• çərşənbə, 24 Aprel, 03:57
  • Baku Bakı 14°C

BORC (hekayə)

03.05.14 12:15 2285
BORC (hekayə)
Nemət müəllim buxarının qabağındakı təkərli kürsüyə yayxanıb gündəlik poçtu nəzərdən keçirirdi. Bu zaman qəzet-jurnalların arasından bükülü bir kağız yerə düşdü. Qaldırıb baxdı. Teleqramdı. Açıb oxudu: “Nemət, oğul, səni görmək istəyirəm. Üzümüzə gələn şənbə-bazar yolunu gözləyəcəyəm. Anan Səltənət”. Başını buladı: “İlin-günün bu vaxtında, deyən arvadın kefi gəlib”. Orta evdən qızı səsləndi:
– Pap, podnimi tam trubku, dyadya Qumbat prosit tebya!
Nemət müəllim dəstəyi qaldırdı:
– Hə, eşidirəm, xeyir ola?
– Xeyirdi. Şənbə günü balıq ovuna gedirik, nə deyirsən?
– Gedərdim, amma banketimiz var. Özü də institutun müəllimləri tamadalığı boynuma qoyublar.
– Həə, sənnən ötdü... mənə bax, yaxşı yadıma düşdü, anamızdan teleqram almışam. Yazır ki, “Hümbət, oğul, səni görmək istəyirəm, üzümüzə gələn şənbə-bazar yolunu gözləyəcəyəm”.
Nemət müəllim təəccübləndi:
– İşə bax ey, toçnu elə məzmunda teleqram mənə də göndərib.
Dəstəkdə Hümbətin xırıltılı səsi eşidildi:
– Deyəsən, qocalanda o söz... elə dizinin dibində adam istiyir. Deyən gərəkdi ki, ay arvad, indi bekar adam vaar? Maşını dörd yüz kilometr qov ki, nə var, nə var, gəlmişəm səni görməyə.
– Həə, elə mən də o cür düşünürəm. Əşşi, işində ol, ovundan qalma.
– Yaxşı, xudahafiz...
Nemət müəllim dəstəyi asıb, oturduğu yerdəcə başını yana əyib gözlərini yumdu. Beş-on dəqiqə keçməmiş qızının cır səsinə diksindi:
– Pap, podnimi tam trubku, dyadya Xikmet prosit tebya!
Nemət müəllim dəstəyi qaldırdı:
– Hə, eşidirəm.
– Qardaş, salam, işinnən eləmədim ki?
– Buxarının qabağında təzəcə gözümün çimirini alırdım ki, sən də bu yannan bannadın. – Kəsik-kəsik güldü. – Nədi, qoymazsan istirahətimizi eliyək?
– Suliddin qoysa eliyərik istirahəti.
Nemət oturduğu yerində dikəldi:
– Neyniyib Suliddin?
– Evlənmək istəyir. İki ayağını dirıyib bir başmağa ki, şənbə günü elçi gedin. Deyir, sən, bir də üç əmim getsə bəsdi. Ha fikrindən yayındırıram, olmur. Özünüz bilin, deyir, getməsəniz götürüb qaçaram.
– Küçüyün nə vaxtıdı? İnstituta təzəcə qoymuşuq ki. İndi həvəsiyir. Bir yanı ayazda qalanda xəbər alaram. Arvad saxlamaq hasanddı bəyəm? Dirə ağzını daşdığa.
– Diriyirəm, vallah, beyninə batmır. Gözü qızıf... Amma bilirsən nə var, qızdan da keçməli döyül. Orduxanovun qızıdı.
Hümmət müəllim yerindən sıçradı!
– Nə danışırsan, ministr Orduxanov?
– Hə, hə!
– Sağ ol səni Suliddin! Deməli qıznan alışıb-verişiblər, həəmi?
– Bir kursda oxuyurlar, kəsmət kəsiblər. Deyif ki, ailəmizin bircəsiyəm, kimə istəsəm, papam ona da verəcək.
Nemət müəllim otaqda gəzişərək qardaşına tapşırıqlarını verdi:
– Sən belə elə. Elçiliyi sal bazara. Şənbə günü vacib işim var. Hümmətə, Rüfətə də xəbər elə. Yığışaq sizə, gedək. Uşağın ürəyini sındırma. Atalar nahaq demiyif ha, tez evlənənnən tez oyanan uduzmaz! Oldumu?
– Baş üstə, qardaş... Hə, yadıma düşmüşkən, indicə kənddən teleqram almışam, anam yazıb ki...
– Saxla, saxla görüm. Xəbərim var, mən də almışam. Onu qatda qoy bir qırağa, görmürsən, onnan vacib işlər çıxıb ortaya.
Hikmət də uzatmadı.
– Yaxşı, hələlik, zəngləşərik.
– Xudahafiz.
... Şəfiqə Səltənət ananın çarpayısı qarşısında dizi üstə çökmüşdü.
– Səltənət xala, sən Allah başını dikəlt, əvəlikli umacdan bir az içirdim sənə. Soyuqdəymənin qənimidi. Heç bilirsən sinən necə yumşalacaq.
Arvad qırıq-qırıq öskürürdü.
– İştaham çəkmir, bala, elə bil dolu istikannan yağ içmişəm, ürəyim bulanır. Başım da gicəllənir. – Gözlərini açıb, səssizcə bayırı dinşədi. – Ay qızım, pəncərədən boylan, deyəsən darvazanı taqqıldadırlar. Uşaqlar olar.
Şəfiqə ananı sakitləşdirdi.
– Taqqıldatmırlar, Səltənət xala, bayırda yaman külək əsir, elə bil tufandı.
Arvad təzədən gözlərini yumdu. Xırıltılı səslə dodaqaltı pıçıldadı:
– Niyə gəlmədilər görən. – Başını qıza sarı çevirdi. – Qızım, Şəfiqə, bəlkə teleqramı almadılar uşaqlar? Azmı elə işlər olur. Sonbeşiyimin toyu olanda maa teleqram yollamışdılar. Paştalyon Bilal kişi on günnən soora kağızı gətidi. Deyirəm, bəlkə bu da heylə bir işdi.
Şəfiqə tez-tələsik arvadın sözünü təsdiqlədi:
– Olar, olar, Səltənət xala. Heç bilirsən indi Bakıda havalar necə soyuq keçir? Dünən radioda öz qulağımnan eşitdim ki, yollar buz bağlayıb, gediş-gəliş çətinləşib. Məktəbləri də bağlayıblar. Yəqin elə oranın da Bilal əmi kimi paştalyonu var, soyuğun, şaxtanın qorxusunnan bayıra çıxmır.
Səltənət xala qonşu qızın sözlərindən toxtaqlıq tapmış kimi dərindən nəfəs aldı:
– Heylədi bala, tay bunnan savayı nə ola bilər? Özüm də radyoda eşitmişəm ki, gediş-gəlişi kəsiflər. Məhtəvləri bağlıyan, elə Bakıynan Qaralar kəndinin yolun da bağlıyar. – Təzədən qıza sarı çöndü: – Ay qızım, sən o teleqramnan dördünə də yollladınmı?
– Yollamışam, ay xala, yollamışam.
– Hə, onda gec-tez gələllər. Heylə şey olarmı ki, anaları xəbər yollasın, oğullar saya salmasın? Bir vaxtlar üstümdə nətəər dava eliyirdilər: o deyirdi, anam mənim yanımda qalsın, bu biri deyirdi yox, mənim yanımda qalajax. İndi həmən oğullardı, dana... Bilirəm, yollar açılan təki oğlanlarım qaranquş balaları kimi tökülüşüb gələjəhlər. Ana ürəyidi də, ay qızım, görmək istiyirəm, ölüm-itim dünyasıdı, bilmək olmaz...
Öskürək arvadı boğurdu, sinəsi xırıldaya-xırıldaya xeyli öskürüb özünə gəldi. Ananın gözləri uzaqlara dikildi. Çinar boylu oğlanları gözlərinin qabağına gəldi...
Nemət eynəyinin üstündən anasına nəzər saldı:
– Nədi, ay ana, sözlü adama oxşuyursan.
– Elə bir sözüm yoxdu, ay oğul.
– Yenə olsun, görürəm axı, narahatsan.
Səltənət xala oğluna yaxın oturdu.
– Ay oğul, deyirəm, əyəm rüsxət verseydin, bir beş-on gün Rüfət gilə də əl tutardım. Gəlin qalıf südəmər ekizlərin əlində, köməyi yoxdu.
İstədi desin ki, gündüz gəlin telefonla ona o ki, var töhmətli sözlər yağdırıb. Nə bilim, bizə yanmırsan, əl tutmursan... amma demədi. “Qoy bilməsin, qardaşların arasında inciklik düşər”, - deyə fikirləşdi.
Nemət müəllim gözucu arvadına baxdı. Gülzar xanımın qaşları düyülmüşdü. Kişi arvadının üz-gözündən fikrini oxudu.
– Sözüm yoxdu, ay ana, amma hələ sənin bizə köməyin çox lazımdı. Uşaqlar məktəbdən gələndə gərək evdə adam olsun, yedirdib-içirtsin. Nəvələrini ki tanıyırsan, hər şeyi bəyənib yeyən deyillər, üstəlik özlərinə çay süzməyə də tənbəldilər. Sən o klassik yeməklərinnən bala-bala bişir yesinnər. Gülzar da səhər gedif axşam gəlir. Bir yannan da əlində elmi işi, heç insafdımı belə vaxtda onu meydanda tək qoyasan...
Bu yerdə Səltənət xala söz tapmayıb, kirimişcə durdu. Amma bir azdan ikinci gəlininin tikanlı-tənəli sözləri yadına düşəndə canına qor dolmuş kimi narahat-narahat yerində qurcuxdu. Oğlu anasının nigarançılığını duyub, mətləbi anladı.
– Görürəm Hümmətin arvadına yazığın gəlir. Özün bil, elə bilərsən ki, onlara kömək etməyinə narazıyam, yox. Fikirləşirəm, bəlkə burda günün xoş keçmir? Çünki, onun arvadı hər necə olsa bütün günü evdədi. İş-gücünə vaxt çatdıra bilər.
Hələ də qaşlarının düyünü açılmayan Gülzar xanım dodaqlarını büzdü:
– Zaşitam qurtarandan sonra ana istiyir lap həmişəlik köçsün onlara, mənə uzağı bir-iki il lazımdı.
Ananın ürəyi sancdı. İçində küt bir ağrı hiss etdi. Amma bunu büruzə verməyib, təmkinini saxladı.
Nemət ayağa qalxdı.
– Ana, ürəyinə xal düşməsin, deyirəm, lap bir ay get qal Hümbətgildə. Bir azdan Hikmətə də lazım olacaqsan, bu gün-sabah onun da arvadı yükünü yerə qoyacaq. Amma imkan tapan kimi özünü yetir bizə. Yayda da ora-bura çox gedirik. – Nemət danışa-danışa gözləriylə dolu evə işarə etdi. – Belə cah-cəlalı yiyəsız qoymaq olmaz. Tak çto, Gülzar xanım, ana bizə hələ çox lazım olacaq.
Səltənət ananın elə bil üstündən dağ götürüldü. Əli körpəli gəlninin töhmətindən qurtaracağına sevindi...
– Xala, səni, bax, bu moruq mürəbbəsiynən sağaldacam. Öz meşəmizin moruğudu.
Səltənət xala titrək, əsməcəli əliylə qızın başına sığal çəkdi.
– Bala, Allah sənin qabağına elə bir halal süd əmmiş çıxartsın ki, ömrü boyu bir-birinizə can deyib, can eşidəsiiz.
– Sağ ol, ay Səltənət xala... Üçüncü kurs müalicəni qurtarandan sonra özün təsirini görəssən. Şükür, indi yaxşısan, qabaq heç dikələ bilmirdin.
–Ay bala, bir qapıya çıx gör, deyən darvazanı taqqıldadırlar.
– Heç kim yoxdu, ay xala, külək qapını çırpır.
– Hə, deyirəm axı... Şəfiqə, bala, radyoda nə deyillər? Bakıynan Qaraların yolunu açmıyıflar ki? Gediş-gəliş nə vaxt düzələjək?
Şəfiqə pəncərədən bayıra boylandı:
– Hələ şaxtadı, yolların buzu açılmayıb. Darıxma, ay xala, beş-on günə havalar açılan təki oğlanların gələcək.
Arvad təzədən yerinə üzanıb, bərk-bərk yorğana büründü.
– Allah ağzınnan eşitsin, sən deyən olsun. A qızım, götür bir teleqram da yolla ki, havalar açılan təki gəlsinnər görüşək. Amma azarrı olduğumu yazma, narahat olallar.
Şəfiqə hirsindən boğula-boğula qələm-kağız götürüb yazdı: “Ananız ağır xəstədi, heç insafınız yoxdumu?” Sonra Səltənət xalaya sarı çevrildi:
– Səltənət xala, indicə poçta dəyib qayıdıram...
Nemət müəllim telefonun aramsız zənginə gözlərini açdı. Əlini uzadaraq, dolabın üstündən aparatı dəstəkqarışıq götürüb, sinəsinin üstünə qoydu.
– Bəli, eşidirəm.
– Qardaş, sabahın xeyir.
– Aqibətin xeyir, beş də artıq. Gün çırtdamamış yenə noolub?
– Bugünkü qəzetlərə baxmısan?
– Yerimnən qalxmışam ki, nə var orda?
– Dünənki plenumun materiallarını veriblər. Orduxanov çıxışında düz bir abzas sizin institutun işindən danışıb. Görülən işlərin səmərəsini qeyd edib. Bütün bunlarda sənin çox zəhmət çəkdiyini deyib, iki yerdə adını xüsusi çəkib.
Nemət müəllim yerindən sıçradı.
– Yox əşi, səni xeyir xəbər olasan! Əhsən sənə, Suliddin, kəndirimizi etibarlı yerə bağladın. Əmisi də ona əla sürpriz edəcək. Ayrı nə var, nə yox?
– Sağlığın... Hə, axşam kənddən yenə bir teleqram almışam. Gör nə yazıblar: “Ananız ağır xəstədi, heç insafınız yoxdumu?”
– Poçtu götürməmişik, yəqin mənə də göndərib... Sən belə elə, bazarda-zadda yığılın gəlin bizə, görək neynirik.
... Qardaşlar çox götür-qoy etdilər, amma bir qərara gələ bilmədilər, Nemət dedi:
– Daha keçib, bir adam lazımdı ona qulluq eləsin. Baxın görün də, gərək gətirib sağalanacan yanınızda saxlayasınız. – Nemət Rüfətə sarı çevrildi:
– Kakraz sənin arvadın həkimdi, müalicə eliyər.
Rüfət peysərini qaşıdı:
– Mən bir söz demirəm, amma Zema səhər gedib, axşam qayıdır, ona kim qulluq eliyəcək? Bəlkə Hikmət yanına gətirsin? Evi də dənizə yaxındı.
Hikmət də ağzını sürüdü:
– Nə bilim, çətin ağlım kəsir ki, bizim evdə rahatlıq tapa. Dənizdən qalxan neftin, çirkabın iyi evimizin içindədi.
Nemət bu dəfə Hümbətə üz tutdu:
– Sizdə də pis olmaz ha...
– Vallah, indi bir söz deyə bilmərəm, gərək evdə Seva ilə məsləhətləşəm.
– Sən də get fikirləş. Yaxşı, bəs indi biz neyniyək?
Telefon zəhg çaldı. Nemət dəstəyi qaldırdı.
– Alo, eşidirəm, buyurun.
– Danışan Səltənət xalanın qonşusu Şəfiqədi. Bir saat əvvəl Səltənət xalanı gətirdim xəstəxanaya, evinizlə üzbəüz xəstəxanaya. Elə çatan kimi...
banner

Oxşar Xəbərlər