Bir yerdə səyahət etməyi sevən cütlük - Səyyah
Şahnaz Əhmədova: "Ən böyük arzularımdan biri Çinə
gedib böcək salatı yeməkdir”
Hüseyn İsmayılov: "Səyahət edən üçün rahatlıq yox,
daha çox yer görmək əsas olmalıdır”
Bu
il Balkan ölkələrini avtobusla gəzməyi planlayırlar və həmin səyahəti 1000 avro
ilə başa vura biləcəklərini deyirlər. Getdikləri hər ölkədə fərqli yeməkləri
dadmağı sevirlər. Düşünürlər ki, səyahətə bir neçə ay əvvəldən hazırlaşmaq
lazımdır. Ən yadda qalan və sevilən şəhərləri isə Florensiyadır. "Səyyah”
rubrikamızın bu dəfə ki qonaqları rəqəmsal marketinq mütəxəssisi Şahnaz
Əhmədova və həyat yoldaşı hüquqşünas Hüseyn İsmayılovdur.
Cütlüyümüzü
uzun müddət idi ki, sosial şəbəkədə izləyir, səyahətləri haqqında olan
paylaşımlarını bəyənirdim. Ona görə qərara gəldim ki, onlarla səyahətləri
haqqında müsahibə edək. Əvvəlcədən deyim ki, xanım müsahibim daha
dilli-dilavərdir. Söhbətimiz zamanı anladım ki, ucuz qiymətə səfər etməyin
yollarını çox yaxşı bilir.
İstanbula həmin dövrdə vuruldum
Şahnaz
deyir ki, birlikdə ilk səfərləri Türkiyənin İstanbul şəhərinə olub və Yeni ili
orada qarşılayıblar: "Həmin dövrdə Hüseyn Kiprdə oxuyurdu və mən də Gürcüstana
təhsil almağa gedəcəkdim. Təklif etdi ki, Gürcüstana getməmişdən əvvəl kiçik
bir səyahət edək. Pulumuzu yığıb 3-4 günlük İstanbula getdik. Təsadüfən də
dekabrın son günləri idi deyə, Yeni ili də orada qarşıladıq. İstanbula həmin
dövrdə vuruldum. Çünki həm hava çox qəşəng idi, həm də sevdiyim insan yanımda
idi (gülür).
Hüseyn
deyir ki, həmin dövrdən Yeni ili hər dəfə başqa ölkədə keçirməyi qərara alıblar:
"İlk səyahətimiz zamanı ikimiz də tələbə idik, həm də hələ evlənməmişdik deyə
səyahət zamanı bəzi çətinliklər olurdu. Məsələn, hər dəfə Şahnazın ailəsindən
icazə almaq məsələsi var idi (gülür). Amma ailə qurduqdan sonra daha rahat
olduq. Çalışırıq heç olmasa, ildə ən azı iki dəfə səyahət edək”.
Cütlük
indiyə qədər 16 ölkə, 40-a yaxın şəhərdə olub. Şahnaz deyir ki, Gürcüstanın
gəzmədikləri bir yeri qalmayıb: "Türkiyə, Gürcüstan, Macarıstan, Sloveniya,
Yunanıstan, Latviya, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, İran, İtaliya, Vatikan,
Bolqarıstan, Ukrayna, Kipr, Rusiya və s. ölkələrdə olmuşuq. Digərlərinin
adlarını xatırlamaq üçün gərək xəritəni nəzərdən keçirim. Bəlkə də ölkə sayı
kimlərəsə az gələ bilər, amma biz getdiyimiz ölkənin bir şəhəri ilə
kifayətlənmirik, bir neçə şəhərini gəzməyə çalışırıq. Ona görə ölkə sayı az,
şəhər çoxdur. Bu ölkələr içərisində hər bir qarışını əzbər bildiyim
Gürcüstandır. Çünki orada oxuduğum müddətdə Hüseyn gəlirdi və ölkənin hər
yerini gəzirdik”.
Söz vermişəm ki, onu sinaqoqa aparacağam
Elə
bu məqamda Hüseyn bəy Şahnazın sözünü kəsərək "amma Tiflisdə məni sinaqoqa
aparmadın” deyib gileylənir. Şahnaz isə, "inanın, hər dəfə Gürcüstan söhbəti
açılanda bu, yadına düşür” deyib, gülərək sözünə davam edir: "Bir dəfə
sinaqoqun qarşısından keçirdik. Hüseyn dedi ki, gəl girək içinə baxaq. Orda da
nə isə tədbir var idi, təklif etdim ki, gedək, gəzək və bu yolu qayıdanda girib
baxarıq. Tərslikdən də biz qayıdanda artıq gec idi və sinaqoq bağlanmışdı. Elə
o gün, bu gündür hər dəfə Gürcüstan söhbəti açılanda, deyinir ki, onu sinaqoqa
baxmağa qoymadım. Əslində, ondan sonra bir neçə dəfə də Gürcüstana getmişik,
amma nədənsə yolumuz həmin yerdən düşmür. Amma söz vermişəm növbəti dəfə Gürcüstana
gedəndə onu sinaqoqa aparacam (gülür)”.
Səyahətdə
ən önəmli məsələlərdən biri də maddi tərəfidir. Hüseyn bəy deyir ki, səyahət
zamanı rahatlığa yox, daha çox yer görməyə üstünlük verirlər, ona görə ucuz
səyahət növündən istifadə edirlər: "İkimiz də işləyirik, müəyyən dərəcədə
gəlirimiz var, qənaət edərək səyahətlərimizi ucuz təşkil etməyə çalışırıq. Bu
işdə Şahnaz çox yaxşıdır. Səyahətimizi çox əvvəldən planlayırıq və ciddi
araşdırma edirik. Tutaq ki, İtaliyaya getməyi nəzərdə tuturuq. Ucuz nəqliyyatı,
aviaşirkəti, orada qalacağımız ucuz hostelə qədər hər şeyi araşdırırıq. Səyahət
edən üçün rahatlıq yox, daha çox yer görmək əsas olmalıdır. Yəni daha ucuz
hosteldə qal, amma daha çox yer gəz. Rahatlığın üçün bir ölkədə xərcləyə biləcəyin
pulla, qənaət edib iki ölkəni gəzə bilərsən. Yeməyə də elə çox pul xərcləməməyə
çalışırıq. Məsələn, bir öynəni milli mətbəxdən yeyirik, digərlərini 1-2 avroluq
yeməklə keçiririk. Biz göz qırpmadan bir muzeyə 30-40 avro veririk, amma yeməyə
o qədər pul xərcləmirik (gülür). Digər tərəfdən, otelə sırf gecə yatmağa
gedirik deyə, çoxulduzlu otelə getmirik. Daha çox hostellərə üstünlük veririk.
Hətta bütün gecəni gəzdiyimiz ölkələr belə olub”.
Bəzən oxuduqlarımızla gördüklərimiz üst-üstə düşmür
Həmsöhbətim
səyahətdən öncə Şahnaz xanımın gedəcəkləri ölkə ilə bağlı araşdırma etdiyini
dedi. Maraqlıdır, bu araşdırma necə olur? Şahnaz deyir ki, mütləq şəkildə
araşdırmaya ehtiyac var və araşdırmaya aylar əvvəldən başlamaq lazımdır: "İlk
olaraq xəritəyə baxış keçiririk, sonra həmin ölkə haqqında bloq yazılarını
oxuyuruq. Yəni ən azından qiyabi də olsa, harada qalmaq, nə yemək, hansı
nəqliyyatdan istifadə etmək lazım olduğunu bilirik. Həmin ölkənin insanları
haqqında oxuyuruq. Düzdür, bəzən oxuduqlarımızla gördüklərimiz üst-üstə düşmür,
amma yenə də getməmişdən öncə araşdırmaq vacibdir. Mətbəximizin divarından
dünya xəritəsini asmışıq və bütün günü o xəritəyə baxırıq. Səyahətlərimizi daha
çox yay tətilində edə bildiyimiz üçün fevraldan planlamaya başlayırıq. Ölkəni
müəyyənləşdirdikdən sonra növbəti mərhələdə nəqliyyatı, qalacağımız yeri
araşdırırıq. Hansı yolla getmək daha ucuz başa gəlirsə, onu seçirik, həmçinin,
hostelin də ən ucuzunda qalırıq”.
Boğazından kəsib qırağa pul qoyursan
Hüseyn
bəy bileti bir neçə ay əvvəldən almağın üstünlüklərindən danışdı: "İlk üstün
cəhəti odur ki, çox ucuz qiymətə alırsan. Digər tərəfdən, bileti bir neçə ay
əvvəldən alanda, növbəti aylarda ona uyğun olaraq hazırlaşırsan, yavaş-yavaş
pul yığırsan. Hətta boğazından kəsib qırağa pul qoyursan (gülür). Həm də lap
həmin səfərə gedə bilməsən belə, itirdiyin pul elə də böyük məbləğ olmur”.
Tək,
yoxsa qrupla səyahət etmək sualına gəlincə isə, Şahnaz deyir ki, tək onlara
daha çox xoş gəlir: "Qrupla gedəndə istər-istəməz nə isə problem çıxır. Bir
dəfə qrup şəklində səyahət təşkil etmişdik. Hamı biletini alsa da, sonda heç
kim gəlmədi. Onda da adam həvəsdən düşür. Ona görə ikimiz səyahət etməyi daha
çox xoşlayırıq. Səyahətə çıxacağımızı getməyimizə bir həftə qalmış deyirik.
Hətta valideynlərimiz belə bilmir. Çünki əvvəlcədən deyəndə, hamı deyir ki, mən
də gəlim, amma sonda heç kim gəlmir. Həm də çox adam fərqli zövqlər, fərqli
seçimlər deməkdir. Fikirlər üst-üstə düşməyə bilir. Ona görə qrupla səyahət
bizə elə də maraqlı olmur”.
Qərarlar ortaq qəbul edilməlidir
Hüseyn
deyir ki, qrupla səyahətdə böyük-kiçik söhbəti olmamalıdır: "Qrupla gəzintiyə
çıxanda ayrı-seçkilik yaşanmamalıdır. Hətta demokratiya belə çox olmamalıdır.
Qrupla səyahətə çıxan insan bilməlidir ki, istəklərinin 70-80 %-ni həyata
keçirə bilər. Qərarlar ortaq qəbul edilməli, hər kəsə görə ayrıca qərar
olmamalıdır. Yəni 30 nəfərlik qrupla səyahətə çıxmısınızsa, 25 nəfər eyni yerə
getmək istəyir, amma 5 nəfər istəmirsə, qrup pozulur. Ona görə qrupla səyahətə
çıxanlar bütün bunları nəzərə almalıdırlar. Qrupla səyahət edəndə yemək
söhbətində sadəcə vegetarianlara güzəştə gedirik (gülür). Çünki bilirik ki,
onlar hər yeməyi yeyə bilmirlər”.
Şahnaz
deyir ki, bəlkə də səyahətlərinin ən gözəl tərəfi fərqli təamlarla tanış
olmalarıdır: "Biz insanın yeyə biləcəyi nə varsa, hamısının dadına baxmağa,
getdiyimiz ölkələrdə də heç vaxt dadmadığımız, ən qeyri-adi yeməkləri yeməyə
çalışırıq. Ən böyük arzularımdan biri Çinə gedib böcək salatı yeməkdir (gülür).
Keçən dəfə Yunanıstana gedəndə, elə dəniz məhsulları yedik ki, heç vaxt onların
adını eşitməmişəm, görməmişəm”.
Onda anladım ki, bu itlər təhlükəlidir
Bu
qədər yer gəzəsən, başına maraqlı hadisə gəlməyə... Elə cütlüyümüzün də
danışılası əhvalatları var. Hüseyn deyir ki, əslində, bu tip hadisələr sonradan
maraqlı gəlir, yaşandığı vaxt hadisənin təsirindən adam soyuq tərlər tökür:
"Bir dəfə Şahnaz, anam və mən İtaliyaya getmişdik. Təyyarədən düşüb qalacağımız
yerə doğru gedirik. Artıq gecə vaxtı idi. Xəritədə baxdım, təxmini 2 km-lik yol
vardı. Düşündük ki, piyada gedək. Parkın içi ilə gəzə-gəzə gedirik. Hava da o
dərəcədə qaranlıq idi ki, telefonun işığı ilə yolu tapıb gedirik. İstər-istəməz,
insanı vahimə basır. Birdən 3 dənə it cumdu üstümüzə, biz də 3 nəfərik hər itə
birimiz düşürdük (gülür). Əslində, mən normalda itdən qorxan deyiləm, amma
həmin itlər üstümüzə gələndə sahibləri də təşvişə düşdü və itlərin dalınca
qaçmağa başladı. Onda anladım ki, bu itlər təhlükəlidir. Təsəvvür edin, itlər
üstümüzə gəlir, biz də 3 nəfər bir-birimizin qarşısına keçirik. Mən qabağa
keçib xanımları qorumağa çalışıram, bir tərəfdən anam, o biri tərəfdən də
Şahnaz mənim qarşıma keçib məni qorumaq istəyir. Sanki kim qarşıda dayanacaq
yarışı gedir. İtlər də gəlib dayanıb bizim yarışımızı izləyirlər (gülür). Yaxşı
ki, onlar bizə ciddi xətər yetirmədən sahibləri gəlib tutdu”.
Hüseyn əlini gözünün üstünə qoyub...
Şahnaz
isə Polşada olan hadisədən danışdı: "Polşaya səfərimiz zamanı necə oldusa, boş
otaq qalmamışdı və biz qarışıq otaqda qaldıq. Yəni həmin otaqda qız, oğlan hamı
bir yerdə idi. Həmin otaqda ukraynalı və belaruslu qəşəng qızlar vardı. Demək,
Hüseynlə gəzib otağa qayıdırıq. Gecə olduğu üçün də hər yer qaranlıqdır, amma
otaqda zəif işıq yanır. 6 nəfərlik otaqdır, hamı yatıb deyə, biz də səs
salmadan yataqlarımıza keçməyə çalışırıq. Orada da insanlar bir az çox
rahatdırlar, utanmaq-filan yoxdur. Elə biz yerimizə keçəndə, Hüseyn əlini
gözünün üstünə qoyub "a, nağarır a, bu” deyib üzünü döndərdi. Birdən başımı
çevirdim ki, belarus qız lüt, üstünü də örtmədən uzanıb. Həmin an ikimizi də
gülmək tutdu”.
Cütlüyümüzlə
söhbətimizi gənclərə məsləhətləri ilə sonlandırırıq: "Səyahət etməkdən
çəkinməsinlər. Düşünməsinlər ki, səyahət etmək üçün çoxlu pul lazımdır. Əksinə,
ucuz səyahət etməyin yollarını tapsınlar. Planlarını əvvəlcədən qursunlar və
gedəcəkləri ölkəni araşdırsınlar”.
Günel
Azadə