• çərşənbə axşamı, 19 mart, 13:03
  • Baku Bakı 8°C

“Biz biabırçı şəkildə uduzduq”

17.02.20 18:16 1711
“Biz biabırçı şəkildə uduzduq”
Ermənistan mediası və siyasiləri Paşinyanın Mühxen debatında ölkəsini gülünc vəziyyətə salmasından gileylənir

Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla təhlükəsizlik üzrə Münxen Konfransı çərçivəsində keçirilən paneldə diskussiyası dünya mediasının ən çox müzakirə olunan məsələlərindən biridir. Rusiya, Türkiyə və Qərb mediasında dərc olunan materiallarda erməni liderin səsləndirilən arqumentlər qarşısında necə aciz bir duma düşməsinə toxunulub. Bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan müzakirədə liderlər ilk dəfə olaraq geniş auditoriya qarşısında sualları cavablandırıblar. Panel müzakirələr daha çox Ermənistanda geniş rezonans doğurub. İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının, siyasətçilərinin diqqətindən yayınmayıb. Məsələn, keçmiş iqtidar partiyası - Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Paşinyanın çıxışını sərt tənqid edib. "Əliyev-Paşinyan debatına baxdınızmı? Bir neçə dəqiqə ərzində Ermənistan və Qarabağın qapısına nə qədər avtoqol oldu”,- yazan Şarmazanovun qənaətincə, Paşinyan deməli idi ki, erməni tərəfi münaqişənin mərhələli həll variantına qarışıdır. Serj Sarkisyanın partiyasının funksioneri Paşinyanın ingilis dilini bərbad bilməsinə də toxunub. Onun sözlərinə görə, yaxşı olardı ki, Paşinyan öz doğma dilində danışardı. Eyni zamanda o, Paşinyana tarixdən danışmamağı da təklif edib. "Mən Paşinyan-Əliyev müzakirələrindən təəssüflənirəm”, - deyə Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan bildirib. "Mən heç zaman Paşinyandan Qarabağ məsələsində pozitiv heç nə gözləməmişəm və bunu dəfələrlə bildirmişəm. Münxendə baş verənlər təşkilatçılığı bərbad, yarısarkastik söhbət idi. Bütün ümidləri məhv etdi. Xüsusən də Paşinyanın tarixə müraciət etməsi yersiz idi. Bununla da zaldakıların gülüşünə səbəb olurdu”, - deyə fikrini tamamlayıb. Politoloq Andranik Tevanyan isə Paşinyanın debat zamanı psixoloji cəhətdən hazırlıqsızlıqda günahlandırıb.
Ermənistanın "Tert.am” saytı isə yazır ki, "İlham Əliyevin özünü aparması, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi müharibədə məğlub olan tərəfin ermənilər olduğu təəssüratı yaradırdı. Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nikol Paşinyana güldü. Əslində özü ilə bu cür davranmağa şərait yaradan Paşinyan bu vəziyyətə görə təqsirkardır. İndi təsəvvür edirsiniz bağlı qapılar arxasında nələr baş verir? Münxendə hamı gördü ki, kulis arxasında kim diktə edir, kim isə baş əyir. Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız "münaqişə hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi. Tarixi mübahisələri kənara qoysaq, Əliyev növbəti dəfə danışıqlar tələbini açıq ortaya qoydu, Paşinyan isə növbəti dəfə yox. Rəsmi Bakı Qarabağı öz tərkibində görmək, Şuşa və digər yaşayış məntəqələrini qaytarmaq istəyir. Bütün bunlara Əliyev mərhələli həll variantını: ətraf 7 rayonun qaytarılmasını, məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasını və s. istəyir.
Paşinyan isə İlham Əliyevin şahin kimi göründüyü müzakirələrdə Qərbin dəstəyini almaq üçün özünü sülh göyərçini kimi təqdim edirdi. Amma bu çox təhlükəli oyundur, xüsusən Münxendə” - deyə məqalədə deyilir. Sonda Paşinyanın baş nazir statusuna layiq olmadığı və bu məsuliyyəti dərk etmədiyi əlavə olunub: "Beynəlxalq auditoriya qarşısına demokrat imici ilə çıxan Paşinyan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.
Erməni yazıçısı Anna Turcotte də Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib. N.Paşinyanın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskussiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub. A.Turcottenin fikrincə, N.Paşinyan Münxendəki diskussiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi "zorakılığ”a diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər "yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçısı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında "bu tarixi faktı” unutması yolverilməz və bağışlanılmazdır. Paşinyanın Azərbaycan prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte Ermənistan baş naziri haqqında "ayıb olsun” ifadəsini işlədib.
Bütöv Erməni Milli Tərəqqi təşkilatının həmsədri Lusine Aroyan-Dəlləkyan da debat zamanı Paşinyanın biabırcasına məğlub olduğunu bəyan edib. Onun dediyinə görə, Paşinyan sualların heç birinə tam cavab verə bilməyib:"Mətbuat konfransını izlədim. Biz biabırçı şəkildə uduzduq. Əgər erməni olmasaydım, Əliyevə inanardım. O yaxşı hazırlaşmışdı, jestlərin dili savadlı seçilmişdi. Paşinyan nə bir suala tam cavab verdi, nə də əks-zərbələr vurdu. Əliyev öz xeyrinə onu oynadı ki, Qarabağ Azərbaycanın tərkibindədir. Paşinyan bu sahədə lazımlı biliklərə malik deyildi və yarımçıq cavabları onu gülməli vəziyyətə qoydu. O həmçinin Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılmasının qeyri-mümkünlüyü barədə heç nə deyə bilmədi. Yaxşı ki, sonra köməyinə Böyük Tiqran yetişdi. Amma qələbə artıq Əliyevin tərəfində idi”. O əlavə edib ki, Paşinyan Xankəndinin tarixi ilə bağlı da heç bir söz deməyib və izləyicilərdən ona "mikroinqilabları" barədə sual vermələrini istəməklə özü haqda yazıq zəif elçi təəssüratı yaradıb.
Rusiyalı politoloq İqor Korotçenko debatla bağlı fikirlərini "Moskva-Baku” portalına deyib: "Azərbaycan və Ermənistan spikerlərinin tam fərqli düşüncə tərzi Qarabağ məsələsinin həlli yolunun qaranlıqdan çıxmasını qəlizləşdirir. Bir tərəfdən biz və bütün dünya Azərbaycan prezidentinin məntiqli və dəqiq mövqeyini, o biri tərəfdən isə Ermənistan baş nazirinin populist və cəfəng, heç bir intellekt çərçivələrinə sığmayan çıxışını gördük”. Politoloqun sözlərinə görə, Paşinyanın çıxışının adı demoqogiya və mövqesizlikdir. "Nikol hər yerdə özünü piar etməklə məşğuldur. Amma o bilməlidir ki, bu, kənardan sezilir, xüsusən də belə mötəbər tədbirlərdə bu tip hərəkətlər gülünc görünür. O, dünya ictimaiyyətinin gözünə toz üfürməyə çalışırdı”, - deyə Korotçenko qeyd edib. Əlavə edib ki, İlham Əliyev Paşinyandan fərqli olaraq, özünü dünya mediası önündə əsl diplomat və orator kimi yenidən göstərə bildi: "Burada qeyri-adi bir şey də yoxdur. Əliyev təhsilini Moskvanın ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. O, ingilis dilini səlis bilir. Nikol onunla danışanda özü də utanır. İlham Əliyev beynəlxalq diplomatiya, müasir tarix biliklərinə malik olduğunu, dəqiq və sistematik arqumentlərlə çıxış etməyi yüksək səviyyədə bacardığını sübut etdi. Təsadüfü deyil ki, onun çıxışına baxan azərbaycanlılar fəxr edir, ermənilər isə öz liderlərinə görə utanc hissi keçirdiklərini gizlətmirlər. Paşinyan öz karyerasını küçədə düzənləyib. Onun başı bu saat ancaq öz kreslosundan bərk-bərk yapışmaga, bu yolda qarşısına çıxanlara qarşı İrəvanda cinayət işi açmağa qarışıb. Ermənistanda ağalıq edən Nikol ölkədən kənara çıxan kimi başaşağı olur. Əliyev bu dəfə də Paşinyanı əzə bildi və bunun şahidi milyonlar oldu. İlham Əliyev bu qalibiyyətlə Münxen konfransı iştirakçılarının rəğbətini qazandı”.
Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov "Vestnik Kavkaza”ın panel müzakirələrində bildirib ki, İlham Əliyev Qarabağ haqqında faktları şərh edərkən həqiqi sənədlərə istinad edir, hazırda yaranmış vəziyyətin tarixi qaynaqlarını açır, Nikol Paşinyan isə heç bir dəlillə əsaslandırılmamış miflərin və ağ yalanın köməyi ilə cavab verməyə çalışırdı: "Çünki aydın məsələdir ki, onun sözlərini təsdiq edəcək heç bir sübut yoxdur”. Andrey Petrov qeyd edib ki, Paşinyan artıq neçənci dəfədir, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun onun özünün artıq uzun illərdir təkzib etdiyi yanlış sitatına istinad edir. "Yeri gəlmişkən, A.Mütəllibov bir gün əvvəl birbaşa Ermənistanın baş nazirinə müraciət edərək tələb edib ki, bu biabırçı yalanı onun adına yazmasınlar. Söhbət əsnasında iş o yerə gəlib çatıb ki, moderator və dinləyicilər açıq-aşkar Paşinyanı ələ salmağa başlayıblar. Xüsusən də Tiqranın zamanında Cənubi Qafqazda iki millətin – ermənilərin və ermənilərin olması barədə zarafat yaxşı idi”, - deyə ekspert vurğulayıb. İlham Əliyevin opponentindən üstünlüyünün aşkar olduğunu qeyd edən A.Petrov daha sonra deyib: "Nəticədə müzakirələr açıq-aşkar İlham Əliyevin diplomatik qələbəsi ilə başa çatdı, Paşinyan isə Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər