• cümə axşamı, 28 mart, 23:31
  • Baku Bakı 13°C

Bizi kar edən qulaqcıqlar Araşdırma

24.08.13 10:39 3728
Bizi kar edən qulaqcıqlar Araşdırma
Sirr deyil ki, indi xüsusən gənclər arasında qulaqcıqdan istifadə edərək musiqi dinləmək, telefonla danışmaq dəbə çevrilib. Hətta bir çoxları yol keçərkən belə, qulaqcıqdan "faydalanaraq", nəyəsə qulaq asırlar. Bununla da həm özlərinə, həm başqalarına problem, təhlükə yaradırlar. Fikir vermisinizsə, belə insanların diqqəti çox vaxt özündə olmur.
Müsahibimiz psixoloq Nail Cəlilin sözlərinə görə, qulaqcıq həmin insanları tamam başqa, yad, müəyyən mənada mistik, mövcud olmayan, virtual bir aləmə daşıyır. Qulaqcıqdan davamlı istifadə əksər hallarda istifadəçinin əsəblərinə mənfi təsir edir, hətta kəskin emosional stress yaradır. Bu isə nəticədə psixi travmalara səbəb olur: “Belə insanların çoxunda qulaqcığa ikili münasibət yaranır. Çünki həm qulaqcıqdan həddən artıq istifadə onları bezdirir, həm də alışdıqları üçün bu cihaz olmadan keçinə bilmirlər. Bir qədər təzadlı görünsə də, belə münasibət həm də tənhalıq kompleksi yaradır. Yəni qulaqcıqdan çox istifadə edənlər sosial mühitdən, ətraf aləmdən, insanlardan özlərini təcrid etməyə çalışırlar və getdikcə bu meyil dərinləşir”.
Onlar dəlidir?
Psixoloq düşünür ki, müəyyən hallarda bu cihazdan istifadənin faydası da var. Lakin bu heç də o demək deyil ki, ictimai yerlərdə, metroda, küçədə, insanların sıx toplaşdığı yerlərdə hərəkət edərkən qulaqcıq taxıb ritmik musiqi dinləyə-dinləyə əl-qol atmaq olar: “İnsanların müəyyən qismi bu adamlara əhəmiyyət vermir, bəziləri anlayışla qarşılayır, bəziləri də fikirləşir ki, belələri 100 faiz dəlidir. Əslində, bu hərəkətlərdə dəliliyin ilkin əlamətləri özünü göstərir. Ətrafdakılara laqeydlik, etinasızlıq, sosial məsuliyyət hissinin itirilməsi və s. buna misal ola bilər”.
Nail Cəlilin fikrincə, insan gözünü yumub hərəkət edə bilmədiyi kimi, qulaqcıq taxıb nəyisə dinləməklə də ciddi fayda əldə edə bilməz: “Həddən artıq istifadə edilən hər bir şeyin xeyirdən daha çox ziyanı var. Bu sıraya, gənclərin, yeniyetmələrin böyük qisminin həyatının bir hissəsinə çevrilən qulaqcıqlar da aiddir”.
Düzgün istifadə qaydaları
LOR həkimi (qulaq-boğaz-burun) Cavid Hüseynov qəzetimizə açıqlamasında söylədi ki, qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, oradan da daxili qulağa və qulaq sinirinə ötürülür. Qulaqcıqdan çıxan səsin şiddətli olması isə daxili qulaqdakı qulaq sinirlərinə və eşitməyimizi təmin edən qulaq hüceyrələrinə öldürücü təsir edir: “Təəssüf ki, bu təsir geri dönüşü olmayan problemlər yaradır. Bu isə nə bir dərman, nə də əməliyyatla düzələn bir durumdur. Uzun müddət və yüksək səslə musiqi dinlənilməsi nəticəsində qulaqda uğultu meydana çıxır. Bunun nəticəsində get-gedə eşitmə zəifliyi yaranır. Beləliklə də, gələcəkdə eşitmə cihazından istifadə qaçılmaz hala gəlir”.
Həkimin sözlərinə görə, qulaqcıqdan gün ərzində aşağı səslə və qısamüddətli istifadə olunmalıdır: “Bu cihazdan qulaqlarınızda narahatlıq yaratmayacaq şəkildə istifadə edin. Gün ərzində qulaqcıqdan 1-2 saatdan artıq istifadə olunmaması məsləhət görülür. Qulağında və eşitməsində problem olanlar isə, ümumiyyətlə onu istifadə etməməlidirlər”.
İki ailəni bədbəxt edən cihaz
Təəsüf ki, qulaqcıqdan istifadənin yaratdığı fəsadlar bununla bitmir. Tanışım Təranə xanım bir dəfə mənə belə bir hadisə nəql etmişdi: “Keçən il həyat yoldaşım maşını ilə bilmədən bir uşağı vurub öldürdü. Ailəsi də şikayətçi oldu. Uşağın qulağında həmin cihazdan var idi. Ona görə də verilən siqnal səslərini eşitməmişdi. Hava yağışlı olduğu üçün yoldaşım maşını saxlamaqda çətinlik çəkmişdi. Uşağın “qulağı bağlı” olmasaydı, bu hadisə də baş verməzdi. İndi həmin ailə övladsız, biz isə başsız qalmazdıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər