• şənbə, 20 Aprel, 16:52
  • Baku Bakı 23°C

“Biz buraları tanıdıqdan sonra bu yola çıxmadıq ki...“

21.05.13 08:37 1847
“Biz buraları tanıdıqdan sonra bu yola çıxmadıq ki...“
Bəli, bu gün mənim ölkəmin dünya dövlətləri içərisində tanınan bir yeri, imzası, söz demə haqqı var. Mənim millətimin haqqı olan müstəqil Azərbaycan çox çətin şərtlərlə də olsa beynəlxalq arenada varlığını sübut etdirir.
Bəs bu missiyaya diasporamız necə xidmət edir? Azərbaycanın hüdudlarından kənarda, düşmən lobbinin məqsədli şəkildə dəstəkləndiyi ölkələrdə bizim üçün fəaliyyət göstərən və ya göstərməyən qurumlara diqqət edilirmi?
Bizi maraqlandıran məqamlara cavabı Diaspor Комитясиндя deyil, bizi bizdən çox sevən bir qurumun sədrinə ünvanladığımız sualların cavabında axtardıq.
Müsahibimiz ASƏF sədri (Yalova Asılsız Erməni İddialarıyla Mücadilə Dərnəyi) Şəmsəddin Gürtəkindir:
- Şəmsəddin bəy, Azərbaycan həqiqətlərini Türkiyədə tanıdan adamlardan birisiniz. Azərbaycan-Türkiyə əlaqələrinə necə baxırsınız? Bu əlaqələrin sizi narahat edən məqamları varmı?
- Bəli var. Eyni zamanda şəxsiləşdirdiyim məqamlar da var. Bilirsiz, dövlətlərlə millətləri eyniləşdirmək olmaz. Bir Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyətini ayrı tutub siyasi hadisələri qiymətləndirmək, bir də millətlər nöqteyi nəzərindən hadisələrə yanaşmaq var. Azərbaycan Respublikası siyasi addımlarında bəlkə siyasəti gərəyi Türkiyənin incinə biləcəyi addımlar ata bilər və ya əksinə. Türkiyə respublikası də eynilə. Bu, heç də millətin sözü demək deyil. Millətin düşüncəsi önəmlidir, millət nə düşünür. Baxın, əsl məqam budur. Buna ən gözəl sübut Ermənistanla sərhəddlərin açılması məsələsi oldu. Eynilə də Azərbaycandakı şəhidlikdə Türk bayraqlarının endirilməsinə xalq qarşı çıxdı. Bu, nə deməkdir, bilirsizmi? Xalq dövlətə yol göstərmək iqtidarındadır və zamanı gəldiyində göstərir. Fəaliyyət qarşılıqlı formada həyata keçirilsə, çalışmalar bütün siyasi təşkilatlar tərəfindən çox yaxşı təşkil edilərsə dövlətin əli güçlənər. Məsəla beynəlxalq siyasi konjuktor çox fərqlidir. Beynəlxalq siyasi proseslərdə də ictimaiyyət, xalqın dəstəyi dövlətin əlində olmazsa dövlətin dili qısalar. Hər hansı bir mövzuda siz vətəndaşla istər siyasət olsun istər də digər mövzularda qeyri-hökumət təşkilatları ilə birləşib bərabər hərəkət edərsizsə, hər kəs də sizinlə birlikdə olursa dövlət beynəlxalq arenada belə deyər: milyonlarla insan, mənim xalqım bunu söyləyir. Millətindən aldığı güclə Rusiya, ABŞ və İRANa qarşı daha güclü siyasət nümayiş elətdirər. Baxın, bu məqamda QHT-lərin əhəmiyyəti məlum olur. Təşkilatçı olmaq eyni zamanda bu potensialı çox yaxşı dəyərləndirmək lazımdır və dövlətlə millətin əlaqəsini də bu Azərbaycan diaspor işində Türkiyədən bir addım öndədir. 1990-cı illlərdə diaspor fəaliyyətinə başlasa da bu nazirliyin qurulması böyük bir addımdır. Amma nədənsə bu fəaliyyətdə bir boşluq görürəm. Özümdən deyim, illərdir Azərbaycana gedib-gələn bir adamam. O qədər çox konfrans, simpozium keçirdim ki, amma burda özüm deyib özüm eşidirəm düşüncəsi havası var. Burada diaspor işlərində 5-10 illik plan və proqramlar hazırlanmalı, həm də Türkiyə dövləti ilə bərabər hazırlanmalıdır. Azərbaycan dünyada özünü tanıda bilməli və "abi" deyə sarıldığı Türkiyə də qardaş gördüyü Azərbaycana bu yolda yol göstərməlidir. Bu olmasa istəyir on dənə diaspor nazirliyi qurulsun, istəyir Bakının hər otelində səhər-axşam simpozium keçirilsin, dünyaya Azərbaycanın haqlı iddiasını duyuramazsınız. Bu haqlı iddianı Avropaya, ABŞ və ya bütün xarici ölkələrə anlatmağımız üçün diaspora tərəfindən mədəniyyət, iqtisadiyyat, ictimai komissiyalar qurulmalı, erməni məsələləri komissiyaları qurulmalı, bu komissiyalarda tarixçilər, qeyri-hökumət təşkilatları olmalı və bu iş içərisində vətəninə xain olmayan yazıçılar yer almalıdır. Hər şeyi düzgün edərsiniz amma bunu qələmə alanlar millətini sevən adamlar olmazsa bizdəki Orxan Pamuk misali bir cümləsi ilə sizin bütün əməyinizi zay edər.
-Azərbaycanda da oxşar hadisəyə Əkrəm Əylisli imza atdı...
-O davranışın məncə zamanı düşünülmüşdü. Gözlənilirdi, uyğun zamanda da Əylisli ortaya çıxarıldı. O olmasaydı bir başqası üzərindən söyləmək və dedirtmək istədiklərini dedirdəcəkdilər. Bu bir nümunə ola bilər. Amma təkrarlandığını görəndə artıq təəccüblənməyəcəyik çünki qarşımızdakı insanlar həm maddi həm də təşkilatlanma baxımından bizdən güclüdürlər. Onlara görə pulun açamayacağı qapı, satın alına bilməyəcək qələm yoxdur. Bu cür yumşaq qarınlı, 70 yaşına da gəslə şəxsiyyət olmağa bacara bilməyən insanları tapmaq elə də çətin deyil. Belələri həm Türkiyədə, həm də Azərbaycanda yox deyil.
- Hocam, Azərbaycana hər gəlişinizdə mənəvi olaraq nə gətirib nə aparırsınız?
- Azərbaycana ilk gəlişimdə təyyarədə heç uyumadım. 1990-cı, Azərbaycanın müstəqilliyinə qovuşacağı illəri hələ universitet illərindən gözləyirdim.
- Siz Türkiyədə "Quba soyqırımı" deyilincə ağla gələn ilk adlardansınız. Bu mövzu sizin dərnək fəaliyyətinizin başlıca istiqamətlərindən birini təşkil edir. İstər Azərbaycan, istər Türkiyədən maddi və mənəvi dəstəklər aldınızmı?
- Xeyr. Nə diaspor nazirliyi, nə bir dövlət qurumu, nə də hansısa bir adam tərəfindən dəstək almadıq. Hər iki ölkədə heç kimdən bir qəpik də istəmədik. Sadəcə Azərbaycanda diaspor nazirliyi ilə bir görüşümüz oldu. Azərbaycan və Türkiyə adına edəcəyimiz işləri bir yerdə etsək daha yaxşı nəticələr alacağımızı söylədik, bu çərçivədə 3 layihə təqdim etdik, bu layihələrdə birlikdə hərəkət etsək və dəstək görsək daha gözəl nəticələr alacağımızı qeyd elədik. Bu layihələrə də Diaspora Nazirliyinin bizə mənfi və ya müsbət bir cavabı olmadı.
Bilirsiz, bizim Azərbaycan qardaşlığımız elə pulla-parayla ölçüləcək bir qardaşlıq deyil. Biz 90-ci illərdə, Azərbaycanın dərdlərini bayraq edərkən, toplantılar, simpoziumlar keçirərkən Türkiyənin hər hansı bir şəhərində bu mövzu yox idi. Bir şeyi izah edim, bunun qəzetinizdə çıxmasını xüsusilə istəyirəm. Bu məni çox dərindən yaralayıb. Biz Xocalı haqqında çox işlər gördük. İstanbulda iki Xocalı mitinqinə Yalova şəhərindən 6 avtobus dolusu adamla getdik. Amma İstanbulda keçirilən Xocalı mitinqində Qalatasaray litseyinin qarşısında bir konvoy yaradıldı və o konvoyun ən ön sıralarında illərcə Azərbaycan üçün heç nə eləməyən adamlar yer aldı. Biz demirik ki, hər şeydə bizim adımız çəkilsin, xeyr, amma insanlara dəyərlərinin verilməsi gərəkir. İllərlə bu məsələni öz məsələsi kimi mənimsəmiş, əvvəl Türkiyə sonra da dünyaya tanıdan bir dərnək bu şəkildə yox edilməməliydi. Onunda o ön sıralarda yeri olmalıydı. Çünkü o ən öndə gedənlərin bir çoxu məni tanıyırdı bir çoxu da mənim heç tanımadığım adamlardı. Məni tanıyanların "bunlar burada olmalı" deməsi lazım gəlirdi, məni tanımayanların da ya bu dərnək kim deyə soruşmaları... Quba məsələsinə gəlincə ...
Xocalını necə Taksim meydanlarında əlimizdə bayraq etdiksə düşünürəm ki, Quba soyqırımını da bundan sonrakı işlərimizdə Xocalı ilə eyni səviyyəyə gətirəcəyik. Yalnız burada bir məqam var. Quba ilə əlaqədar ilk kitabı tamamilə öz imkanlarımızla biz çap elətdirdik, belə bir kitab nə Azərbaycanda var nə də Türkiyədə. Düşünün, bunun üçün heç bir qaynaq heç bir kömək almadıq. O məzarlığa muzey qurulacaq inşallah açılışında orda biz də olarıq. Dəvət ediləcəyikmi, bilmirəm. Bu mənim üçün çox əhəmiyyətlidir. Gecə-gündüz demədən can qoyduğunuz bir məsələdə ən ön sırada illərlə tükünü tərpətməyən insanları görmək məni yaralayır. Yenə də, yetər ki, Xocalı tanınsın, bilinsin, deyə düşünürəm. Sabah da Quba məsələlərində bunu yaşayacağam. Əminəm ki, o açılışa məni şəxslər dəvət edəcək amma mən şəxslərin deyil, dərnək olaraq dövlət rəsmilərinin dəvətini gözləyirəm. İnşallah düşündüyüm kimi olmaz.
- Sizcə bu diqqətsizliyin səbəbi nədir?
- Səbəbləri çoxdur. Birincisi ona görə ki, bir nazirlik qurulursa bu, hər yerdə əlinizin olmağı deməkdir.
"Kim bizim üçün nə edir?
kim bizim üçün doğru iş görür?
kim bizim üzərimizdən iş görür?
kim səhv iş görür?" baxın, bu dörd sual çox yaxşı cavablandırılmalıdır:
1. Bizim aidiyyatı adamların fəaliyyəti düzgün istiqamətdədirmi?
2. Bu işi öz başına etməyə çalışan adam ya da qeyri-hökumət təşkilatlar varmı varsa kimlərdir?
3. Bu işi xaricdə və ölkə daxilində edənlər doğrumu yöndədilərmi?
Bir nazirliyin cavablaması lazım olan ən əhəmiyyətli suallar bunlardır. Ona görə də nə pulunu göstərməlidir, nə dəyər verməlidir. Ya da pulunu xərcləyəcəyi adam və təşkilatları diqqətlə seçməlidir.
- Şəmsəddin bəy, bu günün şərtlərində QHT-lər strateji əhəmiyyətə malikdir. Süper gücə malik dövlətlər xarici əlaqələrini yalnız Xarici İşlər Nazirlikləri ilə deyil, eyni zamanda onların yanında fəaliyyət göstərən və ya xarici dövlətlərdə dəstəklədikləri düşüncə təşkilatları, QHT-lər vasitəsilə qurur. Sizcə Azərbaycan diasporu bu strategiyadan nə qədər yararlana bilir?
- Təbii ki. Mən burada şəxsi reklamımı edirmiş kimi qəbul edilmək istəmirəm amma biz Azərbaycana ayaq basmadan dərdlərini əlimizdə bayraq edən bir qurumuq. Daha Bakını görmədən, Xocalını, Qubanı dünyaya tanıtmaqla məşğul idik. Qısacası, Azərbaycanın çörəyini yemədən, suyunu içmədən Qarabağ dərdlərini hayqıran adamlarıq. Biz buraları tanıdıqdan sonra bu yola çıxmadıq ki... Amma tanıdıqdan sonra bu yola girənlər fərqli yola çıxdılar. Xüsusilə qeyd eləmək istəyirəm ki, biz Xocalı ilə bağlı konfranslar keçirəndə birinci ABŞ-dakı və dünyadakl erməni saytları işıqlandırır. Niyə? çünki qarşısında ASƏF kimi bir qurum var və bu onları qorxudur. Xalqı oyatmaq, məlumatlandırmaqla. Burada əsas faktor budur: bir ölkənin güclənməsi adam kimi çalışan QHT-lərə dəstək verməklə mümkündür. Kim həqiqətən bu işi layiqincə edir kim fərdi hesablar üçün edir, dövlətin bunu ayırd etməsi lazımdır, bu, həm Türkiyə üçün, həm Azərbaycan üçün keçərlidir. Türkiyəyə baxıram bir çox fonddan faydalanırlar amma bu istifadələrin bir nəticəsi olmur. Önəmli olan nəticədir. Biz fevralda Bursa Orhanqazidə Xocalı və Qarabağla bağlı konfrans keçirdik, bir düşünün, min nəfərlik zala iki min adam toplaşırsa, Türkiyə və Azərbaycan dövlətləri ən yüksək səviyyədə təmsil edilirsə və xalq 2,5 saat salonu tərk etmirsə siz artıq məqsədinizə çatmısınız deməkdir. Məqsədinə çatan TƏDBİRLƏR keçirən dərnəklərə diqqət yetirmək, onlara qayğı göstərmək lazımdır. Bu, bütün QHT lər üçün keçərlidir. Dövlət bütün bu fəaliyyətləri təqib edən, təşkil edən dövlət olmalıdır.
- Hocam, sizin fəaliyyətiniz elmi araşdırmalarla yanaşı dostluq gecələri ilə də davam etdirilir...
-Biz dərnək olaraq illərlə elmı istiqamətdə fəaliyyət göstərdik. Bunları da konfranslar şəklində böyük zallarda elədik. Sonra qərara aldıq ki, bunu bir az dəyişik şəkildə edək. İnsanlara sözümüzü "Türkiyə-Azərbaycan gecəsi" adlı tədbirimizdə çatdıraq. Mən çox şadam ki, o gecəmizə 4 min adam qatıldı. Biz o dörd min adamın hər birinin əlinə Türkiyə bayrağı verdik, Azərbaycan bayrağını da verməyə çalışdıq.
- Niyə verə bilmədiniz?
- Maddi imkansızlıqdan dolayı. Türk bayraqlarını da bir dostumuz hədiyyə elədi, ona görə. O gecə çox gözəl alındı, bu günün özündə də insanlar ikincini nə zaman edəcəksiniz deyə soruşurlar. Onu keçirə bilərikmi bilmirəm. Çünki maddi tələbatı bu qədər çox olan bir tədbirin dəstəksiz mümkün olacağını düşünmürəm.
- Sizi ayaqda tutan güc nədir?
- Allaha olan inamımız. Onun xaricində hər şey boş və mənasızdır. Sözün bitdiyi məqam budur. Nə edərsə o edər, gerisi yalandır.
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər