BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb

BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb

Təfsilat
21 Sentyabr 2019, 18:15 85
Sentyabrın 24-də Nyu-Yorkda dünya ölkələri liderlərinin iştirakı ilə BMT Baş Assambleyası 74-cü sessiyasının ilk plenar iclası keçiriləcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT Baş Assambleyası 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bəndə ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb. O deyib: "Gələn il biz Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 75 illik yubileyini qeyd edəcəyik. Bu münasibətlə qarşımızda ölkələr arasında etimadsızlığı azaltmaq istiqamətində unikal imkan meydana çıxıb. Bizim hamımızın eyni hədəflərimiz var və bu səbəbdən birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Qurucu atalarımızın ideyalarını həyata keçirmək üçün təşkilatda biganəliyə və qətiyyətsizliyə son qoymalıyıq”.
BMT-nin Baş Assambleyası təşkilatın yeganə orqanıdır ki, burada hər bir üzv dövlət bərabər təmsilçiliyə malikdir. Məşvərətçi orqan olan Baş Assambleyada mühüm məsələlər üzrə - sülh və təhlükəsizliyə dair tövsiyələr, Təhlükəsizlik Şurasının üzvlərinin seçilməsi qərarları üçdəiki səs çoxluğu ilə, digərləri isə sadə səs çoxluğu ilə qəbul edilir. Assambleyada hər bir dövlət bir səsə malikdir, BMT-yə üzvlük haqqını ödəməyən dövlətlərə də səsvermədə iştirak etmək hüququ verilə bilər.
Bundan əvvəlki – Baş Assambleyanın 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa olub.