• çərşənbə, 24 Aprel, 06:13
  • Baku Bakı 13°C

“Biz də söz ordusunun əsgərləriyik”

05.04.16 11:38 2199
“Biz də söz ordusunun əsgərləriyik”
Cəbhə xəttində aprelin 2-si gecə saatlarından başlayan gərginlik hələ də davam edir. Bəs mediamız bu məsələləri nə cür işıqlandırır? Ölkə mətbuatı bu dəfə sınaqdan necə çıxır? Cəmiyyəti həqiqəti əks etdirən informasiyalarla təmin edə bilirmi? Mövzu barədə söhbətləşdiyimiz baş redaktorların fikrincə, media əvvəlki illərlə müqayisədə xeyli təcrübəli davranır və cəmiyyətə doğru, təsdiqlənmiş məlumatlar verilir.
APA-nın xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov Facebook səhifəsində yazıb ki, ötən illərlə müqayisədə cəbhədəki durumun yerli KİV-də işıqlandırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır: “Mənfi meyllər əhəmiyyətli dərəcədə azalıb. Şuranın ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir”.
O bildirib ki, Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanat yayıb, KİV-ə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə müraciət edib: “Bu xüsusda müşahidə edilən müsbət tendensiyaları dolayısı ilə jurnalistikamızın uğuru kimi qiymətləndirmək mümkündür”.
Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurası Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan mətbuat orqanlarını diqqət mərkəzində saxlamaqda davam edir.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Kaspi”yə açıqlamasında dedi ki, şənbə-bazar günü olmasına baxmayaraq, işə gəliblər və qəzetin sayt versiyası aktiv olub: “İki gün ərzində həm rəsmi informasiyaları, həm də müxtəlif yerli informasiya mənbələrinin verdiyi məlumatları qəzetin saytında yerləşdirdik. Həmçinin onları sosial şəbəkələrdə də paylaşırıq. Düşünürəm ki, müharibənin belə gedişində Azərbaycan jurnalistləri də aktiv iştirak edirlər və öz missiyalarını layiqincə yerinə yetirirlər. Cəmiyyətə doğru, dürüst, dolğun, obyektiv və müharibə qayda-qanunlarının şərtlərinə uyğun xəbərlər verilir, ruhyüksəldici yazılar paylaşılır. Bunun üçün çox ciddi əsaslar var. Çünki Azərbaycan ordusu parlaq qələbələr qazanır. Əhali də ordunun yanındadır. Mövqeyindən, baxışından asılı olmayaraq, hər kəsin ürəyi Ali Baş Komandan və əsgərlərimizlədir”.
Baş redaktor qeyd etdi ki, bu günlərdə hamı məsuliyyətli olmalı, sosial şəbəkələrdəki paylaşımlarına diqqət etməlidir: “Mətbuat Şurasının cəbhədəki gərginliklə bağlı verdiyi bəyanat bizim üçün əsas olmalıdır. İşimizi bu prinsiplər üzərində qurmalıyıq. Azərbaycan cəmiyyətinin bizim verdiyimiz dəqiq informasiyalara ehtiyacı var. Eyni zamanda, unutmamalıyıq ki, bizim yazdığımız hər bir kəlmə qarşı tərəfdə diqqətlə izlənir. Ona görə də çox məsuliyyətli olmalıyıq. Hesab edirəm ki, artıq Azərbaycanda peşəkar jurnalist ordusu formalaşıb. Bu ordunun ruh yüksəkliyi ümumilikdə ölkə jurnalistikasına sirayət edir. Biz də söz ordusunun əsgərləriyik. Və ön cəbhədə düşmənə qarşı mübarizəmizi daha sərt, daha kəskin formada aparmalıyıq. Son günlər Azərbaycan mətbuatında yaşananlar bunu əks etdirir”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov da mətbuatın bu dəfə daha təmkinli və daha peşəkar davrandığını düşünür: “Bu dəfə yalan və təxribatçı xəbərlər az gedir, əksər informasiyalar rəsmi təsdiqini tapandan sonra yayımlanır. Görünür, 2014-cü ilin yayında buraxılan səhvlərdən nəticə çıxarılıb. Hazırda media, xüsusilə onun sosial şəbəkədəki fəalları vətənpərvər əhval-ruhiyyə yaradan və erməni yalanlarını ifşa edən materiallara çox yer ayırır ki, bu da düzgün və lazımlı addımdır. Deməli, media daşıdığı siyasi və ictimai məsuliyyəti başa düşüb. Bu, sevindirici haldır. Belə gərgin vəziyyətlər həm də bir lakmus kağızıdır, kimin kim olduğunu üzə çıxarır. “Azadlıq” radiosu və “Meydan TV” göstərdilər ki, onlar xəbər meydanında çox təhlükəli “5-ci kalon”durlar və həssas məqamlarda ölkənin informasiya təhlükəsizliyini zədələyə bilərlər”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bildirdi ki, bu günlərdə fantaziyasını yazıya çevirənlərin sayı kəskin şəkildə azalıb: “Əvvəllər kimlərsə etibarsız mənbələrdən eşitdiyini, uydurmasını yazıya çevirərək cəmiyyətə, insanlara çatdırırdılar. Bu dəfə tam başqa mənzərənin şahidi olduq. Mediamız gərginliklə bağlı Müdafiə Nazirliyi ilə əməkdaşlıq edərək yalnız rəsmi məlumatları yayır. Qələbənin acı olan ictimaiyyəti müəyyən qədər doydura bilirik. Tam olaraq doydura bilməsək də, əsas odur ki, doğru-dürüst məlumatları çatdırırıq və cəmiyyətdə çaşqınlıq yaratmırıq. Fürsətdən istifadə edib mediamıza təşəkkür edirəm. Çünki biz bu dəfə mütəşəkkil qaydada dövlət maraqlarından çıxış etdik. Bu isə ictimaiyyətin bir istiqamətdə yönləndirilməsi deməkdir. Hamı bir nöqtəyə vurur. Düşünürəm ki, mediamız cəbhədəki igidlərimiz qədər döyüşür, informasiya müharibəsi aparır. Ona görə də mediamızdan çox məmnun qaldım”.
Saytlarının hər zaman həqiqəti əks etdirən xəbərlərlə çıxış etdiyini xatırladan baş redaktor bundan sonra da dövlət maraqlarını qoruyacaqlarını söylədi: “Hətta sizə onu deyim ki, əlimizdə qələbə ilə bağlı dəqiq faktlar olsa da, biz özümüzə qadağa qoyub bu kimi xəbərləri yaymadıq. Yalnız Müdafiə Nazirliyinin təsdiqlədiyi xəbərləri tirajladıq. Müdafiə Nazirliyi rəsmi dövlət qurumudur, yalnız onun təsdiqlədiyi məlumatlar yayımlanmalıdır. Modern.az nazirliyin qoyduğu qaydalara əməl edən əsas saytlardandır. Bu, bizim jurnalist etikasının tələbi ilə yanaşı, həm də vətəndaşlıq borcumuzdur. Biz xarici mediada döyüşlərlə bağlı yer alan məlumatları da saytımızda dərc edərkən bəzi məqamlara diqqət edirik. Heç bir təxribatçı məlumatı yaymırıq. Düşünürəm ki, Azərbaycan vətəndaşları olaraq, üzərimizə düşən yükü yerinə yetiririk. Təəssüf ki, bəzi media qurumlarında yenə də yanlışlıqlara rast gəlinir. Mən özüm də onlara çağırış edirəm ki, Bakıda klaviatura arxasında oturub ağıllarına gələni yazmasınlar”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun sözlərinə görə, həftəsonu olmasına baxmayaraq, Azərbaycan mətbuatı, xüsusilə də onlayn media torpaqlarımızda ermənilərə qarşı aparılan mübarizə barədə xəbərləri operativ və layiqli şəkildə işıqlandırıb: “Əvvəlki illərdən fərqli olaraq, bu dəfə media məkanında xaos yaşanmır. Şayiələri, sosial şəbəkə dedi-qodularını xəbərə çevirmə faktı çox azdır. Dəqiqləşdirilməmiş məlumatların yayılmasının az olması çox təqdirəlayiq haldır. Müharibə və hərbi əməliyyatlar dönəmində bu cür xəbərlərin necə təqdim olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanın rus və ingilisdilli saytları da xeyli fərqlənirlər. O cümlədən mənim rəhbərlik etdiyim minval.az saytı və “Yeni Müsavat” qəzetinin rusdilli versiyası erməni mediasını izləmək və onlara cavab vermək məsələlərində aktivlik nümayiş etdirir. Onlarda gedən materialları, dezinformasiyaları ifşa etməklə biz də bu işə öz töhfəmizi veririk. Azərbaycan mətbuatı qabiliyyətli insanların yönəltdiyi mətbuatdır və 30 ilə yaxın yaşı olan media nümunələri var. Onlar medianın imkanlarından yaxşı istifadə edirlər”.
Bu dəfə Müdafiə Nazirliyinin də operativ işlədiyini nəzərə çatdıran baş redaktor mənbə axtarışına ehtiyac qalmadığını bildirdi: “Digər orqanlardan da məlumat götürməyə gərək qalmadı. Bütün materiallar nazirliyin saytına yerləşdirilir. Prezidentin çevik, operativ reaksiyası barədə də danışmaq istərdim. O, Amerikadan qayıdaraq gecə saatlarında dərhal Təhlükəsizlik Şurasının iclasını təşkil etdi. Bu, xüsusi qeyd olunmalıdır. Çünki tədbir media üçün önəmli rol oynadı. Təkcə Azərbaycan yox, bütün dünya mətbuatı prezidentin çıxışından ya xəbər yazdı, ya da görüntüləri paylaşdı. Dünya ictimaiyyəti bu çıxış vasitəsi ilə ermənilərin təxribatından xəbər tutdu. Yəni həm Müdafiə Nazirliyinin, həm də prezidentin operativ reaksiyası, fəaliyyəti nəticəsində mediamız dünyaya vacib xəbərlər yaya bildi. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə informasiya müharibəsində ermənilər bizi üstələyə bilmirlər”.
Qafqazinfo.az-ın rəhbəri Elbrus Ərud bir neçə gündür ki, prosesləri dəqiq şəkildə izlədiyini qeyd etdi: “Həm saytların yazdığı, həm də sosial şəbəkələrdə paylaşılan informasiyaları təqib edirəm. Məsələ ondadır ki, avqust hadisələrindən fərqli olaraq, bu il peşəkar media daha təmkinli, daha koordinasiyalı davranır və sanki hər şey bir nöqtədən idarə olunur. Amma təbii ki, yenə də neqativ hallar qeydə alırıq. Bir günlük, bir nəfərlik saytlar öz işlərindədirlər, dezinformasiyalar yaymaqdadırlar. Dezinformasiyalar dövriyyəyə buraxıldıqca, ciddi qurumların yaydığı məlumatların yükü də sanki bir az azalır. Məncə, belə məlumatlar qəsdən, bilərəkdən yayılır ki, bizim xəbərlərin təsir gücü azalsın. Bütün bunlara baxmayaraq, bütün cəmiyyət, hətta qadınlar tərəfindən də vətənpərvər mövqe sərgilənir. Birmənalı şəkildə hamı qürur hissi keçirir, sevinc göz yaşları axıdılır. Bütün bunların hamısında medianın böyük rolu var. Müharibə iki cəbhədə gedir - bir savaş səngərdə, digəri isə mediada. Və onların heç biri digərindən az əhəmiyyətli deyil. Hətta bəlkə də daha qızğın müharibə informasiya cəbhəsində gedir və burada gedən döyüşdə özümüzü məğlub saymıram. Azərbaycan mediası kifayət qədər aktivdir və bu, sosial şəbəkələrdə də əks olunur. Düşünürəm ki, bu döyüşlər bitməyəcək və biz tezliklə qələbə xəbərlərini də verəcəyik. Özümüz də bu döyüşlərdə hər cür iştiraka hazırıq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər