• cümə, 19 Aprel, 17:10
  • Baku Bakı 25°C

Biznesdisə, qoy incəsənət olsun - Fotolar

28.09.19 09:00 3029
Biznesdisə, qoy incəsənət olsun - Fotolar
Elə bir məkan düşünün ki, musiqi, rəqs, əyləncə, teatr, səhnə, rəsm, piano, dizayner, moda, aktyorluq, ifaçılıq, xoreoqrafiya, zumba, plates kursları, ümumiyyətlə incəsənət deyiləndə göz önünə gətirdiyiniz hər nə varsa, hamısı orada cəmlənsin. Artıq belə bir məkan var. Özü də yaş məhdudiyyəti 7-dən 77-yə deyil, 3-dən 77-yə qədər hər kəs buraya təşrif buyura və tədris olunan istiqamətlərdən yararlana bilər.

Məkanın adı Sharifzade ART centr-dir. Bura iki fərqli yaradıcılıq dünyasının - tanınmış modelyer Elnarə Bəkirova və məşhur aktrisa, aparıcı Zümrüd Qasımovanın birlikdə yaratdıqları bir mərkəzdir. Məkanın adının məhz Sharifzade Art centr olması da heç də təsadüfi deyil. Belə ki, mərkəz Abbas Mirzə Şərifzadə küçəsində yerləşir. Məşhur Azərbaycan teatraktyoru,teatrvəkinorejissoru, Azərbaycan SSR xalq artistinin adını daşıyan bu məkan elə adına layiq şəkildə fəaliyyət göstərir.
Uşaqların əyləncə dünyası
Məkana daxil olduqda, bizi Zümrüd Qasımova qarşıladı və mərkəzlə daha yaxından tanış etdi. Dedi ki, belə bir mərkəzin fəaliyyət göstərməsi onun çoxdankı arzusu olub: "Dünyanın müxtəlif ölkələrində belə bir mədəniyyət mərkəzinin olduğunu gördükdə, bizdə də bu tip mərkəzin olmasını arzulamışam. Hər zaman düşünürdüm ki, bəs nə üçün bizdə belə bir məkan yoxdur? Və nəhayət, mənim rəfiqəm, tanınmış modelyer Elnarə Bəkirovadan belə bir təklif gəldi və mən də məmnuniyyətlə qəbul etdim. Bir il bu məkanın təmir olunmasını gözlədik. Nəhayət, istədiyimiz nəticəni gördük. Bura həm uşaqların, həm də böyüklərin məkanıdır. İncəsənətin bütün sahələrini burada əhatə etməyə çalışmışıq. Belə ki, məkanımızda vokal, rəsm, gitara, piano, kanon, rəqs, balet dərsləri tədris olunur. Bu fənləri işlərinin peşəkarı olan istedadlı, tanınmış sənətkarlar tədris edir. Misal üçün Opera və Balet Teatrının baş solisti Anar Mikayılov, Xalq artist Vidadi Həsənov, məşhur rəqqas İlham Kərimli, "Eurovision” qalibimiz Eldar Qasımov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Ceyhun Dadaşov, aktyor Elnur Dadaşov, Rumiyə Ağayeva və bir çox tanınmış sənət nümayəndələri, sözlərini demiş, istedadlı insanlar burada dərs keçir. Elə bir mühit yaratmışıq ki, valideynlər gəlib övladları ilə birlikdə həm əylənə, həm də istirahət edə bilərlər”.
Söhbət edə-edə mərkəzi gəzirik. Böyük bir binanın ən aşağı mərtəbəsini əhatə edən mərkəz istirahət üçün də ideal məkandır. Belə ki, çox geniş bir əraziyə malikdir. Məkanda geniş teatr səhnəsi, rəsm çəkmək üçün ayrıca bir guşə, musiqi ilə məşğul olmaq üçün başqa bir otaq, idman, rəqs etmək üçün isə ayrıca otaqlar yaradılıb.
Arzuların gerçəkləşdiyi məkan
Mərkəzin yaradıcısı Elnarə Bəkirova bu işi görməkdə müxtəlif səbəblərinin olduğunu bildirdi: "Belə bir məkanı açmaq mənim çoxdankı arzum idi. Arzu edirdim ki, bir gün böyük bir mərkəzim olsun və orada uşaqlara birlikdə çalışım. İnsanın yaşının üzərinə yaş gəldikcə, daha təmkinli və səbirli olur. Vaxtını enerjisi gözəl olan insanlarla keçirmək istəyir. Bu məkanda da məqsəd budur”.


Elnarə Bəkirova bu məkanla ilkin tanışlığını belə xatırlayır: "Bura ilə tanış olanda, hər yer qaranlıq idi. Obyekti gördüm və hiss etdim ki, burada mədəniyyət mərkəzinə böyük ehtiyac var. Mən biznes-planımı obyekt sahibinə təklif etdim, o da qəbul etdi. Bütün incəsənət növlərinin bir məkanda cəmlənməsi uşaqlı analar üçün daha çox əlverişlidir. Çox az bir müddətdə fəaliyyət göstərsək də, tələbatın çox olduğunu görürük. Belə bir məkana tələbat var idi. Mərkəzi açanda məqsədimiz uşaqlara sevgi verə bilmək, onları düzgün istiqamətləndirmək idi. Çünki bu detallar gələcəkdə onlara çox lazım olacaq. Uşaqların inkişafı üçün burda əlimizdən gələn hər şeyi edirik”.
İstedadlara meydan verilir
10 ildən çoxdur ki, yaradıcılıqdan əlavə bizneslə də məşğul olan Elnarə Bəkirova əlavə etdi ki, bu mərkəzin filialları fəaliyyət göstərəcək: "Hər bir insanın öz məqsədi olmalıdır. Belə ki, bir şeyi çox istədikdə, o istəyə nail olmaq mümkündür. Növbəti filialları açarkən Zümrüd xanımla birlikdə bir imzamız olacaq. Bəzən görürük ki, valideynlər öz övladlarının potensialından xəbərsiz olur. Biz bu məkanı açmaqla həmin o istedadlı uşaqları üzə çıxaracağıq. Böyüyəndə onlar bizi xatırlayacaqlar. Bundan gözəl nə ola bilər? Bəzən burada rəqs, gimnastika dərslərində uşaqlarla birlikdə oluram və onlara kömək edirəm, onlarla birlikdə təmasda olmaq möhtəşəm bir hissdir. Uşaqların gözəl dünyası var. Bu dünyanın bir parçası olmaq həqiqətən möhtəşəmdir”.

Məkanda diqqətimizi çəkən ayrıca teatr səhnəsinin olması idi. Səhnə əsil teatr ab-havası yaradır. Zümrüd Qasımova qeyd edir ki, burada tamaşa göstərmək üçün ideal şərait var: "Yeri və məkanı olmayan istedadlı həvəskarlar burada tamaşa hazırlaya bilər. Yaradıcı insanlar çoxdur. Bəzən görürük ki, onlar çalışmağa yer tapa bilmirlər, düşünürlər ki, getdikləri məkanlarda icarə haqqı ödəməlidirlər, ancaq buna imkanları çatmır. Biz deyirik ki, bura bizim məkanımızdır, gəlin əl-ələ verək, siz istedadınızı göstərin, biz də sizə yardım edək. Bu məkanda təkcə tamaşalar deyil, kino, klip təqdimatları da keçiriləcək”.
Xanımlarla söhbət etdikdən sonra dərs keçilən otaqların birinə daxil oluruq. Burada Rəssamlar İttifaqının üzvü Sadıq Sadıqovun iş prosesi ilə yaxından tanış olduq. Uşaqlara rəsm dərsləri keçən rəssamla bir neçə dəqiqə söhbət etmək imkanı əldə etdik. S.Sadıqov qeyd edir ki, mərkəzdə uşaqlar, yeniyetmələr, gənclər öz istedadlarını üzə çıxarmaq üçün çalışırlar: "Bu mərkəzi çox bəyənirəm. Baxmayaraq ki çox qısa zamandır fəaliyyət göstəririk, ancaq çox istedadlı uşaqlarımız rəssamlığın sirlərini öyrənməyə çalışır. Hazırda 15 tələbəm var. Bizə müraciət edən uşaqların ilk növbədə istedadlarını yoxlayıram. Çünki elə uşaqlar var ki, onların rəssamlığa heç həvəsi yoxdur. Biz daha çox potensialı olan gənclər və uşaqlarla çalışırıq. İlk olaraq isə onları boya ilə tanış edirəm. Uşaqlara göstərirəm və daha çox onlar özləri çəkir. Bəzən olur ki, valideynlər övladlarının çəkdiyi rəsmlərə təəccüblənirlər, inanmırlar ki, bu əsərləri onların övladları çəkib. Bizə müxtəlif yaş kateqoriyasından olan insanlar müraciət edirlər. Hazırda ən kiçik tələbəmin 3, ən böyük tələbəmin 16 yaşı var”.

Qeyd edək ki, mərkəzin rəsmi açılışı hələ həyata keçməyib. Xanımlar düşünür ki, ilk olaraq məkanda yaradıcı proseslər yoluna düşməlidir. Belə ki, tələbələr yığıldıqdan və məşq prosesi aparıldıqdan sonra - oktyabrın sonlarına yaxın mərkəzin açılışı nəzərdə tutulub.

Açılışda görüşmək ümidi ilə.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər