Bölgə teatrlarının Yeni il “sərgüzəştləri”
Yeni il
gəldikdə ətraf bəzənir, hamının üzündə sevinc hiss olunur. Ancaq hamıdan çox
körpələr, məktəblilər bayram edir. Uşaqların ən sevimli bayramı olan yeni ili
istirahət, şənliklər, Şaxta baba, Qar qız, hədiyyələr və ən əsası, yeni il
tamaşaları olmadan təsəvvür etmək olmaz. Paytaxt Bakımızda al-əlvan bəzədilmiş
küçələr, hər teatrın qarşısında bayram tamaşalarının afişasını gördükdə belə
bir sual yarandı - "görəsən, bölgələrimizdə vəziyyət necədir? Uşaqların görüşünə
onlar necə gələcəklər?” Elə bu sualla bölgə teatrlarına müraciət etdik. Məlum
oldu ki, bölgə teatrlarımız da bayrama əməlli-başlı hazırlıq görüblər.
İlk
olaraq, Sumqayıt Dövlət Dram Teatrı ilə
əlaqə saxladıq və mətbuat katibi Leyla Eynullayevadan öyrəndik ki, bu il
teatrın kollektivi bayram münasibəti ilə "Çeburaşkanın Yeni il sərgüzəştləri”
tamaşasını hazırlayıb. Tamaşanın quruluşçu rejissoru, rəssamları Nizami Dadaşov
və Arif Müzəffərov, rejissoru Fuad Kazımov, rejissor assistenti Fazilə
Rzayevadır. Rəqslərin quruluşu Ceyhun Dadaşova aiddir. Əsas obrazları Əməkdar artist İzaməddin
Bağırov, aktyorlar Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan
Süleymanlı, İlahə Səfərova, Sevda Hüseynova, Yusif Dadaşov, Dağlar Rüstəmov,
Elay Xasiyev və başqaları ifa edəcəklər. Tamaşalar bu il dekabrın 29-dan
2019-cu il yanvar ayının 3-dək gündə 3
seans (saat 11.00, 13.00 və 15.00-da) nümayiş olunacaq.
Növbəti
müsahibimiz Zaqatala Xalq Teatrından
oldu. Teatrdan verilən məlumata görə, bu il 30-31 dekabr saat 11:00-da Zaqatala
Rayon Mədəniyyət Mərkəzində xalq nağılı "Şəngülüm, Şüngülüm, Məngülüm"ün
motivləri əsasında "Üç dəcəl keçi balası"adlı nağıl-tamaşa
oynanılacaq. Bundan əlavə, tamaşanın kənd mədəniyyət evlərində də nümayişi
planlaşdırılır. Nağıl-tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi
Bayram Qurbanov, musiqi tərtibatçısı Kənan Şəkərov, səhnə tərtibatçısı Çingiz Məmmədovdur.
Tamaşada
rolları Aysel Yusubova (Ana keçi), Qaragöz Məmmədova (Şəngülüm), Şahin İsayev
(Şüngülüm), Nazən Bulacova (Məngülüm), Bayram Qurbanov (Dəmirçi) və Kənan Şəkərov
(Canavar) canlandıracaq. Səhnə əsərinin ədəbi materialında hər kəsə məlum olan
xalq nağılına bir qədər dəyişikliklər və əlavələr edilib. Tamaşadan əvvəl Qar
qız və Şaxta baba uşaqlarla görüşəcək, kloun uşaqlara müxtəlif nömrələr göstərəcək.
Tamaşadan sonra da uşaqlar Şaxta baba ilə birlikdə rəqs edə və əylənə biləcəklər.
Yeni
il tamaşası hazırlayan daha bir bölgə teatrımız Mingəçevir Dövlət Dram Teatrıdır. Teatrın mətbuat katibi Vüsal Məmmədov
bildirdi ki, Mingəçevir Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və 2019-cu il üçün yeni il proqramına kiçik yaşlı tamaşaçılar və məktəblilər
üçün nəzərdə tutulmuş "Ağıllı dovşan" tamaşasını daxil edib. Yelena
Sokolovanın Rus xalq nağılı əsasında səhnələşdirdiyi əsəri Azərbaycan dilinə
Ayla Osmanova tərcümə edib. "Musiqili, birbaşa ibrətamiz tamaşa"
janrında hazırlanmış səhnə əsərində dovşanın və dostu kirpinin ağıllı, uzaqgörən,
fərasətli olmasından bəhs edilir. Tamaşanın seyrçilərə ötürdüyü mesaj bundan
ibarətdir: həyatda böyük uğurlara qol gücü ilə deyil, ağılla, dərrakə ilə imza
atmaq olar. Tamaşanın quruluşçu rejissoru Emil Əskərov, musiqi tərtibatçısı
Elnur Rəsulov, quruluşçu rəssamı Kəmalə Əsgərova, rəqslərin quruluşçusu Eyvaz Əliyev,
rejissor köməkçisi Məlahət Ağayevadır. Obrazları teatrın gənc və orta yaş nəslinə
mənsub aktyorlarından Hüseyn Mustafayev, Turqut Məsimli, Asim Məmmədov, Paşa
Salmanov, Ceyhun Əhmədov, İlqar Rəhimov, Firuz Hacıyev, Eyvaz Əliyev, Elmira
İbrahimova, Ruhəngiz Abdullayeva, Amil Fərzəliyev və Elvin Əkbərli ifa edirlər.
Qeyd edək ki, səhnə əsərinin premyerası dekabrın 17-si baş tutub. Tamaşa yanvar
ayının 5-ə qədər nümayiş olunacaq.
Şəki Dövlət Dram Teatrı isə yeni ildə balacaların görüşünə "Qarqız, Qardənəsi
və Dəniz Quldurları” tamaşası ilə gələcək. Tamaşa Natalya Abramtsevanın "Qarqız
və Ağqar” adlı pyesi (tərcümə - Sevinc Məmmədova) əsasında hazırlanıb.
Tamaşanın rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Nicat Məmmədov, geyim üzrə
rəssamı Sahib Əhmədovdur. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə, musiqi tərtibatı
Zeynəb Orucovaya məxsusdur. Səhnə əsərində
rolları Xanlar Həşimzadə, Aydın Əlibalayev (Şaxta baba), Fidan Xəlilova,
Nuranə Mirzəliyeva (Qar qız), Nazilə İmaməliyeva, Türkan Xəlilova (Qardənəsi),
Rəhim Qocayev (Ayı), Rəsul Məmmədrəhimov, Hüseyn Hüseynli (Toplan – it), Xəyal
Salahov (Cek-Sərçə - dəniz qulduru), Lalə Məmməd (Madam – dəniz qulduru), Fərahim
Fətəliyev, İqrar Salamov (Barbos – dəniz qulduru), Pərviz İsmayılov, Rəşad Rüstəmov
(Aparıcı oğlan), Günay Novruzəliyeva, Arzu Mustafayeva (Aparıcı qız), Qurban Rəsulov,
Rəşid Mirizadə, İlkin Rüstəmov, Elvin Mabudov (Dəniz quldurları) və digərləri
çıxış edirlər. Tamaşa dekabrın 29-dan yanvarın 4-ə kimi gündə dörd seans
nümayiş olunacaq.
Bu
il Gəncə Dövlət Dram Teatrının yeni
il tamaşası Mehman Musabəylinin M.Müşfiqin eyni adlı poeması əsasında yazdığı
"Şəngülüm, Şüngülüm, Məngülüm" tamaşası olacaq. Tamaşanın bədii rəhbəri
İradə Gözəlova, quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Vahab Cəfərovdur.
Rollarda Nailə Əhmədova (Ana keçi), Elmir Məmmədov (Şəngülüm), Emil Salmanov
(Şüngülüm), Könül Kazımova (Məngülüm), Murad Meyfəliyev (Canavar), Şükufə
Salmanova (Küpəgirən), Samir Abbasov (Div), Ruslan Hüseynov (Mələk), Rəşad
Hüseynov (İblis) oynayacaq. Yeni il tamaşaları 1-8 yanvar tarixlərində, saat
11:00, 12:30, 14:00, 15:30-da olmaqla 4 seans göstəriləcək.
Lənkəran Dövlət Dram Teatrı isə məktəblilərin görüşünə Ağəddin Babayevin əsəri
əsasında səhnələşdirilmiş "Yeni il möcüzəsi” tamaşası ilə gələcək. Quruluşçu
rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Tərlan
Abdullayevdir. "Yeni il möcüzəsi”ndə teatrın nəzdindəki studiyanın yetirmələri
ilə yanaşı qocaman aktyorlar da çıxış edirlər. Tamaşada Əlibaba Əsgərov, Emin Fərzullayev,
Günel Abbasova, Ülkər Quliyeva və başqaları iştirak edirlər.
Ağdam Dövlət Dram Teatrının yeni il münasibəti ilə bağlı hansı tamaşanı
hazırladığını teatrın baş rejissoru Novruz Cəfərovdan öyrəndik. Məlum oldu ki, kollektiv
bu yeni ili şəhər (Quzanlı) mərkəzində birlikdə keçirəcək. Teatrın aktyorları
da həmin tədbirdə müxtəlif obrazlarda çıxış edərək sakinlərlə görüşəcəklər.
Qax Dövlət Kukla Teatrı isə Yeni il ərəfəsində balaca tamaşaçıları üçün
unudulmaz proqram hazırlayıb. Dekabrın 29-undan yanvarın 2-nə qədər təşkil
olunacaq şənlik proqramında Şaxta Baba və Qar Qız uşaqlara yeni tamaşa hədiyyə
edəcəklər.
P.S. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi bölgə
teatrlarının internet səhifələri, demək olar ki, işlək vəziyyətdə deyil. Sonuncu
dəfə xəbərlər bir ay öncədən bəlkə də əvvəl paylaşılıb, yazılan ismarıclara
cavab verilmir. Teatrlarda baş verən yeniliklər haqqında məlumat əldə etmək əməlli-başlı
əngələ çevrilir. Bəzi mətbuat katibləri ilə əlaqə saxlamaq olmur. Bəzi teatrın mətbuat katibləri ya yoxdur, ya da fəal işləmirlər. Məlumatları
əldə etmək üçün rejissor, direktor, yaxud aktyorlarla əlaqə saxlamalı olursan.
Halbuki teatr xəbərlərini teatrın mətbuat katibi bildirməlidir. Ümid edək ki,
növbəti ildən bu problemlə üzləşmərik.
P.P.S. Yeni ildə bütün teatrlarımıza bol tamaşa və seyrçi
diləyi ilə, BAYRAMINIZ MÜBARƏK!
Nigar
Pirimova
Teatrşünas