Bolşevik adı ilə pərdələnənlərin azərbaycanlılara qarşı törətdikləri milli qırğın
Bolşevik-daşnak birləşmələri ötən əsrin əvvəllərində
azərbaycanlılara qarşı milli və dini zəmində dəfələrlə kütləvi qırğınlar törədib,
qoca, qadın, uşaq demədən minlərlə günahsız insanı qətlə yetiriblər. Azərbaycanda
demokratik cümhuriyyətin qurulduğu ərəfədə, yəni 1918-ci ilin mart ayının 31-dən
aprel ayının əvvəllərinə qədər davam edən qırğınlar isə miqyasına görə daha
geniş və amansız olub. Azərbaycanın tarixi torpaqlarındakı bütün yaşayış məntəqələrində
insanlara qarşı misli görünməmiş vəhşiliklər edilib. Həmin dövrdə baş verən
hadisələrlə bağlı "Kaspi”nin suallarını Azərbaycan Milli Elmlər Akademiyası
Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev cavablandırır.
- İsmayıl müəllim,
Bakı soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Azərbaycanda kütləvi
qırğınlar törədilməsinə səbəb nə idi?
- XIX əsrdən başlayaraq ermənilər Qafqazda və
Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi
torpaqlarımız hesabına "böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ardıcıl
olaraq hərbi və ideoloji vasitələrdən yararlanıblar. Onlar öz məqsədlərinə
çatmaq üçün XX əsr boyu Azərbaycan və türk xalqlarına qarşı dəhşətli soyqırımı
cinayətləri həyata keçirməkdən çəkinməyiblər. Keçən əsrin ikinci onilliyində
ermənilərin azərbaycanlılara qarşı törətdikləri 1918-ci il soyqırımı daha geniş
miqyas alıb və daha amansız olub. Özlərini dünya ictimaiyyətinə "yazıq millət”,
"əzabkeş xalq” kimi qələmə verərək azərbaycanlılara qarşı kini, vəhşiliyi,
soyqırımı Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Salyanda, Göyçayda və başqa
yerlərdə bolşevik adı ilə pərdələnmiş Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı
Kommunası hökumətinin əli ilə həyata keçiriblər. Bakı qırğınında Korqanov və
Petrovla birlikdə azərbaycanlı qanına susamış Mikoyanın, Hamazaspın,
Avetisyanın, Lalayanın quldur dəstələri xüsusi fəallıq göstəriblər. Bakıda erməni
daşnakları dinc əhaliyə üç gün divan tutub, 17 min azərbaycanlını məhv edib,
müsəlman məhəllələrini talayıb-çapıb, "İsmailiyyə”ni yandırıb. Anastas
Mikoyanın "Qızıl qvardiyası”nın vəhşiliyi nəticəsində İçərişəhərdə yaralılar
yatan xəstəxanaya da od vurulub, 2 minədək xəstə yandırılıb, qaçanlar isə güllələniblər.
"Bolşevik” Hamazasp, Əmiryan və digər erməni millətçiləri də azərbaycanlılara
qarşı törətdikləri vəhşilikdə Mikoyandan, Şaumyandan geri qalmayıblar. Bakı şəhərində
soyqırımı bolşevizm bayrağı altında həyata keçirilib. Guya bolşeviklər hökumətə
qarşı çıxış edən qüvvələrə divan tutublar. Əslində isə bu, bolşevik adı ilə pərdələnənlərin
azərbaycanlılara qarşı törətdikləri milli qırğın idi. Bakı ilə yanaşı, ermənilər
digər Azərbaycan torpaqlarında, o cümlədən Qərbi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda,
azərbaycanlılara qarşı tarixdə görünməmiş qəddarlıq ediblər, dinc əhaliyə divan
tutublar. Ümumiyyətlə, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı soyqırımı həm
miqyası etibarı ilə, həm də vəhşiliyi ilə heyrət doğurur. O dövrdə azərbaycanlıların
yaşadıqları elə ərazi yoxdur ki, orada erməni vəhşiliyi özünü göstərməsin.
- Azərbaycanda
Demokratik Cümhuriyyətin süqutundan sonra ermənilərin azərbaycanlılara qarşı məkrli
niyyətləri özünü hansı formada göstərib?
- Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
da ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdiriblər. Bu
dövrdə, konkret olaraq 1920-30-cu illərdə, eləcə də müharibədən sonrakı dövrdə
ermənilər azərbaycanlıların həbs edilərək Sibirə göndərilməsində, xalq düşməni
adı altında güllələnməsində, din xadimlərinin və görkəmli ziyalıların məhv
edilməsində, əsassız repressiyaların günahsız insanlara qarşı tətbiq
olunmasında çox böyük rol oynayıblar. Azərbaycan millətinin qatı düşmənləri tərəfindən
onun ən yaxşı övladlarının siyasi qərəzçiliklə məhv edilməsi belə bir kədərli
faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-ində Xalq Daxili İşlər
Komissarlığı rayon bölməsinin başında ermənilər durublar. Astara dairəsində
Arakelov, Astraxanbazarda Comardyan, Zəngilanda Zərdəryan, Samuxda Petrosyan,
Masallıda Avenesov, Lənkəranda Movsesyan, Tovatov, Naxçıvanda Akopyan,
Ağacanyan, Akopov, Ceyranov, Zakyan, Parşeqov, İonesyan, Şıxanyan, Bakıda isə cəza
orqanlarının Mərkəzi aparatında Sumbatov-Topuridze, Markaryan, Koqan, Silman,
Borşov, Yemelyanov, Mailyan və digərləri başçılıq ediblər. Bütün bunlar etnik təmizləmə
siyasətinin tərkib hissəsi kimi sonrakı illərdə davam etdirilib. Rəsmi məlumatlara
görə, 1937-ci ildə Azərbaycanda 100 min nəfərdən artıq adam etaplarla sürgün
olunub, 3 min kəndli məhv edilib, "xalq düşməni” kimi 29 min nəfər güllələnib və
ya Sibirə sürgünə göndərilib. Hüquq-mühafizə orqanları sistemində ermənilərin
çoxluq təşkil etməsi onların azərbaycanlılara qarşı fəaliyyətinin daha dəhşətli
formada həyata keçirilməsinə imkan verib. Hətta Böyük Vətən Müharibəsi illərində
Mikoyan və digər ermənilər Stalini azərbaycanlıların guya xəyanət edə biləcəklərinə
inandıra bilib və 1942-ci ilin dekabrın 7-də Azərbaycan əhalisinin hamılıqla
Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar verilməsinə nail
olublar. Lakin o zamankı respublika rəhbərliyinin göstərdiyi səylər Stalini
fikrindən daşındırıb, cinayətin həyata keçirilməsinə imkan verməyib. Xəbis niyyətlərindən
əl çəkməyən erməni daşnakları müharibədən sonrakı mərhələlərdə Qərbi Azərbaycan
ərazisindən azərbaycanlıların deportasiyasına nail olublar. 1948-1953-cü illərdə
144654 nəfər, 1988-1992-ci illərdə isə 250 min soydaşımız indiki Ermənistan ərazisindən,
azərbaycanlıların tarixən yaşadıqları ata-baba yurdundan zorla çıxarılıb, 229 nəfər
azərbaycanlı isə vəhşicəsinə qətlə yetirilib.
- Sizcə, 31
mart soyqırımına beynəlxalq hüquqi qiymət verilməsi üçün hansı tədbirlərin
görülməsi vacibdir?
- Təkcə 1918-ci ilin mart soyqırımında deyil, iki əsrdir
ki, məkrli və qaniçən erməni cəlladları Azərbaycan xalqına qarşı soyqırımı
siyasəti yeridib, soydaşlarımızı qətlə yetirib, repressiya və deportasiyaya məruz
qoyub, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal edib və bu
gün də yeni ərazilər tutmaq fikirlərindən əl çəkməyiblər. Nəticədə, xalqımız
ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalıb. Fikrimcə, "Azərbaycanlıların
soyqırımı haqqında” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
1998-ci il 26 mart tarixli fərmanında erməni millətçilərinin iki əsr ərzində
xalqımıza qarşı törətdikləri soyqırımların mahiyyəti, nəticələri və ibrət dərslərindən ətraflı bəhs
edilib. Məhz bu fərmandan çıxış edərək, faciələrimizin dünya ictimaiyyətinə
çatdırılması, beynəlxalq hüquqi-siyasi qiymət alması, erməni yalanlarının
ifşası istiqamətində hər bir vətəndaşımız öz sahəsində iş aparmalı, əlindən gələni
əsirgəməməlidir. Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız
yoxdur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.
Rufik
İSMAYILOV