AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq

Biz ambisiyalı “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq

Cəmiyyət
28 Fevral 2020, 09:00 392
"Cənub Qaz Dəhlizi” təkcə Bolqarıstan üçün deyil, Cənub-Şərqi Avropa və Avropa İttifaqı ölkələri üçün vacib əhəmiyyət daşıyan layihədir.
Bunu Trend-ə müsahibəsində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclasında iştirak edəcək Bolqarıstanın Energetika naziri Temenujka Petkova deyib.
O bildirib ki, bu iclas zamanı layihənin reallaşdırılmasının son beş il ərzində yekunları müzakirə olunacaq:
"Biz ambisiyalı "Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşdırılmasına doğru addımlayırıq, bu layihə təkcə Bolqarıstan üçün deyil, Cənub-Şərqi Avropa və Avropa İttifaqı ölkələri üçün müstəsna əhəmiyyət daşıyır”.
Nazirin sözlərinə görə, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) sayəsində "Cənub Qaz Dəhlizi" layihəsinin ayrılmaz hissəsidir:
"Məşvərət Şurasının iclası zamanı Bolqarıstan tərəfi IGB layihəsini diqqət mərkəzində saxlayacaq”.
T.Petkova qeyd edib ki, IGB Trans-Adriatik boru kəməri (TAP) ilə eyni vaxtda, ilin sonunadək istifadəyə verilə bilər:
"Mən bu layihənin podratçıları ilə tez-tez görüşürəm. Onlar bildirir ki, interkonnektor 2020-ci ilin oktyabrınadək kommersiya istismarına veriləcək. O vaxtadək biz "Bulgargaz” və SOCAR arasında imzalanmış müqavilə əsasında bir milyard kubmetr təbii qazın ilk tədarükünü gözləyirik. Bolqarıstan hökuməti energetika siyasəti sahəsində əsas prioritetlərlə yanaşı, ölkənin regional qaz qovşağına çevrilməsi istiqamətində fəal işləyir”.
Nazir əlavə edib ki, IGB və "Cənub Qaz Dəhlizi” vasitəsilə qaz tədarükləri bu konsepsiyanın reallaşdırılması üçün ən vacib elementlərdəndir.
Onun sözlərinə görə, bu layihələrin başa çatmasından sonra Azərbaycan təbii qazını IGB, "Bulgartransghaz EAD” qaz-nəqliyyat şəbəkəsi, eləcə də Rumıniya, Serbiya, Şimali Makedoniya və digər qonşu ölkələrdə interkonnektorlar vasitəsilə nəql etmək imkanı yaranacaq.
SOCAR-ın iştirakı ilə Bolqarıstanda qazın paylanmasına gəldikdə, T.Petkova qeyd edib ki, şirkət bu istiqamətdə bu il ilkin işlərə başlaya bilər.
Nazir xatırladıb ki, Azərbaycanla Bolqarıstan arasında 2018-ci ildə imzalanmış sazişlə əlaqədar SOCAR Bolqarıstanda bir sıra görüşlər keçirərək qazpaylayıcı sektora investisiyaların qoyulması mümkünlüyü barədə lazımı məlumatlar əldə edib.