Bizi kompüterimizdə daim təqib edən ziyanvericilər
Kibercinayətkarlar zərərli
proqram təminatlarını yaymaq üçün son vaxtlar məşhur televiziya seriallarının
pirat versiyalarını istifadə edirlər. "Kaspersky Lab”-ın mütəxəssisləri son iki
ildə məşhur teleşouların epizodlarını təqdim edən zərərli faylların yüklənməsi
statistikasını təhlil edərək belə qənaətə gəliblər. Ən "viruslu”, 2018-ci ildə
bütün zərərli faylların 17 %-ni təşkil edən "Taxtların oyunları” serialı olub.
Maraqlıdır ki, keçən il bu fantastika dramının yeni seriyaları çıxmayıb.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bütün dünya bu seriyalın yeni mövsümünə
baxan zaman, bu göstərici 22% olmuşdu. Ümumiyyətlə, zərərvericilər "Taxtların
oyunları” vasitəsi ilə bütün dünyada 21 minə yaxın istifadəçiyə hücum ediblər. "Kaspersky
Lab”-ın mütəxəssisləri hesab edirlər ki, ən təhlükəli, serialın hər mövsümün
ilk və son seriyaları olur: məsələn, bu seriyalarla zərərvericilər daha çox
zərərli fayllar gizlətməyə çalışırlar. Ekspertlər
indiyə kimi "Taxtların oyunları” adı ilə 33 növ təhlükə və 505 zərərli proqram
təminatları qeydə alıblar. Ən çox istifadəçilər, troyan (üçdə bir hallarda),
reklam proqram təminatı (28%) və yükləmələr (21%) istifadə edirlər. Antivirus
üzrə mütəxəssisi Anton İvanov deyib: "Biz görürük ki, zərərli proqram
təminatlarını yayanlar məşhur teleserialların pirat versiyalarına güclü maraq
göstərirlər: onlar sevdikləri şouların yeni seriyasını daha tez görmək istəyən
istifadəçilərin səbirsizliyindən istifadə edirlər. "Taxtların oyunları”
serialının son mövsümünün çıxması ərəfəsində kibercinayətkarların yeni
aktivliyini gözləmək olar – yəqin ki, yeni seriyalar adı altında zərərli
proqram təminatlarının sayı artacaq”.
Bəhs olunan
mövzu həqiqətən aktualdır. Belə ki, filmlərlə belə olmasa, zərərvericilər
müxtəlif yollarla kompüterimizə yol tapır. Əksəriyyəti isə sosial şəbəkələrdə
mesaj formasında yayılır. İstifadəçilərin mesaj qutusuna bilinməyən qovluq
formasında mesaj gəlir, onlar da bilmədən açırlar və virus həm bütün kompüterə
yayılır, həm də digər istifadəçilərin profilinə avtomatik olaraq göndərilir.
Kim bu cür ismarıcı açıb oxusa, virus tələsinə düşmüş olur. Maraqlıdır, bu
viruslar şəxslərin kompüterinə, filmlərə necə yol tapır?
İnformasiya Texnologiyaları üzrə ekspert Qafar
Əhmədov deyir ki, internet
bütün kompüterlər arasında qapı açır. Yəni əgər bir kompüterdə şəbəkə ilə
yayıla bilən virus varsa, onun digər kompüterə keçməsi üçün internet
bağlantısının olması kifayətdir. İki və ya daha çox kompüter arasında internet
bağlantısı mövcuddursa, virusun yayılma ehtimalı yüksəkdir. Bunun üçün də
hansısa saytdan kinoya baxanda, kompüterində qeyd edilən viruslardan qorunmaq
üçün antivirusun və ya başqa bir önləyici vasitən yoxdursa, həmin virusun
kompüterə keçməsi 90%-dir. İndi düşünün ki, bu məsələ daha qlobaldır. Məsələn,
bir saytdan bir filmə minlərlə insan baxır və bu o deməkdir ki, bu şəxslərdən
heç olmasa birinin kompüterində virus varsa, hamısına keçə bilər. Burada
virusun yayılmasında sayt körpü, internet isə vasitəçi rolunu oynayır. Nəticə
etibarı ilə virus yayılmağa başlayır”.
Q. Əhmədov
bu viruslardan qorunma yollarının olduğunu bildirdi. O, qeyd etdi ki, hər kəs
kompüterinə bahalı internet qoruyucusu olan antivirus yükləyə bilər: "Yaxud da
kompüter professional kompüter ustası tərəfindən format edilirsə, özü bu
tədbirləri görür. Misal üçün, mən bütün virusları nəzərə alıb brauzerə
viruslardan qorunmaq üçün vasitələr yazıram. Bu vasitələrin bəziləri pulsuz, bəziləri
isə pulludur. Əgər müştəri pulluya razı olmasa, pulsuzu istənilən halda
yazıram. Amma elə proqramçılar var ki, bu antivirusları yazmır. Onlar sadəcə,
işini görür, yəni kompüteri format etməklə kifayətlənirlər. Kompüteri format
edib müştərini eləcə, yola salır”.
Həmsöhbətim
"adguard” proqramından da danışdı: "Ən sadə antivirus proqramlarından biri
"adguard” adlanır. Bu, xrom brauzerinin marketində var, oradan yükləmək olar.
"Adguard” reklam bloklayıcıdır, həm də virusların kompüterə keçməyinin qismən
qarşısını alır. Digər tərəfdən, əgər kompüter "windows 10” deyilsə, məsləhət
görüləndir ki, kompüter dəstəklədiyi halda "windows 10” orijinal variantda
yazılsın. Çünki bu sistemin öz antivirusu olur ki, o da bütün bu tip virusların
qarşısını alır. Yəni həmin kompüterə əlavə antivirus proqramı yazmağa ehtiyac
olmur. Yox, əgər kompüter "windows 10”
sistemini dəstəkləmirsə, bu zaman "windows7” üçün "Microsoft”un antivirusundan
yararlanmaq olar. Bu da pulsuz antivirusdur və "Kaspersky”dən
dəfələrlə yaxşı, effektivdir. Ona görə də "Kaspersky”-yə 30-40 dollar verməyə
dəymir. Amma müştərinin pulu varsa və özü də tələb edirsə, bu zaman "Kaspersky”
antivirusunu yükləmək olar. Yanlış anlaşılmasın, mən demirəm ki, bu antivirus
pisdir. Əksinə, yaxşı antiviruslardan biridir. Amma məsələ ondadır ki, insanlar
adı çəkilən antivirusun 90% funksiyalarından istifadə etmirlər. Yerdə qalan 10%
funksiyalar pulsuz olan antiviruslarda da var deyə, onları məsləhət görürəm.
Sadəcə, sistemin və antivirusun professional şəxs tərəfindən yazılması
kifayətdir”.
"Şəbəkə ilə yayılan virusları xəfifə almaq olmaz”
deyən İT mütəxəssisi bildirdi ki, bu, hansısa proqramçının yaratdığı "agent”
viruslar da ola bilər: "Hansı ki, bu viruslar vasitəsilə insanların kompüterinə
girib onların məlumatlarını oğurlamaq məqsədi ilə yayılır. Xüsusilə də şirkətdə
iş üçün istifadə edilən kompüterlərlə də diqqətli olmaq lazımdır. Çünki
istənilən halda hansısa işçi də müəyyən bir sayta girib film izləyərkən, onun
kompüterinə virus düşər və şirkətin bütün məlumatları oğurlana bilər. Sırf bu
hadisələrin baş verməməyi üçün əvvəlcədən tədbir almaq mütləqdir. "Taxtların
oyunu” filminə gəlincə isə zərərvericilərin sırf onun üzərindən yayılmasının
səbəbi baxışın çox olmasıdır. Yəni baxış sayı nə qədər çoxdursa, virusun yayılma
ehtimalı da bir o qədər yüksəkdir”.
İT
sahəsi üzrə ekspert Tural Mustafayev bu
virusların sürətlə yayıldığını və qorunmağın vacib olduğunu bildirir. Həmçinin internetdən istifadə edərkən diqqətli
olmağı qeyd edir: "Yüklənən faylların genişlənməsinə xüsusi önəm vermək
lazımdır. Zərərli proqram təminatlarında belə hallar tez-tez olur. İstifadəçilər
şübhəli linkləri açmasınlar. Hansısa filmə baxmaq üçün sayta daxil olmamışdan
əvvəl həmin Veb-saytın saxta olub-olmadığını yoxlasınlar, o cümlədən əvvəldə "https”
yazılmasına və URL ünvanının düzgün yazılmasına diqqət etsinlər. Bütün növ
hücumları tanıyan və blok edən etibarlı antiviruslardan istifadə etmək
vacibdir. Antivirus seçimində də professionalların məsləhətini almaq lazımdır”.
Günel Azadə