• cümə axşamı, 28 mart, 13:57
  • Baku Bakı 16°C

“Bir rus olaraq Ukrayna xalqından üzr istəyirəm”

25.04.14 14:15 1218
“Bir rus olaraq Ukrayna xalqından üzr istəyirəm”
Astana (Qazaxıstan) şəhərində keçirilən XII Avrasiya Media Forumu (EAMF) bu gün öz işini davam etdirib.
APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Qazaxıstan paytaxtındakı Müstəqillik Sarayında keçirilən tədbirin bugünkü ilk paneli Ukraynada baş verən hadisələrə həsr olunub.
“Ukrayna böhranı. Ukrayna xalqı hansı yolu seçəcək?” mövzusunda keçirilən panelin moderatoru ORT (Rusiya) telekanalının aparıcısı Maksim Şevçenko, spikerləri Gürcüstan Sənayeçilər Partiyasının lideri Levan Pirveli, Kanadanın Rusiyadakı keçmiş səfiri Ceremi Kinsman, “Exo Moskvı” (Rusiya) radiostansiyasının baş redaktor müavini Vladimir Varfolemeyev, Serbiya Avroatlantik Tədqiqatlar Mərkəzinin rəhbəri Yelena Miliç, NATO baş katibinin keçmiş müavini Alessandro Minuto-Ritso (İtaliya),MDB Ölkələri İnstitutunun (Rusiya) direktoru Konstantin Zatulin olub.
Müzakirələri açıq elan edən M. Şevçenko Ukraynada kriminal iqtidarın hakimiyyət başında olduğunu bildirib: “Mən etnik ukraynalıyam, Moskvada doğulmuşam, özümü rus hesab edirəm”.
Y. Miliç Yuqoslaviyanın son dövrlərini xatırladaraq, Rusiya prezidenti Vladimir Putini Serbiya diktatoru Slobodan Miloşeviçlə müqayisə edib: “Məndən soruşanda ki, Putinlə Miloşeviçin fərqi nədir, cavabım belə olur - fərq cəmi 20 ildir”.
C. Kinsman ukraynalıların 23 illik korrupsioner idarəçilikdən bezdiyini bildirib: “Bu gün baş verənlər də bunun nəticəsidir. Amma Krımda keçirilən referendumun nəticələrinə də inanmıram. Putin Ukraynaya təcavüz etməklə Rusiyanın dağılmasının təməlini qoyur. Mən Kremlin Ukraynada etdiklərinə görə utanıram, Putin də utanmalıdır”.
L. Pirveli is’ Ukraynada baş verən hadisələrə görə həm Qərbi, həm də Rusiyanı ittiham edib.
V. Varfolemeyev 20 ildir jurnalistika ilə məşğul olduğunu, bu müddətdə başqa ölkələrdə rusdilli əhalinin hüquqlarının pozulmasına dair bircə fakt da eşitmədiyini vurğulayıb: “Ukraynada da rusdilli əhalinin hüquqlarının pozulması haqqında deyilənlərin 99,99%-i uydurmadır. Mən bir rus olaraq Ukrayna xalqından bu gün baş verənlərə görə üzr istəyirəm”.
A. Minuto-Ritso Rusiyanı Ukraynada baş verənlərə görə məsuliyyətini dərk etməyə çağırıb: “Rusiya öz gücündən və nüfuzundan Ukraynanı bölmək üçün yox, bütövləşdirmək üçün istifadə etməlidir”.
D. Polonski Krımda baş verən separatçılıq hərəkətlərinə haqq qazandırmağa çalışıb: “Kiyevdəkilər 23 il ərzində biz rusların hüququnu pozdular. Ona görə də Rusiyaya birləşməkdən başqa çıxış yolumuz qalmadı”.
K. Zatulin isə Krımda rusdilli əhalinin hüquqlarının pozulmasına bu faktı “misal” göstərib: “Görürsünüz ki, Qazaxıstanda bütün yazılar üç dildədir - qazax, rus və ingilis. Krımda isə hər şey yalnız iki dildə yazılır - Ukrayna və ingilis”.
Qeyd edək ki, M. Şevçenko və K. Zatulinin anti-Ukrayna mövqeyindən çıxış etməsi həm panelin spikerləri, həm də ukraynalı jurnalistlər tərəfindən kəskin narazılıqla qarşılanıb. Bu səbəbdən müzakirələr həddən artıq gərgin mühitdə keçib. Adı çəkilən şəxslər Rusiyanın Ukraynaya təcavüzü əleyhinə çıxış edən müzakirə iştirakçılarının ölkələrindəki qüsurları sadalamağa başlayıblar.
Forumun ikinci paneli Avrasiya inteqrasiyası mövzusuna həsr olunub. RB (Rusiya) telekanalının aparıcısı Daniil Babiçin moderatorluq etdiyi panelin spikerləri “The New Baku Post” (Azərbaycan) qəzetinin baş redaktoru Tofiq Abbasov, EvrAZES (Rusiya) İnstitutunun direktoru Vladimir Lepexin, Anadolu (Türkiyə) Agentliyinin redaktoru Faruk Çalışkan, erməni politoloq Sergey Şakaryants və Jurnalist Araşdırmaları Məktəbinin (Böyük Britaniya) direktoru Şaxida Tulyaqanova olub.
Forum bu gün öz işini başa çatdıracaq.
Qeyd edək ki, XII Avrasiya Media Forumunda Azərbaycanı “Japan Tobacco İnternational” şirkətinin təşkilati dəstəyi ilə “APA Holding” və “AzərTAc” Dövlət Agentliyi təmsil edir.
banner

Oxşar Xəbərlər