• cümə axşamı, 28 mart, 21:51
  • Baku Bakı 13°C

Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik

19.06.21 18:45 366
Biz vaksinasiya olunmaqla epidemioloji sabitliyin yaranmasına nail ola bilərik
COVID-19-la mübarizə davam edir. Bu təhlükəli xəstəliklə mübarizədə ən effektiv vasitə vaksinasiyadır. Bu, kütləvi immunitetin yaranması üçün vacibdir. Tibb mütəxəssislərinin sözlərinə görə, kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə peyvənd olunanların sayı 2,9 milyon, yoluxub sağalanların sayı isə 330 min nəfərdir. Yalnız ölkə əhalisinin 70-80 faizindən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın sözlərinə görə, pandemiya ilə uğurlu və çevik mübarizə siyasəti Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Bu gün Azərbaycanda əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir: "Ümumiyyətlə, hər zaman yoluxucu xəstəliklər zamanı yeganə xilas peyvənd olub. Hətta əsrlərin təcrübəsi "peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir” reallığını yaradıb. Təsadüfi deyil ki, 1916-1920-ci illərdə 2 milyardlıq dünya əhalisinin 30 faizi ispan qripinə yoluxmuş, bu təhlükəli virus 50 milyon insanın ölümünə səbəb olmuşdu. Bu rəqəm Birinci Dünya müharibəsində həlak olan insanların sayından çoxdur”.
K.Nurullayeva qeyd edib ki, 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon insan dünyasını dəyişirdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80 faiz azalıb.
Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edir. İnsanlar poliomielit xəstəliyindən də məhz vaksin sayəsində xilas olub.
Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır etməklə yanaşı, həm də digər insanları qoruyur. Yəni, vaksinasiyadan keçən şəxslər qazanılan immunitet sayəsində ətrafdakıları da qorumuş olur.
"COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir. Yəni, görünən budur ki, sağlam və firavan gələcək üçün peyvənd olunmalıyıq. Biz ilk gündən bu təhlükəli virusla birgə mübarizə aparmışıq, sosial məsuliyyətimizi dərk edərək birlikdə güclü olmuşuq.
Vaksinasiya prosesində də eyni mövqedən yanaşıb, birlikdə güclü olmağa davam etməliyik”, - deyə deputat bildirib.
banner

Oxşar Xəbərlər