• cümə axşamı, 28 mart, 16:19
  • Baku Bakı 16°C

Bölgənin yox, ölkənin olan “Söz”

16.11.18 17:05 2473
Bölgənin yox, ölkənin olan “Söz”
"Söz” jurnalı ölkənin cənub regionunda yaransa da, bütün ölkənin ədəbi-bədii, ictimai-siyasi həyatını əks etdirə bildi. Jurnal təkcə bölgə yox, ölkə dərgisinə çevrildi”. "Söz” müstəqil ədəbi-publisistik jurnalının 25 illik yubileyinə həsr olunan tədbirdə səslənən bu fikirlər, hər nömrəsi fədakarlıqla ərsəyə gələn dərginin hazırkı media mühitindəki mövqeyinə işıq saldı.
Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmiz müstəqillik əldə etdikdən sonra çox sayda mətbu orqanların işıq üzü gördüyünü xatırlatdı: «Həmin dövrdə Ədliyyə Nazirliyində 500-dən çox qəzet və jurnalın qeydiyyatdan keçməsinə baxmayaraq, təəssüf ki, onların bəziləri bir, beş və ya on il yaşadı. Obyektiv və subyektiv səbəblərdən o mətbu orqanlar nəşrlərini dayandırdılar. Ancaq o vaxtdan bəri yol gələn bir dərgi var: «Söz» jurnalı. 25 il əvvəl yaranan bu jurnal fəaliyyətini bu gün də davam etdirir. Bundan sonra da davam etdirəcəyinə əminəm». MŞ sədri «Söz» jurnalının ilk yaranma tarixinin Lənkərana təsadüf etdiyini yada saldı: «Jurnalın ilk baş redaktoru tanınmış şair Şəkər Aslan olub. Jurnal ölkəmizin cənubunda yaşayan söz adamlarının tribunası idi. Bu gün isə təkcə cənubda deyil, ölkə ziyalılarına, söz adamlarına meydan olub. Bu jurnal dəyərləndirilməlidir». MŞ sədri qeyd etdi ki, «Söz» jurnalının 25 illiyi münasibətilə rəhbərlik etdiyi qurum diplom təsis edib və yaxınlarda İdarə Heyətinin iştirakı ilə jurnalın baş redaktoru Sevda Əlibəyliyə təqdim olunacaq».
Bütün qəzet və jurnalların sözü yaydığını deyən Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, sözü qorumaq vəzifəsi «Söz» jurnalının üzərinə düşüb: "Yoxsa jurnal 25 ildir ki, bu yükü daşıya bilməzdi. 25 il bundan əvvəl çıxan jurnalı bu günə qədər yaşatmaq qəhrəmanlıqdır. Xüsusən bu jurnalın ciddi bir sponsoru, himayədarı yoxdursa». S.Rüstəmxanlı jurnalın ilk baş redaktoru Şəkər Aslanı hörmətlə andı: «Söz» bir bölgə jurnalı olmadı. Dərgiyə bu gün də bölgə jurnalı demək olmaz. Bu gün bu jurnalın Azərbaycan mətbuatı tarixində öz yeri var”. Xalq şairi «Söz»ün bütün söz adamlarının jurnalı olduğunu qeyd etdi: «Söz” sözün keşiyində durduğuna görə bizim jurnaldır. «Söz» həm də cənub regionunun jurnalıdır». Xalq şairi dərginin Yazıçılar Birliyinin digər orqanları kimi, qurumun orqanına daxil edilməsini irəli sürdü: " «Söz» təkcə əbədi-bədii jurnal deyil, həm də ictimai-siyasi həyatda baş verən hadisələri işıqlandıran jurnaldır. Bu gün «Söz»ün yazıları nəinki bütün Azərbaycanı əhatə edir, həm də ölkə hüdudlarından kənara çıxır. Bu jurnalın fəaliyyətinə dəyər verilməlidir. İstərdim ki, «Söz» bütöv Azərbaycanın sözü olsun!»
Millət vəkili Hadı Rəcəbli bu gün sözü təhrif edən "jurnalistlər”in olduğu mühitdə, sözün dəyərinin yüksək olduğunu qeyd etdi: «Zaman dəyişir, elektron media əmələ gəlir. Belə bir məqamda «Söz» öz dəyərini qoruyub saxlayırsa, ədəbi mühitdə böyük hadisədir. Təəssüf ki, jurnal ən pis halda ayda bir dəfə nəşr olunur. Bəzən isə ayda bir dəfə də nəşr oluna bilmir. Bununla belə, biz daim jurnalın kollektivinin yanındayıq”.
İlk poliqrafçı alim Şəddad Cəfərov qeyd etdi ki, Şəkər Aslanın baş redaktorluğu və təşəbbüsü ilə yaranan jurnal şairin ölümündən sonra Sevda Əlibəylinin rəhbərliyi altında nəşr olunub: «O dövrdə Sevda xanım jurnala başçılıq etməsəydi, «Söz» yaşamazdı. Sevda xanım narahat adamdır. Bu narahatçılıq olmasaydı, jurnal bu səviyyəyə gəlib çatmazdı».

Yazıçı Aqşin Babayev jurnalın fəaliyyət göstərdiyi 25 ilin 18 ilini Sevda Əlibəyli ilə tanış olduğunu qeyd etdi: «Jurnalın elə tədbiri olmayıb ki, mən orada iştirak etməyim. "Söz” bölgə yox, ölkə jurnalıdır».
Tədbirdə çıxış edən digər qələm adamları keşməkeşli yol keçən "Söz”ün həmçinin əlinə qələm alan gənclərin ilk yazılarının dərc edildiyi ünvan olduğunu, Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğatçısı kimi özünə böyük auditoriya qazandığını qeyd etdilər.
Yubiley tədbirində Sevda Əlibəyli jurnalın 25 il əvvəlki ənənəsinə sadiq qaldığını, mərhum şair-jurnalist Şəkər Aslanın rəhbərliyi ilə yaranan "Söz”ün bu gün də sözün dəyərini, məna yükünü qoruduğunu qeyd edərək, tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər