• çərşənbə axşamı, 19 mart, 09:16
  • Baku Bakı 8°C

Bizim zamanımız qəhrəmanlığın böhran dövrüdür

20.05.19 11:30 1298
Bizim zamanımız qəhrəmanlığın böhran dövrüdür
Gənc yazıçı Sahilə Yaya ilə son aylarda çapdan çıxan "Şeyx” romanı haqqında müsahibəni təqdim edirik:

– Şeyx Sənan əhvalatı hansı xüsusiyyətləri ilə diqqətinizi çəkdi?
– Azadlığı ilə, sevgisi ilə. Mən balacaolanda anam deyirdi ki, "Şeyx Sənan" "Leyli və Məcnun"dan da, "Romeo və Culiyetta"dan da daha üstün olan sevgi hekayəsidir. Mən bunu eşidə-eşidə böyümüşəm. Daha sonra özüm də oxudum və təsirləndim. Çünki müəyyən şeylərdən imtina etmək olur, ancaq məzhəbdən imtina etmək dəhşətli görünür, insanları vahiməyə salır.
– Həm də o dövrdə...
– Bəli, həm də o dövr də, tamamilə doğrudur. O isə maddiliyə qarşı çıxan bir obraz idi. Bilmirəm, mən anam kimi düşünürəmmi, Şeyx Sənan "Leyli və Məcnun"dan, "Romeo"dan üstündürmü, bunları müqayisə etməmişəm. İlk yolu anam göstərdi sadəcə. Sonra oxudum, gördüm, poeması da var, dramı da var, romanı yoxdu, bu "yer” boşdu. Mən də qərara gəldim ki, romanını yazım.
– Sənan obrazınız Şeyx obrazına bir ironiyadı. Şeyx eşqə düşəndən sonra daha çətin həyat gözləyir onu, əzab çəkir, sadiq olur. Sənan isə rahat həyatın, vecsiz insanların obrazıdır. Bunu məqsədli düşünmüsünüz?
– İndi insanlar təzad içərisindədirlər, görünsə də, görünməsə də, göstərsələr də, göstərməsələr də. İnsanlar ziddiyyət içərisində yaşayırlar. Rəqəmsal dünyada yaşayırıq. Sürətlidi hər şey. Məzmunca olmasa da, çünki mən insanların və insanlığın məzmun etibarilə dəyişilmədiyini düşünürəm, formaca dəyişir sanki. Və dəyişən forma məzmuna təsir edir. Adamlar rahat olmağın yollarını axtarırlar. Xoşbəxt olmaq istəyirlər. Sənan da, Şeyx də xoşbəxtlik axtarır. Forma ayrıdır, ancaq məzmun eynidi. Bizim Sənan, yəni bu dövrün Sənanı inqilab edə bilmədi. Əslində, bu romanda eyni situasiyada xoşbəxtliyə ehtiyacı olan adamlar göstərilib. Sadəcə Şeyx bacardı, bizim Sənan isə yox. Ona həm də müharibə imkan vermədi. Bəlkə, bacarardı.
– Yəni, ironik detal deyil?
– Yox, redaktorum da mənə dedi, Sənan Şumeysat obrazının yanında sönük qalır. Bəlkə, siz deyən keçidlər onu bu sönüklükdən xilas edərdi. Ancaq bizim dövrümüz həm də qəhrəmanlığın böhran dövrüdür. Mən həm də Şeyxlə Sənana göstərmək istədim ki, fiziki yox, mənəvi qəhrəmanlıq göstərmək lazımdı. Müharibə imkan vermədi ona. Roman bütünlükdə müharibəyə qarşıdı.
– Sənan obrazının sönük görünməsi həm də ona görədir ki, yazdığınız roman monifonikdi. Şumeysat bütün obrazların önündədir. Və sanki siz onu daha yaxşı təsvir etməyə çalışmısınız. Şumeysat obrazı əhvalatdakı qadın deyil, bəs kimdi, haradan gəlir?
– Mətnin içində mətn var. Tarixi əsəri tarix kimi təsvir etmək istəmədim. Roman sıxıcı olardı. Sadəcə bir xətli olmasını istəmədim. Şumeysat obrazı bizim müasirimizdi, ona görə, bizə yaxındı, biz onu öndə görürük. Müəyyən qədər məndən də nəsə var Şumeysatda...
– Ona görə soruşdum ki...
– Hə, bildim nə demək istədiniz, ancaq yox, bioqrafik obraz deyil. Bəzi hadisələr mənimlə bağlıdır. Məsələn, zürafə məsələsi (gülür). O hadisəni həqiqətən yaşamışam. Almaniyada açıq zooparkda avtobusla gəzəndə yana çevriləndə gördüm, zürafə başını avtobusa salıb, elə bil, yanımda oturub. Digər detallar da var. Ancaq bütövlükdə o mən deyiləm.
– Şumeysat obrazı metamodernist bir obrazdı. Ənənələrə qayıtmağı, lakin onları çağdaş yaşamağı sevəndi. Həm də içində tərəddüd var...
– Şumeysat depressiv obrazdı. Depressiya xəstəlikdi. Və o zaman insan tez-tez keçmişi xatırlayır, nostalji yaşayır. Ən sevincli anında belə kədərlənməyi seçir. Bu, depressiv insanın beynidi. Şumeysat niyə depressivdi? Onun uşaqlığı çətin keçib. Keçmişini unutmur.
– Finala təsir edən detaldı...
– Bəli, həm də Şumeysat ümidlidi. Sənət ümidli olmalıdır, məncə. Müasir dövrün ədəbiyyat və kino sahəsini izləyəndə də bunun şahidi oluruq. Sənət əsəri insanları depressiyaya salmamalıdır. Şumeysat da otelə qayıtmır, qatarla yeni həyata gedir. Onun yazdığı roman da qatarda yazılır. Qatar simvoldu. Gələcəyə gedən, ümidli bir simvol.
– Şumeysatın romanını yazacaqsınız bir gün, yoxsa elə "Şeyx"də də qalacaq o mətn?
– Maraqlı sualdır. Düşünməmişəm bu haqda, ancaq maraqlı gəldi. Bəlkə, bir gün işləyəcəm. Hazırda başqa bir roman yazıram.
– Mətnin qurğusallığı bədii atmosferini aşağıda saxlayıb. Mətn olaraq bədiiliyə deyil, qurğuya diqqət ayırmısınız.
– Ola bilər. Bu, bəlkə, mənim üslubumdan da asılıdır. Məni buna görə qınayırlar bəzən. Bəzən sevirlər. Mən yazanda düşünməmişəm bu şeyləri. Həmin anda necə situasiyadayamsa, elə yazmışam. Çalışmışam sadə olsun mətn.
– "Şeyx"i yazanda hansı ədəbiyyatlardan istifadə etmisiniz? Mətbəxinizdə nə olub?
– Elektron kitablardan daha çox istifadə etdim. Elmi kitablar – irfan ədəbiyyatını çox mütaliə elədim. Türk ədəbiyyatlarına müraciət etdim. Ərəb müəlliflərini, qərb müəlliflərinin ərəb əfsanələri haqqında yazdıqlarını, dini mətnləri oxudum. Quranı oxudum. Monoqrafiyalardan istifadə etdim. Umay ana detalına görə türk mifologiyasını oxudum.
– Maraqlı detal idi o və magik təsir bağışladı..
– Mənim də ən sevdiyim obrazdı o.
– Dini dünya görüşünüz mətnə müsbət və ya mənfi olaraq necə təsir etdi?
– Hazırda tərəddüd içindəyəm. Dini bağlılığım heç vaxt olmayıb. Tanrıya inanıram. Enerji kimi düşünürəm onu. Dinlər qaydalar toplusudur. Müqayisə aparmaq da istəmirəm. Deistəm mən.
– Bu roman digər "Şeyx Sənan"lardan nə ilə fərqlənir?
– Bu roman digərlərindən daha çox oxunur. Çünki o artıq klassikdi və biz onu dərsliklərdən daha çox tanıyırıq. Mən istədim bu əhvalat çox oxunsun, itməsin, bizim belə bir tolerant əsərimiz var demək istədim. Müasirdi həm də.
– Qərb tolerantlığına bir alternativdi. Necə düşünürsünüz, bir qərb müəllifi necə yazardı "Şeyx"i?
–Mən özümü Şərqli müəllif saymıram. Çünki Şərq ədəbiyyatını yaxşı bilmirəm. Yenidən oxuyacağam. Nizamini, Fizuluni, digərlərini. Bu romanı qərbli kimi yazmışam..
– Elə bir mövzudur ki, bütün coğrafiyalar məhz bu cür yanaşar – Tolerantlıq mesajı ilə.
– Bəli! Bu əhvalatın özəlliyi də ondadır.
– Sevgi mövzusuna gələk. Romanda kim daha çox sevirdi – Şumeysat, yoxsa Sənan?
– O zaman sevgi nədir sualına qayıdaq. Bu da çox böyük mövzudur. Və mən bilmirəm bu mövzuların cavabını (gülür).
– Şumeysat adı Şəmsdən gəlir yəqin ki. Bu da Sənanın taleyindəki səhraya işarədir. Bunu fikirləşmişdiniz? Yəni, adlat təsadüfüdür, yoxsa mətnlə bir başa əlaqəlidir?
– Düşünmüşdüm, hətta siz danışanda təəccübləndim. Şumeysat Günəşə işarədir. Mən Günəş simvolunu sevirəm. Həm də türkçülüyə aparan bir addır. Umay ana, qutluq, filan – hamısına işarədir. Təbii ki, Şeyx Sənan əhvalatına da.
– Sənət xilas üçündür. "Şeyx" oxucunu necə xilas edəcək?
– Bunu düşünməmişəm. Böyük məsuliyyətdir bu. İstəmərəm bir kitab digərinə o cür güclü təsir etsin.
– Bəs nədir sizi yazmağa sövq edən?
– Yaza bilirəm, məncə, ona görə yazıram.
– Romana gələn reaksiyalardan razısınız?
– Satışından bir o qədər yox. Ancaq oxuyanların fikri məni razı salır. Kitab almayanlar da onsuz da heç kimi oxumur.
– Ümidlisiniz?
– Yox!
– Bitirək o zaman...
– Kaş müsahibə belə bitməzdi... (gülür)

Söhbətləşdi: Rəvan Cavid

banner

Oxşar Xəbərlər