• cümə, 26 Aprel, 10:20
  • Baku Bakı 12°C

“Bizim gücümüz qarşısında məğlub olmağa məhkum idilər” - FOTOLAR

28.05.21 09:00 1885
“Bizim gücümüz qarşısında məğlub olmağa məhkum idilər” - FOTOLAR
Qazi İlyas Dursunov: "Şəhid olmağı özümüzə şərəf bilirdik”
Vətən Müharibəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan tarixinin şanlı səhifəsini yazdı. Cəmisi 44 gün ərzində Ermənistan ordusu darmadağın edilərək işğal altında saxladıqları ərazilərdən qovuldu. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, Hadrut qəsəbəsi, Şuşa şəhəri döyüş yolu ilə düşməndən azad edildi. Ardınca Ermənistan təslim aktına qol çəkməyə məcbur oldu ki, bununla da Ağdam, Kəlbəcər və Laçın bir güllə atmadan boşaldıldı. 30 ildir həllini tapa bilməyən Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Şəhidlərimizin canı, qazilərimizin qanı bahasına Azərbaycanın ərazi bütövlüyü təmin olundu, xalqımız qalibiyyət sevinci yaşadı.


Kəşfiyyatçı və nişançı əsgər

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında, Silahlı Qüvvələrimizin şəxsi heyəti sıralarında bizə qələbə sevincini yaşadan oğullardan biri də İlyas Niyaz oğlu Dursunovdur. O, 25 dekabr 1996-cı ildə Göygöl rayonunun Çaykənd kəndində anadan olub. 2004-2015-ci illərdə Çaykənddəki Süleyman Əliyev adına tam orta məktəbdə təhsil alıb. 7 iyul 2015-ci ildə Vətən borcunu ödəmək üçün əsgərliyə yollanıb və Beyləqan rayonundakı "N” saylı hərbi hissədə xidmət edib. İlyasın fiziki göstəricilərini, nizam-intizamını, hərbiyə olan marağını nəzərə alan hərbi hissə komandanlığı onu kəşfiyyat bölüyünə cəlb edib. Qısa zamanda etimadı doğruldan İlyas kəşfiyyatçı kimi həm əsgər yoldaşlarının, həm də zabit heyətinin hörmətini qazanıb. İlyas nişançı – snayper kimi də üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Elə bu kimi xüsusiyyətlərinə görə hələ əsgərlik müddətində bir sıra vacib döyüş tapşırıqlarının icrasına cəlb edilib. Verilən əmrləri vaxtında və dəqiq yerinə yetirdiyinə görə dəfələrlə komandanlığın təşəkkürünü qazanıb, mükafatlandırılıb.


Qanlı döyüşlər, qəlpə yarası

İlyas Dursunov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısıdır. Özünün söylədiyinə görə, Aprel döyüşləri onun hərbi xidmət dövrünə təsadüf edib. Belə ki, əsgərliyinin 10-cu ayında hərbi hissə gecə saatlarında həyəcan siqnalı ilə ayağa qaldırılıb. Şəxsi heyətə izah olunub ki, Ermənistan silahlı birləşmələri atəşkəsi pozaraq hücuma keçiblər. İşğalçıların qarşısını almaq, ölkənin ərazi bütövlüyünü qorumaq üçün digər hərbi qulluqçular kimi İlyas da silaha sarılaraq döyüşlərə atılıb. Bir neçə gün davam edən döyüşlər nəticəsində nəinki düşmənin hücum cəhdinin qarşısı alınıb, üstəlik əsgərlərimiz əks həmlə ilə Lələtəpə, Talış yüksəkliklərini, bir sıra strateji mövqeləri işğalçılardan azad ediblər. Kəşfiyyatçı əsgər İlyas Dursunov bu qanlı döyüşlərdə ayağından və qolundan yaralanıb. Buna baxmayaraq, səngər yoldaşlarının yanından ayrılmağı özünə rəva bilməyib, sona qədər vuruşub. Yalnız döyüşlər başa çatandan sonra hərbi hospitala təxliyə olunub, 12 gün ərzində müalicə alıb, sağlamlığı bərpa edilib.


Yenidən hərbi xidmətə qayıdış

1 yanvar 2017-ci ildə hərbi xidmətini əsgər kimi başa vuran İlyas tərxis olunub, bir müddət şəxsi təsərrüfatda çalışıb. Lakin hərbiyə olan marağı ona mülki həyatda hamı kimi yaşamağa imkan verməyib. Müdafiə Nazirliyinə müraciət edərək müddətdən artıq hərbi qulluqçu kimi yenidən xidmət etməyə hazır olduğunu bildirib. Onun bu istəyi, hərbi xidmət müddətindəki göstəriciləri nəzərə alınıb və 2017-ci il oktyabrın 10-da Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzindəki kurslara cəlb olunub. Təlimlərdə fərqləndiyinə və kursu uğurla bitirdiyinə görə ona kiçik çavuş hərbi rütbəsi və sertifikat verilib, xüsusi təyinatlı hərbi hissədə xidmətə cəlb olunub. Həmin vaxtdan etibarən İlyas hərbi bilik və bacarıqlarını artırmağa başlayıb, eyni zamanda gənc əsgərlərin hazırlıq prosesinin iştirakçısına çevrilib.


Ermənilərə layiqincə dərs verdik

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin atəşkəsi kobud şəkildə pozmaqla bütün cəbhə boyu hücum cəhdinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. İlyas da peşəkar hərbçi kimi sentyabrın 28-dən bu hərbi əməliyyatlara cəlb olunub. Kəlbəcər istiqamətində ilk döyüşlərə qatılan qazimiz Şuşanın azad olunması ilə yekunlaşan bir çox hərbi əməliyyatlarda iştirak edib. O, həmin anları belə xatırlayır: "Bizim qələbəmizi təmin edən birinci məqam haqlı olmağımız, öz torpaqlarımız uğrunda savaşmağımız idi. Bütün döyüşçülərin mənəvi-psixoloji vəziyyəti olduqca yüksək idi. Belə bir vəziyyətin formalaşmasında komandanlığın rolu xüsusi qeyd olunmalıdır. Onlar daim bizimlə söhbətlər aparır, reallığı bizə təqdim edir, hərbi əməliyyatların düzgün və maksimum az itkisiz başa çatdırılması üçün lazımi tapşırıqlar verirdilər. Vətən Müharibəsində iştirak edən hər bir döyüşçü kimi mən də qarşıma məqsəd qoymuşdum ki, işğal altında saxlanılan torpaqlarımızı azad edək, Qarabağ probleminin həllinə nail olaq, məcburi köçkünlərimizi öz yurd-yuvasına qaytaraq. Aprel döyüşlərində müharibə qısa müddətli oldu. Düzdür, ermənilərə o zaman da layiqincə dərs verdik, canlı qüvvələrini, hərbi texnikalarını məhv etdik. Amma prosesi sona çatdıra bilmədik. Bundan hamımız təəssüf hissi keçirirdik. Vətən Müharibəsində yarımçıq saxladığımız bu işi sona çatdırdıq. Sevinirəm və qürurluyam ki, bu döyüşlərin iştirakçısı olmuşam, şəhid və qazi qardaşlarımla birlikdə Vətən torpaqlarını azad etmişəm”.


Qayalara zəncirlənən erməni əsgərləri

Qazimiz bildirib ki, döyüşlərdə əsgərlərimiz qorxu hissinin nə olduğunu bilməyiblər və aslan kimi düşmən üzərinə yeriyib işğalçıları məhv ediblər: "Döyüşlərdə heç kim sonunu, aqibətini düşünmürdü. Biz ölümün gözünün içinə dik baxıb, son damla qanımıza qədər vuruşurduq. Amma Ermənistan ordusunda vəziyyət tamam başqa idi. Komandanlığımızın düzgün və uğurlu hərbi əməliyyat planı, döyüş təcrübəmiz, vətənpərvərlik ruhumuz qarşısında duruş gətirə bilməyib qaçırdılar. Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin qorxaqlığını dəfələrlə müşahidə etmişik. Bir balaca müqavimət göstərdikdən sonra silah-sursatlarını atıb geri çəkilirdilər. Düşmən mövqelərini ələ keçirəndə isə gördüyümüz mənzərə erməni ordusunun acınacaqlı durumunu nümayiş etdirirdi. Erməni əsgərlər geri çəkilməsin, qaçmasın deyə qollarından, ayaqlarından qayalıqlara zəncirlənmişdilər. Lakin bu da onlara kömək edə bilməmişdi. Bizim gücümüz qarşısında məğlub olmağa məhkum idilər. Eyni qorxaqlığı Kəlbəcər, Şuşa və sair yaşayış məntəqələri uğrunda döyüşlərdə də nümayiş etdirirdilər. Erməni əsgərləri ağ bayraq qaldırır, silahını yerə atır, bizə yalvarırdılar ki, onları öldürməyək. Birtəhər başa salmağa çalışırdılar ki, onları bura güclə gətiriblər və heç kim vuruşmaq istəmir”.


"4 yerdən qəlpə yarası almışdım"

Aprel döyüşlərinin iştirakçısı, qazi İlyas Dursunov Vətən Müharibəsində də yaralanıb: "Cəbrayıl istiqamətində döyüşlər gedirdi. Atışmaya qısa fasilə verildi və biz müşahidə aparırdıq. Elə bu vaxt düşmən bizim mövqeyimizi minaatan mərmiləri ilə atəşə məruz qoydu. Döyüş yoldaşlarım arasında şəhid olan, ağır və yüngül qəlpə yarası alanlar oldu. Düşmən mövqelərini müəyyənləşdirib darmadağın etdik. Bir qədər irəliləyəndən sonra hiss etdim ki, yeriməkdə çətinlik çəkirəm. Elə bildim ayaqqabılarıma su dolub. Döyüş yoldaşlarımın köməyi ilə əsgər çəkməsini çıxaranda gördüm ki, ayağım bütün qanın içindədir. Sən demə, 4 yerdən qəlpə yarası almışam və isti-isti bunu hiss etməmişəm. Təxliyə olunmağımı istəsələr də, buna razı olmadım. İlkin tibbi yardım alıb, döyüşlərə davam etdim. Tək mən deyil, hamı özünə utanc bilirdi ki, yaralansın, təxliyə olunsun. Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmağı özümüzə şərəf bilirdik. Allah bizlərə bunu nəsib etmədi. Kiçik çavuşlar Ağaşirinov Baloğlan, Məmmədov Mehrac və başqaları da yaralanmaqlarına rəğmən, rəşadətlə döyüşürdülər. Şəhidlərimizlə, qazilərimizlə, bütün hərbçilərimizlə birlikdə 44 gündə belə çətinliklərdən keçdik, xalqımıza qələbə sevincini yaşatdıq. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Xalqımız bir daha belə çətinliklərlə, problemlərlə üzləşməsin. Amma işdir, düşmən yenə cızığından çıxarsa, Ali Baş Komandanımızın dəmir yumruğu yenə onların başına endiriləcək. Biz hərbçilər istənilən tapşırığı yerinə yetirməyə qadirik”.


Hərbi xidmətini davam etdirən qazi

Sonda qeyd edək ki, 2016-cı ilin şanlı Aprel döyüşlərinin və 2020-ci ilin 44 günlük Vətən Müharibəsinin iştirakçısı kiçik çavuş İlyas Dursunov hazırda da Kəlbəcərdəki "N” saylı hərbi hissədə xidmətini davam etdirir. Hərbi qulluqçu kimi onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla kiçik çavuş İlyas Dursunov "Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı, həmçinin "Vətən Müharibəsi İştirakçısı”, "Cəbrayılın azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər