Birgə təlim kursu keçirilib
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı
ilə əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə növbəti təlim kursu
keçirilib.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov hazırda həyata
keçirlən islahatların bir istiqamətinin də əmək müfəttişliyi sisteminin beynəlxalq
innovativ təcrübələrdən irəli gələn səmərəli iş mexanizmləri əsasında təkmil səviyyədə
qurulmasına və gücləndirilməsinə yönəldiyini vurğulayıb. E.Cəfərov BƏT-lə birgə
icra olunan "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın bu sahədə
fəal dəstək olduğunu diqqətə çatdırıb. Xidmət rəisi bildirib ki, həmin Ölkə
Proqramının prioritetlərindən biri də Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin
təkmilləşdirilməsi və potensialının artırılması, fəaliyyətin gücləndirilməsi, BƏT
yanaşmaları da nəzərə alınmaqla səmərəli fəaliyyət mexanizminin və nəzarət
sisteminin formalaşdırılmasıdır. Bu istiqamətdə beynəlxalq təşkilatla birgə işlər
çərçivəsində əmək müfəttişləri üçün təlimlər təşkil olunur. Hazırkı təlim kursu
da "Azərbaycanda əmək müfəttişliyi sisteminin gücləndirilməsi: Əməyin mühafizəsi
və sağlamlığı üzrə məlumatların toplanması və istifadəsinin
optimallaşdırılması, əmək müfəttişləri üçün strateji uyğunluq
planlaşdırılmasına BƏT-in yanaşması” mövzusuna həsr
olunub.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in Layiqli Əməyə Texniki Dəstək
Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin əməyin idarə
olunması, əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı üzrə baş mütəxəssisi
Valentin Mokanu təlimin mövzusunun aktuallığını qeyd ediblər.
Təlim kursunda V.Mokanu
tərəfindən "Əməyin idarə olunması və əməyin təftişi: Çətinliklər və perspektivlər”,
"Əmək müfəttişləri üçün strateji uyğunluq planlaşdırılmasına BƏT-in yanaşması”,
"Əməyin mühafizəsi və sağlamlığı üzrə məlumatların toplanması və istifadəsinin optimallaşdırılması:
BƏT-in müvafiq Konvensiyaları”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək
və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Əmək şəraiti və əməyin
mühafizəsi şöbəsinin müdiri İlqar İskəndərovun "Sağlam əmək şəraitinin
yaradılmasına mane olan amillərin aradan qaldırılması” mövzularında təqdimatlar
edilib, həmin mövzularda müzakirələr aparılıb.