Suallarımızı Azərbaycanın
Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov cavablandırır.
- Cənab
Səfir, digər suallara keçməmişdən öncə, Qırğızıstanda keçirilən son Prezident
seçkilərinə toxunmağınızı istərdik. Sooronbay Jeenbekovun dövlət başçısı seçilməsi
ölkəmiz arasında əlaqələrə nə kimi təkan verəcək?
- Cənab Sooronbay Jeenbekov yetkin, təcrübəli
dövlət xadimidir, müxtəlif vəzifələrdə çalışıb, nazir, hökumətin səlahiyyətli
nümayəndəsi olub. Ciddi adamdır, nə dediyini, nə üçün dediyini yaxşı bilir.
2015-ci ilin yayında mənim ölkənin cənubuna
səfərim zamanı hökumətin Oş vilayəti üzrə səlahiyyətli nümayəndəsi idi.
Görüşdük, müfəssəl söhbət etdik. O zaman hiss etdim ki, tutduğu vəzifə tutumlu,
məsul olsa da onun karyerasında yüksəklik baxımından sonuncu deyil.
Bir məqamı da qeyd etmək istəyirəm: Dövlət
xadiminin formalaşmasında ailənin rolu şübhəsiz, böyükdür.
Xatırlayıram: 2010-cu ilin mart ayında
Dövlət Komitəsinin sədri olaraq Səudiyyə Ərəbistanına rəsmi səfərim zamanı
Ər-Riyadda Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyada keçirilən ərəb
dilində ikinci dəfə nəşr olunmuş "Heydər Əliyevin milli siyasəti” kitabımın təqdimat
mərasimində Qırğızıstanın bu ölkədəki səfiri Jusupbek Şaripov çox maraqlı nitq
söylədi. Təqdimat mərasimindən sonra bizim Səudiyyədəki səfirimiz Tofiq
Abdullayev onu mənə təqdim elədi. Mənə çox yaxşı təsir bağışladı. Jusupbek
Şaripov yeni Prezidentin doğma qardaşıdır,
sonra Küveytdə səfir oldu, hazırda Ukraynadadır. Ardıcıl əlaqələrimiz olub, Bişkekdə
səfirliyimizə gəlib. Digər qardaşı Asılbek Jeenbekov xeyli müddət Jokorku
Keneşin Toraqası (Parlamentin sədri) idi, ölkəmizə münasibətdə çox mehriban, əlaqələrimizin
inkişafında maraqlı və diqqətlidir. Soroonbay Şarip oğlu baş nazir təyin ediləndə
növbəti seçkilərdən sonra yenidən spiker seçilməkdən imtina etdi, sədr ikən
onunla görüşlərimiz olub. Bir daha vurğulayıram: hərtərəfli, yetkin, mədəni, Azərbaycanın
dəyərlərini bilən, düzgün qiymətləndirən adamdır. Hazırda deputatdır. Bir
qardaşları Cəlalabadda universitet rektoru idi, keçən il vəfat etdi.
Ailənin digər üzvləri də müxtəlif sahələrdə
səmərəli fəaliyyət göstərirlər. Bir sözlə, Prezident ziyalı ailədəndir, söylədiyim
kimi, bu faktor əhəmiyyətsiz deyil.
Cənab Sooronbay Jeenbekovun Prezident
seçilməsi, fikrimcə, əlaqələrimizin inkişafına müsbət təsir göstərəcək. Bir məqamı
da qeyd etməliyəm: Qırğızıstanın yüksək rəhbərliyi tamam yeni və gəncdir. Baş nazir
Sapar İsakovun son illərdə tutduğu bütün vəzifələrdə (Prezident Aparatının Beynəlxalq
Əlaqələr şöbəsinin müdirliyindən başlamış indiyədək) ölkəmizlə iş birliyinin
inkişafında çox maraqlı olduğunu müşahidə etmişəm. Parlamentin sədri Dastanbek
C. Jumabekov da gəncdir, parlamentlərarası əlaqələrin formalaşmasına səy göstərir.
- Azərbaycan və qırğızların qardaş xalqlar olduğu dəfələrlə
vurğulanır. İki ölkə arasındakı əlaqələrin səviyyəsindən razı qalmaq
olarmı?
- Siyasi, diplomatik əlaqələr, iqtisadi
iş birliyi, humanitar əməkdaşlıq həmişə dinamikada-inkişafda olmalıdır. Bu gün
dedim - "Razıyıq”. Bəs sonra? Son illərdə bütün sahələrdə əlaqələrimizin
inkişafı üçün çox işlər görülüb. Ancaq iqtisadiyyat və ticarət üzrə mövcud olan
böyük potensialdan hələ ki, tam istifadə olunmur. - Son illər bu ölkədə dövlət çevrilişləri oldu, gərginlik
yaşandı. Hazırda vəziyyət necədir?
- 2013-cü ilin əvvəlində Bişkekdə
diplomatik missiyamın icrasına başlayan kimi jurnalistlər mənə ardı-arası kəsilmədən
müraciətlər edirdilər. Əsas sual elə bu haqda idi. Cavab verməyə tələsmədim -
bu da təzə səfirə "irad” tutmaq üçün bəhanə oldu: ”Özü yazıçı ola-ola jurnalistləri qəbul etmir,
suallarımızı cavablandırmır”. İki-üç ayda mövcud ictimai-siyasi, iqtisadi
durumu öyrəndim, gedən prosesləri nəzərdən keçirib təhlil etdim. Sonra müfəssəl
müsahibə verdim, bu sualı da cavablandırdım: "Qırğızıstanda yaxın illərdə
inqilab olmayacaq, hazırkı prezident Konstitusiyada nəzərdə tutulan yeni seçimədək
missiyasını davam etdirəcək. Parlament də konstitsion müddətini başa vuracaq.
Yeni parlament daha konstruktiv olacaq”.
Bu deyilənlər çox ciddi reaksiya
doğurdu. İnanmayanlar çox idi, bunu təbii qarşılamaq gərəkdir, lakin "maraqlısı”
bu qənaətin çoxlarının xoşuna gəlməməsi idi. İki-üç il ötəndən sonra həmin
"razılar” da, "narazılar” da məndən soruşurdular "o proqnozu necə
düşünmüşdünüz?”
Artıq məlum olduğu kimi, prezident də, parlament
də, öz müddətlərinin sonunacan fəaliyyət göstərdilər, seçkilər keçdi.
Qırğızıstan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə idi hakimiyyət
inqilabsız, üsyansız yeni seçilən dövlət başçısına ötürülürdü. Ölkənin həyatında
bu önəmli hadisə idi.
Fikrimcə, Qırğızıstan bundan sonra da bu
minvalla addımlayacaq, inkişaf edəcək.
- Bilirsiniz ki, bu günlərdə regionun ən önəmli
layihəsi olan Bakı-Tblisi-Qars dəmiryolu xətti istifadəyə verildi. Qədim İpək
Yolu üzərində yerləşən Qırğızıstan bu dəhlizdən nə kimi yararlanmağı
planlaşdırır?
- Bakı-Tblisi-Qars yalnız bu günün
deyil, əsasən gələcəyin magistralıdır! Digər Mərkəzi Asiya ölkələri kimi Qırğızıstan
da bu yoldan yararlanacaq. - Cənab Səfir, hətta qırğız rəsmiləri belə, Azərbaycanı
sıx əməkdaşlıq etdiyi ölkə kimi yox, həm də həmişə Qırğızıstanın yanında olan
qardaş ölkə kimi ifadə edirlər. Məsələn "II Ümumdünya Köçərilər Oyunları” və bu
tip tədbirlərə ölkəmiz böyük nümayəndə heyəti ilə qatılır. İstərdim bu barədə
danışardınız.
- Son illərdə humanitar sahədə əlaqələr
çox genişlənib, mədəniyyət, gənclər, idman aləmində keçirilmiş böyük tədbirlər
həm miqyasına, mahiyyətinə, həm də sayına görə yetmiş bir illik sovetlər dönəmindən
çoxdur. "Köçərilər” oyunları bu çoxluqda bir fraqmentdir. İlk "Köçərilər”
oyunlarında (2014-cü il) Azərbaycan yığması yüksək yer tutmadı, çünki yarışlara
salınmış idman növlərinin çoxu bizə tanış deyildi. İkinci oyunlarda (2016) ölkəmiz
öz idman rəşadətini göstərdi. Bu ilin sentyabrında keçiriləcək üçüncü oyunlar
daha maraqlı olacaq-proqrama idman növlərindən əlavə mədəniyyət, adət-ənənə,
memarlıq, hətta milli mətbəxlə bağlı bölmələr daxil edilib.
”Köçərilər”dən söz düşmüşkən, son illərdə
Qırğızıstanda çalışmış mədəniyyət, informasiya və turizm nazirləri və digər
uyğun rəsmilərlə müzakirələr etdiyim bir təklifi açmaq istəyirəm: bu yarışların
adı "Türk Xalqlarının Milli Oyunları” olsa, hədsiz maraq doğura bilər, onda əlbəttə,
mahiyyəti də adına uyğunlaşacaq, möhtəşəm İslam Həmrəyliyi Oyunları kimi
yarışlara çevriləcək.
İdmandan danışarkən, Bakıda keçirilmiş
"İslam Həmrəyliyi Oyunları”da Qırğızıstanın fəal iştirakını xatırlamaq yerinə
düşər. Qırğız komandası yarışlarda aldığı mükafatların sayına görə fəxri onuncu
yeri tutdu. Bu MDB-yə üzv ölkələr içində Özbəkistandan (üçüncü sırada) sonra ən
yüksək göstərici idi. - Suallarımızın davamı kimi, dünya şöhrətli qırğız
yazıçısı Çingiz Aytmatovun yubileyi Azərbaycanda böyük təntənə ilə keçirildi.
Qırğızıstanda necə, ədiblərimizə yönəlik bu cür diqqəti görmək mümkündürmü?
- Çoxsaylı möhtəşəm tədbirlər keçirilib və keçirilir.
Yalnız Opera və Balet Teatrının böyük salonunda keçirilmiş bir neçə yüksək səviyyəli
tədbiri xatırlatmaq kifayətdir: "Üzeyir Hacıbəyovun 130 illiyi” , "Rəşid
Behbudovun 100 illiyi”, "Qara Qarayevin 100 illiyi”, "Müslüm Moqamayevin
qala-konserti”, "Yazıçı Anarla görüş”... Bu tədbirlər dediyim kimi, ölkənin ən
nüfuzlu sənət ocağında baş tutub. Tamaşaçıları hökumət üzvləri, deputatlar,
ziyalılar, ölkələrin səfirləri, diaspora nümayəndələri, müxtəlif xalqların təmsilçiləri
olublar. Digər salonlarda keçirilən tədbirlər onlarladır.
Bu yaxınlarda - 8 fevralda Qara
Qarayevin 100 illiyi ilə bağlı keçirilən yubiley gecəsi və qala konsertinin əks-sədası
barədə qısaca məlumat verim: tamam anşlaq salon sanki sehr içindəydi. Həmin gecədən
başlayaraq televiziya kanalları süjetlər yayımlayırdı, mətbuat geniş
informasiyalar paylaşırdı. Ölkənin baş dövlət qəzeti olan "Слова Кыргызстан” , ən
populyar "Вечерный Бишкек”, digər nəşrlər məqalələr çap etdi: Nəhayət, əsas
dövlət kanalı – Qırğız Teleradio Yayımları fevralın 25-də gecənin bütövlükdə
videoyazısını ölkəyə və onun hüdudlarından çox-çox uzaqlara təqdim etdi.
Bu il qarşıda Cümhuriyyətimizin 100
illiyi, Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi və digər əlamətdar
günlərlə bağlı maraqlı mərasimlər durur.
O ki qaldı Çingiz Aytmatova... Möhtərəm
Prezidentimizin sərəncamı ilə bu böyük yazıçının 85 illiyi ölkəmizdə ən yüksək
səviyyədə qeyd olundu. Ondan öncə 80 illiyində yazıçı Bakıya gəldi, prezidentimiz
onunla görüşdü, "Dostluq” ordenini təqdim etdi. Azərbaycan
Çingiz Aytmatovu həm də öz oğlu sayır.
- Yeri gəlmişkən, rəsmilərlə görüşünüzdə 2017-ci
ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin
keçirilməsi məsələləri müzakirə edilib. Hansı işlər görüldü?
- Hazırlaşırıq. Keçirilmiş adlarını çəkdiyim
və çəkmədiyim tədbirlər mədəniyyət günləri üçün "baş məşqlərdir”. Ancaq adi ənənəvi
mədəniyyət günləri-bir açılış, bir-iki konsert, ya film, sonra bağlanış kimi
olmayacaq. Dekada müddətində keçiriləcək, formata musiqi ilə birlikdə
yazıçılarla görüş, film, teatr, televiziya günləri, sərgilər və sair daxil ediləcək.
Xalqlarımızın incəsənəti, ədəbiyyatı
bütöv, dolğun şəkildə əks olunacaq. Ölkələrimizin mədəniyyət nazirləri belə
layihəni dəstəkləyirlər. Vaxtı isə - 2018-i də adlaya bilər. Belə tədbirlərin nə vaxt keçirilməsi mənə maraqlı deyil. Hansı səviyyədə,
hansı miqyasda baş tutması önəmlidir.
- Siz Bakıda keçirilən Azərbaycanlıların IV
Qurultayı ərəfəsində soydaşlarımızla, Qırğızıstan nümayəndə heyəti ilə görüş
keçirdiniz. Əminliklə demək olarmı ki, Qırğızıstanda güclü Azərbaycan diasporu
mövcuddur.
- Diaspor təmsilçiləri ilə yalnız
qurultay ərəfəsində deyil, tez-tez görüş keçiririk. Son illərdə təşkilatlanma,
bir araya gəlmək prosesi ritmik gedir, diasporumuz qırğız cəmiyyətində öz
yerini tapır, tarixi Vətənlə əlaqələri möhkəmlənir. Həmvətənlərimiz arasında 3
elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim (elm, nəqliyyat, inşaatçı, kənd təsərrüfatı, səhiyyə, ədliyyə və
başqaları), 3 nəfər Qırğız Respublikasının "Şöhrət” medalı ilə təltif edilmiş və
başqa fəxri adlara layiq görülmüş hörmətli ziyalılar var. Bu nüfuzlu insanlar
Qırğızıstan Xalqı Assambleyasına daxil olan Qırğızıstanda yaşayan Azərbaycanlıların
"Azəri” İctimai Birliyinin tərkibindədirlər. Onlar qürbətdə hörmət qazanaraq Azərbaycanın
nüfuzunu uca tutur və ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini
möhkəmlədirlər. Ancaq təəssüf ki, dünyanın çox yerində olduğu kimi, burda da "güclü
diaspor” ifadəsini işlətməyə hələ tələsməyək.
- Cənab Səfir, Qırğızıstanda Stalin repressiyalarına
məruz qalmış kifayət qədər azərbaycanlı ailələr var. Onların bir qismi ilə
müsahibələr və xəbərlər etmişik. Repressiya qurbanlarının şəcərələri
açıqlamalarında doğma Azərbaycanla əlaqələrinin
daha da intensivləşməsini xahiş etdilər. Belə müraciətlər səfirliyimizə
olubmu?
- Əvvəlcə, mətbuatda, kitablarda,
çıxışlarda tez-tez hallandırılan "Stalin repressiyası” ifadəsinə münasibətimi
bildirdim. Repressiya yalnız Stalinin deyil, baş ideoloqu və konkret rəhbəri
Lenin olan sistemin cinayətləri idi. Leninsayağı sosializmin repressiyasıdır.
Stalinin yerini Lenin və ya Qorbaçov tutsaydı repressiyalar olmayacaqdı? O
Lenin ki, Çar Nikolayın ailəsini bir gecədə, bəlkə də on-on beş dəqiqənin içində
güllələtdi.
1922-ci ildə bolşeviklərin qarşısında
boybərabəri ağır sual dayanmışdı: intellektuallardan necə qurtulmaq? Lenin güllələnmək
üçün səbəb axtarmadı, ölüm cəzasını sürgünlə əvəzləməyi təklif elədi, hesab
etdi ki, intellektuallardan yaxalarını səbəb bildirmədən qurtarmaq daha
yaxşıdır. Bu da Leninsayağı "humanizmin göstəricisi” idi!
Mixail Qorbaçovun keçən əsrin sonlarında
ölkəmizdə törətdiyi müsibətlər 30-40-cı illərindəki repressiyalardan daha dəhşətli
idi.
Sualınızın əsas mahiyyətinə gəlincə
deyim: mən Bişkekdə fəaliyyətə başladığım ilk aydan səfirlik bu istiqamətdə
ardıcıl işləyir. Təkcə bir faktı deyim: Səfirlik diasporumuzla birlikdə 2013-cü
ildə yurddaşlarımızın Vətənimizdən sürgün olunmasının 80 illiyi ilə əlaqədar
"Küldən yenidən yaranmışlar” adında böyük beynəlxalq konfrans keçirdi. Mən möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin adından beynəlxalq konfrans iştirakçılarını
salamladım. Prezident cənab Almazbek Atambayevin beynəlxalq konfransa göndərdiyi
məktubu Prezident Aparatının şöbə müdiri Mira Karıbayeva oxudu. Beynəlxalq
konfransda Qırğız Respublikasının baş nazirinin birinci müavini – sonrakı baş naziri
Coomart Otorbayev və digər rəsmilər, alimlər, yazıçılar, soydaşlarımız iştirak
edirdilər. Məruzələr, çıxışlar dinlənildi, sürgünlük və deportasiya tarixinin
öyrənilməsi, dünyaya, gələcək nəsillərə çatdırılması ilə bağlı fikirlər səsləndi.
Biz beynəlxalq konfransın icmalını, səslənən təklifləri ölkələrin uyğun qurumlarına
təqdim etdik. İlk dəfəydi (həm də hələlik son dəfə) yüz illiyinə az qalan acı,
dəhşətli sürgünlər tariximizdən bəhs edən belə yüksək səviyyəli və geniş
miqyaslı beynəlxalq konfrans keçirilirdi.
Bilirsiniz, tarixdə yaşadığımız belə
müsibətlərin aşkar olunması və dünyaya çatdırılması yalnız dövlətin və konkret
olaraq Xarici İşlər Nazirliyinin, ya səfirliklərin işi deyil. Mətbuat böyük
imkanlara malikdir və şübhəsiz, potensialı böyükdür. Azərbaycan mətbuatına hər
gün baxıram, görürəm keçmiş həmkarlarım üçün unudulmuş sahədir. - Bu
yaxınlarda Bişkekdə qırğız və rus dillərində nəşr etdirdiyimiz Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun
"Xocalı soyqırımı” kitabı Qırğızıstanda ciddi əks-səda verdi.
- Əli Həsənov siyasət, geosiyasət, beynəlxalq
münasibətlər sahəsində dəyərli elmi işlərin müəllifidir. Bu kitabda isə Ermənistan
tərəfindən törədilmiş soyqırımının dəhşətləri açılır. Mənim o kitaba yazdığım
ön sözün başlığı belədir: "Tarixdə görünməmiş müsibət”. O sətirlərdə həm
kitabın mahiyyətini açmağa, həm də Xocalı soyqırımını törədənlərin sifətlərini,
iç üzlərini təqdim etməyə çalışmışam.
