• cümə axşamı, 28 mart, 21:29
  • Baku Bakı 13°C

Biznes ölkədə hər kəs üçün cəlbedici sahəyə çevrilməlidir

25.04.19 10:00 646
Biznes ölkədə hər kəs üçün cəlbedici sahəyə çevrilməlidir
Son dövrlər Azərbaycan iqtisadiyyatında baş verən inkişafı hiss etməmək mümkün deyil. İqtisadiyyatımızın bir sıra sahələrinə dövlətin qayğı və diqqətinin artırılması, beynəlxalq təcrübəyə əsaslanan yeni inkişaf metodlarının tətbiq edilməsi öz nəticəsini göstərməkdədir. Bu istiqamətdə həyata keçirilən islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək və ixrac imkanlarını genişləndirməkdir. Dövlət başçısı İlham Əliyev də çıxışlarında daim bu mövzuya toxunur. Belə ki, Prezident İlham Əliyev bu yaxınlarda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib. Cənab Prezident oradakı çıxışı zamanı da ölkəmizin iqtisadi və sosial inkişafdan danışıb. O deyib ki, ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır: "Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır. Bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür. Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır”.

Ölkə başçısı həmçinin bildirib ki, indiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik: "Vətəndaşlarımızın rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Əgər əvvəlki dövrü götürsək, görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır. İndiki iqtisadi vəziyyətimiz və gələcək planlarımız tam əminliklə deməyə əsas verir ki, biz ancaq yüksələn xətlə inkişaf edəcəyik və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəyik”.

Həqiqətən də son dövrlər iqtisadiyyatın, xüsusilə də sahibkarlığın inkişafı istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb. Daha sürətli inkişaf və yüksəliş üçün prezidentin də qeyd etdiyi kimi, bəzi süni əngəlləri aradan qaldırmaq lazımdır. Bu əngəllər nələrdir? Onları aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır? Bu suallara mütəxəssislərdən cavab aldıq.

İqtisadçı Pərviz Heydərovbildirdi ki, sahibkarların stimullaşdırılması, onların işlərinə əngəl törədəcək nüanslar hökumət səviyyəsində həll olunur: "Prezident İlham Əliyev həmişə öz çıxışlarında qeyri-neft sektorunun inkişafının prioritet təşkil etməli olduğunu və o sahədə həyata keçirilən tədbirlərin, işlərin getdikcə daha sürətlənməli olduğunu dönə-dönə vurğulayır. Bunun da əsasında məhz sahibkarlığın inkişafının durduğunu qeyd edir. Həqiqətən də qeyri neft sektorunu inkişaf etdirməyi, gələcəkdə ölkənin ixrac potensialının böyük bir hissəsini bu sahənin məhsullarının təşkil etməsini qarşıya məqsəd kimi qoymuşuqsa, o zaman ölkədə sahibkarlığın inkişafına daha çox diqqət yetirməliyik. Həmçinin bu sahədə həyata keçirilən tədbirləri daha da genişləndirməliyik. 2015-2016-cı illərdə neftin dünya bazarında qiymətinin düşməsi nəticəsində ölkəmizin iqtisadiyyatında təlatüm hiss olundu. Belə ki, qiymətin düşməsi makroiqtisadi göstəricilərə ciddi şəkildə təsir etdi, manat 2 dəfə devalvasiyaya uğradı, ölkənin iqtisadi artım tempi zəiflədi, ümumdaxil məhsul istehsalında tənəzzül qeydə alındı. Amma daha sonra vəziyyətin sabitləşməsi və ölkəmizdə hakimiyyətin həyata keçirdiyi anti-böhran tədbirləri nəticəsində stabilliyi bərpa edə bildik. Bu onu göstərdi ki, sahibkarlığın inkişafı üçün qeyri-neft sektoru sahəsində görülən işlər daha da artırılmalıdır. Bunun üçün yol xəritəsi qəbul edildi, sahibkarlıqla bağlı müxtəlif yoxlamalara qoyulan qadağaların müddəti bir neçə il uzadıldı, əsassız yoxlamaların qarşısı alındı, Vergilər Nazirliyi səviyyəsində ciddi dəyişikliklər həyata keçirildi. Qeyd edim ki, bu il vergi məcəlləsində 300-ə yaxın dəyişikliklər tətbiq olundu. Dəyişiklərin mahiyyətinə diqqət yetirsək, görərik ki, onların hamısı ölkədə sahibkarların fəaliyyətini genişləndirmələrinə xidmət edir. Yəni sahibkarların stimullaşdırılması, onların işlərinə əngəl törədəcək nüanslar hökumət səviyyəsində həll olunur”.

