• cümə, 29 Mart, 10:42
  • Baku Bakı 5°C

Bir parkın doğurduğu ajiotaj

16.04.21 18:00 1353
Bir parkın doğurduğu ajiotaj
Paşinyan erməniləri ağıllandıra biləcək?
İkinci Qarabağ müharibəsinin erməni cəmiyyətinə gətirdiyi problemlər ölkəni xaosa sürükləməkdədir. Hakimiyyət, yaşanan faciələrində özündən əvvəlkiləri, müxalifət də bədbəxtliklərin səbəbkarı qismində yarıtmaz xarici siyasəti, təcrübəsiz idarəçiliyi qabardır. Görünən odur ki, erməni cəmiyyəti də xəstə təfəkkürdən, türkofobiyadan qurtula bilmir. Özgəsinin bədbəxtliyi üzərində xoşbəxtliyini qurmaq siyasətindən əl çəkə bilmir. Bu xislətin nəticəsidir ki, cəmiyyət günbəgün quyunun dibinə doğru sürüklənir. Elə gün olmur ki, etiraz aksiyaları, qarşılıqlı ittihamlar, ifşaedici ittihamlar səslənməsin. Ən ciddi və geniş yayılan ittiham isə casus, daha dəqiq ifadə etsək, "türk casusu” axtarışıdır. Normal, ağıllı fikir sərgiləyən dərhal "türk-azərbaycanlı casusu” kimi qələmə verilir. Bakıda açılan Hərbi Qənimətlər Parkı da gözlənildiyi kimi, erməni cəmiyyətində elə bir pessimizm və gərginlik yaradıb ki, baş nazir Nikol Paşinyan parlamentdə çıxış etməyə məcbur olub. Maraqlıdır ki, uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın, bu məsələdə də dərhal havadarları ortaya çıxıb və belə bir parkın açılmasını tənqid etməyə çalışıblar. İkiüzlü və ikili siyasətin mənfi nəticələrini 30 ildən artıq öz üzərində hiss edən Azərbaycan 44 gün ərzində minlərlə şəhid vermək hesabına torpaqlarını azad etdi. Qərbin illər uzunu həll etmək istəmədiyi problemi həll etdi. BMT-nin illər əvvəl qəbul etdiyi qətnamələri təkbaşına həll etdi və təşəkkür almaq əvəzinə, yenə ikili standartlarla üzləşdi. Onların mövqeyi belədir ki, Azərbaycan hələ 30 il də oturub problemin həllini gözləməli idi.

Nikolu eyforiyaya salan Park

Beləliklə, qayıdaq Nikolun parlamentdə qalmaqallı çıxışına. Görünən odur ki, seçkilərə hazırlaşan və qələbə qazanmağa çalışan Nikol üçün bu Parkın açılışı Qarabağdakı məğlubiyyətdən aldığı zərbəyə bərabər olub. Necə deyərlər, effekt öldürücü olub. Parkla yanaşı, Qarabağdakı müharibə ilə bağlı çıxış edən baş nazirin hədəfi, gözlənildiyi kimi, daha çox əvvəlki rəhbərlik olub. Dərhal da əksəriyyət tərəfindən daha çox seçkiqabağı "piar" çıxışı kimi qiymətləndirilib. Görünən odur ki, Qarabağda yaşanan məğlubiyyətdən dərs çıxarmağa tələsməyən Ermənistan iqtidarı köhnə ampluadadır. Erməni xalqına məğlubiyyətin əsl səbəblərini başa salmaq əvəzinə, mövzunu tamam başqa istiqamətə yönləndirir. Çox güman ki, Azərbaycanın düzənlədiyi möhtəşəm tədbirin Ermənistanda doğurduğu ajiotajı və pessimizmi anlayan Nikol, məğlubiyyətin hədəfini əvvəlki hakimiyyətdə axtarmağa çalışıb.

"Azərbaycan illər öncə müharibəyə hazırlaşırdı, Ermənistanın əvvəlki hakimiyyəti isə...”

Nikolun çıxışında ən qalmaqallı yer isə Koçaryan və Sarkisyan rejimlərini tənqid etməsi olub. 2017-ci ildə aparılmış və o vaxtkı hakimiyyətin maliyyələşdirdiyi təhlilə istinadən, Paşinyan deyib ki, vacib infrastrukturun inkişafının xüsusi çəkisinə görə, Ermənistan Azərbaycana şərti olaraq 1:10 hesabı ilə uduzurdu. Yenə də həmin analizə istinad edən baş nazir qeyd edib ki, Ermənistanın hərbi sənaye sistemi 2016-cı ilin aprelindən sonra formalaşmağa başlayıb, yəni Azərbaycandan 11 il geri qalıb. "2017-ci ildə Azərbaycanın iki peyki vardı, onlardan birini – kəşfiyyat peykini almışdılar. Bəli, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan hakimiyyəti Yunanıstan adalarında, Avropada, mümkün olan yerlərdə torpaq sahələri alırdı. Buna görə demək lazımdır ki, onlar dövlətin institusional təşəkkülündə uduzdular, dövləti Ermənistanın bütün həyati gücünü alan mafioz struktura çevirdilər” – Paşinyan deyib. O, "20 illik xəyanət, 20 illik kapitulyasiya” ilə mübarizə apardıqlarını vurğulayıb. "Bu uca tribunadan bəyan edirəm ki, azadlıq, güclü və xoşbəxt Ermənistan adına mübarizəmizi davam etdirəcəyik”, – Paşinyan bildirib. Paşinyan qeyd edib ki, müharibə vaxtı Lələtəpə yüksəkliyinə hücum təklifi və qərarını generallar verib. "Deyirlər ki, mən qərar vermişəm. Bu, tamamilə absurddur. Bu əməliyyat təklifi generala məxsusdur, onu reallaşdırmaq qərarını general verib, o zaman belə generallarla qərar qəbul edirdik...” – deyən Paşinyan əlavə edib ki, ondan fikrini soruşanda ən yüksək rütbəli generala üz tutub, o isə bunu "yaxşı ideya” adlandırıb.

Ardınca da eks-prezident Robert Koçaryanı "türk casusu" adlandırıb. Maraqlıdır ki, bu ittihamdan əvvəl qarşı tərəf də analoji ittihamla çıxış etmişdi. Bu isə onu göstərir ki, erməni cəmiyyəti hələ də faşist təfəkkürdən, başqa xalqlara qarşı düşmənçilik hissindən qurtulmayıb. Hakimiyyət isə xalqı bu mərəzdən azad etmək əvəzinə, daha da gücləndirməyə çalışır.
Yeri gəlmişkən, Paşinyan çıxışında İkinci Qarabağ müharibəsi ilə bağlı digər maraqlı məqamlara da toxunub. O, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyanın müharibənin dördüncü günündə savaşın dayandırılmasının lazım olduğu barədə guya Təhlükəsizlik Şurası iclasında çıxış etməsi haqda mediaya açıqlamasını şərh edib. Bildirib ki, Qasparyanın bəyanatının bu bəndinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Paşinyan, Qasparyanın hələ Təhlükəsizlik Şurasının 21 avqustda keçirilən iclasında Qarabağdakı erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrini əzmək gücündə olması ilə bağlı hesabat verdiyini bildirib. Qeyd edək ki, bundan öncə oxşar bəyanatla Ermənistan Baş Qərargah rəisi Armen Qriqoryan da çıxış etmişdi.
Paşinyanın çıxışında digər maraqlı bir etiraf diqqət çəkir. O bildirib ki, beynəlxalq ictimaiyyət illər uzunu Ermənistanın işğal etdiyi torpaqlardan çıxıb getməsində israr edib. Baş nazir bildirib ki, 2011-ci ildən bəri beynəlxalq ictimaiyyət Ermənistanın qarşısında vəzifə qoyub və "Azərbaycana daha çox güzəştlər et" deyib. "Biz Qarabağ məsələsini müharibədən öncəki mərhələdə irs almışıq", - deyə Paşinyan qeyd edib. Ermənistan baş naziri sabiq prezident Serj Sarkisyanın verdiyi keçmiş bəyanatlar haqqında danışıb və qeyd edib ki, bu çıxılmaz vəziyyəti onlar əvvəlki hakimiyyət nümayəndələrindən irs alıblar. "Biz danışıq prosesində elə bir yerə çatmışdıq ki, "yeddi rayon veririk” deyirik, Azərbaycan isə "yox, artığını verməlisən” deyirdi. Serj Sarkisyanın bəyanatları bunu sübut edir", - deyə o vurğulayıb.

Baş nazir erməniləri ağıllandırmağa çalışır

Nikol Paşinyan parlamentdə etdiyi çıxışda azərbaycanlılarla birgə yaşamaq məsələsinə də toxunub. Baş nazir "bəli, azərbaycanlılar bizim düşmənimizdir və onlar da bu cür düşünür. Lakin məsələ başqadır. Axı biz bu düşmənçiliklə nə edəcəyik? Biz bu düşmənçiliyi nə vaxta qədər qızışdırmaqda davam edəcəyik, hansı fəaliyyət tərzinə əsaslanacağıq? Bu kontekstdə biz bir suala cavab verməliyik - biz və onlar qarşımıza bir-birimizi məhv etmək vəzifəsi qoymalıyıq? Mən hesab edirəm ki, biz bu cür düşüncəni yeritməli deyilik. Bir-biri ilə düşmənçilik edən dövlətlər var. Lakin onlar arasında ticarət dövriyyəsi on milyardlarla dolları keçir”,- deyib. Bu da erməni baş nazirin reallığı dərk etməkdən başqa yol olmadığı qənaətinə gəldiyinin əlaməti sayıla bilər.

102 saylı hərbi bazanın dayaq məntəqəsi

Baş nazir açıqlamasında forpost olmaqda davam edəcəklərini də təsdiqləyib. Paşinyan Qarabağda təhlükəsizliyi bundan sonra da "özünümüdafiə ordusunun” Rusiya sülhməramlıları ilə birgə təmin edəcəyini vurğulayıb. Onun fikrincə, Ermənistanın xarici təhlükəsizliyinin təminatında vacib element Ermənistan-Rusiya hərbi ittifaqıdır. "Bu planda birgə erməni-rus hərbi qruplaşması və havadan müdafiə sisteminin Ermənistanın təhlükəsizliyi üçün praktik mənası var. Bu iki sistemin söykəndiyi sənədlərin məntiqinə görə, Ermənistana hücum Rusiyaya hücumdur və iki ölkə xarici təhdidlərə qarşı birlikdə dayanmalıdırlar”, – Paşinyan söyləyib. O, həmin kontekstdə Ermənistan silahlı qüvvələrində irimiqyaslı islahatların başlandığını qeyd edib. "Biz, həmçinin Ermənistandakı 102 saylı Rusiya hərbi bazasının genişləndirilməsi imkanlarını, 102 saylı bazanın Sünik vilayətində dayaq nöqtəsinin yaradılmasını rusiyalı tərəfdaşlarımızla müzakirə edirik”, – baş nazir deyib

"Paşinyan ruhi xəstədir”

Gözlənildiyi kimi, Nikolun açıqlamasına sərt reaksiyalar daxil olub. İlk cavab verənlərdən biri isə onun köhnə lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan olub. Eks-prezident Nikol Paşinyanı özünün sözçüsü Arman Musinyanın diliylə "ruhi xəstə” adlandırıb. Ter-Petrosyanın sözçüsü belə dəyərləndirmə ilə Paşinyanın parlamentdəki çıxışına cavab olaraq çıxış edib. Paşinyan bildirmişdi ki, Ter-Petrosyan ona 2018-ci ilin iyulundakı görüşləri zamanı "torpaqları qaytarmağın vaxtıdır” deyib. "Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan milləti məhv edən bəla-adamın ruhu çırpıntıları haqda danışmağı mənasız hesab edir”,- Musinyan bildirib. Ardınca Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan Nikol Paşinyanı xəstə və cahil adlandırıb. Bu barədə o, "news.am”a açıqlamasında bildirib. "Xəstə və yalan danışmağa meyilli olan insanın fikirlərinə nə şərh verəsən? Mən hər psixin dediyinə münasibət bildirməliyəm? Onun dedikləri tamamilə yalandır, bundan başqa, o, cahildir, hərbi çağırışın və səfərbərliyin nə demək olduğunu anlamır. Düşünürəm ki, bu da xəstəliklə əlaqəlidir”, - Akopyan qeyd edib.
Göründüyü kimi, erməni cəmiyyəti hələ də, köhnə ampluadadır. Və cəmiyyəti bundan qurtarmaq istəyənləri linç etməyə başlayır. Lakin anlamalı və çox güman ki, nə vaxtsa anlayacaqlar ki, əvvəlki Azərbaycan, əvvəlki Azərbaycan Ordusu yoxdur. Qarşısında dünyanın ən müasir və döyüş ruhu yüksək olan bir ordusu durur. Revanşist cəhdlər isə Koçaryanın da ifadə etdiyi kimi, mümkün deyil. Çıxış yolu ancaq və ancaq reallığı düzgün qiymətləndirmədən, ağıllı siyasət aparmaqdan keçir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər