• cümə, 19 Aprel, 12:11
  • Baku Bakı 25°C

Bir təsadüflə dünyanı gəzən roman

01.04.19 14:00 1574
Bir təsadüflə dünyanı gəzən roman
Müasir dünya ədəbiyyatının klassiklərindən olan, əsərləri bir çox dillərə tərcümə edilmiş, nüfuzlu ədəbi mükafatlar sahibi alban yazıçısı İsmayıl Kadare bəlkə də çox az oxucunun tanıdığı bir müəllif ola bilərdi. Ta özünün də ağlına gəlmədiyi bir təsadüf sayəsində əsərləri Fransaya çıxana qədər... Kadarenin "kader”i bir başqa ədibin sıxıntılardan can qurtarmaq üçün göstərdiyi çaba ilə dəyişərək dünyaca məşhur olub. Belə ki, II Dünya Müharibəsindən sonra Fransada yaşayan mühacir Yusuf Vrioni öz ölkəsinin tərəqqisi üçün bəzi cəhdlər göstərir. Amma onun bu səyləri kommunist rejimli hakimiyyətin xoşuna gəlmir. Nəticə etibarilə Vrioni tezliklə özünü sinfi düşmən kimi həbsxanada görür. Həyatının bu qəfil dəyişikliyindən dəli olmaq həddinə gəlmiş Vrioni həbsxanada ikən əlinə necəsə Kadarenin kitabı düşür və onun fransız dilinə çevirməyə başlayır. İşin maraqlı tərəfi də odur ki, Vrioninin əvvəlcə ağır işlər gördürülən hücrəyə salmaq istəyiblər ki, əgər o, burada səhərdən-axşama qədər fiziki zəhmət tələb edən işlərlə məşğul olsaydı, bəlkə də Kadareni öz ölkəsində bir qrup oxucudan başqa tanıyan olmayacaqdı. Çünki heç öz ölkəsində də şeirlərindən başqa kitabına izn verilməyən Kadarenin ədəbi yaradıcılığı tükdən asılı vəziyyətdə idi. Onun tərcümə etdiyi "Ölü ordunun generalı” isə əlyazmadan çevrilərək dostları tərəfindən gizli şəkildə Fransaya aparılıb. Fransada böyük şöhrət tapan əsər tezliklə İtaliyaya da ayaq açdı. Burada isə özünün ekran versiyasında hətta ədəbiyyatdan uzaq insanların da qəlbinə tanınmış italyan aktyor Marçello Mastroyaninin sayəsində yol tapdı. Və beləliklə İsmayıl Kadare diktator Ənvər Xocadan sonra dünyada tanınan ikinci alban oldu. Yeri gəlmişkən, hər ikisi eyni şəhərdən – Qirokastrodandır. Yazıçı əvvəlcə bütün əsərlərini qeyri-leqal şəkildə Fransaya ötürüb, ardınca da özü bu ölkəyə mühacirət edib.
XX əsrin yüz ən yaxşı əsərləri sırasına düşmüş "Ölü ordunun generalı” bəşəriyyətin bütün dönəmlərdə müharibədən çəkdiyi acıların bir daha fərqinə varmaq, doğma yurdun müqəddəsliyini, torpağa sədaqət, fədakarlıq, qəhrəmanlıq, cəsarət kimi hisslərin bir daha qabardılması mahiyyəti daşıyır. Əsər müharibədə ölmüş italyan əsgərlərinin sümüklərini iyirmi il sonra öz vətəninə aparmaq sırasında baş verən hadisələr çevrəsində cərəyan edir. Sadəcə sümüklərdən ibarət olan bu "ölü ordu” illərdir vətənə qayıtmağın həsrətindədir. Eyni zamanda bir işğal nəticəsində alban xalqının çəkdiyi iztirablar da diqqətdən kənarda qalmır.
Təbii ki tarixi hadisələrdən bəhs edən hər hansı bir əsəri oxumaq üçün ilk növbədə həmin epoxa ilə bağlı məlumatlanmaq işin yarısını görmək qədər asanlaşır. Üstəlik mövzu Albaniya qədər dünyaya az tanınmış, Avropanın inkişafda ləngiyən ölkəsi haqqındadırsa, bu məlumatları gecikmədən əldə etmək oxucunun işinə yarayacaq. İyirmi il öncə iki düşmən ölkənin – xüsusilə qalib və məğlub ölkənin nümayəndələrinin bir arada olması hadisələri ədəbi cəhətdən daha cazib və maraqlı edir. Amma mövcud tarixi faktlar oxucunu tərəddüd içində qoyur və tezliklə tərəfini seçməyə vadar edir. Burda əlbəttə ki, əsərin müəllifinin bələdçiliyi ilə yola çıxmaq daha məntiqli görünsə də, tezliklə müəllifin özünün də bir tərəfdə qaldığı aydın sezilir. Bəlkə də bu üzdən ağır kommunust rejimində həm alban, həm də sovet hökuməti əsəri çap edib-etməməklə bağlı tərəddüd yaşayırdı?!
Kadare romanda öz xalqını ideallaşdırmaq niyyəti güdmür. Əksinə, onu bütün çatışmazlıqları ilə oxucuya tanıdır. Onun özündən bir dəfə bununla bağlı soruşanda belə cavab verib: "Mən yazarkən düşünmürəm ki, yazdıqlarım Albaniyanı bəzəyəcək ya yox. Mən yazıçıyam və niyyətim olanları göstərməkdir, olmayanları sırımaq yox. Mənim ölkəmdən bir dəfə nümunəvi kommunist düzəltmək istədilər, nəticəsi göz önündədir. İndi də bəziləri Albaniyadan nümunəvi İslam ölkəsi yaratmaq istəyirlər ki, tərkibində çoxsaylı xristianların da olduğu bir ölkədə bunun da nəylə nəticələnəciyini təsəvvür etmək çətin deyil. Mənim tək istəyim Albaniyanın nümunəvi ölkə yox, dünyaya ayaq uyduran, müasir ölkə olmasıdır”.
Bu ideallıqdan uzaqlığı əsərdə albanlar haqqında belə bir cümlə ilə göstərir: "Albanların əksəriyyəti vəhşi, sivilizasiyaya uzaq dağ adamlarıdır. Onları yola gətirmək çətindir”. Güman ki, bu cümlədən sonra albanları sadə, Avropanın bir küncündə yaşayan sakit xalq kimi təsvir edən oxucu artıq bu millətlə bağlı fikirlərini "silkələyir”. Amma maraqlıdır ki, bu sözü alban torpaqlarını işğal etmiş bir ölkənin generalı deyir, daha doğrusu, müəllif generalı belə bir etirafa vadar edir. Bütün münaqişəli xalqlardakı kimi burda da "özümüzkü” və "düşmən” tərəf var. İ. Kadare ortada durmağa çox cəhd edir. Bəzən doğma dağların küləyi, bəzən isə Qərbi Avropadan əsən küləklər qızıl orta mövqeyini qorumağa mane olur. Çünki müəllif müharibə və onun fəsadlarına hər iki tərəfin gözü ilə baxmalı və onu oxucularına göstərməlidir. Qərb tərəfdən baxanda Albaniya nə qədər Avropaya bir "yamaq” kimi görünən, uzaq dağ xalqıdırsa, öz doğma gözləri xalqının daha azad, sivil, dünyaya qaynayıb-qarışmış görmək arzusundadır. Yaralı xalqdır, müharibə yaraları məğlublar üçün çətin sağalır. Odur ki, bu yaranı vuran ölkənini generalını xalq nifrətlə qarşılayır. Əsərdə maraqlı bir hissə var: camaat nə qədər qəzəbli olsa da sadə insanların qonaqpərvərliyi, qonağı məmnun salma istəyi ilə general və keşişi toya dəvət edir, yuxarıbaşa oturdurlar. Ümumiyyətlə qonaqpərvərliyin öz qanunları var, xüsusən də sadə, şəhər qarmaqarışıqlığından uzaq, sadə insanlarda. Belə insanlar qapısına gəlmiş ən qatı düşmənə də yer verər. Doyurub, hal-əhval tutub dərdinə həyan olmadan, yardımını təklif etmədən, razı salmadan yollamaz. Bu xalqın bir tərəfdən keçmişi unudub yeni həyata, dostluğa uzanan əlidir. Digər tərəfdən isə keçmiş öz qanlı xatirəsi ilə izlərini buraxmır. Qoca Nisa qarı generalın qarşısını keçib iyirmi ildir ürəyində saxladığı, qəlbində yük kimi yığılmış ağrını dilə gətirir. Toyda xoşagəlməzlik olmaması üçün qarını uzaqlaşdırırlar. Amma o, yenidən toya girərək bütün nifrətini qusur. Qadının qızı zabit tərəfindən zorlanıb, sonra gənc qız buna dözməyərək intihar edib, əri torpağını qoruyarkən öldürülüb. Və qarı nifrət qarışıq fəxarətlə qızını zorlayan İtalyan zabitinin meyitinin qalıqlarını generalın qarşısına atır. İllərdir öldürüb həyətindən basdırdığı bu yükdən azad olur. Toy adamlarının dəhşətdən bir-birinə qarışmış hay-küyü kəsildikdən sonra general qarının gətirdiyi sümük torbasını bir "hədiyyə” kimi qəbul edir. Axı onun da bu torpaqlara gəlişinin məqsədi bu idi! "General heç bir söz demədən əyilib titrək əllərilə torbanı götürdü. Kürəyinə atıb məclisdən çıxdı. Axı nə deyəydi? Nə cavab verəydi? Yağışın altında yavaş-yavaş irəliləyərkən onun bir çiyni əyilmişdi. Onun çiyninə quru sümüklər deyil, doğma ordusunun bu torpaqlardakı ayıbı ağırlıq edirdi. Keşiş də başını aşağı salıb onun dalınca çıxdı. Onların arxasından bir qadın naləsi bütün məclisi başına aldı”.
Bu sətirlərdə qaysaqlansa da, bir himə qanamağa hazır yaranın hələ də sağalmadığını göstərir. Yazıçı odla su arasındadır. O bir ədəbiyyat adamı olaraq sülh, dostluq, dinclik istəyir. Amma nə qədər qopsa da, "vəhşi xalq”dan ayrılıb fransız mədəniyyətinə, italyan kübarlığına qoşulsa da əli qabarlı, ürəyi yaralı xalqının ağrısını unutmağı da özünə ar bilir. Hər halda yazıçı Fransada yaşasa da, fransız, rus, ingilis dillərində sərbəst danışsa da əsərlərini ancaq albanca yazır.
Keçmişə yenidən nəzər salmaqla sanki yazıçı da özünü, düşüncələrini, kimliyini "təzə”ləyir, oyaq saxlayır. Buna nə dərəcədə müvəffəq olur, hər halda o, artıq seçimini edib. Sadəcə millətinin oğlu kimi dünyanın sivil mərkəzində üzərinə düşən öhdəliyi təkbaşına yerinə yetirir. Bu yolda kübar dünyanın da çaldığına oynamalı olur ki, "Allahın unutduğu ölkə”sinə Buker kimi mükafat gətirsin, "Nobel”ə ümidlərini artırsın.

Şəfiqə ŞƏFA




banner

Oxşar Xəbərlər