enerji sektorunu gücləndirməklə enerji keçidini sürətləndirmək planlarını irəli aparacaqlar.

“Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı 220 səhifəlik yeni dərslikdən əlavə layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzun sözlərinə görə, ölkənin və əslində elə BP-nin və tərəfdaşlarının da əsas məqsədlərindən biri dünyanın daha təmiz enerjiyə keçidini sürətləndirməyə dəstək olmaqdır: “Azərbaycanın güclü bərpa olunan enerji sektoru yaratmaq üçün nəhəng potensialı var. Bura “yaşıl” hidrogen, günəş və külək enerjisi resursları daxildir. Keçid prosesini səmərəli etmək və gələcəkdə ölkənin “yaşıl” iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksək ixtisaslı və səriştəli kadrların, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşmış mühəndislərin hazırlanmasına ehtiyac var. Ümid edirik ki, bu gün təqdim etdiyimiz dərslik və yeni təlim kursu BANM-a imkan verəcək ki, həm keçid prosesində və həm də sonrakı mərhələlərdə ölkənin ehtiyac duyacağı mütəxəssislərin hazırlanmasına başlanmasının əsasını qoysun. İnanırıq ki, bərpa olunan enerji bizneslərini idarə edəcək və yeni enerji layihələrini həyata keçirəcək yüksək peşəkar mütəxəssislərlə ölkənin enerji keçidi sahəsindəki hədəfləri mütləq reallaşacaq.”

BANM-ın rektoru prof. Elmar Qasımov isə bildirib ki, bu, bərpa olunan enerji üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması planların həyata keçirilməsi istiqamətində universitetimizin atdığı ilk addımdır: “Qərara gəlmişik ki, bu yeni tədris sahəsini bütün ixtisaslar üzrə bakalavr proqramımıza icbari fənn kimi daxil edək və gələcəkdə bərpa olunan enerji mənbələri üzrə magistr dərəcəsi də yaradaq. Bu yeni mühəndislik sahəsində təhsil imkanlarımızı genişləndirmək üçün ilk addımı atmağımıza kömək göstərdiklərinə görə bp-yə və onun tərəfdaşlarına təşəkkür edirəm. Yeni bir magistr dərəcəsi proqramının yaradılmasına yol açacaq bu layihə ilə biz enerjinin gələcəyinə doğru maraqlı bir səyahətə başlamış oluruq.”

Layihənin ümumi dəyəri 96 000 manat (56 470 ABŞ dolları) təşkil edir və bu məbləğ dərsliyin hazırlanması və nəşr olunmasını və eləcə də yeni təlim kursunun hazırlanmasını əhatə edir.

Layihə BANM tərəfindən icra olunub.

banner

Oxşar Xəbərlər