Ekspert, deyir ki, dövlət başçısının da çıxışında qeyd etdiyi məqam odur ki, bu sahədə maksimum nəticə əldə olunmalıdır: "Sizə beynəlxalq təşkilatların hesabatında reytinqin yüksəlməsini xatırladım. Həmin reytinqdə sahibkarlıq fəaliyyəti üçün qeydiyyatdan tutmuş, kommunal xidmətlərə qoşulma və s. məsələlərlə əlaqədar hökumətin gördüyü tədbirlərin yüksək qiymətləndirilməsi nəticəsində Azərbaycan yaxşı nəticə əldə edib. Dövlət başçısının çıxışda demək istədiyi o idi ki, sahibkarlığın inkişafına mane olan digər bürokratik əngəllər də tamamilə aradan götürülməli və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər üçün hər cür şərait yaradılmalıdır. Biznes ölkədə hər kəs üçün maraqlı sahəyə çevrilməlidir”.

İqtisadçı Rəşad Həsənov vurğuladı ki, bu sahədə olan problemlər uzun illərdir ki, müzakirə edilir: "2015-ci ildən sonra Azərbaycan iqtisadiyyatı üçün yeni çağırışlar formalaşıb. Dünya bazarında neftin qiymətinin ucuzlaşması, ölkəmizdə neft hasilatının aşağı düşməsi iqtisadiyyatın şaxələndirilməsi, ixrac və resurs asılılığının aradan qaldırılması kimi zərurətlər yaratdı. Bu isə sahibkarlığın inkişaf etdirilməsi ilə mümkündür. Əks halda qarşıya qoyulan hədəflərə nail olmaq çətin olar. Azərbaycanda, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı aşağı səviyyədədir. Bu statistik göstəricilərdə də öz əksini tapır. Bu fakt onu deməyə əsas verir ki, ölkəmizdə sahibkarlıq mühitinin liberallaşdırılması istiqamətində mühüm addımlar atılmalıdır. İnhisarçılıq, rəqabət mühitinin olmamağı, məmur müdaxiləsi, məmur biznesinin formalaşması, oliqarx iqtisadiyyatı, korrupsiyanın olması sahibkarlığın inkişafına əngəl törədən faktorlardır. Əlbəttə, son bir neçə ildə bu sahənin inkişafı ilə bağlı ciddi addımlar atılır. Amma effektivlik baxımından istənilən nəticəni əldə edə bilmirik. Yəni aparılan islahatların real iqtisadiyyata transformasiyası ləng baş verir. Bunun səbəbini isə Nazirlər Kabinetinin 2018-ci ilin iqtisadi yekunları ilə bağlı iclasında prezident özü qeyd etdi. Həmin iclasda İlham Əliyev idarəetmənin köhnəldiyini bildirmişdi. Prezidentin də qeyd etdiyi həmin süni və bürokratik əngəllərə görə, yerli və xarici sahibkarlar bu sahəyə investisiya qoymaqda maraqlı olmurlar. İqtisadiyyatın idarə olunmasında dövlət strukturlarının effektivliyinin təmin edilməsinə ehtiyac var”.
Günel Azadə

banner

Oxşar Xəbərlər