Bir faktor barədə ilk dəfə də olsa da
danışmaya bilmirəm: burda missiyama başlayanda Azərbaycanın çox sahələrdə həqiqətləri,
xüsusilə Ermənistan işğalı, torpaqlarımızı zəbti, 20 Yanvar müsibəti, Xocalı soyqırımı,
31 Mart Azərbaycanlıların Soyqırımı barədə məlumatsızlıq məni sadəcə heyrətləndirmədi,
dəhşətə gətirdi. Məlumatsızlıq o həddə çatmışdı ki... Qırğız parlamentinin 80
illik yubileyinin ziyafətində doxsanıncı illərdə ölkənin ən yüksək vəzifəlilərindən
biri tost söyləyərkən dedi: "Bizdə bütün çətin problemlər həll olunur. Məsələn,
1994-cü ildə Bişkekdə həll olunan Dağlıq Qarabağ məsələsi kimi”. O, şübhəsiz,
dediyi ilin mayında imzalanmış "Bişkek protokolu”nu nəzərdə tuturdu, o sənəd isə
Ermənistanın indi də hər gün pozduğu atəşkəs haqqında idi. Bu, məlumatsızlığın səviyyəsini
aydın göstərirdi. Ona görə də ilk növbədə ölkəmizin həm ən yeni tarixinin, həm
də çağdaş gerçəkliklərinin, ilk növbədə Ermənistanın işğalı, deportasiyalar,
soyqırımlar haqda həqiqətlərin Qırğızıstanda yayılması istiqamətində çətin, həmi
də ardıcıl, səmərəli iş aparıldı, beynəlxalq konfranslar, çoxsaylı görüşlər
keçirildi, mətbuatla sıx əməkdaşlıq edildi. Müsbət nəticə artıq göz
qabağındadır: indi Qırğızıstanda çətin, elə bir vətəndaş tapıla, bilməyə ki,
torpaqlarımız işğal olunub, ya Xocalı soyqırımı nədir,
Əli Həsənovun kitabı da bu işləri davam
etdirmək üçün dəyərli mənbədir. Yeri gəlmişkən, kitab yenicə nəşr olunsa da, qırğız
cəmiyyətində ciddi maraq doğurub. Fevralın 24-də keçirilən "Xocalı soyqırımı”
anım mərasiminin bütün iştirakçılarına təqdim olundu. Kitabxanalara göndərilmək
üçün Mədəniyyət, İnformasiya, Turizm Nazirliyinə, Təhsil və Elm Nazirliyinə, şəhərlərin
meriyalarına, digər uyğun qurumlara kifayət qədər sayda hədiyyə olunur. - Bir qədər də ümumi məsələlərdən bəhs etmənizi istərdim.
Mütəmadi şəkildə Prezident İlham Əliyev səfirlərimizlə görüşlər keçirir.
Diplomatlarımızdan beynəlxalq təşkilatlarda işin daha da canlandırılması tövsiyə
olunur. Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın münaqişənin həllində qəti
mövqeyinin təbliği vurğulanır. Sizin də bu barədə fikirləriniz maraqlı olardı.
- Möhtərəm Prezidentimiz İlham Əliyevin
beynəlxalq nüfuzu gündən-günə yüksəlir. Dövlət başçısının nüfuzu yüksəldikcə
ölkənin də reytinqi artır. Dünya görür ki prezidentimiz püxtələşmiş kamil nəzəriyyəçi,
tarixin, bu günün reallıqlarını nəzərə alıb gələcəyə real nəzərlə baxan
praqmatik, konstruktiv mülahizələrə malik dövlət başçısı olmaqla yanaşı, yüksək
intellekt sahibi, son dərəcə mədəni, nəcib və humanist şəxsiyyətdir. Dünya indi
belə prezidentləri yüksək dəyərləndirir.
Bir daha vurğulayıram: Müstəqilliyimizin
əbədiliyi, işğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin hər sahədə
sürətli tərəqqisi üçün mənzilli siyasət aparmaqla, məntiqli diplomatik məqamlardan
məharətlə istifadə etməklə yanaşı ölkəmizin iqtisadi, hərbi, intellektual
potensialının yüksəldilməsi sahəsində təxirəsalınmaz, alternativsiz tədbirlər həyata
keçirir.
Bir daha vurğulayıram: Prezidentimizin
xarici siyasəti çox mənzilli, işğal olunmuş torpaqlarımızın azad edilməsi sahəsində
fəaliyyətləri alternativsiz və əvəzsizdir. Təkcə ölkəmiz, vətəndaşlarımız
deyil, dünyaya səpələnmiş on milyonlarla soydaşlarımız da Prezidentimizin səsinə
hay verməlidirlər: "Biz öz torpaqlarımıza qayıdacağıq”.
Bizim xalqımız heç vaxt qonşu ərazisinə,
yad torpağına göz dikməyib, amma vaxtıilə itirdiyi ana torpağını haçansa özünə
qaytarıb. Telman Məmmədov