• cümə, 19 Aprel, 23:28
  • Baku Bakı 24°C

Birinci və sonuncu...

13.08.13 14:30 1324
Birinci və sonuncu...
Azərbaycan yığması sabah növbəti oyununu keçirəcək. Apasport.az xəbər verir ki, Malta ilə Bakıdakı duel millimizin bu il evdə ilk və son yoldaşlıq görüşü olacaq.
Belə ki, komandamızın Maltadan sonra 2013-də öz meydanında yox, səfərdə yoldaşlıq görüşləri qalır: noyabrda Estoniya və Qırğızıstanla.
Deməli, doğma azarkeşlər qarşısındakı yeganə matçda qələbənin də dəyəri artır. Təbii ki, bu, növbəti rəsmi oyun – sentyabrın 7-də İsrail yığması ilə səfər matçı öncəsi əhval-ruhiyyəni yüksəldəcək. Həm də nəzərə alaq ki, elə son olaraq “Bakcell Arena”da Lüksemburqla 1:1 hesabı ilə bərabərlikdən sonra millidən küsənlərin könlünü almaq lazımdır. Bu, eyni zamanda həmin matçdan sonra onların ünvanına tənqidi fikirlər söyləyən Ruslan Abışova aiddir ki, “Rubin”də nadir hallarda oynayan futbolçu vuracağı qolla azarkeşlərin ürəyinə yol tapa bilər.
Əlbəttə, maltalılarla matça, ilk növbədə, həmin oyun öncəsi son sınaq kimi baxmaq lazımdır. Özü də millimizin baş məşqçisi Berti Foqts ön xətlə problemləri necə aradan qaldırmaq haqda düşünür. Çünki birdən-birə 2 hücumçumuz – Branimir Subaşiçlə Vaqif Cavadov cəza üzündən İsraildə meydana çıxa bilməyəcək. Vüqar Nadirovun cəzası bitsə də, ehtiyatda qalıb. Uzun fasilədən sonra milliyə qayıdan hücumçu Rauf Əliyevsə hazırda yaxşı formada deyil, nadir halda qol vurur.
Almaniyalı mütəxəssis müəyyən futbolçulara uzun fasilədən sonra yoxlamaq imkanı qazanacaq. Bu, ilk növbədə, milliləşdirilən türkiyəli futbolçu Ufuk Budaka aiddir. “Əskişəhirspor”un üzvü həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamaq bacarığına malikdir. Sadəcə, Ufuk hələ seçmə mərhələ öncəsi zədələndiyindən, rəsmi oyunlarda meydana çıxa bilməyib. İndi Foqts Budakın hansı vəziyyətdə olduğuna baxıb, İsraillə matça çağırılmağı haqda qərar vermək imkanına malikdir.
Qayıdanlar arasında sonuncu dəfə ötən il çağırılan Vüqar Əsgərovu da qeyd etməliyik. Millimizdə qol hesabını da açmağa imkan tapan “Sumqayıt”ın yeni transferinin ön xətdəki problemləri nəzərə alsaq, əsas heyətə düşmək üçün yaxşı imkan əlinə düşüb.
Rəqibdən danışsaq, Maltanı bizim üçün o qədər tanınmayan rəqib saymaq olar. Düzdür, elə 1 ay öncə bu 2 ölkənin futbolunun beynəlxalq səviyyədə duelini izlədik. Ancaq bu, yığma yox, klublar səviyyəsində - “Xəzər Lənkəran”la “Slima”nın Avropa Liqasında qarşıdurması idi. Onda da maltalılar uduzsa belə, yaxşı təsir bağışlamaqla heç də Avropanın ən zəifləri olmadıqlarını göstərdilər. Təsadüfi deyil ki, lənkəranlılar rəqibinə 2 oyunun nəticəsinə görə yalnız 1 top fərqi ilə qalib gəldi. Maraqlıdır ki, indi hər 2 klubdan 3 futbolçu milli səviyyəsində rəqib olacaq.
Malta üçün başlıca reklam 2 ay öncə qazandığı tarixi qələbə oldu. Bu, 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistan yığmasını İrəvanda 1:0 hesabı ilə məğlub etdiyi matçdır. Bu qələbə ilə diqqəti özünə cəlb edən maltalılar bizə heç seçmə mərhələdə rəqib olmadığından yaddırlar. Malta ilə hər 3 matçımız isə xeyli əvvəl olub və bizim üçün uğursuzluqla nəticələnib. Təsadüfi deyil ki, bu rəqib nə qədər zəif sayılsa da, ona uduzaraq 1 qol belə vura bilməmişik.
Qeyd edək ki, saat 21:00-da başlayacaq oyunu FİFA hakimi Aleksandr Əliyevin başçılıq etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
banner

Oxşar Xəbərlər